28 Kasım 2013 Perşembe

Me´racın elmi izahı nədir?




Constantin Virgil Gheorghiu

Türkcəyə çevirən: Güntay Gəncalp



Me´racın elmi izahı nədir?


Me´rac haqqında öz nəzəriyyəmi anlatmadan öncə müsəlmanların bu haqdakı görüşlərini özət olaraq açıqlamalıyam: Müsəlman təzkirə yazarlarının rəvayətinə görə, Me´rac haqqında əsas fikir bildirən tarixçilər bunlardır: İbni-Hişam, Buxarı, Həmidullah, Suheyli, Təbəri, Kətani və Əsəd Beg. Bu tarixçilər yazırlar ki, Me´rac ərəb qəməri ilinin yeddinci ayında, yəni rəcəb ayında gerçəkləşmişdir. Bu ayın 27-də Muhəmməd göyə getmişdir. Bu rəvayətə görə, Me´rac səfərinin iki mərhələsi olmuşdur: Me´racın birinci mərhələsində Muhəmməd Məkkədən Beytülmüqəddəsə səfər etmişdir. İkinci mərhələdə Beytülmüqəddəsdən göyə yüksəlmişdir. Muhəmməd “o gecə yatmışdım. Qəbilədən dışlanmamla ilgili hələ qərar çıxarmamışdılar. Birdən evin tavanı dəlinərək oradan Cəbrail içəri girdi. Cəbrail köksümü dələrək içimi zəmzəm suyu ilə yudu. Sonra hikmətlə dolu olan böyük bir bardaq gətirdi. Bardağın içində olanı köksümə yerləşdirərək sinəmin dəliyini qapadı. Sonra əlimdən tutaraq məni bürraqa (qanadlı ata) mindirdi.”
Muhəmmədin o gecə mindiyi mərkəb atla qatır arasında bir şey imiş. Bürraq adlanan bu canlı heyvan qadın görünümündə imiş. İldırım sürəti ilə hərəkət edirmiş. Muhəmməd bürraqa mindiyində uyqu ilə oyanıqlıq arasında bir halda imiş. Muhəmməd yolçuluğa başladıqdan sonra ilk olaraq Həbron şəhərində duraxsamış. Çünkü Hz. İbrahimin məzarı bu şəhərdədir. İbrahimin qəbri üzərində dua etdikdən sonra yolçuluğa davam etmiş. Sonra Hz. İsanın doğduğu Beytülləhm şəhrində duraxsayaraq orada da dua oxumuşdur. Daha sonra Beytülmüqəddəsə yola düşərək Ələqsa məscidinə daxil olmuş. Burada Me´rac səfərinin birinci hissəsi sayılan torpaqdaki bölümü sona ərmişdir. Me´rac səfərinin ikinci göyə yüksəlmə olan bölümü Beytülmüqəddəsdəki Ələqsadan başlamışdır. Beytülmüqəddəsdən göyə doğru səfərə başlamadan öncə “qübbətülsəxrə”də, yəni günbəd şəklində olan qayada ayaq izini buraxmışdır.* Muhəmməd bürraqa minərək göyə doğru hərəkət etməyə başladı. Yer kürəsinə ən yaxın göy olan ay göyünə daxil oldu. Birinci göydə mələkləri gördü. Bu mələklər göyə kimin getdiyini bilmələri üçün yoxlama aparırdılar. Burada Hz. Adəmlə buluşdu. Adəmin yer kürəsindən yenicə gəlmiş iki dəstə adamlar arasında bulunduğunu gözləmlədi. Bir qisim sağda, digər qisim solda idi. Adəmin sağında olanlar cənnətə, solunda duranlar cəhənnəmə getməli idilər. Adəm sağdakılara baxdığında gülür, soldakılara baxdığında ağlayırdı. Çünkü Adəm bütün bəşərin atası olduğundan sağdakı evladlarının sevincinə gülür, soldakı evladlarının dərdinə ağlayırdı. Muhəmməd birinci göydən ikinci göyə girdi və orada İsa ilə Yuhənnanı gördü. Üçüncü göyə yüksəlişində Hz. Yusiflə qarşılaşdı. Dördüncü göydə Hz. İdrisi, beşinci göydə Hz. Harunu, altıncı göydə Hz. Musanı və ən yüksək göy olan yeddinci göydə Hz. İbrahimi gördü. İbrahim yeddinci göydə mələklərin evi olduğu bilinən bir evin divarına yaslanmışdı. İbrahimin yaslandığı evin planı ilə Kəbənin yapım planının bənzər olduğu bəlli oldu. Yeddinci göydən sonra Kəbənin ətrafına bənzəyən bölgə başladı. Burada sidrətülmüntəha var idi. Sidrətülmüntəha bir ağcdır və bu ağacdan o yana məchulatdan ibarətdir. Bu ağacdan o yananın necə olduğu haqda bilgi yoxdur. Burada Peyğəmbər tanrıya o qədər yaxınlaşdı ki, Tanrının qələminin səsini duymaqda idi. Tanrının insanların haqq-hesabı ilə məşğul olduğunu hiss edirdi. Tanrının qələminin səsini duysa da, Onu görmürdü, çünkü kimsə peyğəmbər olsa bilə, Tanrını görə bilməz. Tanrının səsini Cəbrail dolayısıyla eşidirdi. Çünkü heç bir qulaq, peyğəmbər qulağı olsa da,  Tanrının səsini dirək eşidə bilməz. Orada Tanrı Muhəmmədlə Cəbrail vasitəsiylə qonuşaraq “Qəbilən tərəfindən dışlandığını bilirəm. Lakin səbirli olman gərəkir. Səndən öncəki peyğəmbərlər də çox acı çəkmişdir. Onlardan bəziləri işkəncə altında öldülər” dedi. Daha sonra Tanrı Muhəmmədin gələcək planları haqda danışdı. Ona “Musa öz tərəfdarlarını toplayıb Misirdən mühacirət etdiyi kimi, sən də yandaşlarını, sənə inananları toplayaraq Məkkədən Mədinəyə hicrət et! Şübhəsiz ki, bu işin iradə və istiqamətə ehtiyacı vardır. İradə və istiqamətini gücləndirmək üçün səni öz yanımıza, göyə gətirdik” söylədi.
Muhəmməd göydən, Tanrı qatından yerə döndüyündə özü ilə on iki Tanrı fərmanı gətirdi. Bundan öncə Musa peyğəmbər Tanrı qatından on fərman gətirmişdi. Muhəmməd bu on iki əmri müsəlmanlara duyurmaqla görəvli idi. Muhəmmədin gətirdiyi on iki əmr bunlar idi:
1-     Müsəlmanlar bir olan Tanrı dışında kimsəyə və heç bir şeyə tapınmamalıdırlar.
2-     Müsəlmanlar ata-analarını sevməlidirlər.
3-     Müsəlmanlar əqrəbalarına sayqı ilə davranmalıdırlar.
4-     Yolda qalan çarəsiz yolçulara yardım etməlidirlər.
5-     İsraf etməməlidirlər.
6-     Kəramətsiz olmamalı, mərhəmətli olmalıdırlar.
7-     Zina etməməlidirlər.
8-     Kimsəni öldürməməlidirlər.
9-     Başqalarının, özəlliklə öksüzlərin malına göz dikməməlidirlər.
10-Əhdə sadiq olmalı və hiylə etməməlidirlər.
11-Ağıl dışı işlərlə uğraşmamalıdırlar.
12-Kibirli olmamalıdırlar.
Muhəmməd Me´rac olayından sonra göydə gördüyü adamları da müsəlmanlara anlatdı. Bu arada bir hadisəni burada söyləmək yerində olar. “İlahi komediya” kitabının yazarı Dantə də öz əsərində şəxslərin başına gələnləri anladarkən Muhəmmədin Me´rac səfəri metodundan yararlanmışdır. Me´rac səfəri sırasında Muhəmməd bəşər tarixindəki seçkin insanları göydə görərkən onları tanıya bildi. O, göydə qələm və qılıc sahibi olanları gördü. Muhəmməd özündən öncə dünyaya gəlib getmiş bütün peyğəmbərləri və elm sahiblərini bu səfərdə gördü. Bəzi təzkirə yazarları yazırlar ki, Muhəmməd göyün yeddinci qatına yüksəlib sidrətilmüntəhaya ulaşaraq orada Tanrı ilə danışıb geri döndükdən sonra evinə döndü. Evinə geri dönərkən evdən çıxdığı zaman açdığı qapı cəftəsi və ya zənciri hələ hərəkət edirdi.
Bu mövzunun günümüzdə yayqın olan Einstein´in nisbiyyət nəzəriyyəsi ilə açıqlananması mümkündür. Bu nəzəriyyədə zikr edilir ki, Bir kişi hərəkətsiz və digəri hərəkətdə isə, onlar üçün zaman eyni ölçüdə görünməz. Muhəmmədin Me´rac məsələsində şaşırdıcı görünən zaman qonusu deyildir. Şaşırdıcı olan budur ki, Muhəmməd ətdən və sümükdən olan cismi varlığıylamı göyə getdi? İslam alimləri Me´rac məsələsində iki nəzəriyyə ortaya qoymuşlar. Bəzilərinə görə, Peyğmbər maddi cismi ilə Me´raca getmişdir. İkinci qrupa görə, Muhəmməd cismən deyil, ruhən Me´raca getmişdir. Lakin heç bir müsəlman alim Muhəmmədin yuxuda ikən Me´raca yüksəlib, röyada sidrətilmüntəhaya vardığını yazmamışdır. Onun cismi Me´racına inananlar iddia edirlər ki, O, peyğəmbər olduğu üçün buna qadir olmuşdur. İkinci dəstə hesab edir ki, Muhəmməd cismən göyə getməmiş və cismən göyə getməyə heç ehtiyac da yoxdur. Bunlara görə, Peyğəmbərin ruhu göylərə yüksəldilmişdir. Bu dəstəyə görə, biz özümüz də peyğəmbər olmadan yuxuda bizdən minlərcə, on minlərcə kilometr uzaqda olan yerlərə gedə bilirik. Ya da yuxuda bir çox adamlarla buluşa bilirik. Biz sadəcə yaşantıda başımıza gələn olaylar üzərinə röya görmürük. Bizdən yüz və ya min illər öncə ölmüş insanları da yuxularımızda görə bilirik. Ayrıca, röya sürəsincə görüdüyümüz adamların öldüklərini də bilirik. Yəni yuxu görə-görə yuxuda rastlandığımız adamların həyatda olmadıqlarını, öldüklərini də bilirik. Röyada ölülərlə danışmağı hər kəs öz yuxu həyatında təcrübə etmişdir. Hətta ölmüş adamları yuxuda incitməmək üçün onlara “sən ölmüşsən” söyləmərik. Yuxu gördüyümüzdə cismimiz hərəkət etməz. Ancaq bir çox yuxularda cismimiz yataqda ikən göylərdə uça da bilirik. Əski bilgələrə görə, bu durumda ruh bədəndən ayrılaraq uzayda sərbəst hərəkət edir. Uzaq ölkələrin, planetlərin seyrinə dalır və bizdən yüzillər öncə ölmüş insanlarla qarşılaşır. Röyalarda qarşılaşdığımız adamların maraqlı özəllikləri olur və şaşırdıcı olan da budur. Çünkü bəzən bizdən yüzillər öncə başqa ölkələrdə yaşamış, dillərini bilmədiyimiz, onların da bizim dilimizi bilməyən adamlarla qarşılaşaraq qonuşa bilirik. İlginc olan da budur ki, dil bilməmək röyada qonuşmaya mane olmur. Onlar bizim, biz də onların dilini anlaya bilirik. Bu durumda ruh bədənimizdən ayrılmır. Yuxu halında bədənimizdə və ya günümüzdəki modern ifadələrlə söylərsək, sinirlərimiz və beyin hücrələrimizdə öylə bir keyfiyyət oluşur ki, gözlərimizin önündəki pərdələr çəkilərək uzaq məsafələr yaxınlaşır. Bu durumda biz özümüzü hər kəsi tanıyan və hər kəslə qonuşa bilən şəxs kimi görürük. Uyanıq halımızda kiçik bir arxın üzərindən atıla bilməzkən, yuxuda yüksək dağların zirvəsində uçur, dərələrdən atlayırıq. Bütün bu işlər, sanki uyaq halımızda yolun bir tərəfindən digər tərəfinə keçdiyimiz qədər bizə təbii görünür. Yuxu boyunca cismimiz öz evimizdə uyumaqdaykən, ruhumuz planetlər arası məsafələr qədər uzaqlarda ola bilir. Yuxuda yabancı dilləri də anlayıb o dillərdə danışa bilirik. Yuxuda yabancı bir ölkəyə girdiyimizdə o ölkənin yolları, küçələri sanki öz şəhərimizdəymişik kimi, bizə tanış gəlir. Röyada öylə dostlarımız və düşmənlərimiz olur ki, gerçək həyatda onların heç birini tanımırıq. Ancaq yatdığımızda sirli yuxu dünyasında onlar gözə görünürlər. Bəziləri bizə dostca davranır, bəziləri də o qədər qorxuncdurlar ki, onları gördüyümüzdə qorxudan bağıraraq yuxudan oyanırıq. Yuxu dünyasında biz yanar dağların içinə də girib və yanmadan sağ-salam yanar dağın içindən geri dönə bilirik. Röyada sıfırın altındakı hava soyuqluğunu da donmadan təcrübə edə bilirik. Röyada zamanın başqa ölçüsü ortaya çıxar. Yuxudakı olayları biz həyatdakı saat ölçüləri ilə ölçə bilmərik. Çoxları bəzən yuxuda özünü yabancı ölkədə görüb o ölkədə illər, hətta on illər boyunca yaşayaraq bir sürü olaylarla qarşılaşa bilir. Röyadakı bütün bu sürəc isə sadəcə bir dəqiqə içində gerçəkləşə bilir.
Bütün bunlar hər kəsin həyatında oluşmuş hadisələrdir və bunu isbat etmək üçün çox da araşdırmaya gərək yoxdur. Hər kəs röya təcrübələrinə dayanaraq yuxuda məsafələrin ortadan qaldırıldığını bilməkdədir. Rüyada insan bir anın içində hər yerdə ola bilir. Hər şeyi görür, duyur və yabancı dilləri anlayıb danışa da bilir. İnsan röyada öylə musiqi melodiləri duya bilər ki, onun bənzərini gerçək həyatda duya bilməz. Bəzi bəstəkarlar bəstələrini yuxuda görüb, oyandıqlarında onun notunu yazmışlar. Röya dünyasında keçmiş, gələcək və indiki zaman birləşərək bir tək məna ifadə edir. Bəzən min və ya iki-üç min illər öncəyə gedə bilirik. Bəzən də min, ya da iki-üç min illər sonrakı gələcəyə səfər edə bilirik. Min illər öncə dünyada olmuş, ya da min illər sonra dünyaya gələcək olan insanlarla ilişki qurub danışa bilirik. Bəzi bilim adamları uyanıq həyatda çözə bilmədikləri sorunları yuxuda çözə bilmişlər. Sanki uyanıq durumumuzda beynimizi sıxan və onurqamızın içindəki damarda saxlanan istedadların üzə çıxmasını əngəlləyən sorunlar yuxuda ortadan qaldırılmış olur. Bütün bu verilərdən yola çıxaraq böylə bir iddiada bulunmaq olmazmı ki, bizim röyada gördüyümüz dünyaya Muhəmməd kimi bir peyğəmbər öz ruhunu oyanıq halında göndərə bilmişdir? Yuxu halında bizim sinir və beyin sistemimizdə ortaya çıxan olqu Peyğəmbərin oyanıqkən sinir və beyin sistemində ortaya çıxmış ola bilməzmi? Böyləcə bizim yuxuda seyirnə vardığımız o dünyaya Peyğəmbər cismən göyə yüksəlmədən oyanıq halında fikrən və xəyalən getmiş ola bilmizmi? Çünkü yuxu halında ya ruh bədəndən ayrılaraq başqa dünyaya gedir (əskilər bu şəkildə inanardılar), ya da beyin hücrələrində və sinir sistemimizdə öylə durumlar ortaya çıxır ki, bizi zaman və məkan darlığından azad edir. Böyləcə biz kəndimizi əzəli və əbədi olaraq görürük. Varlığın* bütün var olanlarında özümüzü ortaq görürük. Bəzən də cansızların və bitkilərin səsini duyub nə söylədiklərini anlaya bilirik. Bu olqular Hz. Muhəmmədin hücrə və sinir sistemində oyanıq halında ortaya çıxmışsa, Onun Me´racı ussal (rasional) açıdan məqbul görünər. Böyləcə onun səfərinin çox hızlı olduğunu da qəbul etmək olar ki, geri döndüyündə hələ də qapının cəftəsi və ya zənciri hərəkət halında imiş. Me´rac haqqında söylənənlərin rəvayət deyil, masal (əfsanə) olduğunu da düşünmək mümkündür. Bu yolla Me´rac zamanı Muhəmmədin səfərinin sürətini dinləyiciyə çatdırmaq istəmiş ola bilərlər. Lakin bəzi müsəlman təzkirə yazarları Muhəmmədin ruhən deyil, cismən göyə gedib döndüyünü yazmaqdadırlar. Bu təzkirəçilərin rəvayətləri incələnərsə, fiziki olaraq iki mövzu ortaya çıxar. Birinci məsələ səfərin sürəti və ikinci məsələ də böylə bir soru ki, cismin işıq sürəti ilə hərəkət etməsi necə mümkün ola bilər? Rəvayətlərdən anlaşıldığı üzrə Muhəmmədin Me´rac zamanı səfərinin sürəti işıq sürətindən də artıq imiş. Səfərin sürəti cazibə gücü dalğalarının təsiri sürətində imiş. Çünkü Muhəmməd bir neçə anın içində sonsuz göylərin bir yerinə getmiş. Rəvayətdə anladılana görə, Muhəmmədin getdiyi yerdə yerləşən ulduzların işığı milyon və ya milyarlar ildən sonra yerə çatır. İşıq sürətindən artıq bir sürətlə hərəkət etmək necə mümkün ola bilər? Maddə bu qədər sürətin qarşısında paramparça olmazmı? Kainatın varlığının çox geniş olduğunu bilirik. Einstein´in varsayımına (hipotezinə) görə, kainatın diaqonalı üç milyar işıq ilidir. Yəni bir saniyədə üç yüz min kilometr məsafə yol gedə bilən işıq parçası kainatın bir tərəfindən digər tərəfinə doğru hərəkət edərsə, üç milyar ildən sonra digər tərəfə çatar. Ani olan, yalnız bir sürət var ki, bir ləhzənin içində kainatın bir tərəfindən digər tərəfini etkiləyər. O da cazibə gücü dalğalarının etkisidir. Bir saniyə içində on milyonlarca günəşi olan bir kəhkəşan (qalaktika) dünyasının sonunda ayrışma ortaya çıxaraq dalğalara dönüşərsə, dünyanın yerçəkimi o anın içində kainatın dəngəli olacağı biçimdə təpki göstərər. Böylə olmasaydı, hansısa kəhkəşanda ortaya çıxan ayrışma və dəyişimin dalğaya dönüşməsinə təpki o anın içində gerçəkləşməsydi, günəş kəhkəşanı yox olardı. Newtonun Kopernikdən etkilənərək kəşf etdiyi cazibə qüvvəsinin etkisi bütün kainatda dərhaldır, bir anın içindədir. Bu durum bütün kainatda eyni saniyənin içində gerçəkləşir. Cazibə gücünə təpki də anidir, eşzamanldır.
İslamçı təzkirə yazarlarına görə, Muhəmmədin kainatdakı səfərinin sürəti işıq sürətindən artıq olmuşdur. Muhəmmədin oyanıq halında kainatda öz ruhu ilə gəzdiyini qəbul edərsək, fiziksəl dartışma ortaya çıxmaz. Lakin cismi varlığı ilə göyə yüksəldiyini savunacaq olursaq, böylə bir soru ortaya çıxacaq: Cism işığın bir saniyədə getdiyi üç yüz min kilometr sürətə dözə bilər, bu qədər sürəti təhəmmül edə bilərmi? Fizik elmi maddənin bir saniyədə bu qədər sürətlə hərəkət edə biləcəyini qəbul etməz. Maddə özü işığa dönüşəcəyi durumda bu hızla hərəkət edə bilər. İşıq da bir saniyədə üç yüz min kilometrdən artıq hərəkət edə bilməz. Bəzi müsəlman təzkirə yazarları Hz. Muhəmmədin cismən göyə yüksələrək, işığın sürətindən daha artıq bir sürətlə səfər etdiyini savunmaqdadırlar. Onlara görə, Muhəmməd səfər sürətini kainatın cazibə gücü dalğalarının təpkisinə görə gerçəkləşdirmişdir, yəni işıqdan da daha artıq bir sürətlə hərəkət etmişdir. Fizik elmi bu savı (iddianı) qəbul etmir. Bu, sadəcə etiqadi bir məsələdir və elmi məqbuliyyəti yoxdur. Mən də müsəlmanların inancına sayqı göstərərək elmi dayanağı olmasa da, onların bu məzhəbi savlarını qəbul edirəm. Biz xristianların da məzhəbi inancımızda fizik və biologiya elmi ilə uyğun olmayan savlarımız vardır. Ancaq bu elmi hökm deyil, məzhəbi hökm olaraq qəbul edilməkdədir.


* Daşın üzərində ayaq izi necə qala bilər? Hz. Muhəmməd həyatı boyunca bir çox daşlara, qayalara ayaq basmışdı. O zaman oralarda da ayaq izi qalmalıydı. İslamiyyətin bu kimi ağıl dışı əfsanələrə ehtiyacı yoxdur. Yazarın da ifadə etdiyi kimi bunların hamısı rəvayət və əfsanədir. Çünkü Hz. Muhəmməd o qədər yol gedir, ayağının izi yumşaq yerlərdə qalmır, ancaq sərt bir daşda qalır. Bunlar ağıla, məntiqə tərs görünür, çünkü rəvayət və əfsanədir. Tarixi doğrulara dayanmamaqdadır, etiqadi bir məslədir. İnanan üçün doğru, inanmayan üçün əfsanədir. Hz. Muhəmmədin merac səfərini irfan əhli ruhi yüksəliş olaraq görər. Çünkü “yer” və “göy” dilsəl bir mövzudur. Gerçəkdə böylə məkanlar yoxdur. İnsan aya getdiyində bu kərə yer özü göydə görünür. Aydan yerə doğru hərəkət edən göyə tərəf hərəkət etmiş olur. Gerçəkdə məkan yoxdur. Məkan dilsəl mövzudur. Hər şey uzaydadır, göydədir. Allah da insana şah damarından daha yaxındır. Bu üzdən də hansısa planetdən yer kürəsinə doğru hərəkəti düşünərsək, o hərəkətin başlanqıc nöqtəsi yer və üzərində yaşadığımız yer isə göydə mövcud olan bir planetdir. O zaman göy deyə bir şey yox və uzay var. Hər şey də uzay boşluğundadır. Hüseyn Cabvid “Şeyx Sənan” əsərində mercac məsələsini bu şəkildə yorumlar:
“Bir bəşərdir” diyordu peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə bəşər?”- G. G.
* Martin Heidggerin fəlsəfəsində “Varlıq” qavramı ilə “var olanlar” fərqli anlamlardır. Varlıq bütündür, əzəli və əbədidir. Var olanlar isə varlğın təzahürüdür. Var olanlar “ontik”, varlıq “ontolojik” qavramlarla nitələnmişdir.  Tərcümədə bu qavramların uyğun olduğunu düşündüm- G.G.

3 Kasım 2013 Pazar

Peyğəmbərlikdən öncə Muhəmməd-1



Constantin Virgil Gheorghiu

Türkcəyə çevirən: Güntay Gəncalp


Peyğəmbərlikdən öncə Muhəmməd

Muhəmmədin “hilful füzul” ordusuna neçə yaşında daxil olduğu haqda bilgimiz yoxdur. Çünkü İslam tarixçiləri Muhəmmədin peyğəmbərlik öncəsi həyatını diqqətlə yazmamışlar. “Hilful füzul” gənc ədalətsevərlərin təşkil etdiyi bir ordu idi. Bu ordunun əsgərləri kimsədən para almadan ədalət yolunda mücadilə edirdilər. “Hilf” ərəbcədə “and”, “füzul” da “fəzilətlər” deməkdir. Hilful füzul, yəni ərdəmlilərin (fəzilətlilərin) andı. Bu ordu üzvləri olan ərdəmli kişilər haq yolunda savaşacaqları qonusunda and içmişdilər. Könüllü birlikdən oluşan ordu idi. Biyaban ərəbinin bireysəl sorumluluğu yox idi. Bir ərəb bir başqasını qətl etdiyində, qarşı tərəfin tayfası qatil kişinin tayfasını düşmən olaraq nitələyir və tayfadan əllərinə kim keçsə öldürürdülər. Biyabanda fərdi cinayət bütün qəbiləni suçlu olaraq göstərirdi. Ərəblər Məkkədə yerləşdikdən sonra durum dəyişməyə başladı. Çünkü Məkkədə qətl edilən tayfa üzvünə görə, o tayfa bütün on Qureyş tayfası ilə savaşa biləcək gücdə deyildi. Məkkənin nə polisi, nə də məhkəməsi var idi. Hər qəbilə öz sorununu çözməklə görəvli idi. Hüquqi və cinai ixtilafların heç biri qəbilə həddini aşmırdı. Lakin yabancılar Məkkəyə saldırdığında Qureyş qəbilələri yabancı düşmənə qarşı birləşib savaşırdılar.
Biyabandan kimsə Məkkəyə gəlir və saldırıya uğrayırdısa, onun biyabana geri dönməkdən başqa çarəsi yox idi. Geri dönüb qəbiləsini yardıma çağırmalı idi. Lakin saldırıya uğramış adamın qəbiləsi Məkkəyə yabancı olduğundan o qəbilənin saldırısı qarşısında on Qureyş qəbiləsi birləşirdi. Bu üzdən də Məkkəyə uğrayan bir yabancı haqsızlığa uğradığında haqqını və intiqamını ala biləcək imkana sahib olmazdı. Ərəb tarixçisi Suheyli yazır: “Həcc ziyarəti sırasında Güney səhralardan bir ərəb gənc bakirə qızı ilə Məkkəyə gəldi. Onun qızını varsıl (zəngin) bir bəzirgan oğurladı. Qızın atasının səhraya geri dönüb öz qəbiləsindən yardım istəməkdən başqa çarəsi yox idi. Lakin qızı oğurlayan varsıl bəzirgan bilirdi ki, qızın atasının qəbiləsi çox kiçik bir tayfadır və Qureyş qəbilələri ilə savaşacaq gücləri yoxdur. Muhəmməd bu olaydan xəbərdar oldu. Qureyş qəbilələrinin gənclərindən bu zülmün qarşısını almalarını istədi. Məzlumların yanında olmağa könüllü olan Qureyş gəncləri Kəbənin çevrəsində toplaşaraq bu məzmunda bir and içdilər: “And içirik ki, məzlumun haqqını alana qədər onun yanında olacağıq. And içirik ki, bu yolda heç bir maddi bəkləntimiz olmadan könüllü olaraq haq yolunda savaşacağıq. Məzlum istər varsıl, istərsə yoxsul olsun onun haqqını savunacağıq.” And içdikdən sonra Qureyş gəncləri ilə bir yerdə olan Muhəmməd Həcər-ul əsvəd daşını zəmzəm suyu ilə yudular. Andları gerçək olsun deyə zəmzəm suyundan içdilər də. Sonra Muhəmməd və Qureyş gəncləri qızı oğurlayan zalimin evinə tərəf hərəkət etdilər. Onun evini quşataraq qızı bakirə şəkli ilə geri istədilər. Varsıl tacir bir gecə vaxt istədi və dedi ki, qızı yarın atasına geri verəcəyəm. Ancaq Muhəmməd və Qureyş gəncləri qəbul etməyərək qızı həmən geri istədilər. Varsıl bəzirgan qıza toxunmadan geri vermək zorunda qaldı. Sonra Muhəmməd və Qureyş gəncləri qızı atasına apardılar.
Bir kərə də Əbucəhl yabancı bir bəzirgandan qiymətli bir əşya aldı, ancaq parasını ödəmədi. Yabancı bəzirgan Məkkədə “hilful füzul” adında könüllü bir ordunun olduğunu bilmirdi. Geri dönüb öz qəbiləsini savaşmaq üçün Məkkəyə gətirdi. Lakin onun kiçik qəbiləsi Qureyşin on qəbiləsi ilə savaşacaq gücdə deyildi. Olaydan xəbərdar olan Muhəmməd Əbucəhlin yanına gedib aldığı malın parasını ödəməsini istədi və Əbucəhl də ödədi. O zamandan sonra Məkkədə zülmə uğrayan yabancı bəzirganların imdadına hilful füzul ordusunun könüllüləri qoşurdu. Sonrakı illərdə İslam Peyğəmbəri bu orduda könüllü olması ilə ilgili söylədi ki, mən o ordunun içində olmaqdan o qədər mutlu idim ki, mənə desəydilər o ordudan çıx, ancaq qarşılığında sənə yüz dəvə verəlim, yenə də çıxmazdım. Muhəmmədin peyğəmbər olmadan öncə məzlumların haqqını savunması üçün “hilful füzul” adında könüllülər ordusu təşkil etməsi çox diqqət çəkicidir. Çünkü Muhəmməd bu hərəkəti ilə ərəb qəbilələrinin hüquq anlayışında bir inqilab etmiş oldu. ərəblərin intiqam alma kimi, hüquq anlayışlarını sarsıtdı və daha sonra Quranda bu durum bütünüylə ləğv edildi. Yəni bir qatilin intiqamını bütün qəbilədən alma törəsi ibtal edildi. Məzlumların haqqını savunmaq üçün hilful füzul adlı könüllülər ordusunun təşkilini kiçik hadisə kimi görmək olmaz. İfadə etdiyimiz üzərə muhəmməd bu ordunun təşkili ilə ərəb törəsində bir devrim gerçəkləşdirdi. O zamana qədər Ərəbistanda suçlunu sorqulamaq kimsənin ağlına gələməmişdi. Məzlumun güclü bir qəbiləsi olsaydı, öz haqqını ala bilərdi, lakin güclü qəbilələri olmayan məzlumların haqları ortalıqda yeyilirdi. Məzlumun haqqının yeyilməsini hər kəs, hətta məzlumlar özləri də təbii olaraq qəbul edirdi. Çünkü məzlumlar özləri də güclü olduqlarında zalim durumuna gəlirdilər. Bu durumun doğru olmadığını dilə gətirən yox idi. kimsə bu sosial hüquq anlayışının dəyişə biləcəyini təsəvvür etmirdi. Muhəmməd “hilful füzul” adı altında təsis etdiyi könüllülər ordusu illə məzlumun haqqının zalimdən alınması gərəkdiyini göstərdi. Hətta zalim tərəf ən güclü durumda olsa belə, məzlumun haqqının savunulması gərəkir zehniyətini Muhəmməd ərəb qəbilələrinin hüquq anlayışlarında yerləşdirdi. Bütün bunlar O, peyğəmbər olmadan öncə gerçəkləşmişdi. Bu da O´nun peyğəmbər olmadan öncə də ədalətdən yana olduğunu göstərməkdədir. Muhəmmədin peyğəmbərlikdən öncəki davranışları incələndiyində O´nun öz toplumu içində ən yetənəkli, haqsevər olduğu görünməkdədir. O, toplumsal, siyasal və hüquqsal anlamda öylə sonuclara varmışdı ki, bu, O´ndan öncə və O´nun öz zamanında da kimsənin ağlına gəlməmişdi.
Muhəmmədin əmisi Əbutalib O´nu çox sevirdi. Lakin çox yoxsul idi və sürəkli Muhəmmədi savunacaq durumda deyildi. O zaman Məkkənin bəzirganlarından biri Xədicə adında bir qadın idi. Xədicənin qırx, Muhəmmədin iyirmi beş yaşı var idi. Xədicə əmin olan Muhəmmədi öz xidmətinə almaq, ticarət səfərlərinə O´nunla birlikdə çıxmaq istəyirdi. Muhəmməd Xədicənin dəvətini Əbutalibə bildirərək, Xədicə ilə bir yerdə çalışıb çalışmaması ilə ilgili əmisinin fikrini sordu. Əbutalib dedi ki, Xədicə çox varsıl (zəngin) qadındır və iş qarşılığında sənə yaxşı para ödər. Əbutalib Muhəmmədin bu təklifi qəbul etməsini söylədi. Xədicə bəzirgan olduğundan Məkkədə “tacirə” adı ilə tanınırdı. Məkkədə çox yaxşı bir evdə yaşayırdı. Muhəmməd Xədicəyə uğrayıb və onunla səfərə çıxa biləcəyini söylədi. Xədicə O´nun karvanla Suriyəyə yollanmasını istədi. Bu səfərdə Xədicənin qardaşı oğlu Xəzimə və köləsi Misrə də onunla olacaqdı. Karvanın sorumlusu olan Muhəmməd Suriyəyə yollandı və Bəsraya çatdı. Bəsranın yaxınlığında maniliyə inanan Bəhirə adında bir zahidin yaşadığını söyləmişdik. Bu səfər zamanı Muhəmməd oraya ulaşdığında Bəhirə ölmüş və yerinə Nostoryus adında bir zahid tapınaqda yaşayırdı. Nostoryusun Bəhirə kimi, maniçi olub olmadığı haqda tarix bilgi verməməkdədir. Lakin Nostoryus da Muhəmmədi gördüyündə Bəhirənin sözlərini O´na söyləmiş və demiş ki, Tanrı heç bir dinin və millətin inhisarında deyildir. Yəhudilər iddia edirdilər ki, Tanrı bütün qövmlər arasından onları seçmiş və Tanrı onlara xasdır. Nostoryus bu iddianın anlamsız olduğunu Muhəmmədə söyləmiş. Nostoryus Muhəmmədə ərəblər arasından bir peyğəmbərin çıxacağını və ərəb gələnəyinin böyük qismini dəyişdirəcəyini də söyləmiş.
Muhəmməd bu səfərdən döndükdən sonra Xədicə O´na işinə qarşılıq olaraq bir erkək dəvə verdi. Bir dəvənin dəyərinin nə qədər olduğunu anlaya bilmək üçün dəvənin dəyərini o zamankı mallarla ölçəmək gərəkir. O zaman erkək bir dəvənin dəyəri dörd yüz dirhəm idi. Bir kölənin dəyəri 150-800 dirhəm arasında idi. Kölənin fiyatı yaşlılığına-gəncliyinə, gözəlliyinə-çirkinliyinə görə dəyişirdi. Bir qoyunun dəyəri qırx, bir keçinin dəyəri iyirmi beş dirhəm idi. Məkkə bazarında bir süngü dörd dirhəm idi. Dvənin üstünə bağlanan kəcavənin dəyəri on üç dirhəm idi. Yeri qazmaq üçün qullanılan bir külüng altı dirhəm idi. Bir parça çörək bir dirhəmin altıda bir qiymətində idi. Bu üzdən də çörək çox baha idi və yalnız varsıllar çörək yeyir, yoxsullar və orta təbəqə süt və xurma ilə qarınlarını doldururdu. Muhəmməd Suriyədən döndükdən sonra Xədicədən aldığı əmək haqqı ilə bağlı razı qalmışdı. Xədicə də Muhəmmədin xidmətindən məmnun qalmışdı. Yenidən Muhəmmədi karvanla Suriyəyə göndərdi.

2 Eylül 2013 Pazartesi

Yeni tərcümə kitabım

Güntay Gəncalpın yeni tərcümə etdiyi Məhəmməd Müctəhid Şəbüstərinin "Varlığın Peyğəmbəranə oxunuşu nəzəriyyəsi" adlı kitabı Bakıda Qanun nəşriyyatı tərəfindən çap edilmişdir. Kitabın tanıtım bölümündə belə yazılmışdır:
Kitab Qurani-Kərim üzərinə modern hermenevtik imkanlarından yararlanaraq açıqlamalar vermişdir. Dünya fəlsəfəsinin, ariflərin, teoloqların təcrübi nailiyyətlərindən yola çıxaraq Quran mətnini incələmiş və bunların yetərli olmadığı qənaətinə vararaq yeni yanaşma metodu gətirmişdir. Qurani-Kərim mətininin anlaşılması üçün daha modern yöntəmlərdən yararlanan yazar dini mətnin daha rahat idrak edilməsinə imkan yaratmağa çalışmışdır. Quranın anlaşılması üçün bu kitab oxucunun gözləri önündə yeni üfüq açmaqdadır.
http://www.qanun.az/?p=2437

15 Ağustos 2013 Perşembe

Elxanlılar dövləti




Güntay Gəncalp
Elxanlılar
Dövləti

Bir-birinə qatdı mədəniyətləri Çingiz Xan. Bu sarsıntının xeyirli nəticələrini Mar Kopolodan öyrənməkdəyik. Çox keçmədən ipək yolu yenidən açıldı. Venedikli bəzirganlar Çingizin bayrağı altında heç bir əndişə duymadan hüzur və güvənlik içində Kırımdan Pekenə, Suriyə sahillərindən Çin dənizinə qədər gedə bilirdilər.[1] Moğol hakimiyətinin Hindistana gətirdiyi ən böyük ərməğan bir dil oldu, urdu dili.[2] Moğollar dönəmində tarix elmi adında bir elm şəkilənərək inkişaf etməyə başladı. Daha öncə bu qədər metodik tarix bilgisi ortaya qoyulmamışdı. Bir çox önəmli tarix kitabları yazıldı. Bütün bu tarix yazanlar moğol dövləti tərəfindən güclü şəkildə dəstəkləndilər. Tarixyazma mədəniyəti heç bir dönəmdə moğol dönəmində olduğu qədər inkişaf etməmişdi. Moğol dönəmində uyqurca, farsca, çincə, moğolca tarix kitabları yazıldı. Ətaməlik Cüveyninin “Tarixi-cahangüşa”, Rəşidəddin Fəzlullahın “Came-üt təvarix”, Fəzlullah Şirazinin “Təcziyət-ül əmsar və təzciyət-ul ə´sar”, Nəsr əl-Mustofi əl-Qəzvininin “Tarixi-qozidə” və eyni müəllifin nəzmlə yazdığı “Zəfərnamə” tarix kitabı 75000 beytdən ibarətdir. Şahnamə səbkində yazılan bu mənzumənin 15000 beyti ərəb tarixinə, 30000 beyti  əski tarixə, 30000 beyti də moğol tarixinə aiddir. Nasirəddin Əbusəid Abdullah ibni Ömər ibni Əli-ul Bəyzavinin “Nizam-ul təvarix”, Əli ibni, Məhəmməd ibni Hüseyn ibni Əbubəkir-uş Şəbankarənin “Məcmə´-ul ənsab” kitabı və başqa bir neçə bu kimi kitablar moğollar dönəmində yazılmışdır. Bu tarixçilərin çoxu da moğol dövlətində böyük vəzifələrdə çalışmışlar.[3] Çocuqlarının baxıma ehtiyacı olduğu və ya evlənmədikləri sürəcə dul qadınlar ailə mülkünün mütləq sahibi olurdular. Qadınlar ərlərinin bütün səlahiyətlərinə sahib olurdular. Ərlərinə aid olan bütün hüquq onlara aid olurdu.[4] Moğol törəsində, yalnızca dostlar deyil, hətta qardaşlarda bir-birləri ilə “anda” adında dostluq peymanı bağlayırdılar.[5] Moğollar ilk devirlərində ərəbcə ilə farscanı yasaqlayaraq onun yerinə moğolca ilə uyqur türkcəsini qoydular. Elxanlılardan Qazan Xanın devrində moğollar İslamiyəti qəbul edincə, hər nə qədər, farsca təkrar əhliyət haqqı qazansa da, kəndisiylə bərabər, türk dili də irəliləyir və durumunu sağlamlaşdırırdı.[6]
Bartold ünlü “Türküstannamə” adlı əsərində yazır: Moğollar tərəfindən işğal edilən ölkələrin tarixçiləri moğol saldırıları haqqında bir şeylər yazmışlar. Biz daha çox İslam, Çin və qismən də erməni qaynaqlarından yararlanacağıq.[7] Çingiz Xandan öncə moğolların əlifbası və yazısı olmamışdır. Uyqur əlifbasını qəbul edərək “Çingiz Yasaları” adlanan qanunlarını yazmışlar. Yasalara uymaq, yalnızca moğol təbəələrinə özgü deyildi, moğollar özləri də bu yasalara uymaq zorundaydılar. Bu vəsilə ilə də Çingiz Xanın “Böyük yasa”sı vücudə gəldi. Bir çox tarix yazarları, o cümlədən Cuveyni yazılı moğol yasalarından söz etmişlər. Cuveyninin yazdığına görə bu yasalar moğol prenslərinin xəzinəsində hifz edilməkdə imiş. Yeni xan taxta çıxdığında xəzinədən yasaları gətirib xana oxuyub onu eyitirmişlər.[8] Orta Doğuda moğol tarixini hazırlamaq Qazan Xan tərəfindən Rəşidəddin Fəzlullaha tapşırılmışdı. Rəşidəddinin yazdığına görə moğol xəzinələrində saxlanılan moğol tarixinə aid mətnlər moğol əlifbasında yazılıbmış. Bu mətnlər müqəddəs sayıldığından ona ulaşmaq çox çətin imiş. Qazan Xan öldüyündə Rəşidəddin kitabını bitirməmişdi. Qazanın canişini olan qardaşı Olcaytu zamanında davam etmişdir. Olcaytu bütün moğol qövmləri tarixinin yazılmasını əmr etdi.[9]
Bəzi araşdırmacı tarixçilər moğolların bölgəyə sadəcə savaş bəlaları gətirmədiklərini savunarlar. Onlara görə bölgə mədəniyətinin yüksəlişində moğolların böyük rolu olmuşdur. Bu mədəni yüksəlişi bu şəkildə özətləmək olar:
·                          Bir yönətim çatısı altında bütün mədəniyətlər birləşdirildi. Çin, Hind, Ağdəniz, Xristian, şamançılıq, buddizm, İslam mədəniyətlərini bir-birinə qarışdırdılar. Bütün mədəniyətləri moğol yasalarının çatısı altında bir yerdə barış içində yaşamağa məhkum etdilər.
·                          Moğollardan öncə ticarət yollarında güvənlik yox idi. Tacirlər özlərini güvəndə hiss etməzdilər. O üzdən də ipək yolunun ticarət imkanları azalmışdı. Moğollar kürəsəlləşmənin əsası olan ticarətin güvənliyini geniş imperatorluq ərazilərində sağlayan ilk cahanşümul dövlət olmuşdur. Moğol imperatorluğu dönəmində ticarət kəsin güvənlik imkanlarından bərxurdar olduğundan tacirlər moğol dövlətini dəstəklər olmuşdular.
·                          Asiya və Avropa arasında güvənli siyasi ilişkilər bərqərar olmuşdu. Səfirliklərin güvənli fəaliyəti siyasi ilişkiləri dərinləşdirmişdi.
Çin, müsəlman, xristian, hind və digər inancların və millətlərin bilim adamları moğolların elmi mərkəzlərində bir yerdə çalışmağı təcrübə etdilər. Başqa inanclara mənsub alimlər də bu elmi mərkəzlərdə çalışırdılar. Bunun hesabına Uzaq Doğudan Uyqur minyatür sənəti Orta Doğuya axışdı.[10]
Yesügey oğlu Çingiz Xan haqqında tarix kitablarında bolca bilgi vardır. Onun Qaraxətailəri, Xarəzmşahları silib-süpürüb yox etməsi ilə ilgili ayrıntılı bilgilər kitablaşdırılmışdır. Ancaq biz burada Azərbaycanda qurulan və başkəndi Marağa olan Elxanlılar dövlətindən başlayacağıq. Çingiz Xanın nəvəsi və Tulu oğlu Hülaku Xanın (1258-1265) Orta Doğuda yaratmış olduğu imperatorluğun tərkibinə Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya, Kürdistan, Fars, Xuzistan, Xorasan və bir sıra digər vilayətlər daxil idi.[11] Elxanlı dövləti, Çingiz Xanın torunlarından Hülaku tərəfindən 1265-cı ildə Azərbaycanda quruldu.[12] Hülaku Xan qardaşı Məngü Qaanın əmri üzərinə 1255-ci ildə Ceyhundan keçərək ismailiyə tərəfdarlarını qətl etməyə başladı. İraqi-Əcəmi, İraqi-Ərəbi və Hələbi işğal etdi. 1258-ci ildə Bağdadı alıb son Abbasi xəlifəsi Müstəsəmi öldürdü. 15 fevral 1265-ci ildə Marağada öldü.[13] Hülaku Xan dönəmində, özəlliklə Azərbaycanda yüksək sayıda türk qövmü yerləşdirildi. “Hülaku Xan özüylə gətirdiyi iki yüz min türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi.”[14] Moğolların yüksəlişinin bir ürünü də Osmanlı dövlətinin quruluşu olmuşdur. “Osmanlı xanidanı Mərkəzi Asiyadan moğolların istilasından Anadoluya sığınan olmuşlar.”[15] Hülaku Xan elm və hikmətdən çox xoşlanır, özəlliklə kimya elminə çox rəğbət göstərirdi. Kimya elminin gəlişməsi üçün çox paralar xərclədi. Onun zamanında alimlər parladılar. Onlardan biri Xacə Nəsrəddin Tusidir. Nəsrəddin Tusinin əsli Savənin Cəhrudundan olsa da, Tusda dünyaya gəlmişdi. Hülaku Xanın ölümündən sonra yerinə oğlu Abaqa Xan keçmişdir. Abaqa Xan 17 il Azərbaycanda səltənət etdikdən sonra 1282-ci ildə Həmədanda öldü. Yerinə Qardaşı Əhməd Xan keçdi. Əhməd Xan iki il səltənət etdikdən sonra Abaqa Xanın oğlu Arqun Xan ona qarşı çıxdı. Arqun Xan, Əhməd Xanı öldürüb 1284-cü ildə taxtda oturdu. Abaqaoğlu Arqun Xan yeddi il səltənət etdikdən sonra 1291-ci ildə öldü. Kixatu Xan Arqunun ölümündən sonra taxta çıxdı. 1294-cü ildə Baydu Xan ona qarşı çıxdı. Əmirlər Baydu Xandan yana tutum sərgilədilər. Üç il yeddi ay səltənət etdikdən sonra Kixatu Xan 1295-ci ildə öldürüldü. Yerinə Tarqay ibni Hülaku Xan ibni Baydu Xan taxta çıxdı. Arqunoğlu Qazan Xan, Baydu Xana boyun əyməyərək ona qarşı çıxdı. Qazan Xan müsəlman olduqdan sonra müsəlman moğollar Qazan Xanın yanında yer aldılar. Qazan Xan Baydu Xanla savaşında qalib gəldi.  Baydu Xan Naxcıvana qaçarkən yolda yaxalandı. Onu Təbrizə gətirib 1295-ci ilin oktyabr ayının sonunda öldürdülər. Baydu Xan yeddi ay səltənət etdi. Onun yerinə Qazan Xan taxta çıxdı. Qazan Xanın ilk vəziri Cəlaləddin Dəstgərdani idi. Ancaq iki aydan sonra onu öldürüb 1297-ci ildə yerinə Sədrəddin Xalidi Zənganini gətridi. Bir il yarımdan sonra onu da qardaşı ilə bir yerdə öldürüb vəzirliyi Rəşidəddin Fəzlullah Həmədaniyə verdi. Qazan Xan 1300-cü ildə Dəmişqdə gerçəkləşən Misirlə savaşda qələbə qazandı. Azərbaycana döndükdən sonra 1304-cü ildə Qəzvində öldü. Yeddi il doqquz ay səltənət etdi. Öldüyündə 33 yaşında idi. Tabutunu Təbrizə aparıb orada dəfn etdilər. Qazan Xandan öncə heç bir moğol şahının məzarı bəlli olmamışdır.[16]
Qazan Xanın 1304-cü ildə ölümü üzərinə yerinə qardaşı Olcaytu Məhəmməd keçdi. Olcaytunun əsil adı Har Bəndə (eşşəyin qulu) idi. Bu ad ona göz dəyməməsi üçün qoyulmuşdu. Xanlıq taxtına keçincə bəylərin və digər dövlət adamlarının ricaları üzərinə Har Bəndə, Xuda Bəndəyə çevrildi. Olcaytu və Sultan Məhəmməd ismləri əlavə edilərək, böyləcə moğox xanına Olcaytu Sultan Məhəmməd Xuda Bəndə deyildi. Ancaq Məmluk müəllifləri ondan əskisi kimi Har Bəndə adı ilə bəhs etməkdə davam edərlər. Olduqca mədəni davranışlı bir hökmdar olan Olcaytu 1316-cı ildə ölümünə qədər şiə məzhəbində qaldı. Oğlu və xələfi Əbusəid Xan zamanında səssizcə yenidən sünniliyə dönüldü.[17]
Əbusəid taxta çıxdığında 12 yaşında idi. Bu üzdən də bütün işlərdən Əmir Çoban Osolduzi sorumlu idi. Əbusəidin bacısı ilə də evlənən Əmir Çoban ölkənin tək iqtidar sahibi durumunda idi. Moğol sultanının sadəcə adı var idi. Bütün iqtidar Əmir Çobanın əlində birikməkdə idi. Əmir Çoban Xorasan hökümətini oğlu Əmir Hüseynə, Gürcüstan valiliyini başqa oğlu Mahmuda, Rum əmirliyini də digər oğlu Əmir Teymur Taşa verdi. 1328-ci ildə Xacə Rəşidəddin Həmədanini də öldürdü. 12 il bu şəkildə keçdikdən sonra Əbusəid artıq böyümüşdü və Əmir Çobana şübhələnməyə başladı. Əbusəid, Cəlairli şeyxinin qadını olan Əmir Çobanın Bağdad xatun adlı qızı ilə eşqbazlıq edirdi. Həsən Cəlairlinin nikahında olan qadını boşatdırıb öz nikahına keçirmək istəyirdi. Əmir Çoban buna razı olmadığı üçün moğol sultanı ilə qarşı-qarşıya gəldi. Əmir Çoban və onun evladlarının iqtidarlarına son verildi. Qızı da öz nikahına aldı. Sultan bu qadına çox vurqun olduğundan iqtidarı ona buraxmışdı. Əmir Çobanın öldürülüşündən sonra vəzirlik vəzifəsi Qiyasəddin Məhəmməd Rəşidə verildi. Azərbaycanda moğol padşahına “bahadır” ləqəbi ilk olaraq Sultan Əbusəidə verilmişdir. Əbusəid yayda Sultaniyədə, qışda da ya Qarabağda, ya da Bağdadda otururdu. Ədəbiyata çox həvəsli idi. Əbusəid Aranda öldü və cənazəsini Sultaniyəyə gətirdilər. Əbusəid 19 il səltənət etdi. Onun zamanında Xacə Əlişah 12 il vəzirlik etdi. Əlişah öz əcəli ilə ölən tək vəzir olmuşdur. Əbusəidin ölümündən sonra Azərbaycan-Moğol dövləti öz bütünlüyünü itirdi. Bir yandan Sərbedaranın moğollara qarşı saldırıları, bir yandan da Çobanoğulları ilə Cəlairlilər kimi güclü ailələr arasındakı iqtidar mücadiləsi moğol dövlətini çökərtməyə başladı. Əbusəiddən sonra səkkiz moğol sultanı iqtidara gəlsə də, onları iqtidara gətirib və uzaqlaşdırmaq əmirlərin əlində idi.[18] Azərbaycan-Moğol dövlətinin parçalanması ilə Çobanilər və Cəlairlilər dövləti ortaya çıxmağa başlayacaqdı. Moğolların gəlişi ilə şüubi ismailiyə kimi təşkilatları çökərtildi. Ancaq şüubiyə öz fikri çalışmalarına Gilanın ormanlıqlarında gizlincə davam edirdi. Yüzillər boyunca burada şüubiyənin ülküləri sürdürlmüş və sonunda Səfəvi dövlətinin qurucusu kimi tarix girdirilən İsmayıl Səfəvi bu ortamda yetişdirildi. Səfəviyənin yeni şüubi-fars dalqası olduğu haqda ayrıca ayrıntılı bilgi veriləcəkdir.
Güney Azərbaycanın bir çox yerlərində moğolca kənd və şəhər adları vardır. Qaradağda Merkit adında kənd və Batı Azərbaycanda Sulduz adında şəhər vardır. Rəşidəddinin ünlü əsərində bir çox moğol qövmləri haqqında məlumat verilmişdir. Sulduz haqqında da bu əsərdə ayrıntılı bilgi var. Sulduz yerləşkəsi bir moğol qövmünün adına təsis edilmişdir. Rəşidəddinin “Sulduz” haqqında yazdığı bilgini burada olduğu kimi veririk:

Sulduz Qövmü
Sulduz qövmündən bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz Xanın xidmətində olanlar haqqındaki hikayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz Xan gənc olduğu zaman Tayçıot qövmü onunla muxalifət edirdi. Bir gün Çingiz Xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı. Çingiz Xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi haqda tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz Xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıot qövmünün padşahı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri dərhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu qövmündən olduğu üçün ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin adı bəlli deyil.
O qoca qarı daima Çingiz Xanın saçlarını darayaraq ona xidmət edirdi. İki ağac şaxəsi arasında qalıb yaralanan Çingiz Xanın boynunun yarasına məlhəm qoyur və ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çingiz xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda böyük bir navur (göl) var idi. Çingiz Xan özünü bu navura atıb elə gizləndi ki, onun bədənindən sadəcə burnu görünürdü. Tayçıot qövmü onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğu´nun atası Surğan Şirə atası Sudun Noyan´la o civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çingiz Xanın mübarək burnuna sataşdı. Onun Çingiz Xan olduğunu anlamışdı. Gizlicə Çingiz Xana işarə ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çingiz Xanı axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyəcəm. Gecə olduğunda Çingiz Xanı evinə aparıb boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində gizlətdi.
Daha sonra Surğan Şirə, Çingiz Xanı bir kor madyana mindirib, bir az ət və kaman-ox və digər savaş alətləri verərək yola saldı.
Artıq Çingiz Xanın anası, xatunları və qövmü ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çingiz Xanən dördüncü oğlu Tuluy Xan uşaq idi və hər an deyirmiş ki, atam bir maydanın üstündə gələcəkdir. Tuluy Xanın anası da oğlunu danlayır və bəzən də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çingiz Xanın öz yurduna qovuşması yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: “Atam quyruğu düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!” Anası da əsəbləşərək uşağının üstünə bağırırmış. Bir neçə saatdan sonra Çingiz Xan, Tuluy Xanın vəsf etdiyi şəkildə gəlir. Çingiz Xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər düzənləndi. Hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi ki, onun Çingiz Xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə Tayçıot qövmünün içindən çıxıb getməli idi. Bütün ailəsi ilə birlikdə Çingiz Xanın diyarına köçərək onun xidmətində oldu. Çingiz Xan da onun ailəsini öz güvəncəsi altına aldı. Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa qalxaraq özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən rəqibini yaralayaraq qovmuşdur. Çingiz Xan onun bu şücaətinə heyran qalmış, onu alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz Xan bir neçə dəfə Tayçıotla savaşdı. Ən son savaşda Çilavğun Bahadur, Tayçıotun padşahı Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun Bahadur, Tarqutayı öldürdü. Çilavğun Bahadurun oğlu da Sodun Noyan idi. Sodun Noyan Çingiz Xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay Qaan zamanında da yaşayırdı və Tuluy Xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay Qaan zamanında Sodun Noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında bir də Toğrul adında bir əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə Qaan adında böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku Xanla Azərbaycana gələn Sodun Noyanın oğullarından biri də Suncaq Noyan idi. O, Hülaku Xanın dövlətində yarqıçlıq (qazilik) vəzifəsində idi. Kehti Noyan, Aratemur İdaçi, Tudan və Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay Qaanın xidmətində olan Sodunun digər bir oğlu da Sartaq idi. Kubilay Qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku Xanın ölümündən sonra geri dönmüşdür.[19]




[1] Cəmil Meriç, Jurnal, 1-ci cild, s. 153.
[2] Cəmil Meriç, Jurnal, 1-ci cild, s. 155.
[3] Məhəmməd Cuveyni, Tarixi-cahangüşayi-Cuveyni, hazırlayan: Məhəmməd Qəzvini, birinci cild, dördüncü yayın, Dünyayi-kitab nəşriyatı, Tehran-1385 (h.ş), s. 16.
[4] B. Vladmir Tsov, Moğol toplumsal düzəni (Nezame ictemaiye moğol), farscaya çevirən: Şirin Bəyani, s. 93.
[5] Eyni qaynaq, s. 100.
[6] N. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araşdırmaları vaqfı, İstanbul-1991.
[7] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 106.
[8] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 116-117.
[9] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 123, 124, 125,126.
[10] Nasirəddin Sahibəzzəmani “Üçüncü xətt”, Sahil nəşriyatı, 1351, s. 327.
[11] Həmdullah Qəzvini, Nüzhət əl-qulub, Tehran nəşri, s. 85-109; V. Z. Piriyev, Azərbaycan Hülakülər Dövlətinin tənəzzülü dövründə, Elm nəşriyatı, Bakı-1978, s. 15.
[12] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[13] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 231-232.
[14] Abasquluağa Bakıxanov “Gülüstani-irəm”, çevirən: M. Əskərli, Minarə nəşriyatı, Bakı-2000.
[15] Faruq Sümər, Oğuzlar, Yazıçı nışriyatı, Bakı-1992.
[16] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 232,233, 234, 235, 236, 237, 238, 239.
[17] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[18] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 242, 243, 244.
[19] Rəşidəddin Fəzlullah Həmədani, Came-üt Təvarix, I. Kitab, Əlborz nəşri, birinci basqı, Tehran-1373, s. 173-178.

Xarəzmşahlar Dövləti




Güntay Gəncalp
Xarəzmşahlar Dövləti

Xarəzmşahlar doqquz şahla 138 il il səltənət etmişlər. Xarəzmşahların qurucusu Ənuştəkin Gürcü olmuşdur.[1] Ənuştəkin bir kölə olaraq Gürcüstandan alındığı üçün ona “Gürcü Ənuştəkin” deyirdilər.[2] Ənuştəkin Balqatəkinin və Balqatəkin də Məlikşahın köləsi idi. Balqatəkindən sonra Məlikşah Ənuştəkini onun yerinə yüksəldərək Xarəzmə əmir olaraq göndərdi. Ənuştəkin ömrünün sonuna qədər Səlcuqlunun Xarəzmdəki əmiri oldu. Ölümündən sonra oğlu Qütbəddin Məhəmməd, Sultan Bərkyaraq zamanında Xarəzmin varlisi oldu. Onu Xarəzmşah adlandırdılar. 1098-də vali oldu və 1127-ci ildə öldü. Onun oğlu Adsız, Sultan Səncərə qarşı çıxaraq bağımsızlığını duyurdu. Adsızın ölümündən sonra evladı Arslan taxta çıxdı. Xorasanın bir çox ölkələrini dövlətinə tabe etdi. Səlcuqluların çöküşə doğru sürüklənmələri üzündən o, tam olaraq bağımsız dövlət oldu. Yeddi il səltənət edərək 1163-cü ildə öldü. Ölmədən öncə oğlu Sultanşahı varis təyin etmişdi. Ancaq başqa oğlu Sultan Təkiş qardaşına qarşı çıxdı və on il aralarında savaş davam etdi.[3]
Təkiş yenilib Qaraxətaili kraliçəsinə sığındı. Kraliçə ərini böyük bir ordu ilə Sultanşahın üzərinə göndərdi. Sultanşahı məğlub edib yerinə Təkişi oturtdular. 1172-ci ildə Təkiş taxta çıxdı. Təkiş səltənətə vardıqdan sonra Qaraxətailərə qarşı çıxaraq onlara vergi verməkdən imtina etdi. Bu dəfə Qaraxətailər onun qardaşı Sultanşahı himayə etməyə başladılar. Sultanşah da öldüyü ana qədər Xorasanda şahlıq etdi. 1193-cü ildə öldükdən sonra bütün Xorasan Təkişə qaldı. Təkiş Xorasanı bütünüylə öz yönətiminə qatdıqdan sonra İraqi-Əcəmə saldırdı. İraqi-Əcəmdə son Səlcuqlu sultanı Toğrul səltənət etməkdə idi. 1194-cü ilin mart ayında başlayan savaşda Təkiş, Toğrulu öldürərək Səlcuqlunun həyatına son verdi. İraqi-Əcəm, Həmədan və Rey də Xarəzmşahların ərazisinə qatıldı. Əlaəddin Məhəmməd atası Təkişin ölümündən sonra taxtda oturdu (1200-1220). Onun səltənəti zamanında Xarəzmşahlar daha da genişlədilər. Bu zaman Qurilər Əfqanistanda güclü iqtidar sahibi idilər. Qəznəliləri yenərək bütün Əfqanistanı ələ keçirmişdilər. Məhəmməd Xarəzmşah, Məhəmməd Quriyə saldırdı. İki Məhəmmədin ilk savaşı Ceyhun kənarında gerçəkləşdi və Xarəzmşah bu savaşda yenildi. Qurilər 1204-cü ildə Xarəzmə girib yağmalamağa başladılar. Məhəmməd Xarəzmşah Qaraxətailərdən yardım tələbində bulundu. Gürxan Qaraxətai, Tainqut Taraz komutanlığında böyük bir ordunu Xarəzmşahın yardımına göndərdi. Ayrıca, Qaraxətailərə tabe olan Qaraxanlı Osman Qaraxanı da Xarəzmşahın yardımına göndərdi. Məhəmməd Xarəzmşah bu yardımçı orduların hesabına Quriləri 1204-cü ildə “Minat-hezar əsb” bölgəsindəki savaşda məğlub etdi. Qaraxətai ordusu Quriləri təqib edərək onları tam olaraq yox etdilər. Qurilər sorunu ortadan qaldırıldıqdan sonra Xarəzmşahların Xorasanda rəqibi qalmadı. 1206-cı ildə Məhəmməd Qurinin ölümündən sonra Məhəmməd Xarəzmşah Heratı və Qurun özünü də işğal etdi. 1215-ci ildə əfqanistanın işğalı tamamlandı və Qəznə də Xarəzmşahların yönətiminə keçdi. Məhəmməd Xarəzmşah bu zəfəri Qaraxətailər hesabına qazansa da, daha sonra onlara vergi verməkdən imtina etdi. 1210-cu ildə Qaraxətailərlə Xarəzmşahlar arasında savaş oldu. Əndicanın yaxınlığında yerləşən “Ilamış”dakı savaşda Qaraxətailərin ordusu Talas qumsallığında yenildi. Bu savaşda Qaraxanlı Osman da Xarəzmşaha yardım etmişdi. Xarəzmşaha tabeliyini bildirən Qaraxanlı daha sonra müstəqil olmaq istərkən Məhəmməd Xarəzmşah saldırıya keçərək Osman Qaraxanlını öldürdü. İki əsrdən artıq türküstanda iqtidarda olan Qaraxanlıların siyasi həyatı böyləcə 1212-ci ildə son buldu.[4] Sultan Məhəmmədin zamanında Çingiz Xan orduları saldırmağa başlamışdı. Sultan Məhəmmədin yerinə oğlu Sultan Cəlaləddin keçdi. Cəlaləddin moğollara qarşı yeddi savaşa qatıldı. Altısında qalib gəldi. Yeddinci savaşda Çingiz Xan özü böyük orduları ilə ilqar* etdi. Yeddinci savaşda yenilib Hindistana qaçdı. Çingiz Xanın oğlu Oqtayın anı saldırısı sırasında Cəlaləddinin orduları yenilmiş və özündən də xəbər çıxmamışdır. Bəzilərinə görə ordusuz qalaraq qaçan Cəlaləddin bir kürdlə qarşılaşmış. Kürd onun üzərində olan qiymətli əşyalara görə, Cəlaləddini öldürmüşdür.[5] Onun ölümüylə də Xarəzmşahlar tarixdən silindilər. Cəlaləddin Xarəzmşahın moğollara qarşı qəhrəmanca savaşı “Tarixi-Cahangüşayi-Cuveyni”nin ikinci cildində ayrıntıları ilə anladılmışdır.



[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188.
[2] Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 663.
[3] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188, 189.
[4] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 282, 283, 284.
* İlqar-moğolca ordunun anidən saldırmasıdır.
[5] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 193.