31 Ocak 2013 Perşembe

25 Ocak 2013 Cuma

İsmailiyə və ixvan-üs səfa




İsmailiyə və ixvan-üs səfa

I
İsmailiyə

Şiə qüllatı[1] İslam tarixində təhlükəli və fanatik cərəyanlar kimi ortaya çıxmış və Hz. Əlinin Allah olduğuna iman gətirmişdirlər. Müxtəlif dönəmlərdə iqtisadi-siyasi durumdan asılı olaraq şiə qüllatı da ona görə gəlişmişdir. Şiə qüllatının təməli fars-Sasani nostaljisinə dayanmaqda və İslamiyətlə ilgisinin olmadığı görülməkdədir. Çünkü şiənin savunduğu Allahlıq və imamların məsumiyət ideyası Sasanilərin “fərri-izədi” anlayışı ilə örtüşməkdədir. Ərəbləşərək şiə adı ilə ortaya çıxan Sasani yurddaşları ilə, ərəbləşmədən də öz kimliklərini qoruyan farslar ismailiyə, hürufiyə, qızılbaşlıq, səfəviyə adı altında bu ideyanı çağdan çağa daşımış və sonunda Səfəvi dövləti qurulduqdan sonra amaclarına ulaşmışlar. Səfəvilərdən öncəki fars şiə qüllatı çırpınmaları və qiyamlarının hamısı Səfəvilərdən sonra susmuşdur. Ələviliyi köklü bir şəkildə öz etkisi altına alan ismailiyə şiə qüllatı türkləri də öz ideolojilərinin içində həzm edə bilmişlər. 15-ci yüzildə Şeyx Bədrəddin “varidat” kitabı ilə ismaililiyi Anadolu ələviliyi içərisində canlandırmağa çalışmışdır. Qızılbaşlıq ideoloji olaraq tümüylə şüubi və Sasani-fars inanc sisteminin bariz şəkli olmuşdur. Qızlbaşlığın qısa sürədə dili türkçə olsa da, az sonra Səfəviliyin içində yox edilərək yazı dili də farslaşmışdır. Sanki İslamın ortaya çıxışından və Sasanilərin devrilişindən sonra indiki İranda ortaya çıxan bütün qiyamların, siyasi, fikiri, məzhəbi hərəkətlərin və savaşların tək amacı milli fars dövləti şəklində ortaya çıxan Səfəvi dövlətini qurmaq imiş. Sasaniliyin şiə sayağı modelini yenidən təsis etmək, sanki bu təlatümlü tarixin tək amacı imiş. Səfəvi dövlətinin quruluşu ilə bu amaca varılmışdır. “Çünkü Səfəvi dövlətinin quruluşu və şiə məzhəbinin rəsmi və mili məzhəb kimi təyin edilməsi ilə ilk dəfə olaraq ortaq vətən, ortaq dil, ortaq bayraq, ortaq yazqı, ortaq iqtisadiyat və ortaq kültür haqqında düşünülməyə başlandı. Səfəvi dövlətinin quruluşundan sonra qiyam və qövmlər arası savaş demək olar ki, olmamışdır. İlginc olan budur ki, Səfəvilərdən sonra ortaya çıxan ortaq vətən anlayışında azınlıqda olan sünnilər də ortaq milli məsələdə şiənin hədəflərinə təslim olmaq zorunda qalmışdır.”[2] Səfəvilər zamanında ortaya çıxan ortaq vətən kimliyi Şahnamə mehvərli olduğundan fars milliyətçiliyi mərkəzli bir şəkil almışdır. Şahnamənin Səfəvilər dönəmində necə təhrif edilərək yenidən hazırlandığı və oraya türk-ərəb düşmənliyinin daha fazlası ilə əkləndiyi qonusu “Şahnamə” bölümündə anlatılacaqdır.
Şiə qüllatı təriqətlərinin sayı çoxdur. Onların hamısı haqqında bilgi verməyə gərək yoxdur. Sadəcə tarixdə adları və fəaliyətləri bəlli olan önəmli şiə cərəyanları haqqında bilgi verməyə özəniləcəkdir. İsmailiyə, hürufiyə, səfəviyə kimi aşırı şiə qüllatı haqqında araşdırmamızı davam etdiririk. Bu araşdırmalar sırasında kimliyindən və İslamiyətdən uzaq düşürülən türklərin şiə təriqətləri içində fars irqçiliyinə necə yem edildiyini görəcəyik. İsmailiyə şiə qüllatı necə ortaya çıxdı?
Cəfər Sadiqin böyük oğlu İsmayıl atasından öncə 755-ci ildə öldü. Cəfər Sadiq onu öz yerinə varis olaraq təyin etmişdi. Sonrasında İsmayıl çox içki içdiyindən və bəzi uyqunsuz hərəkətlərdə bulunduğundan Cəfər Sadiq onu varislikdən məhrum edərək dördüncü oğlu Musa Kazımı varis olaraq duyurdu.[3] İsmayıl beş il atasından daha tez Mədinədə öldü. Cəfər Sadiqin İsmayılı varislikdən məhrum etməsini qəbul etməyənlər var idi. Onlar hesab edirdilər ki, imamlar hərşeyi öncədən bildiklərindən Cəfər Sadiq, oğlu  İsmayılı boşuna özü üçün varis təyin edə bilməzdi. Çünkü Cəfər Sadiq imam olduğundan İsmayılın özündən daha tez öləcəyini də bilməli idi. İsmayılın Cəfər Sadiqdən daha tez ölməsi qeybə çəkilməsi anlamında olmalıdır. Ayrıca, Cəfər Sadiq İsmayılı özünə varis seçmişsə, onu varislikdən məhrum etmə haqqına da sahib ola bilməz. Çünkü bu durumda imamətin hər şeyi bildiyi ilkəsi kökündən yıpranmış olar. Bu üzdən də imamətin Musa Kazım tərəfindən deyil, İsmayıl soyundan davam etməsi gərəkməkdədir. “O gündən də İsmayılın evladları “Məstur imamlar” (örtülü imamlar) adlandılar. Çünkü kimsə İsmayılın evladlarını görməmiş və tanımırdı. Sadəcə digərləri onların adına imamət edirdilər. İsmayılın oğlu Məhəmmədi imam olaraq tanıdlar. Məhəmməd Abbasilərin təqibində olduğundan qaçıb Reydə gizləndi. İsmailiyə iki əsas qrupa ayrıldı. Birinci qrup Məhəmməd ibni İsmayıl öldükdən sonra onun varislərinin imamlığına inanırdılar. Bu imamlar örtülü imam olaraq bilinirdi. Bu qrupun tərəfdarları Fatimiyə olaraq ortaya çıxdı. İkinci qrup hesab edirdi ki, imamlıq da mürsəl* peyqəmbərlər kimi yeddi rəqəmi ilə son bulmalıdır. Bu üzdən bunlar Məhəmmədin son imam olduğuna iman etdilər və onun yenidən diriləcəyinə inandılar. Yəni birinci qrup Məhəmmədin oğullarının imam olduğuna və ikinci qrup isə, imamlığın İsmayıl oğlu Məhəmmədlə son bulduğuna və Məhəmmədin ölməyib qeybə çəkildiyinə inandılar. Bunlar yeddi imamlı İsmailiyə adlandı. Qərmətilər də bu qrupun içindən çıxmışdır. Bunlara qərməti, ismaili və ya səbəiyə* də deyirdilər.”[4] “Bu iddiaçılardan ən önəmlilərindən biri “Mehdi” ləqəbi ilə bilinən Abdullah oğlu Məhəmməd idi. Abdullah soyunu Hz. Peyqəmbərin qızı Hz. Fatiməyə bağlayırdı. Bu adam Quzey Afriqada Fatimi (910-1172) xilafətini təsis etdi. Daha sonra Misirə daşınan Fatimilər Abbasilərin sərt rəqibinə dönüşdülər.”[5] Fatimilər bütün İslam ölkələrini öz yönətimləri altına ala biləcək düzeydə böyüdülər. Səlcuqlar olmasaydı buna da nail olacaqdılar. Yəni Səlcuq axınları olmasaydı Səfəvilərin qurduğu İran dövləti daha erkəndən qurula bilərdi.
Burada “mehdi” sözünə də aydınlıq gətirmək gərəkəcək. Çünkü “mehdi” qavramının içəriyi bəlli edilməzsə, tarixdə etkisini sürdürən bu olayın da mahiyəti bilinməyəcəkdir. İslam tarixində minlərcə adam mehdilik iddiası ilə ortaya çıxaraq qanlar axıtmış, xaos törətmişdir, pərişan sosial durumlara səbəb olmuşlar. Nədir bu mehdilik?
“Mehdi” sözü ərəbcə Tanrı tərəfindən hidayətə ərmiş və imanı bütünləşmiş kişi deməkdir. Bu baxımdan Hz. Məhəmmədə də “Mehdi” deyilir və onun mehdiliyi ilə ilgili o zaman şeirlər də yazılmışdı.[6] Çünkü Hz. Peyqəmbər Allah tərəfindən bu iş üçün hazırlanmışdır. Bəzi təfsirçilərə görə Quranın İnşirah (94) surəsində Məhəmmədin Allah tərəfindən peyqəmbərliyə hazırlandığı açıqlanmışdır. Ancaq sonrakı dönəmlərdə “hadi” sözü ilə “mehdi” sözünün yeri dəyişdirilmiş və “mehdi” sözü və anlamı siyasi amac üçün qullanılmış, bu gün bilə qullanılmaqdadır. Çünkü hadi, hidayət edən və mehdi hidatə ərmiş anlamındadır. Daha sonra sapdırılmış anlamında guya mehdi adında peyqəmbər soyundan birinin gəlib və toplumu hidayətə ərdirəcəkmiş! Zatən toplumun hidayət kitabı olan Qurani-Kərim ortadadır. İlk hədis kitablarının heç birində mehdiyə işarə edilməmişdir. Qurani-Kərimdə də Mehdi deyə açıqca bir ifadə və bilgi yoxdur. Böylə önəmli bir şey olsa idi, onu Allah təala Quranda bildirməzmi idi? Buxari və Müslim hədis kitablarında da mehdi deyə bir olaya işarə edilməmişdir. İlk müsəlmanların bu haqda düşündükləri olmamışdır. Anlaşılan mehdi məsələsi sonrakı illərdə şüubiyənin İslam anlayışının içindən ortaya çıxmış, sasaniliyin fərri-izədi anlayışı mehdi olaraq qavramsallaşmışdır.
Bəzi araşdırmaçılara görə mehdilik məsələsi Hz. Əli dönəminə aiddir. İbni-Səba adında biri “Əliyə ilahi parça hilul etmişdir” dedi. Ancaq ilk mehdilik adı altında qiyama Əməvilər zamanında rast gəlməkdəyik. Muxtar (685) iddia etdi ki, Əlioğlu Məhəmməd Hənifə bəklənən mehdidir. Muxtar və Hənifə hər ikisi öldükdən sonra da “mehdi” düşüncəsi davam etdi. Muxtarın qiyamı ilə İsmailiyənin ortaya çıxışı arasında 75 il zaman mövcud olmuşdur.[7] Fatimilərin ilk xəlifəsi olan Übieydullah özünü “mehdi” olaraq duyurduqdan sonra “mehdi” haqqındakı “dünyanı ədalətlə dolduracaq” kimi xəbərə bunları da artırdı:  “İmam mehdi bütün dünyanı deyil, yalnız öz yönətimində olan bölgələri ədalətlə dolduracaq və qalan yerləri də sonrakı mehdilər ədalətlə dolduracaqdır.” Özünü “mehdi” olaraq duyuran ilk Fatimi xəlifəsi öz yönətimində bulunan bölgələrdə də ədalət icad edə bilmədi. Sadəcə öz iqtidarını bərqərar etdi.[8]
Qərməti və ismaili cərəyanları eyni ideolojiyə mənsub olduqlarından, eyni qaynaqdan qaynaqlandıqlarından dolayı biri haqqında danışmaq digəri haqqında da danışmaq anlamındadır. Həm qərmətilər, həm ismaililər eyni imamlara inanmışlar. Dəyişik bölgələrdə fəaliyətləri olsa da, fikrən eyni qaynaqdan yararlanmışlar. Bu üzdən də İsmailiyə haqqında danışmaq, qərmətiyə və qərmətiyə haqqında danışmaq ismailiyə haqqında danışmaq deməkdir.
İsmailiyənin və qərmətiyənin babəkiliklə olan bağlarını qəbul etməz və incələməzsək onu anlamaqda çətinlik çəkəcəyik. Çünkü babəkilik hərəkəti mütəşəkkil silahlı örgüt olaraq yox edilsə də, bir düşüncə olaraq həyatını tarixdə xalqın içində davam etmiş və çeşidli firqələrdə özünə tərəfdar toplaya bilmişdi. Dini təbliğatını sınırılı bir bölgənin ötəsinə çıxara bilməməsi bəlkə də Babəkin yenilgəsinin önəmli səbəblərindən biri olmuşdur. Onun tərəfdarları, yalnız Aran və Azərbaycanda daha çox aktiv idilər. Cahizin[9] dediyi kimi babəkilər İslamın maddəsi və düzənli ordusu olan türklər arasına girə bilmədilər. Ancaq ismaililər ilk başdan öz inancını bütün ölkələrə yaymağa çalışdılar. Onlar qalib və məğlubları, dinsiz və dindarları, azad fikirliləri, bütün tayfaların təəssüblülərini bir yerə toplamağı başardılar. İsmaili Abdullah ibni Meymun cəsur davranışı və toplumları dəqiq olaraq tanıması ilə bunu başardı. O, öncəliklə yaxşı bir toplumbilimçi idi. İsmailiyənin babəkilikdən etkilənərək savunduğu bəzi sosial üsullar bunlar idi: 1- Qadın-kişi bərabərliyi. 2- Torpaq üzərinə malikiyətin ibtalı və onun ehtiyacı olanlar arasında paylaşılması. 3- Müxtəlif irqlərdən bütün toplumları bir araya gətirmək üçün irqlərə sayqılı yanaşmaq.[10] Burada şüubiyə və ismaliyə ilişkiləri üzərinə də deyinmək gərəkir. Bəzi araşdırmaçılara görə ismailiyə şüubiyənin ürünü olmuşdur.
Bağdadı deyir ki, şüubilər ismailiyə məzhəbinə girərk onlara yardım etdilər. Şüubiyə ilə ismailiyənin əməkdaşlığının səbəbi o idi ki, hər ikisi də hakim ərəb dövlətinin düşməni idilər. Bu üzdən bir-birinə qarışmadan və bir-birinə arxa olaraq irəlilədilər.[11] İsmailiyə, qərməti və xürrəmiyənin sosial və sinfi mübarizə yönlərinin ortaq olması üzündən sünnilər bunları eyni sistem olaraq görmüşlər.[12] Mötəzilənin Abbasi dövlətinin rəsmi məzhəbi olduğu zaman ismaililik ortaya çıxmışdı.
Fatimi və qərmətiyənin inanc dayanaqları ismailiyədir. Ancaq Fatimilərin Misirdə təsisi ilə qərmətilər onlardan ayrılaraq müstəqil təşkilata dönüşdülər. Qərmətilər Fatimi dövləti ilə ara-sıra ilişkiyə girsələr də, onlardan ayrı bir firqə halina gəldilər. Bəhreyndə təsis edilən qərməti dövləti də ismailiyənin batiniyə təlimlərinə dayanaraq hər tür dini törənləri rədd edib, müqəddəs məkan sayılan yerləri yağmaladılar. Hətta məşhur “Həcər-ül əsvəd”* daşını ikiyə parçalayıb özləri ilə Ləhsaya apardılar. 20 ildən sonra Fatimi xəlifəsinin ricası üzərinə “Həcər-ül əsvəd”i Məkkəyə geri gətirdilər.[13] İsmailiyə və bu fikrə bağlı olan qərmətilər dini törələri ibtal etmişdilər. İsmaili şair olan Nasir Xosrov Ləhsaya uğramış və orada gördüklərini yazmışdı. Onun verdiyi məlumata görə Ləhsa şəhərində məscid olmamışdır.[14] Qərmətilər də xürrəmilər kimi ictimai bərabərliyi təbliğ edirdilər. Qərmətilərlə Fatimiləri fərqləndirən ana ünsür onların sosial proqramları idi. Fatimi ismaililər bəlli sosial proqrama sahib deyildilər.[15] Qərmətiyə fəlsəfi görüş olaraq ixvan-üs səfa axımına mənsub olmuşdur. Onların fikirləri Farabi və digər filosofları etkiləmişdi.[16] İxvan-üs səfa haqqında irəlidə bilgi veriləcəkdir.
Eyni dönəmdə mövcud olan mötəzilə ilə ismailiyə arasında incə bir fərq var idi. Mötəzilə dinin açıqlanması üçün ağıldan yararlanmağa çalışırkən, ismailiyə dinin təməllərini sökmək üçün ağıldan yararlanırdı. İsmailiyədə ağıl batin və zahir olaraq iki mərhələdən ibarətdir. Zahiri ağıl xarici görünüşü və bəşər arasındakı münasibət və əlaqələri incələr. Batin isə içərini incələr, ayətlərin batini anlamı vardır. Batini anlamı imam və imama yaxın olanlardan başqa kimsə bilməz. İsmailiyəyə görə batinsiz zahir və zahirsiz də batin ola bilməz. İsmailiyəni batiniyə adlandırmanın da səbəbi bu idi. İsmaililər məsum imama inanırdılar. Nəsrəddin Tusi məsum imamı “hidayət işığı” adlandırırdı.  İmamın sözü Tanrının sözü və əməlləri də Tanrı əməlləridir. Böyləcə ismailiyə öyrətilərində imam şəriətdən ötə bir anlam daşımaqda idi. Aləm ismailiyə öyrətilərində üç mərhələdən mürəkkəbdir: 1- Mütləq xeyirdən oluşan ruhani aləm. 2- Xeyir və şərdən oluşan nəfsani aləm. 3- Mütləq şərdən oluşan cismani aləm. [17]
İsmailiyənin təsisçisi olaraq bilinən Abdullah sünniliyi, şiəliyi, yəhudiliyi, xristianlığı, məcusiliyi içənə alan yeni din icad etmək istəyirdi. İsmailiyənin yöntəmi bu şəkildə idi:
·                            Öyrətilərin qavrama və əqli qüdrətə görə sinifləndirilməsi. Yeddi mərhlədən ibarət öyrətilər bütünü hazırlandı. Birinci mərhələ mübtədilər, yeni başlayanlar və yeddinci mərhələ həqiqətə varmış olanlar üçündür. Bu mərhələdə kəşf mümkün ola bilirdi.[18] İsmailiyənin batini öyrətilərində vücudun yeddi evrəsi bunlardan ibarıətdir: 1- Mütləq yaradıcı olan Allah. 2- Bötüv ağıl. 3- Bütöv nəfs. 4- Maddənin ilk şəkli. 5- Məkan. 6- Zaman. 7. Kamil insan. Batiniyəyə görə dünya “böyük aləm” və insan “kiçik aləm”dir. Batiniyə kiçik aləmlə böyük aləm arasında uyum bərqərar olunmasını düşünmüşdü.[19]
·                            Abbasilərin təhlükəsini bərtərəf etmək üçün gizli fəaliyət edilməli idi.
·                            Fəlsəfəni önəmsəmək, özəlliklə ismailiyə, öyrətilərini neoəflatunçuluq üzərinə qurmağa çalışırdı.  
·                            Dəvətçiləri seçərək, onları yaxşıca hazırlamaq. Yaxşı bəyanı, qavrama yetənəyi və güclü məntiqi olan adamlar bu seçimdə öncəlik daşıyırdılar.
·                            Təvil və təfsirə arxalanmaq. Böylə ki, onlara görə ayətlərin ən doğru təfsirini edən məsum olan imam və ya imama ən yaxın olan şəxsdir. Müstətir (örtülü) imamın nəzəri mütləq doğrudur və ona şübhə edilməməlidir. Örtürülü və görünməz olan imamı da Abdullahdan (İsmailiyənin qurucusu) başqa kimsə tanımaz, bilməz. Hər şey örtülü imamın əlindədir.[20]
Qərməti sözünün kökü və nə anlama gəldiyi bəlli deyildir. İlk olaraq Təbəri qərmətilər haqqında bilgi vermişdir. Kəndlilər və yoxsullar qərmətilərə qatılırdılar. Qərməti təşkilatı gizlin bir örgüt idi. Anlaşılan qərməti qiyamı ilk olaraq 874-cü ildə Xorasanda baş qaldırmışdır. Ən böyük qərməti qiyamı aşağı İraqda Həmdan Qərmətin rəhbərliyində meydana gəlmişdir. O, 890-cı ildə “Hicrətdə Sığınmacılar Evi” adında bir mərkəz təsis etdi. Bu mərkəzin ümumi bir xəzanəsi var idi. Xums (gəlirin beşdə biri) bu sandığa verilirdi. Qərmətilər qardaşlıq süfrəsi adında bir süfrə açar və orada acları doyurardılar. Bu, onların məzhəbi törənlərinin bir parçası idi. Bu süfrədə yemək yeyənlər “cənnət çörəyi” yediklərinə inanır, inandırılırdılar. Xəlifənin orduları 905-ci ildə qərməti qiyamını söndürə bildi. Daha öncə 894-cü ildə qərməti qiyamının atəşi Bəhreyni sarmışdı. 897-ci ildə qərmətilər Ləhsa (əl-İhsa) şəhrini ələ keçirdilər. Ləhsa qərməti dövlətinin başkəndi oldu. Qərmətilər öz ideyalarını bu şəhərdə gerçəkləşdirməyə çalışdılar. Əbureyhan Biruninin (ölüm- 1048) yazdığına görə X əsrin dördüncü onilliyində qərmətilər Hindistanın Multan şəhərini ələ keçirərək orada da dövlətlərini təsis etdilər. Mahmud Qəznəvi 1010-cu ildə onları yenib yox etdi. Samanilərdən Nuh ibni Nəsr (iqtidarı 943-954) qərməti qiyamlarını Xorasanda və Mərkəzi Asiyada susdurdu. Ancaq buna rəğmən ismailiyənin hər iki qanadına aid bir çox tərəfdar mövcud idi. Mahmud Qəznəvi onları təqib etdi. Çoxunu tutub öldürdü. Rey şəhərini Büveyh oğullarından geri aldı, bir çox Fatimi qərmətini yaxalayıb edam etdi. İsmailiyənin bütün firqələrinin ortaq adı batiniyəçi idi.[21]
İlk Səlcuq sultanları aşırı sünni məzhəbinə bağlı olduqlarından dolayı şiələri, özəlliklə ismailililəri təqib edirdilər. XI əsrin səkkizinci onilliyində Həsən ibni Səbbah Həmiri adında bir ismaili öndər zühur etdi. Bəzi rəvayətlərə görə onun soyu İslamdan öncə Yəməndə səltənət sahibi imiş. Başqa bir rəvayətə görə onun soyu Xorasanın bir kəndində yaşayırmış. Onun atası Kufədən Quma köçmüş və Həsən Qumda dünyaya gəlmişdi. Həsən atası kimi öncə imamiyə şiəsində imiş. Gənckən eyitim illərində Əmir Zərrab adlı bir ismaili ilə tanış oldu. Onunla dartışması sırasında imamiyə imanı zədələndi. Daha sonra Ataş adlı başqa ismaili dai (dəvətçi) ilə irtibat qurdu. Ataş Azərbaycanda və İraqi-Əcəmdə (indiki İranda) fəaliyət göstərən gizlin ismaili örgütünün öndəri idi. Səbbah, ismaili olduqdan sonra örgütə daxil oldu. 1077-ci ildə Səbbah İsfahana gedərək iki il Ataşın yardımçılığını etdi. Ataşın istəyi üzərinə Qahirəyə gedərək 18 ay orada qaldı. Fatimi xəlifəsi əl-Müntənsirbillah Misirdə 60 il iqtidarda bulunmuşdu. O da Cəfər Sadiq kimi böyük oğlunu özünə varis təyin etmişdi. Cəfər Sadiq kimi də böyük oğlunu vəliəhdlikdən məhrum edib başqa oğlunu varis olaraq duyurdu. İsmaili firqəsində fikir ayrılıqları ortaya çıxdı. Xəlifənin böyük oğlu Nəzarın tərəfdarları onun imam olmasından yanaydılar. Nəzar öz qardaşı Məstəli tərəfindən öldürüldükdən sonra yandaşları onun oğlunu gizlincə Ələmut qalasına qaçırdılar. İsmailiyənin çox ünlü ismi olan Həsən Səbbah Nəzarın haqqını savunan ismaili kimi qiyam etdi. Həsən Səbbah təqribən iki il Misirdə qaldıqdan sonra Ələmut qalasına dönüb ismailiyə ayininin təbliğinə başlayaraq Nəzarın haqqını savunmağa başladı. İsmailiyə Nəzariyə və Məstəliyə olaraq iki firqəyə ayrıldı. Nəzariyə İraqi-Əcəmdə və Məstəliyə Misirdə yayqınlaşdı. Məstəliyə ismailiyənin mühafizəkar və nəzariyə isə, liberal qanadını təşkil etdi. Nəzariyə yeni ünsürlər və mətləblər ismailiyə firqəsinə artırdı. 1090-cı ildə Həsən Səbbah zeydiyə şiəsinin barınağı olan Ələmut qalasına getdi. Silahlı dəstələri ilə qalanı basaraq zeydiyə şiəsinin rəhbərləri və tərəfdarlarını əsir aldı. O gündən sonra Ələmut qalası nəzariyə və yeni ismailiyənin qərargahına dönüşdü. Böyləcə İraqi-Əcəmdə (İranda) ismailiyə dövlətinin əsası qoyuldu. Bu dövllət 1090-cı ildən 1256-cı ilə qədər davam etdi. Qısa sürədə keçilməz dağlardakı qalaları işğal etdilər. Rəşidəddin Fəzlullahın yazdığına görə XIII yüzilin ortalarında yüzdən artıq qalanı İraqi-Əcəmdə (İranda) ələ keçirdilər. Bartoldda görə yeni ismailiyə hərəkəti qalaların şəhərlərə qarşı mübarizəsi idi. Sultan Bərkyaraq Səlcuqlu zamanında  (1094-1104) Nişabur ismaililəri qətl edildi. Sultan Məhəmməd Səlcuqlu (1105-1118) ismaililəri bir nömrəli düşmən olaraq duyurdu. 1106-cı ildə İsmaililərin işğalında olan İsfahanın çevrəsini onlardan geri aldı. Sonra da ismaililərin mərkəzi qalası olan Ələmutu mühasirə etdi. Ələmut ismaililəri aclıqdan az qala təslim olmaq üzrə ikən birdən sultanın ölüm xəbəri gəldi. Səlcuqlu ordusu qalanın mühasirəsini buraxıb geri çəkildi. Ataşın ölümündən sonra ismaililərin öndərliyi Həsən Səbbahın əlinə keçmişdi.[22] Səlcuqlunun başbaxanı Xacə Nizam-ul Mülk Səbbahın yaxalanması üçün bir qrupu göndərdi. O isə Ələmut qalasına sığındı və o vaxtdan da Ələmut Moğolların gəlişinə qədər 170 il ərzində ismaililərin yenilməz qalasına və terorun mərkəzinə dönüşdü.
İsmailiyənin fəlsfəsi üzərində də bir duralım. İsmailiyənin batini öyrətilərində vücudun yeddi evrəsi bunlardan ibarıətdir: 1- Mütləq yaradıcı olan Allah. 2- Bötüv ağıl. 3- Bütöv nəfs. 4- Maddənin ilk şəkli. 5- Məkan. 6- Zaman. 7. Kamil insan. Batiniyəyə görə dünya “böyük aləm” və insan “kiçik aləm”dir. Batiniyə kiçik aləmlə böyük aləm arasında uyum bərqərar olunmasını düşünmüşdü.[23] Peyqəmbərlərin kəlamını batiniyəyə görə batini təfsirlə anlamaq mümkündür. Bütöv ağlın duyulur dünyadakı yansıması kamil insan, yəni peyqəmbər deməkdir. Batiniyə qarvramlarında buna “natiq”, yəni qonuşan deyilməkdədir. Nəfsin duyulur dünyada inikası (yansıması) peyqəmbərin yardımçısı anlamındadır. Buna da “samit”, yəni susqun deyilir. Susqun, yəni o kəs ki, özü heç bir şey söyləmir, sadəcə peyqəmbərin söylədiklərini təfsir edib açqılayır. Ona “əsas” da deyilir. Onun görəvi peyqəmbərin batini bilgilərini açıqlamaqdır. Bütün peyqəmbərlərin böylə yardımçıları olmuşdur: Örnəyin Musa natiq və Harun onun samiti idi. İsa natiq və Petros onun samiti idi. Məhəmməd natiq və Əli onun samiti idi. Natiqlər və samitlər bəşərin xilası üçün yer üzündə zühur etmişlər. Xilas isə, kamil elmə ulaşmaqdan ibarətdir. Cənnət əslində bu kamil elmin rəmzidir. Bəşərin qurtuluşu da yeddi mərhələdən ibarətdir. Altı mərhələsi natiq və samitin bir yerdə zühuru ilə səciyələnir. Bu altı səciyyəli mərhələ mürsəl peyqəmbərlərin, yəni Adəm, Nuh, İbrahim, Musa, İsa və Məhəmmədin zühuru ilə ortaya çıxmışdır. Yeddinci mərhələ dünyanın sonu gəlmədən öncə qaim peyqəmbərin, yəni “mehdi”nin zühuru ilə başlayacaq. Hər peyqəmbərlik mərhələsində natiqdən sonra imamlar zühur etmişlər. Bəşər natiqlər, samitlər və imamlar vasitəsi ilə kamil elmə nail olduqdan sonra dünyanın sonu gələcəkdir. Bu zaman cəhalətdən ibarət olan pislik və şər yox olacaq və aləm öz öz qaynağına, yəni bütöv ağıla geri dönəcəkdir.[24]
İsmaililər siyasi şəxsiyətləri teror edərək mübarizələrinə davam edirdilər. Səbbahın ölümündən sonra Böyük Kiya onun varisi oldu. Kiyadan sonra isə, varislik irsiləşərək davam etdi.[25]
Həsən Səbbahın ismaili tərəfdarlarına fədaiyani-ismaili də deyilirdi. İsmaili fədailər 1092-ci il oktyabrın 20-də Səlcuqlunun ünlü vəziri Xacə Nizam-ul Mülkü öldürdülər. Xacə axşam Sultan Məlikşahın hüzurundan ayrılıb evinə dönmək istərkən deyləmli bir gənc ona yaxınlaşıb ərizəsini vermək istədiyini bildirdi. Tam olaraq yaxınlaşdıqdan sonra qəməsini anidən çıxarıb Nizam-ul Mülkün köksünə soxdu.[26] 
“Fədailər” başlanqıcda ismaili şiəsinə dayanaraq inqilabçı bir güc kimi ortaya çıxdılar. Ancaq yüz ildən sonra 180 dərəcə öz mövqelərini dəyişdirərək Bağdadın əlində oyuncağa döndülər. Hər növ etiraz səsini boğmaq üçün Bağdad xilafəti bu ismaili teroristləri qullanmağa başladı. Tam anlamı ilə “mafiya” görəvini üstləndilər. Mafiya Fransanın basqısına qarşı İtaliyada inqilabçı dirəniş güc olaraq ortaya çıxdı. Ancaq daha sonra qorxunc cinayətkar dəstə kimi İtaliyada, Sisildə fəaliyətini sürdürüb oradan da Amerikaya nüfuz etdi. İsmaililər də öz inqilabi amaclarını unudaraq qorxunc teror və basqı aracına dönüşdülər. Kimsə onlara qarşı kiçicik bir etiraz sözü desə idi, dərhal onu izləyib öldürürdülər.[27] Fəxrəddin Razi (1149-1209) öz əsrinin ən önəmli alimlərindən biri olmuş, çoxlu təfsir kitabları yazmışdı. İsmaililərin bu alim haqqında necə davrandıqlarını Rəşidəddin Fəzlullah (1240-1318) öz əsərində yazmışdır:
“İmam Fəxrəddin Razi, Rey şəhrində tədris edirdi. O, bütün məzhəbləri yaxşı bilir, millətlər haqqında gərəkən bilgiyə sahib idi. Onu “mülahidə”, yəni ismaili kafiri olaraq müttəhim etdilər. O da minbərə çıxaraq ismaililərə lənət göndərdi. Bu xəbər Ələmut qalasına çatdığında ismaililərin yeddinci əmiri olan Məhəmməd ibni Həsən (1147-1210) bir fədaini görəvləndirdi ki, gedib Fəxri-Razini qorxutsun ki, bir daha böylə sözləri ağzına almasın. Görəvlənmiş olan ismaili fədai Rey şəhərinə gəldi. Fəxri-Razini bulub ona dedi ki, sizdən fiqh dərsi almaq istəyirəm. Fəxri-Razi də qəbul etdi və yeddi ay bu ismaili fədai dərslərə qatıldı. Fədai, Fəxri-Raziyə saldırmaq üçün uyqun fürsət axtarırdı, bu müddətdə bu fürsəti ələ keçirə bilməmişdi. Bir gün Fəxri-Razi xanigahda yalnız idi. Fədai içəri girib qapını arxadan möhkəm kilidləyərək qəməsini çıxarıb Fəxri-Razinin üstünə yeridi.
Fəxri Razi qorxub diksinərək dedi: Ey adam, nə etmək istəyirsən?
Fədai: Sizin qarnınızı göbəyinizdən məmələrinizin arasına qədər yırtmaq istəyirəm.
Fəxri-Razi: Nədən, mənim suçum nədir?
Fədai: Suçun bizləri lənətləməkdir.
Razi Xanigah da oraya-buraya qaçır və fədai də əlində qəmə onu qovalayır. Razini yıxıb sinəsi üstündə oturdu. Razi ondan aman dilədi və “tövbə etdim, bir daha sizlərə lənət göndərmərəm” dedi və qurtuldu.”[28] Daha sonra Fəxri-Razi ismaililərin adını dilinə almadı, onları lənətləmədi. Bunun səbəbini şagirdi ondan sorduğunda “ismaililərin kəskin məntiqləri var, ona görə” dedi.[29]
İsmaili imamları həşiş qullanmağı da məqbul saydıqları üçün onlara həşşaşiyun da deyirdilər.[30] İsmaili imam və əmirlər çox zənginləşib harınlaşmışdılar. Ələmut qalasında oğlanlarla seks yapırdılar. İsmaili imamı Əlaəddin Məhəmməd (1212-1255) öz vəziri Həsən Mazəndərani ilə bir yerdə yatırdı.[31] Sonunda Həsən Mazəndərani onun oğlu ilə anlaşaraq balta ilə Əlaəddinin boynunu vurdu. Fədailərə həşiş verdikdən sonra onlara özünü dağın təpəsindən dərəyə at deyildiyində fədai dərhal özünü zirvədən dərəyə ataraq paramparça olurdu.    
İsmaililərin son padşahı Xur şah olmuşdur. Moğol orduları Ələmut qalasını mühasirə etdiyində dirənə bilməyəcəklərini görüb Hülaku Xana təslim oldular. Ələmut qalasının işğalından sonra Cüveyni Hülakü Xanın hüzuruna varıb qaladakı kitablara baxması üçün izn istəyir. Hülakü Xan əmr verdi ki, Əlaəddin qalaya getsin və Həsən Səbbahdan bəri 170 il içində birikən ordakı xəzinəni və kitabları kontrol etsin. Şaha uyqun olanlar gətirilsin, qalanları da yaxılsın. Əlaəddin qalaya gedir və nücuma (uzaybiliminə) aid olan kitabları ayırıb gətirir və qalanları da yaxılır. Bu kitabların içində bir də Həsən Səbbah haqqında yazılmış əsər vardı. Bu əsərin özəti “Cahangüşa”nın 3-cü cildində verilmişdir. Rəşidəddin Fəzlullah da “Əl təvarix dər tarixi- İsmailiyə-i Ələmut” (Ələmut İsmailiyəsinin tarixi) kitabında vermişdir.[32]
Hülaku Xan, Xur şaha can güvənliyi təminatı verdi. Xur şah 1256-cı ildə Hülaku Xana təslim oldu. Hülaku Xan onu Moğolistanda böyük xan olan qardaşı Məngü Qaanın yanına göndərdi. Məngünün əmri üzərinə Xur şahı öldürdülər. İsmaililər bu dönəmdən sonra Hindistana qaçdılar. Hindistana qaçışları XIII əsrdən başlayaraq XVI və XIX əsrə qədər davam etdi. Orada məzhəbi həyatlarına davam etdilər. Onların rəisləri rəisliyi irsi olaraq sürdürmüşlər. 1838-ci ildə Ağaxan adlı bir rəis Hindistana mühacirət edib Bəmbəi şəhərinin nəzdində yerləşdi. Ağaxan İsmaililərdən Böyük Kiyanın soyundan olmuşdur. Hindistanda həyatlarını sürdürdülər. 1957-ci ildə Kərim Ağaxan Əbutaliboğlu Əlidən sonra özünü 48-ci imam olaraq duyurdu. İsmaililər nəzr niyazlarını ona hədiyə edirdilər. Onun qərargahından indi də təbliğatçılar müxtəlif yerlərə göndərilir. Hindistanda 250 mindən artıq ismaili mövcuddur.[33]
Bu tarixi verilərdən yola çıxaraq böylə anlaşılır ki, ismaililər tərəfindən görəvləndirilən ailələrdən biri də Xomeyni ailəsi olmuşdur. Çünkü Xomeyninin dədəsi Hindistandan İrana gəlmişdi. Xomeyninin həyat tarixçəsində böylə yazılmaqdadır: Xomeyni dini sabiqəsi olan bir ailədə dünyaya gəlmişdir. Onlar “Seyid Musəvi” adlanırdılar. Yəni soy olaraq Musa Kazıma bağlı olmuşlar. Xomeyni xanidanı öncə Nişaburda sakin olmuşlar. XVII əsrin sonlarında Xorasandan Hindistana mühacirət edərək Leknu şəhrində məskunlaşmışlar. Daha sonra kiçik şəhər olan Kinturda məskunlaşmışlar. Buradakı şiələrlə qaynayıb qarışmışlar. Bu xanidanının ən məşhur şəxsiyəti Mirhamid Hüseyn Musəvi olmuşdur. Seyid Əhməd Musəvi Hindi Xomeyninin babası, yəni atasının atası olmuşdur. O, Kinturda dünyaya gəldi. XIX əsrin sonlarına doğru o, Hindistanı tərk edərək İraqda Nəcəf şəhrinə yerləşdi. Daha sonra Seyid Əhməd Musəvi Hindi XX əsrin əvvəllərində İranda Xomeyn şəhrinə köçmüşdür. Ayətullah Xomeyni Xomeyndə dünyaya gəlmişdir.
Xacə Nəsrəddin Tusi də uzun surə ismaili teroristlərlə bir yerdə Ələmutda bulunmuşdu. Tusi son ismaili əmiri olan Xurşahın vəziri idi. Moğollara təslim olmağı da onun önərdiyini yazmaqdadırlar. Daha sonra moğol sarayında yüksək vəzifədə çalışdı. Ünlü kitabı “Əxlaqi-Nasiri”ni 1235-ci ildə ismaili imamı Nasirin istəyi üzərinə yazmışdır. Bu haqda Tusi yazır: “Quhistanda Nasirəddin Əbulfəthin hüzurunda idik. Yaqub ibni Məskəviyənin kitabı üzərinə söhbət gedirdi. Nasirəddin Əbulfəth onun kitabının ərəbcədən farscaya tərcümə edilməsini arzu etdi. Kitabın tərcümə və təlifi bitdikdən sonra adını “Əxlaqi-Nasiri” qoydu.”[34]  Tusinin “Əxlaqi-Nasiri” əsəri ismaililər dönəmində farsca yazılmış ən önəmli əsərdir. Bu kitabın orijinalı Məskəviyə tərəfindən ərəbcə yazılmışdır. Nasirin istəyi üzərinə Nəsrəddin Tusi kitabı ərəbcədən farscaya tərcümə və təlif etmişdir. Bu, ismaililərin farscaya nə qədər önəm verdiklərinə bir sübutdur. Nəsrəddin Tusi bu kitaba iki ön söz yazmışdır. Birini Ələmutda, ikincisini də Hülaku Xanın sarayında olduğunda. Moğollar bölgəyə dini azadlıq gətirdikdən sonra ikinci müqəddimədə ismaili basqısı hiss olunmamaqdadır. İkinci müqəddimədə “bu nüsxədən kimdə varsa, orada Ələmut şahlarının öyüldüyü yerlər çıxarılsın” deyə yazır. Onlarca kitabın müəllifi olan Tusi əsərlərini farsca-ərəbcə yazmışdır.
İsmailiyə, dövlət və təşkilat olaraq çöksə də, ortaya qoyduğu fars milliyətçiliyi mərkəzli İslam anlayışı dağınıq şəkildə davam etməkdə idi. Səfəvi dövlətinin qurucusu olan Şah İsmayıl şüubi-ismaili zehniyət tərəfindən hazırlanaraq ortaya atılacaq və fars milliyətçiliyi mərkəzli İrani kimliyin inşasını tamamlayaraq şüubiyənin 900 illik arzusunu həyata keçirəcəkdi.




II
İxvan-üs səfa
(Səfa qardaşları)

Ixvan-üs Səfa Ismailiyə dünya görüşünün düşünsəl uzantısıdır. Yalnız eyləm (fəaliyət) planında İsmailiyə kimi davranaraq teror əməliyatına girişməmişdir. Bu hərəkət XI əsrdə ortaya çıxmışdır. Ixvan- üs səfa ilə din, fəlsəfi dəyərləndirməyə sövq edilmişdir. Onlar belə hesab edirdilər ki, ərəbçiliyin və ərəbçiliyə xidmət edən sünniliyin islamiyəti istilayə uğratması üzündən, şəriət çirkinləşmişdir. Bu çirkinliyi yalnız fəlsəfənin imkanları ilə yumaq, ortadan qaldırmaq mümkündür. Ixvan-üs səfa qorxmazlığı ilə səciyyələnən axım idi. Onların ən önəm verdikləri mövzu təqiyə idi. Ixvan-üs səfa risalələrini mütaliə edən hər kəs onların mədəniyət, təfəkkür, səfa və ixlas baxımından üstün insanlar olduqları qənaətinə gəlirdi. Ixvan-üs səfanın hədəfi dini-siyasi idi. Ancaq onların düşmənləri olan “din xadimləri” Ixvan-üs səfanı dindən çıxmış mürtəd insanlar kimi tanımlamış, qətllərinə fətva vermişdilər. Ixvan-üs səfanın təqiyəsi bu üzdən idi. Ixvan-üs Səfa fəlsəfənin şəriətdən daha üstün olduğu qənaətində idi. Onlara görə fəlsəfi fəzilət şər´i fəziltin fövqündədir. Əbədi səadət fəlsəfə ilə əldə edilir və fəlsəfi səadət ağlın məhsuludur. Ixvan-üs Səfa ussal (rasionalist) fəlsəfi cərəyan kimi ortaya çıxmışdı. Bu yolla çirklənmiş şəriəti fəlsəfə ilə təmizləmək və onu öz əsl mahiyətinə qaytarmaq iddiasında idi. Onlar cəmiyəti yeni bir dövlət sistemi qurma uğrunda maarifləndirirdilər. Bu maarifləndirmədə dini, fəlsəfə ilə təhlil etməyə çalışırdılar. Ixvan-üs səfa, cəmiyəti içindən çürüdən ictimai ədalətsizliyə, əxlaqsızlığa, zorakılığa, cəhalətə və qaranlıq yayan “din xadimləri”nə qarşı mənəvi-ideoloji savaş açmışdı. Ixvan-üs səfa risalələrində yazırdı “Bütün bu zorakılıqları ortadan qaldırmaq üçün biz insanları onların içində mövcud olan fəlsəfə elmindən yararlanmağa çaırırıq.” Ixvan-üs səfanın din anlayışı zahïrən əqli-fəlsəfi olaraq gözə çarpır. Onlar dini fəlsəfənin və təbii elmlərin imkanları ilə təfsir etməyə çalışmışlar. Ixvan-üs səfa Abbasi xilafətinin təzyiq və təqibindən özlərini qorusunlar deyə, sərt təqiyəni tərcih edirdi. Onlar tərəfdarlarına təlqin edirdilər ki, idrakı sönüklərə təbliğat və dəvətdə bulunmasınlar. Yalnız fəlsəfəni sevən və elmdən feyzyab olmaq istəyənlər onları dərk edə bilərlər kimi bir inanca sahib idilər. Ixvançılara qatılmaq ictimai, fəlsəfi, siyasi və dini zəmanət tələb edirdi. Yəni şəxsin bu sahələrdə yetərincə bilgi sahibi olması gərəkirdi. Layiq adamların bu qrupa qatılması üçün dəvətçi və yol göstərici ixvançının bir rəsul olması vacib idi. Ixvan-üs səfa Yunan fəlsəfəsi ilə Islami dəyərləri ayırd edilməyəcək düzeydə bir-birinə qarışdırmışdı. Xüsusən Pifaqorun riyazi fəlsəfəsinin tam təsiri altında idilər. Ixvan dinlərdə zahir və batinin var olduğuna inanırdı. Dinin batini, fəlsəfi həqiqətlər ikən, zahiri isə oruc, namaz və bu kimi üzdə görünən zahiratdır. Bu zahiri olanlar alimlər üçün rəmz, adilər üçün isə yoldur. Ixvana görə şəriət, əqli olan təhqiq və tədqiqi məqbul sayır. Çünkü batini mənaların kəşf olunması üçün ağlın gücünə möhtacıq və təqlid keçərli deyildir. Dinin cövhəri onun bətnindədir, zahirindəki rəmzlər yalnız cövhərin görüntülərindən ibarətdir. Onlar özlərini bütün peyğəmbərlərin və filosofların gerçək varisi sayırdılar. Ixvan-üs səfa Pifaqoru “müəllimi- əkbər”, yəni böyük müəllim və hikmət xəzinəsi bilirdilər. Onlar öz dünya görüşlərini izah etmək üçün, Pifaqorun ədədi misalları, həndəsi dəlilləri və üsulları üzərində dururdular. Ixvana görə Allah əşyanı ağılda ixtira, nəfsdə icad və maddədə təsvir etmişdir. Onlar dünyanın qədimliyinə, daima dəyişib yenilənməsinə inanırdılar. Çünkü hər şey hərəkətdədir və hərəkət mahiyətdir. Hərəkətdə olan şey daima özünü dəyişdirməli, yeniləşdirməlidir. Cövhərin dəyişməzliyi görüntülərin dəyişkənliyi nəticəsində baş verir. Ixvana görə fəal ağıl Tanrının ilk feyzi olan ruhani mövcudluqdur. Bu cövhərdə hər şeyi idrak edə bilmək imkanı mövcuddur. Kainatın sirrinə varmaq səadəti isə, fəal ağlın feyzidir. Siyasətlə bağlı Ixvan-üs səfanın dəyərləndirmələri maraqlıdır. Onlara görə insan təbiətən ictimai varlıqdır və öz hədəfinə çatmaq üçün öz cinsi ilə yardımlaşmağa möhtacdır. Ictimai hərəkətliliyin dinamizminə çevrilmədən yaşamaq, ancaq xəstə adamlara məxsusdur. Ixvana görə təcrid və yalnızlıqda səadət olsaydı, Tanrı insanlara yardımlaşmağı əmr etməzdi. Ixvana görə dövlətlər də canlılar kimidir. Yaranar, yüksələr, yaşlanıb ölərlər. Hakimiyyət zaman-zaman bir millətdən digrinə, bir sülalədən digər sülaləyə ötürülür və bunlar fələklərin (ulduzların) hesabı ilə, hesablamaları ilə mümkün olur. Ixvan-us səfa ilə Uzluqoğlu Farabinin görüşləri arasında bir çox bənzərliklər var. Bu bənzərlik ağıl mövzusunda, ağıla əhəmiyət vermədə daha qabarıq şəkildə görülməkdədir. Ixvana görə, siyasətlə uğraşmaq hər bir insanın fitri istəyidir. Çünkü insan ictimai varlıq olmasının yanı sıra öz iqtisadi ehtiyaclarını bərtərəf etmək məcburiyətindədir. İqtisadi fəaliyətin sahəsini müəyyən etmək üçün, siyasi şüurun var olması gərəkir ki, insan öz təsəvvüründəki mövqe və yerini ictimai həyatda gerçəkləşdirə bilsin. Ixvançılar öz fəlsəfələrində tarixdə mövcud bulunan bütün dinləri və fəlsəfələri vəhdət halına gətirməyə qalxışmışdılar. Bu üzdən də rəsmi dini qurumlar tərəfindən təkfir və təqib edilirdilər.[35]
İxvan-üs səfa kimlər olmuşlar? Bu haqda müxtəlif görüşlər mövcudur. Onların risalə və kitablarının yazarları kimdir? Nədən bu kitabların yazarları bilinməməkdədir kimi sorular cavabsız qalmışdır. Bunun əsas səbəbi o idi ki, ixvançılar özlərini və kimliklərini açıqlamamış, gizlin saxlamışlar. Qəfəti “Əxbar-ul üləma bi əxbar-ul hükəma” adlı kitabında yazır: “İxvan kitablarının yazarları adlarını gizlin saxladıqları üçün əsərlərin yazarları haqda müxtəlif görüşlər ortaya çıxdı. Hər kəs öz gümanına dayanaraq təxminlərdə bulundu. Bir qrup bu əsərlərin Hz. Əlinin torunlarının biri tərəfindən yazıldığını iddia etdi. Bir qrup isə Mötəzilə teoloqlarının yazdıqlarını düşündü. Bir qrup da kitabların müəllifi kimi Mocriti Qortibi adında bir alimə işarə edərlər. Mocriti Qortibini yazar olaraq görmənin bir səbəbi var. O, ixvan-üs səfanın “Əl-risalət-ül camiə” adlı əsərini Əndəlüsə apardı. Orada bu kitabı öyrəncilərinə imla etdirdi. Bu üzdən də bir qisim Qortibinin özünün bu əsərin müəllifi olduğunu zənn etdi. Bir başqa qrup isə bu risalələrin yazarı kimi Cəfər Sadiqi göstərdilər.” Ancaq İxvan üzərinə uzman olanların ortaq görüşü budur ki, bu kitabların yazarları genəl olaraq şiə və özəl olaraq ismailiyə batiniyəçiləri olmuşlar. Bu kitablar əsasən ismailiyə seçkinlər tərəfindən yazılmışdır. İxvan-üs səfanın İslam aləmində zühuru əskiyə dayanmaqdadır. Ancaq onlar öz görüşlərini gizlin saxlayırdılar. 945-ci ildə Büveyh oğlulları Bağdadı Alana qədər onlardan və risalələrindən əsər-əlamət yox idi. Büveyh oğulları Bağdadı alıb və şiə inanışını yayqınlaşdırdıqdan sonra İxvan-üs səfa ilk olaraq Bəsrədə ortaya çıxdı.[36]
Onlar özlərini “İxvan-üs səfa və xullan-ul vəfa”, yəni “səfa qardaşları və vəfa dostları” adlandırıdılar. Bu ifadə ərəb dilində çox yayqın idi. İxvan təşkilatının iç düzəni dörd aşamadan ibarət idi:
1-                              Yaşları 15-30 arasında olan yeni başlayanlar. Bu qrupun ana özəlliyi ruhi təmizlik, zəkalı olma, tez və sürətli qavrama idi.  
2-                              Yaşları 30-45 arasında olan qrup. Bu qrupun siyasətlə uğraşmaq haqqı var idi. Səxavət, feyz vermə, digər ixvan üzvlərinə səmimi və mehribanca davranma bu qrupun əsas özəlliyi idi. Digər ixvan üzvlərinə vəfalı olmaq bunların ilkələrindən biri idi.
3-                              Yaşları 40-50 arasında olanlar. Bunların məqamı qüdrət sahibi olan şahlar səviyəsində idi. Bunların bunduqları bölgələrdə qiyam etmə haqları var idi. Yaxşılıqlara əmr etmə və kötülüklərdən saqındırma buyurularında bulunma haqqına da sahib olmuşlar. İxtilaf ortaya çıxdığında ədalətli davranmaq bunların özəlliyi olmuşdur. Bu qrup ixvanın bilgələri sayılmışdır. Törələri və toplumu yaxşı bilir və ixvan görüşlərini buna görə tərtib edirmişlər. Doğruları savunmaq və ixvan həqiqətlərini yaymaq bu qrupun görəvi olmuşdur.
4-                              Sonuncu mərtəbə kamillik mərhələsidir. Öncəki üç aşamadan sonra bütün ixvançılar bu mərhələyə çatırmışlar. 50 yaşdan sonra bu mərhləyə girmək olurmuş. İxvan deyirdi: Bu aşama, qurtuluş aşamasıdır. Maddədən ayrılma və Tanrıya yaxınlaşma mərhələsidir. Bu aşamada merac qüvvəsi ortaya çıxar. Bu qüvvə ilə göy mələkutuna yüksəlmək mükündür. Cəhənnəmdən qurtulub cənnətə varılır.[37]
İxvan-üs səfa çox yaxşı örgütlənmiş bir cəmiyət olmuşdur. Yalnız üstün özəlliklərə sahib olan adamlar örgütə girə bilirmişlər. Üstün insan özəlliyini “Risaili-cismaniyəyi-təbiə” adlı 8-ci risalələrində bu şəkildə tanımlarlar: Ölçülü alim, ərdəmli zəka, bəsirət sahibi, fars soylu, ərəb dinli, hənifi məzhəb, İraq* mədəniyətli, ibrani sayağı xəbər vermə, xristian sayağı aydın yollu, yunan fəlsəfəli, hind bəsirətli, sufi xislətli, şah əxlaqlı,…[38]
İxvan-üs səfanın əsərləri:
1-     Riyaziyat təlimləri risalələri- 14 risalə.
2-     Cismaniyə təbiə risalələri- 17 risalə.
3-     Nəfsaniyə əqliyə risalələri-10 risalə.
4-     Risaili-namusiyəyi- ilahiyə və şəriyəyi-diniyə (İlahi törələr və dini yasalar risalələri)- 11 risalə.[39]
İxvan-üs səfanın görüşləri daha sonra hürufiləri və Fəzlullah Nəimidən ayrılıb yeni təriqət quran nöqtəviləri dərindən etkiləmişdir. İxvan-üs səfa öyrətilərində şüubiyənin izləri fars soyunun üstünlüyü olaraq görülməkdədir.
İslamdan sonra farslara Ərbabani-qələm” (qələm ərənləri), türklər də “ərbabani-şəmşir” (qılıc ərənləri) deyilmişdir. Farsların fikri çalışmaları incələndiyində buna tanıq olmaqdayıq. Türklərin demək olan ki, son min ildə heç bir fikri fəaliyəti olmamış, sadəcə qaba güclə ortada olmuşlar. Sonunda da qələm mədəniyətinə, qələm gücünə türklər məğlub edilərək İran coğrafiyasında farsların yönətiminə təslim olmuşlar. Səfəvi dövləti fars qələm üstünlüyünə bir də türk qılıcının gücünü əklədi. Qızılbaş qılıcları farsların tarix boyunca üzərində düşünsəl çalışmalar yapıdqları amacı qılıc gücünə gerçəkləşdirdi. Ərbabani-şəmşir, ərbabani-qələmə yenidilər, təslim oldular.



[1] Qüllat və ya ərəbcə səslənişi ilə ğollat, aşırı və ifrat anlamındadır. Şiə qüllatı və ya qüllati-şiə ifratçı şiələr anlamındadır.
[2] Nasir Purpirar “İslamın yüksəlişi, “keçmişə körpü” birinci bölüm, bəlgələrin araşdırılması” ikinci yayın, Karəng yayınları, 1380 (2001), Tehran, s. 298.
[3] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş), İsmailiyə bölümü, s. 296.
* Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmməd və şiənin inancına görə Mehdi əl-Qaim də 7-ci imamdır ki, gəlib dünyanı ədalətlə dolduracaqmış.
* Səbəiyə- yeddili deməkdir, yəni yeddi imama inanan.
[4] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 296.
[5] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 300.
[6] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 166.
[7] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 167.
[8] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 303.
[9] Əl-Cahiz (Əbu Osman Əmr ibni Bəhr əl-Kinani əl-Fuqaimi əl-Bəsri). Cahiz  (781-862). Mötəzilə məzhəbinə mənsub və antişüubi ərəb bilim adamı olmuş. Bir çox sahələrdə, o cümlədən riyaziyat, fəlsəfə, tərcümə, tarix, teoloji və ədəbiyat sahəsində önəmli əsərlər yazmışdır. Quran və hədis üzərinə çalışmış, Yunan fəlsəfəsini tərcümə etmişdir. Ərəbcə qramatika, zooloji, şeir, retorika, leksikoqrafiya, bioloji kimi sahələrdə elmi əsərlər yazmış ünlü IX əsr bilim adamı olmuşdur.
[10] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 169.
[11] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 169-170.
[12] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 296.
* Həcər-ül əsvəd, Kəbənin əsas divarını təşkil edən qar daşdır. Şiənin inancına görə bu daş cənnətdən gətirilmiş. İbrahim və oğlu İsmayıl onu taparaq Kəbənin yapımında qullanmışlar! Bilim adamlarına görə isə bu daş göydən düşmüşdür.
[13] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 301.
[14] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 308.
[15] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 302.
[16] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 308.
[17] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 173-178.
[18] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 171.
[19] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 305.
[20] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 171-172.
[21] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 299-300.
[22] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 310, 311, 312.
[23] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 305.
[24] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 306.
[25] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 312.
[26] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 317.
[27] Nasirəddin Sahibəzzəmani, Üçüncü xətt, Ətai nəşriyatı, Tehran-1351 (h.ş) (1973), s. 168-169.
[28] Xacə Rəşidəddin Fəzlullah, Came-üt təvarix, ismaililər bölümü, çapa hazırlayan Məhəmmədtəqi Daneşpəjuh və Modərrisi Zəncani, Tehran- 1338 (1960), s. 170-173.
[29] Xacə Rəşidəddin Fəzlullah, Came-üt təvarix, ismaililər bölümü, çapa hazırlayan Məhəmmədtəqi Daneşpəjuh və Modərrisi Zəncani, Tehran- 1338 (1960), s. 173.
[30] Nasirəddin Sahibəzzəmani, Üçüncü xətt, Ətai nəşriyatı, Tehran-1351 (h.ş) (1973), s. 168.
[31] Nasirəddin Sahibəzzəmani, Üçüncü xətt, Ətai nəşriyatı, Tehran-1351 (h.ş) (1973), s. 184.
[32] Əlaəddin Ətaməlik Cuveyni “Tarixi-cahangüşayi Cüveyni” Tehran-2006, dünya-i kitab, s. 43-44.
[33] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363 (h.ş) s. 319-320.
[34] Xacə Nəsrəddin Tusi, Əxlaqi-Nasiri, Cavidani-elmi nəşriyat, Tehran-1346 (1967) avqust, s. 4, 5, 6.
[35] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 191, 200, 209, 218, 222, 224, 225, 235.
[36] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 192, 193.
[37] İxvan risalələri, 4-cü cild, s. 119, 120; Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 197.
* İraq Sasanilərin başkəndi və mədəniyət mərkəzi olduğu üçün indiki İraq o dönəmdə Sasani mülkü və mədəniyət beşiyi olaraq bilinirdi. (G.G).
[38] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 198.
[39] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 201.