15 Ağustos 2013 Perşembe

Elxanlılar dövləti




Güntay Gəncalp
Elxanlılar
Dövləti

Bir-birinə qatdı mədəniyətləri Çingiz Xan. Bu sarsıntının xeyirli nəticələrini Mar Kopolodan öyrənməkdəyik. Çox keçmədən ipək yolu yenidən açıldı. Venedikli bəzirganlar Çingizin bayrağı altında heç bir əndişə duymadan hüzur və güvənlik içində Kırımdan Pekenə, Suriyə sahillərindən Çin dənizinə qədər gedə bilirdilər.[1] Moğol hakimiyətinin Hindistana gətirdiyi ən böyük ərməğan bir dil oldu, urdu dili.[2] Moğollar dönəmində tarix elmi adında bir elm şəkilənərək inkişaf etməyə başladı. Daha öncə bu qədər metodik tarix bilgisi ortaya qoyulmamışdı. Bir çox önəmli tarix kitabları yazıldı. Bütün bu tarix yazanlar moğol dövləti tərəfindən güclü şəkildə dəstəkləndilər. Tarixyazma mədəniyəti heç bir dönəmdə moğol dönəmində olduğu qədər inkişaf etməmişdi. Moğol dönəmində uyqurca, farsca, çincə, moğolca tarix kitabları yazıldı. Ətaməlik Cüveyninin “Tarixi-cahangüşa”, Rəşidəddin Fəzlullahın “Came-üt təvarix”, Fəzlullah Şirazinin “Təcziyət-ül əmsar və təzciyət-ul ə´sar”, Nəsr əl-Mustofi əl-Qəzvininin “Tarixi-qozidə” və eyni müəllifin nəzmlə yazdığı “Zəfərnamə” tarix kitabı 75000 beytdən ibarətdir. Şahnamə səbkində yazılan bu mənzumənin 15000 beyti ərəb tarixinə, 30000 beyti  əski tarixə, 30000 beyti də moğol tarixinə aiddir. Nasirəddin Əbusəid Abdullah ibni Ömər ibni Əli-ul Bəyzavinin “Nizam-ul təvarix”, Əli ibni, Məhəmməd ibni Hüseyn ibni Əbubəkir-uş Şəbankarənin “Məcmə´-ul ənsab” kitabı və başqa bir neçə bu kimi kitablar moğollar dönəmində yazılmışdır. Bu tarixçilərin çoxu da moğol dövlətində böyük vəzifələrdə çalışmışlar.[3] Çocuqlarının baxıma ehtiyacı olduğu və ya evlənmədikləri sürəcə dul qadınlar ailə mülkünün mütləq sahibi olurdular. Qadınlar ərlərinin bütün səlahiyətlərinə sahib olurdular. Ərlərinə aid olan bütün hüquq onlara aid olurdu.[4] Moğol törəsində, yalnızca dostlar deyil, hətta qardaşlarda bir-birləri ilə “anda” adında dostluq peymanı bağlayırdılar.[5] Moğollar ilk devirlərində ərəbcə ilə farscanı yasaqlayaraq onun yerinə moğolca ilə uyqur türkcəsini qoydular. Elxanlılardan Qazan Xanın devrində moğollar İslamiyəti qəbul edincə, hər nə qədər, farsca təkrar əhliyət haqqı qazansa da, kəndisiylə bərabər, türk dili də irəliləyir və durumunu sağlamlaşdırırdı.[6]
Bartold ünlü “Türküstannamə” adlı əsərində yazır: Moğollar tərəfindən işğal edilən ölkələrin tarixçiləri moğol saldırıları haqqında bir şeylər yazmışlar. Biz daha çox İslam, Çin və qismən də erməni qaynaqlarından yararlanacağıq.[7] Çingiz Xandan öncə moğolların əlifbası və yazısı olmamışdır. Uyqur əlifbasını qəbul edərək “Çingiz Yasaları” adlanan qanunlarını yazmışlar. Yasalara uymaq, yalnızca moğol təbəələrinə özgü deyildi, moğollar özləri də bu yasalara uymaq zorundaydılar. Bu vəsilə ilə də Çingiz Xanın “Böyük yasa”sı vücudə gəldi. Bir çox tarix yazarları, o cümlədən Cuveyni yazılı moğol yasalarından söz etmişlər. Cuveyninin yazdığına görə bu yasalar moğol prenslərinin xəzinəsində hifz edilməkdə imiş. Yeni xan taxta çıxdığında xəzinədən yasaları gətirib xana oxuyub onu eyitirmişlər.[8] Orta Doğuda moğol tarixini hazırlamaq Qazan Xan tərəfindən Rəşidəddin Fəzlullaha tapşırılmışdı. Rəşidəddinin yazdığına görə moğol xəzinələrində saxlanılan moğol tarixinə aid mətnlər moğol əlifbasında yazılıbmış. Bu mətnlər müqəddəs sayıldığından ona ulaşmaq çox çətin imiş. Qazan Xan öldüyündə Rəşidəddin kitabını bitirməmişdi. Qazanın canişini olan qardaşı Olcaytu zamanında davam etmişdir. Olcaytu bütün moğol qövmləri tarixinin yazılmasını əmr etdi.[9]
Bəzi araşdırmacı tarixçilər moğolların bölgəyə sadəcə savaş bəlaları gətirmədiklərini savunarlar. Onlara görə bölgə mədəniyətinin yüksəlişində moğolların böyük rolu olmuşdur. Bu mədəni yüksəlişi bu şəkildə özətləmək olar:
·                          Bir yönətim çatısı altında bütün mədəniyətlər birləşdirildi. Çin, Hind, Ağdəniz, Xristian, şamançılıq, buddizm, İslam mədəniyətlərini bir-birinə qarışdırdılar. Bütün mədəniyətləri moğol yasalarının çatısı altında bir yerdə barış içində yaşamağa məhkum etdilər.
·                          Moğollardan öncə ticarət yollarında güvənlik yox idi. Tacirlər özlərini güvəndə hiss etməzdilər. O üzdən də ipək yolunun ticarət imkanları azalmışdı. Moğollar kürəsəlləşmənin əsası olan ticarətin güvənliyini geniş imperatorluq ərazilərində sağlayan ilk cahanşümul dövlət olmuşdur. Moğol imperatorluğu dönəmində ticarət kəsin güvənlik imkanlarından bərxurdar olduğundan tacirlər moğol dövlətini dəstəklər olmuşdular.
·                          Asiya və Avropa arasında güvənli siyasi ilişkilər bərqərar olmuşdu. Səfirliklərin güvənli fəaliyəti siyasi ilişkiləri dərinləşdirmişdi.
Çin, müsəlman, xristian, hind və digər inancların və millətlərin bilim adamları moğolların elmi mərkəzlərində bir yerdə çalışmağı təcrübə etdilər. Başqa inanclara mənsub alimlər də bu elmi mərkəzlərdə çalışırdılar. Bunun hesabına Uzaq Doğudan Uyqur minyatür sənəti Orta Doğuya axışdı.[10]
Yesügey oğlu Çingiz Xan haqqında tarix kitablarında bolca bilgi vardır. Onun Qaraxətailəri, Xarəzmşahları silib-süpürüb yox etməsi ilə ilgili ayrıntılı bilgilər kitablaşdırılmışdır. Ancaq biz burada Azərbaycanda qurulan və başkəndi Marağa olan Elxanlılar dövlətindən başlayacağıq. Çingiz Xanın nəvəsi və Tulu oğlu Hülaku Xanın (1258-1265) Orta Doğuda yaratmış olduğu imperatorluğun tərkibinə Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya, Kürdistan, Fars, Xuzistan, Xorasan və bir sıra digər vilayətlər daxil idi.[11] Elxanlı dövləti, Çingiz Xanın torunlarından Hülaku tərəfindən 1265-cı ildə Azərbaycanda quruldu.[12] Hülaku Xan qardaşı Məngü Qaanın əmri üzərinə 1255-ci ildə Ceyhundan keçərək ismailiyə tərəfdarlarını qətl etməyə başladı. İraqi-Əcəmi, İraqi-Ərəbi və Hələbi işğal etdi. 1258-ci ildə Bağdadı alıb son Abbasi xəlifəsi Müstəsəmi öldürdü. 15 fevral 1265-ci ildə Marağada öldü.[13] Hülaku Xan dönəmində, özəlliklə Azərbaycanda yüksək sayıda türk qövmü yerləşdirildi. “Hülaku Xan özüylə gətirdiyi iki yüz min türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi.”[14] Moğolların yüksəlişinin bir ürünü də Osmanlı dövlətinin quruluşu olmuşdur. “Osmanlı xanidanı Mərkəzi Asiyadan moğolların istilasından Anadoluya sığınan olmuşlar.”[15] Hülaku Xan elm və hikmətdən çox xoşlanır, özəlliklə kimya elminə çox rəğbət göstərirdi. Kimya elminin gəlişməsi üçün çox paralar xərclədi. Onun zamanında alimlər parladılar. Onlardan biri Xacə Nəsrəddin Tusidir. Nəsrəddin Tusinin əsli Savənin Cəhrudundan olsa da, Tusda dünyaya gəlmişdi. Hülaku Xanın ölümündən sonra yerinə oğlu Abaqa Xan keçmişdir. Abaqa Xan 17 il Azərbaycanda səltənət etdikdən sonra 1282-ci ildə Həmədanda öldü. Yerinə Qardaşı Əhməd Xan keçdi. Əhməd Xan iki il səltənət etdikdən sonra Abaqa Xanın oğlu Arqun Xan ona qarşı çıxdı. Arqun Xan, Əhməd Xanı öldürüb 1284-cü ildə taxtda oturdu. Abaqaoğlu Arqun Xan yeddi il səltənət etdikdən sonra 1291-ci ildə öldü. Kixatu Xan Arqunun ölümündən sonra taxta çıxdı. 1294-cü ildə Baydu Xan ona qarşı çıxdı. Əmirlər Baydu Xandan yana tutum sərgilədilər. Üç il yeddi ay səltənət etdikdən sonra Kixatu Xan 1295-ci ildə öldürüldü. Yerinə Tarqay ibni Hülaku Xan ibni Baydu Xan taxta çıxdı. Arqunoğlu Qazan Xan, Baydu Xana boyun əyməyərək ona qarşı çıxdı. Qazan Xan müsəlman olduqdan sonra müsəlman moğollar Qazan Xanın yanında yer aldılar. Qazan Xan Baydu Xanla savaşında qalib gəldi.  Baydu Xan Naxcıvana qaçarkən yolda yaxalandı. Onu Təbrizə gətirib 1295-ci ilin oktyabr ayının sonunda öldürdülər. Baydu Xan yeddi ay səltənət etdi. Onun yerinə Qazan Xan taxta çıxdı. Qazan Xanın ilk vəziri Cəlaləddin Dəstgərdani idi. Ancaq iki aydan sonra onu öldürüb 1297-ci ildə yerinə Sədrəddin Xalidi Zənganini gətridi. Bir il yarımdan sonra onu da qardaşı ilə bir yerdə öldürüb vəzirliyi Rəşidəddin Fəzlullah Həmədaniyə verdi. Qazan Xan 1300-cü ildə Dəmişqdə gerçəkləşən Misirlə savaşda qələbə qazandı. Azərbaycana döndükdən sonra 1304-cü ildə Qəzvində öldü. Yeddi il doqquz ay səltənət etdi. Öldüyündə 33 yaşında idi. Tabutunu Təbrizə aparıb orada dəfn etdilər. Qazan Xandan öncə heç bir moğol şahının məzarı bəlli olmamışdır.[16]
Qazan Xanın 1304-cü ildə ölümü üzərinə yerinə qardaşı Olcaytu Məhəmməd keçdi. Olcaytunun əsil adı Har Bəndə (eşşəyin qulu) idi. Bu ad ona göz dəyməməsi üçün qoyulmuşdu. Xanlıq taxtına keçincə bəylərin və digər dövlət adamlarının ricaları üzərinə Har Bəndə, Xuda Bəndəyə çevrildi. Olcaytu və Sultan Məhəmməd ismləri əlavə edilərək, böyləcə moğox xanına Olcaytu Sultan Məhəmməd Xuda Bəndə deyildi. Ancaq Məmluk müəllifləri ondan əskisi kimi Har Bəndə adı ilə bəhs etməkdə davam edərlər. Olduqca mədəni davranışlı bir hökmdar olan Olcaytu 1316-cı ildə ölümünə qədər şiə məzhəbində qaldı. Oğlu və xələfi Əbusəid Xan zamanında səssizcə yenidən sünniliyə dönüldü.[17]
Əbusəid taxta çıxdığında 12 yaşında idi. Bu üzdən də bütün işlərdən Əmir Çoban Osolduzi sorumlu idi. Əbusəidin bacısı ilə də evlənən Əmir Çoban ölkənin tək iqtidar sahibi durumunda idi. Moğol sultanının sadəcə adı var idi. Bütün iqtidar Əmir Çobanın əlində birikməkdə idi. Əmir Çoban Xorasan hökümətini oğlu Əmir Hüseynə, Gürcüstan valiliyini başqa oğlu Mahmuda, Rum əmirliyini də digər oğlu Əmir Teymur Taşa verdi. 1328-ci ildə Xacə Rəşidəddin Həmədanini də öldürdü. 12 il bu şəkildə keçdikdən sonra Əbusəid artıq böyümüşdü və Əmir Çobana şübhələnməyə başladı. Əbusəid, Cəlairli şeyxinin qadını olan Əmir Çobanın Bağdad xatun adlı qızı ilə eşqbazlıq edirdi. Həsən Cəlairlinin nikahında olan qadını boşatdırıb öz nikahına keçirmək istəyirdi. Əmir Çoban buna razı olmadığı üçün moğol sultanı ilə qarşı-qarşıya gəldi. Əmir Çoban və onun evladlarının iqtidarlarına son verildi. Qızı da öz nikahına aldı. Sultan bu qadına çox vurqun olduğundan iqtidarı ona buraxmışdı. Əmir Çobanın öldürülüşündən sonra vəzirlik vəzifəsi Qiyasəddin Məhəmməd Rəşidə verildi. Azərbaycanda moğol padşahına “bahadır” ləqəbi ilk olaraq Sultan Əbusəidə verilmişdir. Əbusəid yayda Sultaniyədə, qışda da ya Qarabağda, ya da Bağdadda otururdu. Ədəbiyata çox həvəsli idi. Əbusəid Aranda öldü və cənazəsini Sultaniyəyə gətirdilər. Əbusəid 19 il səltənət etdi. Onun zamanında Xacə Əlişah 12 il vəzirlik etdi. Əlişah öz əcəli ilə ölən tək vəzir olmuşdur. Əbusəidin ölümündən sonra Azərbaycan-Moğol dövləti öz bütünlüyünü itirdi. Bir yandan Sərbedaranın moğollara qarşı saldırıları, bir yandan da Çobanoğulları ilə Cəlairlilər kimi güclü ailələr arasındakı iqtidar mücadiləsi moğol dövlətini çökərtməyə başladı. Əbusəiddən sonra səkkiz moğol sultanı iqtidara gəlsə də, onları iqtidara gətirib və uzaqlaşdırmaq əmirlərin əlində idi.[18] Azərbaycan-Moğol dövlətinin parçalanması ilə Çobanilər və Cəlairlilər dövləti ortaya çıxmağa başlayacaqdı. Moğolların gəlişi ilə şüubi ismailiyə kimi təşkilatları çökərtildi. Ancaq şüubiyə öz fikri çalışmalarına Gilanın ormanlıqlarında gizlincə davam edirdi. Yüzillər boyunca burada şüubiyənin ülküləri sürdürlmüş və sonunda Səfəvi dövlətinin qurucusu kimi tarix girdirilən İsmayıl Səfəvi bu ortamda yetişdirildi. Səfəviyənin yeni şüubi-fars dalqası olduğu haqda ayrıca ayrıntılı bilgi veriləcəkdir.
Güney Azərbaycanın bir çox yerlərində moğolca kənd və şəhər adları vardır. Qaradağda Merkit adında kənd və Batı Azərbaycanda Sulduz adında şəhər vardır. Rəşidəddinin ünlü əsərində bir çox moğol qövmləri haqqında məlumat verilmişdir. Sulduz haqqında da bu əsərdə ayrıntılı bilgi var. Sulduz yerləşkəsi bir moğol qövmünün adına təsis edilmişdir. Rəşidəddinin “Sulduz” haqqında yazdığı bilgini burada olduğu kimi veririk:

Sulduz Qövmü
Sulduz qövmündən bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz Xanın xidmətində olanlar haqqındaki hikayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz Xan gənc olduğu zaman Tayçıot qövmü onunla muxalifət edirdi. Bir gün Çingiz Xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı. Çingiz Xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi haqda tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz Xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıot qövmünün padşahı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri dərhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu qövmündən olduğu üçün ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin adı bəlli deyil.
O qoca qarı daima Çingiz Xanın saçlarını darayaraq ona xidmət edirdi. İki ağac şaxəsi arasında qalıb yaralanan Çingiz Xanın boynunun yarasına məlhəm qoyur və ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çingiz xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda böyük bir navur (göl) var idi. Çingiz Xan özünü bu navura atıb elə gizləndi ki, onun bədənindən sadəcə burnu görünürdü. Tayçıot qövmü onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğu´nun atası Surğan Şirə atası Sudun Noyan´la o civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çingiz Xanın mübarək burnuna sataşdı. Onun Çingiz Xan olduğunu anlamışdı. Gizlicə Çingiz Xana işarə ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çingiz Xanı axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyəcəm. Gecə olduğunda Çingiz Xanı evinə aparıb boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində gizlətdi.
Daha sonra Surğan Şirə, Çingiz Xanı bir kor madyana mindirib, bir az ət və kaman-ox və digər savaş alətləri verərək yola saldı.
Artıq Çingiz Xanın anası, xatunları və qövmü ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çingiz Xanən dördüncü oğlu Tuluy Xan uşaq idi və hər an deyirmiş ki, atam bir maydanın üstündə gələcəkdir. Tuluy Xanın anası da oğlunu danlayır və bəzən də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çingiz Xanın öz yurduna qovuşması yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: “Atam quyruğu düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!” Anası da əsəbləşərək uşağının üstünə bağırırmış. Bir neçə saatdan sonra Çingiz Xan, Tuluy Xanın vəsf etdiyi şəkildə gəlir. Çingiz Xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər düzənləndi. Hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi ki, onun Çingiz Xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə Tayçıot qövmünün içindən çıxıb getməli idi. Bütün ailəsi ilə birlikdə Çingiz Xanın diyarına köçərək onun xidmətində oldu. Çingiz Xan da onun ailəsini öz güvəncəsi altına aldı. Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa qalxaraq özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən rəqibini yaralayaraq qovmuşdur. Çingiz Xan onun bu şücaətinə heyran qalmış, onu alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz Xan bir neçə dəfə Tayçıotla savaşdı. Ən son savaşda Çilavğun Bahadur, Tayçıotun padşahı Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun Bahadur, Tarqutayı öldürdü. Çilavğun Bahadurun oğlu da Sodun Noyan idi. Sodun Noyan Çingiz Xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay Qaan zamanında da yaşayırdı və Tuluy Xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay Qaan zamanında Sodun Noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında bir də Toğrul adında bir əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə Qaan adında böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku Xanla Azərbaycana gələn Sodun Noyanın oğullarından biri də Suncaq Noyan idi. O, Hülaku Xanın dövlətində yarqıçlıq (qazilik) vəzifəsində idi. Kehti Noyan, Aratemur İdaçi, Tudan və Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay Qaanın xidmətində olan Sodunun digər bir oğlu da Sartaq idi. Kubilay Qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku Xanın ölümündən sonra geri dönmüşdür.[19]




[1] Cəmil Meriç, Jurnal, 1-ci cild, s. 153.
[2] Cəmil Meriç, Jurnal, 1-ci cild, s. 155.
[3] Məhəmməd Cuveyni, Tarixi-cahangüşayi-Cuveyni, hazırlayan: Məhəmməd Qəzvini, birinci cild, dördüncü yayın, Dünyayi-kitab nəşriyatı, Tehran-1385 (h.ş), s. 16.
[4] B. Vladmir Tsov, Moğol toplumsal düzəni (Nezame ictemaiye moğol), farscaya çevirən: Şirin Bəyani, s. 93.
[5] Eyni qaynaq, s. 100.
[6] N. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araşdırmaları vaqfı, İstanbul-1991.
[7] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 106.
[8] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 116-117.
[9] Bartold, Türküstannamə, farscaya çevirən: Kərim Kəşavərz, Aqah yayınları, Tehran- 1387 (h.ş), s. 123, 124, 125,126.
[10] Nasirəddin Sahibəzzəmani “Üçüncü xətt”, Sahil nəşriyatı, 1351, s. 327.
[11] Həmdullah Qəzvini, Nüzhət əl-qulub, Tehran nəşri, s. 85-109; V. Z. Piriyev, Azərbaycan Hülakülər Dövlətinin tənəzzülü dövründə, Elm nəşriyatı, Bakı-1978, s. 15.
[12] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[13] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 231-232.
[14] Abasquluağa Bakıxanov “Gülüstani-irəm”, çevirən: M. Əskərli, Minarə nəşriyatı, Bakı-2000.
[15] Faruq Sümər, Oğuzlar, Yazıçı nışriyatı, Bakı-1992.
[16] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 232,233, 234, 235, 236, 237, 238, 239.
[17] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul- 1992.
[18] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s. 242, 243, 244.
[19] Rəşidəddin Fəzlullah Həmədani, Came-üt Təvarix, I. Kitab, Əlborz nəşri, birinci basqı, Tehran-1373, s. 173-178.

Xarəzmşahlar Dövləti




Güntay Gəncalp
Xarəzmşahlar Dövləti

Xarəzmşahlar doqquz şahla 138 il il səltənət etmişlər. Xarəzmşahların qurucusu Ənuştəkin Gürcü olmuşdur.[1] Ənuştəkin bir kölə olaraq Gürcüstandan alındığı üçün ona “Gürcü Ənuştəkin” deyirdilər.[2] Ənuştəkin Balqatəkinin və Balqatəkin də Məlikşahın köləsi idi. Balqatəkindən sonra Məlikşah Ənuştəkini onun yerinə yüksəldərək Xarəzmə əmir olaraq göndərdi. Ənuştəkin ömrünün sonuna qədər Səlcuqlunun Xarəzmdəki əmiri oldu. Ölümündən sonra oğlu Qütbəddin Məhəmməd, Sultan Bərkyaraq zamanında Xarəzmin varlisi oldu. Onu Xarəzmşah adlandırdılar. 1098-də vali oldu və 1127-ci ildə öldü. Onun oğlu Adsız, Sultan Səncərə qarşı çıxaraq bağımsızlığını duyurdu. Adsızın ölümündən sonra evladı Arslan taxta çıxdı. Xorasanın bir çox ölkələrini dövlətinə tabe etdi. Səlcuqluların çöküşə doğru sürüklənmələri üzündən o, tam olaraq bağımsız dövlət oldu. Yeddi il səltənət edərək 1163-cü ildə öldü. Ölmədən öncə oğlu Sultanşahı varis təyin etmişdi. Ancaq başqa oğlu Sultan Təkiş qardaşına qarşı çıxdı və on il aralarında savaş davam etdi.[3]
Təkiş yenilib Qaraxətaili kraliçəsinə sığındı. Kraliçə ərini böyük bir ordu ilə Sultanşahın üzərinə göndərdi. Sultanşahı məğlub edib yerinə Təkişi oturtdular. 1172-ci ildə Təkiş taxta çıxdı. Təkiş səltənətə vardıqdan sonra Qaraxətailərə qarşı çıxaraq onlara vergi verməkdən imtina etdi. Bu dəfə Qaraxətailər onun qardaşı Sultanşahı himayə etməyə başladılar. Sultanşah da öldüyü ana qədər Xorasanda şahlıq etdi. 1193-cü ildə öldükdən sonra bütün Xorasan Təkişə qaldı. Təkiş Xorasanı bütünüylə öz yönətiminə qatdıqdan sonra İraqi-Əcəmə saldırdı. İraqi-Əcəmdə son Səlcuqlu sultanı Toğrul səltənət etməkdə idi. 1194-cü ilin mart ayında başlayan savaşda Təkiş, Toğrulu öldürərək Səlcuqlunun həyatına son verdi. İraqi-Əcəm, Həmədan və Rey də Xarəzmşahların ərazisinə qatıldı. Əlaəddin Məhəmməd atası Təkişin ölümündən sonra taxtda oturdu (1200-1220). Onun səltənəti zamanında Xarəzmşahlar daha da genişlədilər. Bu zaman Qurilər Əfqanistanda güclü iqtidar sahibi idilər. Qəznəliləri yenərək bütün Əfqanistanı ələ keçirmişdilər. Məhəmməd Xarəzmşah, Məhəmməd Quriyə saldırdı. İki Məhəmmədin ilk savaşı Ceyhun kənarında gerçəkləşdi və Xarəzmşah bu savaşda yenildi. Qurilər 1204-cü ildə Xarəzmə girib yağmalamağa başladılar. Məhəmməd Xarəzmşah Qaraxətailərdən yardım tələbində bulundu. Gürxan Qaraxətai, Tainqut Taraz komutanlığında böyük bir ordunu Xarəzmşahın yardımına göndərdi. Ayrıca, Qaraxətailərə tabe olan Qaraxanlı Osman Qaraxanı da Xarəzmşahın yardımına göndərdi. Məhəmməd Xarəzmşah bu yardımçı orduların hesabına Quriləri 1204-cü ildə “Minat-hezar əsb” bölgəsindəki savaşda məğlub etdi. Qaraxətai ordusu Quriləri təqib edərək onları tam olaraq yox etdilər. Qurilər sorunu ortadan qaldırıldıqdan sonra Xarəzmşahların Xorasanda rəqibi qalmadı. 1206-cı ildə Məhəmməd Qurinin ölümündən sonra Məhəmməd Xarəzmşah Heratı və Qurun özünü də işğal etdi. 1215-ci ildə əfqanistanın işğalı tamamlandı və Qəznə də Xarəzmşahların yönətiminə keçdi. Məhəmməd Xarəzmşah bu zəfəri Qaraxətailər hesabına qazansa da, daha sonra onlara vergi verməkdən imtina etdi. 1210-cu ildə Qaraxətailərlə Xarəzmşahlar arasında savaş oldu. Əndicanın yaxınlığında yerləşən “Ilamış”dakı savaşda Qaraxətailərin ordusu Talas qumsallığında yenildi. Bu savaşda Qaraxanlı Osman da Xarəzmşaha yardım etmişdi. Xarəzmşaha tabeliyini bildirən Qaraxanlı daha sonra müstəqil olmaq istərkən Məhəmməd Xarəzmşah saldırıya keçərək Osman Qaraxanlını öldürdü. İki əsrdən artıq türküstanda iqtidarda olan Qaraxanlıların siyasi həyatı böyləcə 1212-ci ildə son buldu.[4] Sultan Məhəmmədin zamanında Çingiz Xan orduları saldırmağa başlamışdı. Sultan Məhəmmədin yerinə oğlu Sultan Cəlaləddin keçdi. Cəlaləddin moğollara qarşı yeddi savaşa qatıldı. Altısında qalib gəldi. Yeddinci savaşda Çingiz Xan özü böyük orduları ilə ilqar* etdi. Yeddinci savaşda yenilib Hindistana qaçdı. Çingiz Xanın oğlu Oqtayın anı saldırısı sırasında Cəlaləddinin orduları yenilmiş və özündən də xəbər çıxmamışdır. Bəzilərinə görə ordusuz qalaraq qaçan Cəlaləddin bir kürdlə qarşılaşmış. Kürd onun üzərində olan qiymətli əşyalara görə, Cəlaləddini öldürmüşdür.[5] Onun ölümüylə də Xarəzmşahlar tarixdən silindilər. Cəlaləddin Xarəzmşahın moğollara qarşı qəhrəmanca savaşı “Tarixi-Cahangüşayi-Cuveyni”nin ikinci cildində ayrıntıları ilə anladılmışdır.



[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188.
[2] Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 663.
[3] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188, 189.
[4] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 282, 283, 284.
* İlqar-moğolca ordunun anidən saldırmasıdır.
[5] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 193.

Qaraxətailər dövləti



Qaraxətailər dövləti

Qaraxətailar doqquz padşahla 86 il səltənət etdilər.[1] Doğu Türküstanda gerçəkləşən olayları anlamaq üçün Quzey Çindəki hadisələrə də göz atmaq gərəkir. 936-cı ildən başlayaraq 1122-ci ilə qədər Pekendə moğol soylu Qaraxətailər səltənət edirdi. 1116-1122 illəri arasında Qaraxətailəri tonquzlar soyundan olan Curçatlar uzaqlaşdıraraq Quzey Çində iqtidara gəldilər. Xətailərdən bir qismi Qərbə, “Tarım”a doğru hərəkətləndilər. Xətai mühacirlərdən bir qismi öz şahzadələrinin rəhbərliyində Quzey Batıda yerləşərək “Tarbaqatay” bölgəsində indiki Çuquçak yanında olan “İmil” şəhrini təsis etdilər. Isıqgölün batısında yerləşən balasaqunda Qaraxanlı dövləti səltənət etməkdə idi. Qaraxanlı padşahı iki qarluq türkləri tərəfindən basqı altında idi. Uzaqgörənliyi olmayan Qaraxanlı şahı Qaraxətailərdən yardım istədi. Qaraxətai xanı da öncə yardım edib sonrasında onu taxtdan endirib yerinə keçdi. Böyləcə Balasaqun Qaraxətailərin başkəndi oldu. Türk dilində dünya padşahı anlamına gələn “gürhan” ləqəbi ilə Balasaqunun sahibi oldu. Daha sonra gələn Qaraxətailılar da bu ləqəbdən yararlandılar. Yeni gürxan az sonra Kaşqarda səltənət edən Qaraxanlıları da özünə tabe etdi. Yeni təsis edilən bu imperatorluq İslam tarixində Qaraxətailər olaraq bilindi. Qaraxətailər soyca moğol olsalar da, iki əsr Çini yönətdikləri üçün çinlilərin xasiyətinə sahib olmuşdular. Onlar müsəlman türklər arasında yaşasalar da, İslamiyətə ilgi göstərmirdilər. Daha çox Çin mədəniyətinin etkisi altındaydılar. Bartolda görə böyük olasılıqla Gürxanların dövlət düzənində qullandıqları dil də çincə olmuşdur. Qaraxətailər və ya gürxanlılarda xristinalıq da buddizmlə bir yerdə mövcud idi. Qaraxətaili dövlətinin təsisi, sanki Qaraxanlıların islamlaşdırma politikalarına təpki olaraq ortaya çıxmışdı. Qaraxətailər dövləti böyüyərək Yuxarı Yeniseydən Ceyhuna qədər geniş ərazini ehtiva etdi. Yə Lio Taş adlı ilk Qaraxətailı gürxan (1130-1142) Doğu Qaraxanlını yendikdən sonra Mavəraunnəhrdə varlıqlarını sürdürən batı Qaraxanlılara saldırdı. Daha sonra da oradan Səlcuqlu torpaqlarına girdi. 1137-ci ildə Səmərqəndə Qaraxanlı padşahı Rüknəddin Mahmudu yendi. Səlcuqluya tabe olan Qaraxanlının yardımına qoşan Sultan Səncər də Səmərqəndin quzeyində “Qətvan”da yenildi. Buxara və Səmərqənd Səlcuqluların yönətimindən çıxaraq Gürxanlıların yönətiminə keçdi. Qaraxətai padşahı, Tamqac adında başqa bir Qaraxanlını Səmərqəndin əmiri olaraq təyin etdi. Böyləcə Batı Qaraxanlısı Səlcuqlu tabeliyindən çıxaraq Qaraxətailərə tabe oldu. Qaraxətailər irəliləyərək Xarəzm Qaraxanlısını da işğal etdilər. 1141-ci ildə Xarəzm Qaraxanlısı Adsız özünü Qaraxətai xəracgüzarı olaraq elan etdi. Adsızın canişini Arslan, Səlcuqlu ölkəsinə sahib çıxmaq arzusunda olsa da, sonuna qədər Qaraxətai tabeçiliyindən çıxa bilmədi. Türk-müsəlman ölkələrində buddist Qaraxətailərin səltənəti başlamışdı. 1142-ci ildə ilk gürxanın ölümündən sonra onun eşi dul kraliçə 1150-ci ilə qədər səltənət etdi. Daha sonra onun oğlu taxta çıxdı (1150-1163). Onun ölümündən sonra bacısı bir sürəliyinə taxta çıxdı. Bu zaman Qaraxətaili bir ordu Xorasana girərək Bəlxi yağmaladı. Bu qadının oğlu (1178-1211) səltənət etdi. Bu zaman Qaraxətailər və Xarəzm şahlar arasında böyük ixtilaf çıxdı. Ancaq Çingiz Xan yüksələrək hər ikisini də tarixdən sildi.[2]


[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 219.
[2] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 275, 276, 277, 278, 279.

14 Ağustos 2013 Çarşamba

Səlcuqlu dövləti


Güntay Gəncalp


Səlcuqlu dövləti

On dörd Səlcuqlu sultanı 121 il səltənət etmişlər. Səlcuq soyu 34 quşaqla Əfrasiyaba dayanmaqdadır. Səlcuqun Mikayıl, İsrafil, Musa və Yunis adında dörd çox zəngin oğlu var idi. Türküstanda yağmursuzluq və qıtılıq üzündən otlaq sıxıntısı ortaya çıxmışdı. Yeni otlaqlar bulmaq üçün 985-ci ildə Mavəraunnəhrə tərəf qoyun və dəvə sürüləri ilə hərəkət etdilər. Bir sürə sonra Amu dərya civarından keçərək Xorasana doğru yürümələri üçün Mahmud Qəznəlidən izn istədilər. Tus valisi olan Ərsalan Cazib onlara izn verməyi məsləhət bilmədi, çünkü sayıları çox idi və fitnə çıxarmalarından qorxurdu. Ancaq Sultan Mahmud izn verdi. Səlcuqlar Xorasanda yerləşməyə başladılar. Mikayılın Toğrul və Çağrı adında iki oğlu var idi. Bu iki qardaş Səlcuq soyunun rəhbəri oldu və dövlət bəxti onların çiyninə qondu. Xorasan əhalisi onlara boyun əydi.[1]
“Hüdudi-aləm” kitabının yazdığına görə Balxaş dəryaçasının quzeyində yerləşən Qırqızıstanın “Sarısu”, “Turqay”, “Amaba” çöllərində türk boyları yaşayırdı. Onlara “oğuz” deyirdilər. Dilçi alimlər oğuzları əskidən orta “Yenisey”in “Obi” çölündə yaşayan türklərlə, Güney Rusiyaya köçən əski qıpçaqlarla və indiki qırqızlarla eyni türk qrupu olaraq görməkdədirlər. Oğuzlar Çingiz Xan dönəmində türkmən olaraq tanınmışlar. XI əsrin ikinci rübündən etibarən bir qismi Güney Rusiyaya, bir qismi də Xorasana tərəf hərəkət edirlər. Rus historioqraflar onların Rusiyaya ilk girişini 1054-cü il olaraq yazarlar. Obidə yaşayan oğuzların bir qismi qıpçaqların basqısı oradan uzaqlaşıb Balkana girdilər. Ancaq burada yenildilər. Səlcuq rəhbərliyindəki oğuzların parlaq gələcəyi oldu. Xorasanı və Kiçik Asiyanı ələ keçirdilər. Səlcuqlu sülaləsini təsis edən qəhrəmanın adı Səlcuq olmuşdur. Səlcuqun atasının adı “Duqaq” olmuşdur. Duqaqın ləqəbi “Teymur Yalıq” idi. Teymur yalıq, dəmir yay deməkdir. Səlcuq, Oğuz boylarından biri olan Qınıq boyunun öndəri idi. “Qınıqlar, Səlcuqlu xanidanını çıxarmış olan boydur.”[2] 985-ci ildən öncə o, öz qəbiləsi ilə Oğuz boyundan ayrılaraq Yuxarı Seyhunun sağ sahilində indiki Perovsk adlanan yerdə yerləşdi. Bəzi araşdırmaçılar Səlcuqun Mikayıl, Musa və İsrail adında oğullarının olduğunu göz önündə bulunduraraq onun nəsturi (xristian) olduğu qənaətinə varırlar. Ancaq bu, doğru deyildir, çünkü bu adlar İslamiyətdə də çox yayqındır. Böyük olasılıqla Səlcuqlar Mavəraunnəhr civarına yerləşdiklərində şamançılıqdan uzaqlaşaraq İslamı qəbul etmişlər. Bu olay o zaman olmuşdur ki, fars Samani dövləti Isıqgöl və Kaşqarda hökm sürən Qaraxanlılarla qarşı-qarşıya idi. Samanilər Qaraxanlılar qarşısında özlərini savunmaqla məşqul idilər. Səlcuq oğulları çıxarları icabı öz soyları olan Qaraxanlılara qarşı Samanilərlə işbirliyi etdilər. Samanilərin tarixdən silinməsi ilə Samani ərazisini paylaşmaq uğrunda Qəznəlilər və Qaraxanlılar arasında savaşlar oldu. Bu qarışıqlıqdan istifadə edən Səlcuq oğulları yavaş-yavaş irəliləməyə başladılar. Mavəraunnəhrin tam ortasında çadırlarını qurdular. 985-ci ildə Buxaranın doğusunda görünməyə başlamışlar. Səlcuq oğlu Ərsalanın dini adı İsrail idi. Ərsalanın ləqəbi Yəbqu idi. 1025-ci ildə Yəbqu ləqəbi ilə bilinən Ərsalan, Qaraxanlı şahı Əli Təkinin yardımı ilə Mahmud Qəznəliyə qarşı baş qaldırdı. Mahmud Qəznəli Yəbqunu əsir yaxalayaq Qəznəyə apardı və qalan səlcuqluları da mğlub etməyə çalışdı, ancaq başarmad. Digər tərəfdən Mahmud Qəznəli Əli Təkini Mavəraunnəhrin hakimi kimi tanımaq zorunda qaldı. Əli Təkinin ölümündən sonra Səlcuq oğulları Qaraxanlılarla anlaşa bilməyib öz çıxarları yolunda çalışmağa başladılar. Səlcuqluların padşahları Toğrul Bəy, Davud və Yəbqu, Sultan Məsud Qəznəlidən Xorasanı tələb etdilər. Məsudun bu tələbi rədd etməsi üzərinə Toğrul bəy, Nişaburu işğal etdi. 1040-cı il 22 mayda “Dandanaqan” adlı bir yerdə Səlcuq oğulları ilə Sultan Məsudun sərt bir savaşı oldu. Sultan Məsud yenilərək geri çəkildi və bütün Xorasanı və Əfqanistanı Səlcuq oğullarına buraxdı. Toğrul Bəy Nişabura girdiyində öz adına xütbə oxutdurdu. Toğrul Bəyin qardaşı Çağrı bəy, əmisi oğlu Qutulmuş, dayısı oğlu Inal, Toğrul Bəyin göstərişi ilə ölkələrin fəthinə başlamışdılar. Çağrı Bəy 1043-cü ildə Xarəzmi fəth etdi. Inal, Rey şəhrini ələ keçirdi və sonra da Toğrul özü Reyə gəldi.[3]
932-1055 illəri arasında İraqi-Əcəm və İraqi-Ərəbi Büveyhlilər yönətməkdə idilər. Büveyh oğulları özlərini Sasani kimliyinə mənsub bilərək, ona görə bir məzhəbə inanmaqdaydılar. Sasani nostaljisi ilə qaynayıb qarışan və İslamla uzaqdan-yaxından əlaqəsi olmayan şiəçilik Büveyh oğullarının inancı durumunda idi. İslam sonra siyasi tarixdə genəldə farslar şiə və türklər İslam əksənli dövlət qurmuşlar. Bu durum Səfəvilərə qədər davam etmiş. Səfəvilərdən sonra özlərini fars-kürd soyuna mənsub bilən Səfəvilər ölkəmizdə İslamsız dövlət təsis etmişlər. Büveyh oğulları Bağdad xilafətini də öz kontrolları altına alaraq Hz. Peyqəmbər zamanından yayqın olan müsəlmanların əzanlarını da sapdırmış və əzana İslamla bağlantısı olmayan cümlələr artırmışdılar. İslam, Büveyh oğullarının sapıq görüşləri əsasında çökmək üzrə idi. Səlcuqların gəlişi ilə İslam sapıq Sasani basqısından azad edildi və İslam əzanına əklənən sapıq söyləntilər də çıxarılaraq Hz. Peyqəmbərin zamanındakı duruma gətirildi. Bu baxımdan Səlcuq oğullarının yüksəlişi hər şeydən öncə islamın Sasani-Şiə basqısından qurtuluşuna səbəb olmuşdur. Büveyhlilik şiə-şüubi öyrətilərin dövlətləşmiş şəkli idi. Bu düzəni Səlcuq oğulları ortadan qalırdı. Büveyhlilər Sasani düzənini canlandırmaq üçün adlarını da Sasani padşahlarının adlarına bənzədirdilər.
Səlcuq oğullarının yüksəlişi zamanı Büveyhlilərin son padşahı Xosrov Firuz (1048-1055) iqtidarda idi. Bağdad, İraqi-Ərəb, Şiraz və Fars onun mülkü sayılırdı. Kirman da onun qardaşlarının birinin mülkü idi. [4]
Toğrul Bəy 1051-ci ildə İsfahanı fəth etdikdən sonra özünə başkənd olaraq seçdi. 1054-cü ildə Azərbaycan hakimləri Toğrul Bəyə təslim olaraq ona tabe olacaqlarını duyurdular. Büveyh oğullarının əsarətindən qurtulmaq istəyən xəlifə əl-Qaim Billah Toğrul Bəyi Bağdada dəvət etdi. Toğrul Bəy bu dəvəti qəbul edərək Bağdada gedib 1055-ci ildə Büveyhlilərin siyasi həyatına son verdi. 1058-ci ildə Xəlifə Toğrul Bəyi “Doğu və Batının sultanı” olaraq duyurdu. Bu zaman Toğrul Bəyin dayısı oğlu Inal “Bəsasiri” ilə birləşərək dövlətə qarşı üsyan etdi. Inal şiəliyə qatılmışdı. Toğrul Bəy bunun ciddi təhlükə olduğunu anlayaraq ordusyla Inalın üstünə yürüdü. Rey şəhrinin yaxınlığında onu yenərək öldürdü. Daha sonra Bəsasiriyə qarşı yürüdü. Bəsasiri də Bağdadın yaxınlığındakı savaşda yenib öldürdü. İslam Dünyası Toğrul Bəyi qurtarıcı öndər kimi qutsamağa başlamışdı. Toğrul Bəyin oğlu olmadığından onun vəfatından sonra qardaşı Çağrı Bəyin oğlu Alparslan Səlcuqlu taxtına oturdu (1063-1072). Alparslan əmisi oğlu Qutulmuşu dövlətlə anlaşa bilmədiyi üçün öldürdü.  Alparslanın ən böyük qələbəsi Ermənistanda Rum imperatorunu yenməsi olmuşdur. 19 avqust 1071-ci ildə Malazgird savaşında Rum imperatoru “Rumen Dyojen”i yenərək əsir yaxaladı. Malazgird zəfərindən sonra türklərin Anadoluya girişləri sağlanmış oldu. Alparslan əsir olaraq yaxaladığı Bizans imperatoru ilə çox sayqılı davrandı. Bəlli təzminat qarşısında imperatoru sərbəst buraxdı. 1072-ci ildə Qaraxanlılar Türküstanda üsyan bayrağı açdılar.[5] Alparslan türklərin doğru İslam yolunda olduğunu,  Deyləmilərin, iraqlıların İslam yolundan sapdıqlarını ordusuna etdiyi bir nitqdə dilə gətirmişdi: “Biz türklər təmiz müsəlman, digərləri isə bədməzhəb, bəddin və bədinanclıdırlar. Böyük Allah türkləri ona görə qutsayıb görəvləndirmişdir ki, türklər bidət nədir bilməzlər. Ancaq Deyləmilər (Büveyhlilər) və iraqlılar bidətçi və bədməzhəbdilər. Onlar aciz olduqlarında itaət və köləlik edərlər. Bir azcıq gücləndiklərini hiss etdiklərində və bizim inancımızın zəiflədiyini gördüklərində biz türkləri qətl edər, birimizi də sağ buraxmazlar. Çünkü onlar eşşək və öküzdən də aşağıdırlar. Onlar dost-düşmən nədir bilməzlər.”[6]  
Qaraxanlı padşah Tamqac Xanın varisi Səmərqənddə Səlcuqlu tabeçiliyindən vaz keçdi. Alparslan onu cəzalandırmaq üçün 200 minlik ordusuyla Ceyhundan keçdi. Üsyançıların başçısı olan Yusif Xarəzmini öz yandaşları yaxalayaraq gətirib Alparslana təslim etdilər. Yusif Xarəzmi bağış diləmək yerinə Alparslana çirkin sözlər söyləməyə başladı. Alparslan əmr verdi ki, onun əllərini açsınlar ki, özü oxla vurub öldürəcək. Alparslanın atdığı ox hədəfə dəymədi. Bu fürsətdən yararlanan Yusif Xarəzmi bədənində gizlətdiyi bıçağı çıxararaq Alparslana saldırdı. Bıçaqla onu sərt şəkildə yaraladı. Alparslan dörd gün sonra aldığı yara üzündən öldü. Onu Mərvdə dəfn etdilər.[7] Alparslanın ölümünü şair Sənai bu şəkildə anlatmışdır:
“Başı Alparslanın gördüm, varıp yüksəldi göylərdə,
Gəl indi Mərvə Alparslan, başı torpaqdadır gəl gör.”[8]
Alparslan Nizam-ul Mülkü baş vəzir olaraq təyin etmişdi. Səlcuqlar bu bölgələrə yeni gəlmişdilər. Türk dilinin dövlət və vergiləndirmə təcrübəsi olmadığından vergi və dəftər işləri daha öncədən təcrübəsi olan fars dilinə buraxılmışdı. Bütün bu dönəmdə ordunun dili türkçə, verginin dili farsca və din dili ərəbcə olmuşdur. Hər millət öz arasında öz dilini ilətişim dili olaraq qullanmışıdır. Türkllər kimsənin dilini və kimliyini aşağılamamış, yasaqlamamışdı. Səlcuqların axını ilə bölgəyə gələn türklər mədəni yaradıclıq və ədəbiyat yazıları uğraşmamışlar. Bunun üçün öncə bölgəyə uyum sağlamaq gərəkirdi. Bölgəyə uyum sağlamaq 200 il zaman almışdır. Türk dilində ədəbi yaradıclıq XIII yüzildən sonra başlamışdır. Dövlətin yazı işlərində türkçənin qullanılmamasının da səbəbi bu olsa gərək. Çünkü dövlətə fürsəti qaçırmadan vergi lazım idi. Bu vergi dili də Tahiriyandan bəri fars dilində şəkillənmişdi. Yəni fars dilinin Səlcuqlar öncəsi 200 illik vergi işlərində çalışma təcrübəsi var idi. Qaraxanlılarda fars dilinə gərək olmayışının nədəni də bu olmuşdur. Uyqur türkçəsinin uzun dövlətçilik təcrübəsi var idi. Ayrıca, Qaraxanlılar həm şəhər həyatına alışıq idilər, həm də yönətimlərində fars deyə əhali yox idi. Bu üzdən də türk dili Qaraxanlı dövlətində mədəni həyata daha erkən çağlarda girmişdi.
Alparslan öldükdən sonra yerinə 17 yaşlı oğlu Sultan Məlikşah keçdi. Məlikşahın ilk savaşı Qaraxanlı Şəmsi-Məliklə olmuşdur. Şəmsi-Məlik Səlcuq səltənətindəki iqtidar dəyişikliyindən yararlanaraq Doğu Xorasanı və Bəlxi işğal etdi. Məlikşah Səmərqəndə yaxınlaşdığında Şəmsi-Məlik aman istəyərək, Səlcuqluya boyun əyəcəyini bildirdi. Məlikşah Bəlx hökümətini qardaşı Təkişə buraxaraq geri döndü. Təkiş üsyan etdi. Bu dəfə də qardaşının üsyanını basdırmaq üçün Bəlxə saldırdı. 1084-cü ildə Qardaşı Təkişi yaxalayıb gözlərini kor etdi. Kirmanın əmiri olan Məlikşahın əmisi Qavurd da dövlətə asi oldu. Məlikşah onu da yaxalayıb boğduraraq öldürtdü. 1081-ci ildə Məlikşahın əmisi oğlu Qutulmuşoğlu Süleyman Kiçik Asiyaya girdi. Qutulmuşoğlu Süleyman Bizansın yönətim tərzini və zəif tərəflərini anlamışdı. Anadoludakı kumandanları arasındakı keçimsizlikdən başqa Bizans mərkəzindəki səltənət savaşlarından da istifadə etdi. Mərmərə yaxınlarında İznik, Ege sahillərində İzmirə qədər əraziləri ələ keçirdi. İzniki dövlətinin mərkəzi olaraq seçdi. Bir il sonra 1081-ci ildə Anadolu Səlcuqlusu dövlətini təsis etdi. Anadolu Səlcuqlu dövləti 1302-ci ilə qədər davam etdi. İlk başkəndləri 1081-ci ildən 1097-ci ilə qədər İznik və daha sonra 1097-ci ildən 1302-ci ilə qədər Anadolu Səlcuqlusunun başkəndi Konya olmuşdur. 1080-ci ildən başlayaraq “Danişməndiyan” Kapadokiyada hökümət etməyə başladılar. Qutulmuşoğlu Süleyman Kiçik Asiyanın böyük bir bölümünü öz yönətimi altına aldıqdan sonra 1086-ci ildə Suriyəyə yönəldi. Suriyəni Məlikşahın qardaşı Tutuş yönətməkdə idi. Hələbin yaxınlığında böyük bir savaş başladı. Bu savaşda Tutuş Süleymanı öldürdü. Tutuş yeni Səlcuqlu dövləti qurmaq istərkən qardaşı Məlikşahın saldırısına uğradı. Məlikşah sarayını Hələbə daşıdı və qardaşını da Dəmişqə yolladı. Məlikşah dönəmində oğuz savaşçıları Fatimilərin də ərazilərinə daxil oldu. Kiçik Asiyada mərkəzə tabelik və kontrol olmadığından bir çox bəyliklər təsis edilirdi.[9] Məlikşah 1092ci ildə Xacə Nizam-ul Mülkü görəvindən aldı. Nizam Həsən Səbbahın terorist fədailəri tərəfindən öldürüldü. Bir ay sonra da Məlikşah öldü. Bu hadisəni Moizzi adında şair bir rübailə böylə anlatmışdı:
“Cənnətə yollandı yaşlı başbaxan,
Bir ay sonra öldü ol şahi-cavan.
Aciz qıldı şahı Tanrı qəzəbi,
Tanrı qarşısında acizdi sultan.”
Məlikşahın ölümündən sonra oğlu Bərkyaraq taxta çıxdı. Qardaşlarını məğlub edib zəfər qazandı. 1096-cı ildə Xorasan hökümətini qardaşı sultan Səncərə tapşırdı. 12 il səkkiz ay səltənət etdikdən sonra 1105-ci ildə Burucerddə öldü.[10] Bərkyaraqın iqtidarı qardaşları ilə savaşa adandı. Bərkyaraqın əmisi Tutuş bütün Səlcuqlunu ələ keçirmək üçün Suriyədən Bərkyaraqa saldırdı və Rey yaxınlığında yenilərək öldürüldü. Səlcuq bütünlüyü bu dönəmdən sonra sağlanamadı. Səlcuqlu üç yerə parçalandı. İraqi-Əcəm (İran) Bərkyaraq və qardaşlarına qaldı. Hələb və Şam tutuş oğullarına buraxıldı. Kiçik Asiyaya da Süleymanoğlu Qızılarslan sahib çıxdı. Bu üç Səlcuqlu dövləti fərqli yazqılar yaşamağa başladılar. Suriyə Səlculusu ərəbləşdi. Ayrıca, Suriyə Səlcuqlusu bir sürə sonra türk məmluklar tərəfindən həzm edilərək tarixdən silindi. Suriyədə türk nüfusu dağınıq olduğundan ərəb nüfusu qarşısında boy göstərə bilmədi, yalnızca Antakiya və İskəndərinda türk nüfusu varlığını qoruya bildi. Anadolu Səlcuqlusu öz varlığını möhkəmləndirərək qoruya bildi. Yalnız Anadoluda türklər köçəri həyatdan yerləşik həyata keçərək tarımla uğraşmağa başladılar. İraqi-Əcəmdəki Səlcuqlu dövləti də farslaşmağa başladı.[11]
Məlikşahın ən gənc oğlu Səncər idi. “Səncər” cağatay türkçəsində ovlayıcı quş deməkdir.[12] Səncər Səlcuqluların ən son böyük padşahı idi. Bu cəsur, səxavətli və cömərd sultan Səlcuqlu dövlətinin çökməməsi üçün çox çabaladı. Məlikşah öldüyündə Səncər 12 yaşında idi. Atasından ona Xorasan hakimliyi miras qaldı. Qərargahı Mərv idi. Səncər 1102-ci ildə Qaraxanlı Qədirxanın Xorasana saldırısını önlədi. Səcər Termizin yaxınlığında Qədir Xanı yenərək öldürdü. Qədir Xanın saldırısı qarşısında yenilərək qaçan Arslan Xanı Mavəraunnəhrin əmiri təyin etdi. 1130-cu ildə Arslan Xanla münasibətlər gərginləşdi. Səncər Səmərqəndə gedərək onu məqamından endirib yerinə öncə Qaraxanlı şahzadəsi Həsən Təkini, daha sonra Rüknəddin Mahmudu gətirdi. Rüknəddin Mahmud 1132-ci ildən 1141-ci ilə qədər Səmərqəndin əmiri oldu. Sultan Səncər Əfqanistanda Qəznəli şahzadələr arasındakı iqtidar savaşına da müdaxilə edirdi. 1117-ci ildə Qəznəyə girərək Arslan şahı uzaqlaşdırıb, yerinə Bəhram şahı gətirdi. Bu zaman sultan Səncər şahlar şahı, Əfqanistanın, Mavəraunnəhrin və İraqi-Əcəmin səltənətinə sahib idi. Sultan Səncərə tabe olan Adsız adında Xarəzm şahı var idi (1127-1156). Adısız müstəqil dövlət qurmaq istəyirdi. Ancaq 1138-ci ildə “Minat” bölgəsindəki savaşda Səncər Adsızı yenərək səltənətdən məhrum etdi. Daha sonra 1141-ci ildə Adsız Səncərin yanına gələrək bağış dilədi və könlü geniş olan Səncər onu bağışladı. Bu dönəmdən sonra Səncərin dövləti çökməyə başlamışdı. Qaraxətailər Səlcuqlu dövlətinə saldırmağa başlamışdılar. 1141-ci ildə Səncər Səmərqəndin yaxınlığında Buddist Qaraxətailərlə savaşa girdi və yenilərək Xorasana geri çəkildi. Moğol Qaraxətailər bütün Mavəraunnəhri işğal etdilər. Xarəzm şahı Adsız bu durumdan yararlanaraq Səlcuqluya qarşı baş qaldırdı. Mərv və Nişaburu işğal etsə də Səncərin geri dönüb saldırısı qarşısında dirənə bilməyərək bölgəni tərk etdi. Səncər iki kərə Xarəzmı quşatdı. Birinci dəfə 1144-cü və ikinci kərə də 1147-ci ildə. İkinci kərə Adsızı təkrar Səlcuqluya tabe olmağa zorladı. Ancaq 1153-cü ildə Bəlx civarında yaşayan oğuzlar Səncərə qarşı ayaqlanıb, onu əsir olaraq yaxaladılar. Sonra da Mərv, Nişabur və bütün Xorasanı yağmaladılar. Sultan Səncər 1156-cı ildə əsarətdən qurtulsa da bir il sonra 73 yaşında vəfat etdi.[13]
Sultan Səncərin dövlətini yıpradan olaylardan biri də terorist ismaililər hərəkəti idi. İsmaili fədailər Səlcuqlu dövlətinə qarşı teror əməliyatı əsdirirdilər. Bu teroristlər, hətta saraya da nüfuz edə bilmişdilər. “Sultan Səncər güclü iqtidar imkanlarına rəğmən ismaililərlə savaşmaqdan imtina etdi. Çünkü bir gün öz sarayında yuxudan oyandığında yerə sancılmış bir bıçaq gördü. Bıçağın dəstəsinə yazılmışdı ki, bu bıçağı yerə sancan ismaili onu sultanın yumşaq sinəsinə də sanca bilərdi. O gündən sonra ismaililərdən qorxaraq Həsən Səbbahçılarlarla barışcıl davranmağa başladı. Bu üzdən də onun zamanında Səbahçılar təqibə məruz qalmadılar.”[14]
Anadoluda Səlcuqlu həyatı davam edərkən İraqi-Əcəmdə və Xorasanda Səlcuqlunun yerinə Xarəzmşahlar və Qaraxətailər keçdilər.



[1] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.172-173.
[2] Faruk Sümer, Çepniler, Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul-1992.
[3] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255, 256, 157, 258, 259.
[4] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 259.
[5] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 260, 261.
[6] Xacə Nizam-ul Mülk, Siyasətnamə, hazırlayan: Abbas İqbal, s. 301.
[7] Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 656.
[8] Zəbihullah Səfa, İranda ədəbiyat tarixi, II cild, s. 173.
Səre Alpərsalan didi, ze rəf´ət rəfte bər gərdun,
Be Mərv a ta ke xak əndər səre Alpərsalan bini.
[9] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 262, 263, 264, 265, 266.
[10] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.177.
Şeir:
Rəft dər yek məh be ferdovse bərin dəsture pîr,
Şâhe borna dər pəse u rəft dər mâhe degər.
Kərd nagəh qəhre yəzdan ecze soltan aşekâr,
Qəhre yəzdan ra bebin o ezce soltâni negər.
[11] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 266.
[12] Dehxuda, Sözlük.
[13] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 270, 271, 272.
[14] Əxbar əd-Dövlət-ül Səlcuqiyə, hazırlayan İqbal lahuri, Lahur yayını, s. 181 və Şücaəddin Şəfa, Min dörd yüz il sonra, II cild, Fərzad yayınları, s.653.