27 Mart 2013 Çarşamba

Qacarlar və şüubiyə







İçindəkilər
1-    Ön söz
2-    Nadir Şah
3-    Qacarlar

Ön söz

“İslam nədir?” sorusuna özət olaraq cavab verəcək olursaq “İslam ədalət deməkdir” söyləyə bilərik. Bunun üçün də İslam tarixi ilə İslamın özünü qarışdırmamaq gərəkir. Tarixdə siyasi İslam adına edilən cinayətləri Hz. Peyqəmbərin öyrətilərinin hesabına yazmamamaq lazımdır. Bəzi kəsimlər “Namaz dinin dirəyidir” söylər. Ancaq dinin dirəyi namaz deyil, ədalətdir. Namaz dinin dirəyi deyil, gərəyidir, ədalət isə dinin dirəyidir. “Allah ədalətli olmağa əmr edər.”[1] Bəşər tarixi ədalət uğrundakı savaşlardan və zülmə, istibdada qarşı dirənişdən ibarətdir. İslamiyət isə, ona inananları ədalətə dəvət edər. Ədalətin təməlində özgürlük durmaqdadır. Özgür olmayan, təqlidə qapılan və Allah deyil, molla-feodal və ya molla-kapitalizm sinifinə tapınan insan ədalətli ola bilməz. Ədalətli olmaq ağlın işləvsəlliyini sağlamaqdır. Varlıq kitabını oxumaqdır. Oxumaqdır və oxumaqdır ki, Quran da “oxu!” ilə başlamışdır. O zaman nədən oxumağa İslam tarixində bu qədər yasaqlar gətirilmişdir? Nədən gerçəkdən, nədən? Nədən sürəkli oxuyanların dərisini soymuş, qafasını qoparmışlar? Tarixdə bəlli bir inanc və düşüncə yolunda öldürülənlərin hamısı oxuyan insanlar olmamışmı? İlk hökmü “oxu” olan İslamın tarixindəki bu dəhşətlərin səbəbi nədir?
İslamiyətdə iki kitabın oxunmasına əmər edilmişdir. “O kitab”[2] və “bu kitab”[3] “O kitab” varlıq kitabıdır, kainatdır. Allahın uzayda matematik dili yazdığı varlıqdır. “Doğa matematik oranla hörülmüşdür.”[4] “Bu kitab” isə əlimizdə bulunan vəhy qaynaqlı mətndir. Bunların hər ikisini oxuya bilmək üçün azadlıq və sərbəst düşüncə vaz keçilməz şərtdir. Bu qədər geniç bilgini, sonsuz məlumatı içində barındıran vəhy kitabını hansısa şeyx, örgüt, dövlət və ya sözdə dini qurum öz inhisarında bulundura bilməz. Bulundurduğunda bu uzun tarixdə olduğu kimi İslamın təməl qaynağı bir yana buraxılıb ayrıntılarla uğraşılaraq boşuna qanlar axıdılar. Bu duruma etiraz etmənin əsasını rasional şübhə təşkil edər. Dekartın deyimi ilə şüurlu şübhədən yoğrulan iman: “Şübhə etmək bir çeşid düşünmədir, düşünmənin bir durumudur. Bu durumun bütün düşünmə üçün keçərliliyi vardır. Çünkü düşünürkən mən düşünmənin varlığını açıq olaraq yaşayıb bilməkdəyəm.”[5] Bu üzdən də İslam dini bizi onun ana qaynağını oxumağa çağırmışdır. Mollanın, şeyxin hökmlərinin dışında varlıq kitabı ilə vəhy qaynaqlı kitabı oxumaq ilk görəvdir. Molla-feodal, şeyx-kapitalizm din anlayışına qarşı ilk silahımız ussal (əqli) şübhədir ki, bu da Səfəvi-şüubiyyə təqlid yalanını ifşa edər. Böylə olmadığında və din adına istibdad öz qaranlıq görüşlərini egemen qıldığında İslamın “La”* və “kəlla”** hökmü ortaya çıxar. “La” ilə başlar İslamiyət və inkar edər edər hər tür bütpərəstliyi. Bütpərəstlik olub bitmiş bir olay deyildir. Hər zaman özünü büt yerinə qoyaraq dini kəndi çıxarları yolunda təfsir edən kəsim olmuşdur və günümüzdə də vardır. “La” hər zaman Tanrılara etirazdır. Sərmayə və zülm tanrılarına. Molla-feodal, şeyx-kapitalizm tanrılarına qarşı etirazdır. İbadət molla sinifinin çıxarlarına təslim olaraq bir yaşantıya dönüşmüşsə, o zaman “la” və “kəlla” söyləmək gərəkir, çünkü bu, İslamın çağrışdırdığı ədalət deyildir. İbadət tövhid mehvərli iş və dəyər ürətməkdir, ədalət yolunda zehni, elmi, fəlsəfi və dini çalışmalarda bulunaraq insanlara, topluma yararlı olma, yararlı olma olanaqlarını genişlətməkdir. 
Sosial hərəkətlilik xalq və iqtidar arasındakı ilişkilərdən yoğrulan bir olaydır. Sosial hərəkətlilik nə zaman ortaya çıxar? Örgütlənmiş bir qrup toplumda bəzi ünsürləri dəyişdirmək istədiyində sosial hərəkət ortaya çıxar. Sosial hərəkətlər amacı bəlli olan kollektiv reaksiondur. Bu üzdən sosial hərəkətlilik istər zəfərlə istərsə də yenilgə ilə sonuclansın, toplumda bəzi dəyərləri dəyişdirməyə nail olar və öz dəyərlərini tarixə sunar. Tarix də zatən bundan ibarətdir. Öz dəyərlərini mütləq doğruluq olaraq görən despot yönətimlər, əslində bir şəkildə tarixə “dur!” demək istəməkdədirlər. Çünkü tarix ürətilən dəyərlərin kəndi hərəkətliliyini yaratması anlamındadır.
Despotizmin hakim olduğu, demokrasinin və insan haqlarının boğulduğu sözdə İslam ölkələrində din dövlətin mənafeyini qoruyan bir ideologiya halına gətirilmişdir. Ancaq din ideologiya deyil. Çünkü din vəhyin, ideologiyalar nisbi olan bəşəri ağlın ürünürüdür. İdeologiyalar bəlli qrupun, təşkilatın, dövlətin mənafeyinə xidmət edər, din bütün bəşərin mənəvi və əxlaqi qurtuluşunu amaclar. Din, torpaqdan başlayıb Allaha uzanan insanın macəralı bireysəl yolçuluğudur, ideologiyaların ontologiyası, metafizikası olmadığından sırf bir eyləm və fəaliyət planı, bir proqram kimi ortaya çıxar. Bu durumda din ideologiyalaşdırlıdığında kəndisi bir zülm və istibdad aracına dönüşər. Bunun örnəklərini tarixdə çox görümüş, günümüzdə də laik olmayan ölkələrdə örnəklərinə bolca rastlanmaqdayıq. İştə, din bir milli və dövlət ideologiyasına dönüşdürüldüyündə istər-istəməz sosial hərəkət yaratmaq istəyən öndərlər, qruplar və təşkilatlar da dindən yararlanmaq zorunda qalırlar. Yəni hər kəs və ya hər qrup və təşkilat sosial sorunun çözümü üçün ağlını qullanmayaraq dini veriləri güncəl sorunlara görə təfsir etməyə çalışır. İstibdadın da qaynağı budur. Böyləcə Allahın insana verdiyi ilk nemət, yəni ağıl qullanılmaz olaraq qalır. Kimsə və heç bir qurum və quruluş “din üzərinə ən doğru təfsir mənimkidir və buna uymaq zorundasan” söyləyə bilməz. Söylədiyində din dinliyindən çıxaraq ilahı zəka bir ovuç molla-feodal, şeyx-kapitalizm sinifinin inhisarına keçər ki, bu zaman Quranın “la” və “kəlla” hökmləri ortaya çıxar. Yəni din adına özünü Allah yerinə qoyanlara qarşı “yox” demək. Bu durumda bir Bab meydana çıxıb və sizin İslam anlayışınız və peyqəmbər meyarınız batildir, mənsux edilmişdir söylər. İslam bireysəl özgürlüyü rəsmiyətə tanıyan yaşam biçimidir. Onu heç bir molla və ya qrup öz bəsit ağlının inhisarında tuta bilməz. Ancaq tutulmuşdur. Nə yazıq ki, insanlara mərhəmət olaraq göndəırilən İslamiyət dəyişik dönəmlərdə siyasi-iqtisadi amacların xidmətinə sunulmuşdur. Böylə olduğunda onu bu əsarətdən qurtama ehtiyacı da ortaya çıxar. Bu üzdən rejimlər, dini siyasiləşdirdiklərində müxalifət də məcburən və çarəsiz olaraq öz siyasi, iqtisadi, əxlaqi və sosial amaclarını siyasi dinə antitez olaraq örgütləmiş olur. Bu kitabda araşdırdığımız babilik bu tür sosial hərəkətlərdən bir örnəkdir.
Düşüncə ürətə bilməyən toplumların hərəkəti inqilab deyil, qiyamdır. İranda Xomeyni rəhbərliyində ortaya çıxan hərəkət inqilab deyil, qiyam idi. Çünkü İran şiə qiyamının heç bir bilgisi, teorisi, heç bir kitabı mövcud deyildi. Bütün söylənənlər əskidən mövcud idi. Təqlidə qapanmış düşünməyən toplumun bir şeyxin fətvasına görə davranması inqilab sayıla bilməz. Ayrıca, “İslam inqilabı” ifadəsi deyə bir anlayış qəbul edilə bilməz. Çünkü bu inqilabı ilk olaraq Hz. Peyqəmbər gerçəkləşdirərək tarixin yönünü dəyişdi və bir inqilab iki kərə təkrar olmaz, olamaz. Bu inqilabın bir tək rəhbəri Hz. Məhəmməd və kitabı isə Quran olmuşdur. Hz. Peyqəmbərin qlobal inqilabı Xomeyni qiyamı kimi teroru məqbul saymadı, insanları toplu şəkildə qətl etmədi. Hz. Peyqəmbər tərəfindən tarixə keçən hərəkət bir inanc, düşüncə və dürüstlük inqilabı idi. Böyük Fransa inqilabının fikri təməllərini Volter, Rosso kimi düşünürlər hazırladı. Ancaq Xomeyni şiə qiyamının bir tək evrənsəl şəxsiyəti olmamışdır. Rusiya sosialist inqilabının da iqtisadi və sosial söyləmləri mövcud idi, bu doğrultuda teoriləri var idi.Lakin İran şiə qiyamının bir tek teorik söyləmi içərən kitabı olmamışdır. Düşünənlər, düşüncə ürətənlər molla-feodal sinifi tərəfindən öldürüldüyündən heç bir inqilab olmamışdır.
Fəlsəfəsi olmayan siyasət iqtidar boşluğu anlamındadır. Bu boşluğu molla-feodal, şeyx-kapitalizm mənafeyinə xidmət edən dinə, xürafata, mollaya, seyidə dayanaraq doldurmaq dini istibdad təşkil etmək anlamındadır. Siyasi fəlsəfəsi olmayan rejimlər molla-feodal, şeyx-kapitalizm sinifinə dayanaraq xalqın cəhaləti ilə xalqı boğmaq istər, ya da yabancı və güclü ölkələrin köləsi olaraq xalqı onların mənafeyi yolunda zorla susudurmağa çalışarlar. İslam doğusunda siyasi fəlsəf olmamış, doğmamışdır. Siyasi fəlsəfə inancın deyil, ağlın kəşfidir. Bu üzdən də demokrasi, qadın, çocuq, yaşlı, çevrə və insan haqları kimi anlayışlarlar hələ də İslam Dünyasındakı ölkələr tanış olmuş deyillər. Çünkü düşüncə kəndi içindən ürətilməzsə, başqa yerdən gətirilməklə aydınlanma olmaz, olamaz.
XIX əsrdə babilik toplumun dərinliklərinə qədər nüfuz edən bir cərəyan olmuşdur. Dini kəsimin yanı sıra qadınlar da bu hərətə geniş ölçüdə qatıılaraq kişimərkəzli tarix anlayışına və molla-feodal sinifinə qarşı fikri və örgütlü silahlı savaşa qatılmışlar. XIX əsrdə ilk feminist və qadına dəyər verən devrimci hərəkət babilik içində şəkillənmişdir. Bir çox tabuları bu qadınlar öz ölümləri bahasına qırdılar. Qadının təhsil alması, fiqh elmində söz sahibi olması, siyasi-sosial həyata qatılması kimi haqları ilk olaraq babi qadınlar hayqırdılar. Bu gəlişmələr isə zehnlərin qorxunc təqlid qaranlığına gömüldüyü bir dönəmdə ortaya çıxmışdı. Maddi-mənəvi olaraq ürətim zehniyətindən bomboş olan bir çağda böylə inqilabi bir hərəkət ortaya çıxdı. Onlar molla-feodal sinifi tərəfindən fahişə adlandılar. Onlar yeni düşüncələrindən dolayı ailələri tərəfindən atıldılar, fahişə adlandılar, inancları və ülküləri yolunda öldürüldülər, ancaq azadlıq istəklərindən, qadın-kişi bərabərliyi düşüncələrindən vaz keçmədilər.
Bu macəranı tarixi bəlgələrlə incələyəlim. Lakin durumu yaxşı anlaya bilməmiz üçün olayın oluşduğu dönəmin az öncənsini irdələməməmiz gərəkəcək. Nadir şah nələr etmək istəyirdi və nədən onun reformları sürdürülmədi? Nadir sonrasında nələr oldu ki, Qacar dönəmində babilik hərəkəti ortaya çıxdı? Bu dönəm tariximiz qapalı olaraq qalmışdır. Araşdırılmasına imkan olmamışdır. Qacar dönəmində qətl edilən babilər inqilabçı görüş və tutum sərgilədiklərindən Pəhləvilər dönəmində də xor görülmüş, xomeynizm dönəmində isə, babiliyə qarşı hər türlü propaqanda aparılmışdır, aparılmaqdadır. O zaman bu soruya cavab vermək gərəkir ki, nədir babilik, hansı qoşullar ortamında necə və nədən ortaya çıxdı? Düşünürəm ki, bu kitabı başdan sona qədər oxuduqdan sonra oxucular bu suala cavab bulacaqlar.

Nadir Şah

1722-ci ildə əfqanlar Səfəvilərin başkəndi İsfahanı mühasirə etdilər. Sultan Hüseyn Səfəvini taxtdan endirib yerinə öz rəislərini keçirib onun başına tac qoydular. Tam bu sırada Nadir meydana çıxdı. Sultan Hüseynin oğlu Təhmasibi şah elan edərək onun xidmətində bulundu. Nadir, Təhmasibi ölkənin şahı olaraq duyurduqdan sonra Təhmasib də onu Səfəvi ordularının baş komutanı təyin etdi. Onu şərəfləndirmək üçün də adını Təhmasibqulu Xan qoydu. 1730-cu ildə Nadir saldırıya keçərək əfqanları məğlub edib qovaladı. Savaşdan geri dönən Nadir, Şah Təhmasibin məst və əyyaşlıqla məşğul olduğunu gördü. Ölkəsi işğal altında ikən böylə sərxoş olan şahı öz başının üstündə görmək istəmədiyini söyləyərək onu şahlıqdan endirib Məşhədə sürgün etdi və onun dörd aylıq oğlu Abbası şah olaraq duyurdu. Ölkənin bütün denətimini öz əlinə aldı. İqtidarı tam olaraq əlinə aldıqdan sonra ölkənin bütünlüyünü sağlamağa çalışdı.[6] Bu Üçüncü Şah Abbas üç yaşına qədər şah oldu. 1736-cı ilin qışında Nadir Muğanda bir qurultay keçirərək başına tac qoydu.* “Əfşar tayfalarını şah Abbas Xorasanda yerləşdirmişdi.”[7] Nadir bu tayfanı öz gələcək amacları üçün çevrəsində örgütləndirdi.
Nadir, şah olduqdan sonra Səfəvi mirası ilə savaşmağa başladı. Səfəvi dövləti qurulduqdan sonra İslamın böyüklərinə və Hz. Peyqəmbərin xanımı Hz. Ayişəyə lənət göndərmək ibadət şəklinə dönüşmüşdü. Nadir bu sorunu çözmək üçün İslam aləminin alimlərini dəvət etdi. Onlara elmi müzakirə aparıb sorunun nə olduğunu açığa çıxarmaq üçün fürsət tanıdı. Şiə-sünni alimləri arasında uzun elmi mübahisədən sonra şiənin haqsız olduğu qənaətinə varıldı və Nadir şah bütün ölkədə bir genəlgə yayımlayaraq bundan sonra Əbubəkirə, Ömərə, Osmana, Hz. Ayişəyə lənət göndərməyi yasaqladığını bildirdi. Bunu yapanların cəzasının ölüm olacağını duyurdu. Genəlgənin mətni bu şəkildə olmuşdur:

Fərmani-Şahi

Öncə Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Əshabi kirami söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafıqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər, rahat və qorxusuz yaşayır, müsəlmanlar isə, bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün, Muğan meydanındakı toplantıda, böyük-kiçik həpiniz, məni şah yapmaq istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz də, Şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan pozuq inançlardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söyləmişdiniz. Iştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum. Həpsi dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündən bəri, səhabe-i raşidin olan dörd xəlifənin hər biri, dini-mübinin yayılması üçün canlarını və mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından ayrıldılar. Hər sözə, iftiraya qatlandılar. Bundan dolayı, Rəsulullah əfəndimizin xüsusi söhbətləri ilə şərəfləndilər. Böyləcə (mühacirlərdən və ənsarlardan, irəli olanlar) məalindəki ayəti-kərimə ilə mədh və sənaya qovuşdular. Yaxşıların əfəndisi vəfat etdikdən sonra ümmətin işlərini görən, Əshabi-kiramın böyüklərinin sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkr Sıddıq oldu. Bundan sonra xəlifənin təyini və Əshabi-kiramın qəbul etməsi ilə Ömər Faruq oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman ibni-Əffan oldu. Daha sonra Allahın aslanı, arayanların aranılanı, şaşılacaq şeylərin xəzinəsi Əli ibni Əbutalib xəlifə oldu. Bu dört xəlifədən hər biri kəndi xilafətləri zamanında bir-biriləri ilə uyqun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsləmanlar iman və etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət inanılacaq şeylərdə və Rəsulullahı və onun Əshabını sevməkdə və həpsini xalis olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan Əshabı-kiramı söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam sarayının dörd təməl dirəyi olan dört xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı göylər kimi yüksək, qaraların və dənizlərin xaqanı, hərəmeyni-şərifeynin xidmətçisi, yer üzünün ikinci Zülqərneyni, böyük İslam padşahı, qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olaraq bitirəlim. Bu yazdıqlarımız Allah təalanın yardımı ilə çabuq meydana çıxsın! Şimdi bu xeyirli işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar, Şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hiç birində və İslamın başlanqıcında bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Allah təalanın yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış bulunuruq. İslamiyyətin başlanğıcından ta Şah İsmayılın çıxmasına qədər bütün müsəlmanlar, xüləfayi-raşidini haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib əfəndilər və böyük vaizlər minbərlərdə və dərslərdə bu xəlifələrin yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Mübarək ismlərini söylərkən və yazarlarkən ehtiramla yad edilərdilər. Dərin alim və üstünlərin özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu Frmani şahimizi bütün ölkə şəhərlərinə yaysınlar. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamaq, qarşı gəlmək, Allah təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.[8]
Nadir şahın bu reformu İslam aləmində tam anlamı ilə bir aydınlanma və devrim nitəliyində idi. Çünkü Səfəvi dövlətinin quruluşundan sonra fars-şüubiyənin din anlayışı nifrət və kini din adına toplumun bilincaltına doldurulmuşdu. Nadirin dini reformu ölkədə yeni bir dönəm başlatmışdı. Tarixin istiqaməti Səfəvilərdən sonra ilk dəfə olaraq dəyişərək doğru istiqamətə yönəlmişdi. Nadirin həyatı uzun sürəcək və ya onun islahatını, ardından gələnlər davam etdirsə idilər, çox şeylər indikindən fərqli olaraq gəlişəcəkdi. Nadir Şah İslamiyəti feodal-molla sinifinin əlıindən və inhisarından çıxararaq öz əsil qaynaqlarına dayandırmışdı. Bu yolda etiraz edən bir çox mollanı da öldürmüşdü. Lakin “Bir plan üzərinə Nadiri yatdığı çadırda öldürdülər.”[9]
Nadirin ölümü ilə tarix Səfəvilərin bəlli etdiyi yolla davam etdi. Tarix araba yoluna deyil, daha çox qatar yoluna bənzəməkdədir. Çünkü araba yolunda arabanın yönünü sürücü dəyişdirə bilər, lakin qatar sürücüsü qatarın hərəkət istiqamətini dəyişdirə bilməz. Qatarın yolu mərkəzdən yönləndirilir. Şah İsmayıl və şüubiyənin yola saldığı qatar Nadir dönəminə qədər davam etdi. Nadir bu qatarın istiqamətini dəyişdirdi. Lakin onun arxasınca gələn Qacarlar yenə də mərkəzdən qatarın yolunu Səfəvi istiqamətinə sövq etdilər. Nadirin əməyinə və reformuna sahib çıxan olmadığından yenidən molla-feodal kəsim bu dəfə Qacar şahlarının yardımı ilə iqtidarı paylaşdılar. Sanki İslam molla-feodal sinifini zənginləşdirmək üçün Tanrı qatından göndərilmişcəsinə yenidən Səfəvi mirasına geri dönüldü.


Qacarlar

Nadir şah öldürüldükdən sonra qurduğu imperatorluq parçalandı. Qafqazda və Azərbaycanda xanlıqlar meydana gəldi. Qafqaz xanlıqları o vaxtdan etibarən Səfəvi tarixi mühitindən ayrıldıqları üçün milli dil və milli kimlik inkişaf etməyə başladı. Qarabağ xanlığında ortaya çıxan Vaqif, Vidadi, natəvan kimi milli dildə yazan şairlər daha öncəki Səfəvi mühitində heç olmamışdır. Qafqazın Səfəvi mühitindən qopuşu milli dilin inkişafına təkan verdi. Özəlliklə daha mütərəqqi mədəniyətə sahib olan Rusiya ilə Qafqaz xanlıqlarının ilişki qurması milli dil və kimlik önündə yeni bir üfq açdı. Nadir şahın ölümündən sonra Qafqaz xanlığı heç vaxt Qacar dövlətinə tabe olmadı. Qacar- Səfəvi mühitindən canlarını qurtarmaq üçün bu xanlıqlar Rusiya ilə işbirliyini seçdilər. Qacarın iddiası da Gülüstan və Türkmənçay müqavilələri ilə sona ərdirildi. Bu müqavilələrlə Qafqazın inkişafı qarşısındakı Səfəviyət əngəli ortadan qaldırıldı. Abasqulu Bakıxanov kimi önəmli aydınlar “Gülüstani-irəm” kimi kitabında “Gülüstan” və “Türkmənçay” andlaşmalarını Səfəvi tarixi mühitindən qurtulmaq üçün bir şans olaraq hesab etmişlər. “A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və qüdrətli bir ölkə olduğunu dərindən başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir.”[10]
Qacar dövləti qurulduqdan sonra isə, Nadirin ölkəsində fərqli ortam ortaya çıxmış və yenidən Səfəvi mirasına geri dönülərək molla-feodal sinifi iqtidarı əlində bulundurmuşdur. Səfəvi ideoloqlardan biri olan Məclisiyə görə iki tür vilayət var: 1- Fəqihlərə xas olan şəri´ vilayət, 2- Şaha xas olan ürfi vilayət.  Şəriət iqtidarı ürfi iqtidardan üstün olduğu üçün pərdə arxasında gerçək iqtidar molla-feodal sinifinə aid olurdu. Qacar dövlətinin quruluşundan həmən sonra molla-feodal sinifi iqtidarı sarayla paylaşdı və Nadirin reformlarını tam olaraq yox etdilər. Yenə də Səfəvi dönəmində olduğu kimi İslam Qacar dönəmində də Əbubəkirə, Ömərə, Ayişəyə lənət göndərməklə özətləndi. Bu da əski şüubiyə planı idi.
Ağa Məhəmməd Xan 1795-ci ildə Tehranı başkənd olaraq seçdikdən sonra Qacar dövləti qurulmuş oldu. Ağa Məhəmməd Xan türk varlığına dayanaraq dövləti qurmuşdu. Bir məktubunda o, böylə yazır: “Ölkədəki türk-moğol birləşib birlikdə olmalıdırlar ki, farsların iqtidara dırmanışılarını önləyə bilsinlər.”[11] “Bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağa Məhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi. “Qaca yasası”na görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi.”[12] Qurucu Qacar bu fikirdə olsa da, o, bəlkə bilincində olmadan özünü şüubi ideologiyasının əsgəri kimi aparırdı. Nadirin varisliyini deyyil, şüubiy-Səfəviyə varisi olmağa özəndi. Bu mənsubiyət dolasıyla dövlətin farslaşması qaçınılmaz idi. Çünkü şüubiyə örgütlənmiş ideoloji otoritə idi. Qacar şah Ərdəbildə Şah İsmayılın qılıcını belinə bağlayaraq Tehrana gedərkən artıq dövlətin farslara təslim olacağı qaçınılmaz idi, çünkü Şah İsmayıl və Səfəviyət fars irqçiliyinin və şüubiyənin ürünü olmuşmudur. Öylə də oldu. Ən qısa zamanda şüubi molla-feodal birlikləri tam Səfəvi örnəyində olduğu kimi dövləti ələ keçirdilər. Qacar dövlətinin quruluşu Böyük Fransa İnqilabının gerçəkləşdiyi dönəmlə eyni zamana təsadüf etməkdədir. Avropada irəliyə doğru aydınlanma inqilabı gerçəkləşərkən, Qacarlar geriyə dönür, Səfəviyəti yenidən dirildirdilər.
Ağa Məhəmməd Xanın Şuşada öldürülüşündən sonra qardaşı oğlu Fətəli (1797-1834) şah oldu. Fətəlinin şahlığı Napoleonun Avropada ünlü savaşları ilə eş zamanlı olmuşdur. Fətəli şahın 37 illik şahlıq zamanında Səfəvilik yenidən Qacar dövlətində qurumsallaşmışdır. Fətəli şah dönəmindən başlayaraq şahları mollalar yönləndirmişdi. Rusiya qarşısında yenilən Qacar dövlətinin sultanı mollalardan yardım istəmək zorunda qalmışdı. “Fətəli şah 1826-cı il iyun ayının 26-da Tehrandan Sultaniyəyə getdi. Cəfər Əsətərabadi, Məhəmməd Tağı Bərəqani kimi bir qrup molla da Sultaniyəyə gəldi. Bu arada Çar Nikolay da Rusiyada yenicə taxta çıxmışdı. Onun səfiri də Fətəliyə səfirlik bəlgəsini sunmaq üçün Sultaniyəyə gəldi. Mollalar Fətəlinin savaşdan vaz keçməsindən qorxurdular. Bu sırada baş mollalar molla Əhməd Nəraqi və molla Abdulvahab Qəzvini kəfən geyinərək şahın hüzuruna gəlib Rusiya ilə savaşa və cihada hazır olduqlarını bildirdilər. Baş mollalar cihad fətvası verdilər. Bəzi mollalar isə cihada qarşı idilər. Bir başqa fətva da verildi ki, Rusiya ilə savaş fətvasına qarşı çıxan, imam Mehdi qarşıtıdır. Bu da digər mollaları susdurdu, çünkü Mehdiyə qarşı çıxmanın cəzası ölümdür. Bu fətvanı verən Seyid Məhəmməd Müctəhid Sultaniyədə böyük törənlə qarşılandı. Əhali onun ətəyindən öpürdü. Ətəyini öpməyə imkan olmayanlar onun eşşəyinin ayaqlarının izini öpürdü.”[13] “Fətəli şah bu xəbəri duyduqdan sonra ağlamağa başladı və Seyid Məhəmməd Müctəhiddən rica etdi ki, o fətva kağızını möhürləyib birini mənə ver ki, öldüyümdə yanımda aparım və o dünyada hesab günündə göstərim”[14] Avropada aydınlanma devrimləri olurkən Qacar şahının necə cahil gözlər önünə sərilir. Kəfən geyinən heç bir molla da savaşa qatılmadı. Bu fətvalardan şübhələnən Rusiya ordusu Təbrizi də işğal edərək Tehranın dibində oturaq saldı. İngiltərə Rusiyanın Hindistana yaxınlaşmasından qorxmasaydı Trükmənçayla bir yerdə Təbriz, Qəzvin, Urmu da Rusiyanın tərkibinə keçəcəkdi. Rusiyanın istədiyi savaş təzminatını İngiltərə ödədi ki, Rusiyanı öz müstəmləkəsi olan Hindistandan uzaqlaşdırsın.
Fətəli şahın zamnaında ilk dəfə olaraq Səfəvilərdən sonra yenidən təqlid məsələsi ortaya çıxdı. Mərcəi-təqlidlər, yəni xalqın əxlaqı və düşüncəsi üzərində gerçək hakim olan mollar axını qərargahlarını Nəcəfdən İsfahana daşıdılar. Ağa Məhəmməd Xan zamanında ölkədə müctəhid yox idi. çünkü Nadir şah hamısını ya qətl etmiş, ya da ölkədən qovalamışdı. “1835-ci ildə Fətəli şah İsfahana gedərkən 400 müctəhid onu qarşılamışdı.”[15] İlk dəfə olaraq Şah Təhmasib Səfəvidən sonra Qacar dönəmində Fətəli şah öz şahlığını məşrulaşdırmaq üçün imam Mehdinin naibləri olan mollalardan yetki aldı. “Fətəli şah taxta çıxdığında Nəcəfdə bulunan mərcəi-təqlid Şeyx Cəfər Nəcəfi, Fətəli şaha səltənət izni verdi və onu öz naibi olaraq duyurdu.”[16] Molla Əhməd Nəraqi də dedi ki, gerçək iqtidar imam Mehdinindir. Mehdi olmadığı sürəcə də iqtidar Mehdinin naibləri olan müctəhidlərə, fəqihlərə xasdır. Lakin fəqihlər istərlərsə, iqtidarı padşaha əmanət edə bilərlər.Bu yolla da iqtidar Fətəli şaha verildi və onun şahlığı dini məşruiyət qazandı.[17] Tam bu zaman, yəni Səfəviyətin Fətəli şah tərəfindən yenidən dirilişi ilə molla-feodal sinifi siyasətə qatıldl. Molla-feodal sinifinin ideolojik anlamda siyasətə qatılmasını Nadir şah yasaqlasa da, Qacarlar onu geri gətirdilər. Vilayəti-fəqihin (inidki İrandakı düzənin) də ilk quruluş şəkli Səfəvilərdən sonra bu dönəmə təsadüf edər. “Vilayəti-fəqihin ideoloji əsası ondan ibarətdir ki, peyqəmbərin vəfatından sonra şəriət onun xanidanı tərəfindən, yəni imamlar tərəfindən yönləndirilməlidir. Mehdinin “böyük qeybi” ilə imamət sona ərmişdi. Ancaq Mehdi qeybə çəkilmədən öncə “təvqi´”* əsasında onun hədisini rəvayət edənlərə vəkalət vermişdir. Bu vəkalətə görə “Mehdi Tanrının höccəti olduğu kimi onun naibləri Mehdinin höccəti olacaqmışlar.” 4-10 hicri əsrləri arasında hələ siyasi nüfuzu olmayan şiə ruhaniləri “vilayət”lə ilgili olaraq onu gerçəkləşmməmiş haq kimi görürdülər. Ancaq Səfəvi zamanında isna-əşəri şiəsi bütün ölkədə rəsmiləşdi. Bu zaman səltənət və ruhaniyət arasında anlaşma yarandı. Fəqihlər və mollalar Mehdinin canişinləri kimi şəriət vilayətini əllərində bulundurdular və siyasi iqtidarı Səfəvi şahlarına onlar halal etdilər. Səfəviliyin inanc varisi olan qacarlarda da bu şəkildə davam etdi. Hətta məşrutə zamanı anayasaya bir maddə əklədilər. Bu maddəyə görə Mehdinin zühuruna qədər anayasaya nəzarət edən ruhanilər olacaqdı.[18]
“Bir neçə il sonra Fətəli şahla Şeyx Cəfər Nəcəfinin ilişkiləri kəsildi. Şah ondan incimişdi. Şeyx Cəfər Nəcəfi Tehrana gəldiyində Şah vəzirinə dedi ki, onu görmək istəmirəm. Onu şahlıq sarayına buraxmasınlar. Ancaq bir neçə gün sonra Şeyx Cəfər Nəcəfi şahı görmək üçün səltənət sarayına gəldi. Onu sarayın girişində xidmətçilər qarşıladılar. Ətəyini öpdülər. Şah vəzirinə dedi ki, gəlsə də keçib sarayın bir yerində dinlənsin, ancaq onu görmək istəmirəm. Şeyx Cəfər Nəcəfi sarayın pillələri ilə qalxarkən yüksək səslə “Ya Allah” deyə bağırdı. Bu bağırtını duyan şah qapını açıb Şeyx Cəfər Nəcəfini qarşılamağa yürüdü. Onun əlindən tutaraq öz yanına apardı. Məclis sona ərdikdən sonra vəzir şahdan soruşdur ki, padşah şeyxlə görüşmək istəməmişdilər, necə oldu fikirlərini dəyişdirdilər? Fətəli şah buyurdu ki, şeyx “ya Allah” söylədiyində gördüm ki, bir əjdəha ilan mənə hücuma keçdi. İlan köksümə çökmək istəyirdi. Bu üzdən də özümdən asılı olmayaraq yerimdən qalxıb canımı qurtarmaq üçün şeyxə tərəf yürüdüm. Tam bu sırada ilan yoxa çıxdı.”[19] Böylə xurafatla ölkəni yönətdilər. Nə bir sərmayə ürətimi oldu, nə də texnologiya. Molla-Qacar birliyi kabus kimi xalqın çiyninə və şüuruna çökdü. Nadir Şahın aydınlıq əməyini Qacar-şüubi bərbad etdi. Bu Şeyx Cəfər Nəcəfi haqqında bir başqa bilgiyə müraciət edəlim: “Gənc bir adam Şeyx Cəfər Nəcəfinin yanına gəlib dedi ki, bir gün səhrada gəzirdim çox bir gözəl qız gördüm. Qız dedi ki, mən cinəm və səninlə seks yapmaq istəyirəm. O gündən bəri o qız hər gecə mənim yanıma və yatağıma gəlir. Onunla seks yapmaqdan bezmişəm. Sən imam Mehdinin naibisənsə mənə bir çarə qıl. Şeyx Cəfər Nəcəfi o gənc adama bir dua yazdı və o gözəl qız şəklində görünən cin o gənc adamdan uzaqlaşdı.”[20]
Deizm tərəfdarı olan Lord Edvard Helbert (1583-1648) din haqqında deyir: Doğru məzhəb əqli olan məzhəbdir. Bunun da etibarı ümumidir. Bu din anlayışı üçün ortada vasitəçi deyə kimsə yoxdur. Bu din insanın iç doğasına görədir. Bu növ din öz doğrularını isbat etmək üçün möcüzələrə inanmaz. Yalnız bəşərin ortaq təcrübələrinə və alqılarına güvənər.[21] Qərbdə insanların ağlını kilsədən ayırıb ona özgürlük qazandırmaq və ortada keşiş olmadan Tanrını öz duyquları, sezgiləri və ağlı ilə düşünmək yolunda böyük fədakarlıqlar edilməkdə ikən Qacar ölkəsində xalqın ağlı molla sürülərinə təslim edilirdi. Martin Luterin bir söznü xatırlayalım: “Qurtuluş kilsə kimi din qurumları tərəfindən mümkün ola bilməz. Qurtuluş kilsənin təlqinləri ilə deyil, iman etməklə mümkündür. Kilsənin əməlləri, özəlliklə günahlardan arındırma kimi gülünc işləri rədd edilməlidir.”[22] Luterin bu söyləmi müsəlman və Allah arasında vasitəçi rol oynayan şiənin molla- feodalları üçün də keçərli deyilmi?
Səfəvilərdən başlayan sürəcdə bu teori üzərinə durlmuşdur ki, xalq kütləsi daha çox qorxduğuna itaət edər, boyun əyər. Xalqı idarə etmək üçün onu zülm altında tutmaq və şüurunu kabuslarla doldurmaq lazımdır ki, qorxsun və itaət etsin. Çünkü şiə verilərinə görə yer üzündə zülm daşdığında Mehdi zühur edəcək. O zaman daha çox zülm ortamı oluşdurmaq lazımdır ki, Mehdi tez zühur etsin. Səfəvi-Qacar tarixinin sosiologiyası incələndiyində bu söyləmin açıqca göz önündə olduğu görülməkdədir. Bunu makiyavelli öz ölkəsinin qoşullarına görə bu şəkildə formolizə etmişdi: “Xalq kütləsi sevdiklərindən daha çox qorxduqlarından itaət edər.”[23] Bu da insandakı ərdəmin söndürülməsinə xidmət etdiyindən heç bir gəlişmə və maddi-mənəvi ürətim olaraq ortaya heç bir şey qoymadan Səfəvi-Qacar dönəmi yerlərini fars irqçiliyə buraxaraq qapanıb yox olmuşlar. Bunun tək nədəni ağıl deyilən olqununun qullanmasını yasaqlamaları olmuşdur. Yenə də Makiyavellidən bir örnək söyləyəlim: “Bir baltanın ərdəmi ağac kəsdiyində ortaya çıxar. Çünkü o, ağac kəsmək üçün düzəldilmişdir. Ancaq baltanı yer qazımında qullanırsaq o, öz ərdəmini itirmiş olar. Çünkü balta çox pis şəkildə yer qazma əməlini yapar. İnsanın da ərdəmli yaşamı ağlını qullanmaqla görüntülənər. Ruhun aşağı qat üzvlərinə ağıl bir düzən vermiş olar.[24] Yəni ağlın qullanılması gərəkən yerdə iman veriləri qullanılamaz. Qullanılırsa, balta örnəyində olduğu kimi iman da öz ərdəmini itirər. Ağlın üzərinə qurulmayan iman zatən mollaya, mehdiyə inanmaqdan ötəyə keçə bilməz. Ən rasional din olan İslam bu yolla xurafatla doldurulmuşdur. Böylə bir qaranlıq dönəmdə babilik hərəkəti bu tarixi mühitin antitezi olaraq ortaya çıxmışdır. Camilər Bayındırlı dövləti dönəmində bilgi mərkəzi idi. Orada elm öyrənilirdi. Səfəvilərlə sinə və zəncir vurma mərkəzinə, ağlaşma yerinə dönüşdü. Qərbdə kilsə ilə alimlər arasında olduğu ziddiyət kimi İslam şərqindədə ariflər məscidə getməyi yasaqlamışlar. Çünkü məsciddə Allahdan və ədalətdən başqa hər tür xurafatdan söhbət edilmişdir. Hz. Peyqəmbər camini yoxsulların sorunlarını çözmək üçün təşkil etmişdi. Zatən “cami” sözü də toplaşım məkanı deməkdir. Ancaq, özəlliklə Səfəvi-Qacar dönəmində camilər xalqın əməyini sömürmək, xalqın şüurunu qaranlığa gömmək üçün bir məkana dönüşdü. Bu üzdən də gerçək müsəlman ariflər məscidə getməyi yasaqladılar. “Bir arif Sultaniyədə bir məscidin önündən keçərkən məscid bəkçisinin bir köpəyi qumaşa büküb döydüyünü gördü. Köpək, bəkçinin sopa vuruşları ilə ağrıdan inləyirdi. Arif adam, köpəyi döyən adamdan “o köpəyin genahı nədir, onu niyə döyürsən?” deyə sorduğunda köpəyi döyən məscid bəkçisi “köpək gəlib məscidə soxulmuş ona gör” dedi. Arif adam ona “köpəyin ağlı yoxdur ona görə məscidə girmiş, mənim ağlım var, heç gördünüzmü bir kərə ayağımı məscidə qoyum? Burax ağılsız köpəyi getsin” söylədi.[25]
Teokratik dövlət, yəni Allah yer üzünün hakimidir və hakim Allahdır. Səfəvi-Qacar dönəmlərində Allahlar mollalar və şahlar olmuşdur və buna qarşı İslam “La” ilə qarşı çıxmışdır. Həm Səfəvi, həm Qacar dönəmində imamzadaların sayı artmış və xalqın Quranla olan ilişkiləri kəsilərək imamzada ziyarətinə yönləndirilmişdir. İslam, imamzadalardan ağlayıb sızlayaraq imdad bəkləmə səviyəsinə endirildi. 14 məsum deyə İslama şirk qatıldı. “Qərbin Qacar ölkəsində təsiri 1800-cü ildən sonra Rusiya və İngiltərənin basqısı ilə başlamışdır.”[26] Səfəvilərdən bəri qorxunc qaranlıqla donatılmış ölkə Qərbin aydınlıq evrələri ilə tanış olamağa başlayır. Qərbdəki dini reformlardan xəbərdar olunur. Babilik bu bağlamda Qərbdəki dini reformlardan xəbərdar olmanın nəticəsidir. Kilsənin insan şüurundan və vicdanından uzaqlaşdırılması gərəkdiyini söyləyən Avropa aydınları kimi babilik də camilərdə min yalan və fırldaqla xalqın inancına hakim kəsilən molla-feodal kəsiminə qarşı çıxmışdır. Qaranlıq zindana dönüşən bu ölkədə evrənsəlləşmə çağrısında bulunan ilk səs babilik hərəkəti olmuşdur. Molla-feodal otoritəsinə qarşı ilk etirazı səs idi, babilik.
Bir az daha Qacar dönəmi sosiologiyası üzərində durmaq lazımdır. Çünkü bu dönəm tarixin sosioloji incələnməsi yapılmazsa, ortaya çıxan olayların anlaşılması da qolay olmayacaqdır. “XIX əsrdə Qacar ölkəsində bulunan avropalı səyyahlar üç növ sosial savaş şəklini bəlli etmişlər: 1- Müsəlmanlar və müsəlman olmayanlar, şiələr və sünnilər arasındakı savaş. 2- Köçərilər və kəndli tayfalar arasındakı savaşlar. 3- Dəyişik dillərdə danışan qövmlər arasındakı savaşlar və ya etnik savaşlar. XIX əsrdə Avropada milli savaşlar yayqın olduğundan Qacar ölkəsindəki üçüncü savaş türünə çox əhəmiyət vermişlər. Fransanın Tehrankı səfiri İranı etnik açıdan altı qrupa bölmüşdür: Farslar, türklər, ərəblər, kürdlər, yəhudilər və zərdüştilər. Edvard Braun isə, İranın bütün tarixini fars-türk arasındakı savaş olaraq nitələmişdir. XX əsrin tanınan tarixçilərindən Minorski İran tarixinin özəlliyini türklərlə farslar arasındakı savaş məcmuəsi kimi dəyərləndirmişdir. O, böylə sonuca varır ki, bu iki millət “yağ və su” kimi heç vaxt bir-birinə qarışmır.”[27] Ancaq fərqli kimlikləri, özəlliklə türk kimliyini söndürən və fars amaclarının çatısı altında yox edən şüubiyə, molla-feodal sinifi olmuşdur.
Sosioloqlar görünməyən sosial-iqtisadi təbəqə ilə görünən siyasi-sosial sinif arasında fərq olduğunu təsbit etmişlər. Şübhəsiz ki, bütün toplumlar bəlli ölçüdə görünən və görünməz iqtisadi-sosial siniflərə bölünərlər. Lakin bütün toplumlar gözlə görünür və aşkar sosial, siyasi, zehni və psixoloji siniflərə bölünməzlər. XIX əsrdə Qacar ölkəsində toplum dörd sinifdən ibarət idi:
1-                       Müluk-ut təvayif (mülklər sahibi). Bunlar mərkəzi və lokal seçkinlərdən ibarət idi. Mərkəzi seçkinlər Qacar sülaləsindən ibarət idi: Şahzadələr, sarayda çalışanlar, saray qulluqçuları, vəzirlər, bəylərbəyi (valilər), ləqəbləri olan vəzifəli şəxslər. Lokal seçkinlər əyan, əşraf, xanlar və irsi olaraq mirzə olanlar idi. Sarayla bərabər statusa sahib olan isə baş mollalar, imam cümələr, şeyx-ul islamlar, baş molla yarqıclar idi. Lokal seçkinlər arasında da bölgə molla və şeyxləri önəmli statusa sahib idilər. Bu mərkəzi və məhəlli seçkinlər sonralar aristokratlar, hakim təbəqə adı ilə səciyələndi.  
2-     İkinci sinif mürəffə təbəqəni təşkil edən tacirlər kimi peşə sahibləri idi. Məscidlərin, camilərin və mədrəsələrin ehtiyaclarını tacirlər təmin etdiklərindən bu sinifin ruhani siniflə ilişkiləri çox yaxşı idi. Bu yaxın ilişkilər genəldə evliliklərlə daha da sıxlaşırdı. Seyidlər, şeyxlər, ayətullahlar tacir ailələri ilə evlənməyi tərcih edirdilər.
3-     Üçüncü sinif dövlət işində çalışan, işçilər, əmələlər idi.
4-     Dördüncü sinif elat, kəndlilər və rəiyət olaraq nitələnən xalq kütləsi idi.  
XIX əsr Qacar ölkəsində gizlin və aşkar iqtisadi-sosial sinif olsa da, lakin qrup olaraq təbəqələr arasındakı münasibtələr ölkədə açıq, zehni və siyasi-sosial sinifin şəkillənməsini önlədi. Ürətim üzərinə şəkillənən bir sinif ortada yox idi. Ayrıca, iqtidarın və zənginliyin siniflər arasındakı paylaşımı arasında uçurum var idi. Bir çox fərdlər və qruplar doğduğu gündən ölənə qədər bir sinifə mənsub olurdu. Saray nəzəriyəçiləri hesab edirdilər ki, siniflər arasındakı bu ixtilafı Tanrı yaratmış və bütün yetkini şaha vermişdir. Siniflər arasındakı fərqliliklər genəldə qürur duyquları ilə özünü göstərirdi.[28]
Fətəli şahdan sonra Abbas Mirzənin oğlu Məhəmməd (1834-1848) və onun arxasınca da Nasirəddin şah (1848-1896) taxta çıxdı. Məhəmməd şah və Nasirəddin şah dönəmində elat yönətim şəklindən qalan nə vardısa yox edildi. Həm fars katiblər saraya dolduruldu, həm də bu müddət ərzində türklər də dövlət düzənində çalışa bilmələri üçün farscanı gərəkən düzeydə öyrənib fars həyat və davranış şəklinə alışdılar. Farscanın köklü brokrasi dili olma sürəci bu dönəmdə tamamlandı. Türk dili kəndlərə, köçəri həyat ortamına, bir də güncəl məişət dilinə tərk edilərək mədəni ortamdan sıxlışdırılıb uzaqlaşdırlıdı. Şüubiyənin əski planı bu kəz Qacar-molla birliyi aracılığı ilə uyqulanmaqda idi. Sadəcə sınırlarda orduda xidmət edərək farslaşan dövlətə şüursuzca xidmət edən və dövlətin yönətimində rolu olmayan, yalnızca bəkçilik görəvi yapan kəsim türklərdən oluşmaqda idi. Onların da dili türkçə idi. Bu, başqaca uzun bir mövzudur.
Bab olayları bu ortamda oluşduğu üçün Qacar sülaləsi haqqındakı incələməni burada durdurub əsas mövzuya keçirik. Böylə bir ortamda babilik hərəkəti doğdu. Bu mühitə və onun din anlayışına qarşı doğdu. Bu mühitin dəyərlərinin antitezi kimi ortaya çıxdı. Qadınların köpəkdən[29] də aşağı sayıldığı bir dönəmdə qadın haqlarından, qadın-kişi eşitliyindən danışan bir cərəyan ortaya çıxdı. Canından keçmiş olan Tahirə Qurrətuleyn adında böyük bir mütəfəkkir qadın “qadınlara özgürlük” deyə meydana çıxdı və bu yolda öldürüldü. Kimdir Tahirə Qurrətuleyn? Babilik və onun doğduğu sosial ortamı incələyərək bu suala cavab verməyə çalışacağıq.


[1] Nəhl (16), 90-cı ayət.
[2] Bəqərə (2), 2-ci ayət.
[3] İsra (17), 9-cu ayət.
[4] Macit Gökberk, Felsefe tarihi,Remzi kitabevi, XVI basım, 2003-İstanbul, s. 213.
[5] Eyni qaynaq, s. 233.
* La-yox.
** Kəlla-xeyir, yox.
[6] Padri Bazen, Nadir şahın özəl həkiminin məktubları, fransızcadan farscaya çevirən: Əliəsğər Həriri, Şərq yayınları, Tehran-1365 (h.ş), s. 12,13,14..
* Nadir şahın başına tac qoyduğu yer kitabın yazarının dünyaya gəldiyi Muğanın Limli kəndinə yaxın bir yer olmuşdur. Tac qoyulan yer nisbətən geniş bir düz məkandır. Nadirin əmri üzərinə əsgərlər torba ilə torpaq daşıyaraq böyük bir təpə oluşdurmuşlar. Bu təpənən üstündə Nadir başına tac qoymuşdur. İndi də bu təpənin adı “Şahtəpəsi olaraq qalmaqdadır. Ancaq zaman keçimi ilə və yağmurun, küləyin qarşısında təpə bir az alçalmışdır. Bu təpənin Güney tərəfində “Şahtəpəsi adında bir kənd mövcuddur. Şahtəpəsi adlanan bu təpənən ətrafında bu kəndlər var: Şahtəpəsi, Məscidli, Ocaq, Qızqalası, İncilli, Binə, Onbirbəylər. Bu kəndlər Germi şəhərinə bağlıdırlar.
[7] Padri Bazen, Nadir şahın özəl həkiminin məktubları, fransızcadan farscaya çevirən: Əliəsğər Həriri, Şərq yayınları, Tehran-1365 (h.ş), s. 11.
[8] Hücuci-Qətiyyə- “Hak sözünün vesikaları”  Hakikat Kitabevi, İstanbul-2008, s. 42-43-44.
[9] Jan Gevr, Taclı Xacə (Xaceye tacdar), farscaya çevurən: Zəbihullah Mənsuri, Əmir Kəbir yayınları, Tehran- 1384, s. 57.
[10] A. Bakıxanov, Gülüstani-İrəm, türkçəyə çevirən: M. Ələskərli, Minarə nəşriyatı, Bakı-2000, giriş bölüm.
[11] Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 793.
[12] Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, çevirən: Cavanşir Muğanlı, Pınar yayınları, 1388-Zəncan, s. 9.
[13] İngiltərənin Təbrizdəki konsulluğunun 1826-cı il iyulun 15-də xarici işlər nazirliyinə göndərdiyi məxfi reportaj; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 796.
[14] İngilis konsulunun reportajı 1826 iyul ayının 18-də, İngiltərə Xarici İşlər Nazirliyinin yayımlanan məxfi sənədləri, Algar kitabı, s. 89; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 796.
[15] Qesəs-ül üləma, s. 140; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 800.
[16] R. N. Boston, İran tarixində şiə, Rəhavərd fəslnaməsi, Losancles, sayı 39.
[17] Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 801.
* Təvqi-Mehdinin yazdığı iddia edilən məktubdur.
[18] Şücaəddin Şəfa, Başqa bir doğuş (Təvəllodi digər), VI yayın, 2000, s. 477-478.
[19] R. N. Boston, İran tarixində şiə, Rəhavərd fəslnaməsi, Losancles, sayı 39; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 801-802.
[20] Qesəs-ül üləma, s. 140.
[21] Albet Avi, Avropada fəlsəfənin seyri, farscaya çevirən: Əliəsğər Hələbi, ikinci yayın, Zəvvar yayınları-1368 (h.ş), s. 198.
[22] Eyni qaynaq, 182.
[23] William Thoma Jone, Siyasi düşüncələrin tanrıları, farscaya çevirən: Əli Ramin, II cild, 4-cü yayın, 1383, s. 626.
[24] William Thoma Jone, Siyasi düşüncələrin tanrıları, farscaya çevirən: Əli Ramin, II cild, 4-cü yayın, 1383, s. 643.
[25] İranşünaslıq (İran şenasi) dərgisi, VI il, 1373 (h.ş), Məhəmməd Cəfər Məhcub, Ubeyd Zakani əsərlərinin araşdırılması, s. 809.
[26] Ervand Abrahamian, İki inqilab arasında İran (İran beyne do enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi, Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 66.
[27] Ervand Abrahamian, İki inqilab arasında İran (İran beyne do enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi, Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 35.
[28] Ervand Abrahamian, İki inqilab arasında İran (İran beyne do enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi, Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 43-44.
[29] Firdovsi, Şahnamə:
Kimin bu dünyada olsa bir qızı,
Padşah olsa da sönmüş yıldızı.
Qadındansa itdən xoşlansın insan,
Bir köpək yaxşıdır yüz pak qadından.
Dünya çirkinlikdən təmizlənərək ,
Qadın və əjdəha məhv olsun gərək.