10 Mayıs 2013 Cuma

Qara bayraqlılar



Əməvilərin devrilişi
Abbasilərin iqtidara gəlişi

                 Böyləcə Əməvilərdəki iqtidar iradəsi gün keçdikçə azalmaqda idi. iqtidar savaşları imperatorluğun Xorasan kimi ucqar bucaqlarında böyük üsyan üçün yeni imkanlar hazırlamaqda idi. Mərkəzdə Yəmanilərlə Muzrilər arasındakı iqtidar savaşı yeni mərhələlərinə girmiş və artıq aralarında barış və birlik sağlanması mümkünsüz olmuşdu. Altı ay xəlifə olduqdan sonra Yəzid ibni Vəlid öldü. Muzrilər yenə də Yəmaniləri aşağılayaraq xilafətə öz adamları sayılan Mərvan ibni Məhəmmədi gətirdilər. Bu hərcümərc dövləti zəiflətməkdə idi. Özəlliklə Xorasanda Əməvilərə qarşı fəaliyət göstərən Abbasilər üçün yeni imkanlar ortaya çıxırdı. Əməvi imperatorluğu mərkəzdəki iqtidar savaşı üzündən müxalif səsləri susduracaq gücünü itirmişdi. İmperatorluğunun müxtəlif yerlərində üsyanlar baş qaldırmışdı. Susdurula bilməyən üsyanlar başqa üsyançıları da həvəsləndirirdi. Əməvilərin devrilişi və tarixdən silinməsi gün keçdikçə yaxınlaşmaqda idi.
                 Əməvi dövləti bir çox qövmü içinə alan böyük imperatorluq idi. Ancaq dövlət qan bağı ilə bir-birinə bağlı sosial bir sinfin (ərəblərin) meydana gətirdiyi hakimiyət əsasında idi. Məvali, dövlət işlərinə nüfuz edə bilmədiyi kimi, iqtisadi baxımdan da vergilərin ağırlığı səbəbi ilə kötü durumda idilər və əməvilərə qarşı kin bəsləyirdilər. Əməvilərə qarşı fəaliyət məvali kütləsinin daha çox olduğu Xorasanda gücləndi. Bu durumdan istifadə edən Abbasi ailəsi, fəaliyətlərini Xorasanda artırdı. Gizlincə təşkilat qurub üsyan hazırlığına başladılar. Üsyanın fikri hazırlıqlarını Abbasilər və təşkilatçılıq fəaliyətini də məvalilər sürdürməkdə idilər. Üsyanın öndəri olan Əbumüslim Xorasani özü də bir məvali idi.[1]
İmperatorluğun ən ucqar bölgəsi olan Xorasan böyük üsyan üçün hər baxımdan hazır durumda idi. Əməvilər zəiflədikcə Abbasilərin Xorasandakı təbliğatı daha da güclənirdi. Digər tərəfdən Sasani qalıqları da Xorasanda bütünləşmişdilər. Əbumüslim Xorasani təbliğatına başladığı zaman çoxlu tərəfdar buldu. Əməvilərin zəifləməsi Ərəblərə qarşı üsyan duyqusunu gücləndirmişdi. Əməvilər tərəfindən aşağılanan Sasani qalıqları ilə yeni dövlət qurma xəyalında olan Abbasilər birləşmişdilər. Əməvilərin Xorasan valisi yazdığı bir məktubla Xorasandakı təhlükə ilə bağlı mərkəzi uyarsa da, mərkəz özünü toparlaya bilmədi və böyük üsyan Əbumüslim Xorasaninin başçılığı və Abbasilərin planlamaları ilə ortaya çıxdı.[2]

Qara bayraqlılar

         Əbumüslim Xorasaninin bayrağı qara rəngdə idi. Əməvilərin irqçiliyi məvalilərin səbrini daşırmışdı. Əməvi mərkəzindəki iqtidar savaşları da qiyama həvəslənənlərin sayını artırmışdı. Bu durumu görən Abbas oğulları Xorasanda Əməvilərə qarşı birikən nifrət duyqusundan yararlanaraq üsyançıları Əməviləri devirməyə təhrik etdilər.[3] Deyirlər Abbas oğullarından İbrahim, Əbumüslimi Xorasana təbliğat üçün göndərdiyində ona dedi ki, ərəbcə danışan kimi görsəniz öldürün və Muzri ərəblərdən kimsə diri qalmasın.[4] Əbumüslimin məzhəbi kimliyi tam olaraq bəlli olmasa da, o dönəmi incələyən bir çox araşdırmaçılar onun Əli soyuna meylli olduğunu yazmaqdadırlar. Ancaq onun bəzi tətbiqatı bu görüşü rədd etməkdədir. Çünkü şiə olduğu söylənən Əbusəlmənin öldürülməsinə razılıq vermişdi. Bu da onun şiə təmayüllü olduğu təsəvvürü zəiflətməkdədir. Əcəba, Əbumüslim Sasani inanclımı idi? Bu haqda düşünməyə dəyər. Onun soyu haqqında fərqli görüşlər var. Onu Kürd, Ərəb və Pers olaraq bilənlər də var. Əbümüslimin adını Behzad və atasının adını Vəndidad Hörmüz olaraq yazmışlar. O zaman Xorasanda İslamlaşma sürəci tam olaraq bitmədiyindən və müsəlman olmayan topluluqlar da bulunduğundan onun müsəlman olmadığı da təsəvvürllər arasındadır. Əbumüslim öldürüldükdən sonra onun intiqamını almaq üçün savaşa davam edən İshaq Türkün Türk olması səbəbi ilə onu Türk bilənlər də var. Çünkü Davamçısı Türk olmuşdur. Səfəvillər zamanında Əməvilərə qarşı savaşan tarixi şəxsiyətlər daha da abartıldı. Bu üzdən Əbumüslümnamələr adında dastanlar yazıldı. Səfəvi zamanında yazıılan Əbumüslimnamələrdə onun soyunu Əbutaliboğlu Əli ilə bağlamışlar. Ancaq Əbumüslimin gerçək soy kimliyi haqqında ortaq bir fikir mövcud deyildir.
Onun Kufədə qüllati-şiə (aşırı şiə) inanışı ilə tanış olduğunu bildirirlər. Səfəvilər zamanında yazılan Əbumüslimnamələrdə onun haqqında çox əfsanələr uyudurmuşlar. 124-cü ildə (h. q) (742-ci il) İbrahim Abbasi ilə tanış olur. Bu zaman İbrahimin başında xəlifə olma xəyalları var idi. İbrahim onunla sıx əlaqə saxladı və Abbasiləri təbliğ etmək üçün onu Xorasana göndərdi. Bu zaman onun 19 yaşının olduğu söylənməkdədir. [5] Xorasanda daha öncədən də İbrahim Abbasinin tərəfdarları əhalini Əməvilərə qarşı hazır duruma gətirmişdilər. Mərvanilərin təqib və işkəncələri də bu təbliğatın qarşısını ala bilmirdi. Qısa sürədə bütün Xorasanda Abbas oğullarının tərəfdarı artmışdı. Böylə bir durumda Əbumüslim kimi cəsur biri Xorasanda birikmiş olan əməvi qarşıtı güclərə rəhbərlik etməyə başladı.[6] Əbumüslim heç bir imamın və Abbas oğullarının adını çəkmədən hər kəsi Haşim oğullarının ətrafında birləşməyə dəvət etdi.[7] Əbumüslim özü haqqında saxta bir soyağacı düzəldərək kökünü Abbasillərə bağlamışdı. Daha sonra Mənsur tərəfindən öldürülməsinin də səbəbi bu idi. Böyük olasılıqla o, bu yolla özü xəlifə olmaq xəyalında imiş.
Xorasanda çox dərin kök salmış olan Əməvi düşmənliyi hər tür qiyama uyqun idi. Əbumüslim kimi cəsur biri bu dağınıq Əməvi qarşıtlığını öz rəhbərliyi altında bütünləşdirə bildi. Bu qiyama daha çox məvalilər qatıldı. “Əbumüslim tərəfdarlarından qara geynmələrini istədi. Xorasan şəhərlərinə məktub göndərərk Əməvilərin yaşıl rənginə qarşı qara geyinmələrini istədi. Mədaini yazır ki, Zeydin və onun oğlu Yəhyanın yası üçün Əbumüslim qara geyinməyi istəmişdi. Qara geyinib və qara bayraq qaldırılmasına əmr verdi,”[8] Qara geyimli və qara bayraqlılar Əbumüslimin rəhbərliyi ilə ərəbləri yenərək Mərvi ələ keçirdilər. Qara geyimlilərin bir qismi ata, bir qismi də eşşəyə minmişdilər. Eşşəklərinin üzərində oturmuş və eşşəklərə “Mərvan” deyə bağırırdılar.[9]  Dəmişqdə Xəlifə olan Mərvan ibni Məhəmmədin ləqəbi “himar” (eşşək) idi. Daha sonra qara geyimlilər İraqa yola düşdülər və Mərvanilər dirənsələr də, yenildilər və Kufə Əbumüslimin kontroluna keçdi. İlk Abbasi xəlifəsi Əbulabbas ibni Səffah bu şəkildə iqtidara gəldi. Mərvan ordusunu toparlayıb Mosul yaxınlığında Zab adlı bir yerdə qarageyimlilərlə qarşılaşdı. Ordusu yox edildi, özü də fərar etdi. Bu savaşda Mərvanın 100 min əsgərinin iştirak etdiyini yazırlar. Ancaq onlarda da Əməvi xəlifəsinə güvən qalmadığından mütəşəkkil olaraq savaşa bilmirdilər. “Mərvan fərar edərkən Mosullular onun önünü kəsdilər ki, qaça bilməsin.”[10] Mərvan Dəmişqə qaçmağı başardı. Oradan da Misirə qaçdı və orada öldü. Bununla da Əməvilərin Şərqdəki iqtidarına son verildi. 132-ci ildə (750) Əməvilərin siyasi həyatına son verildi. Əməvi xanidanını tarixdən sildilər, ölülərinin bilə məzarlarını eşələyib yox etdilər. Əməviləri dəstəkləyən kimi gördülərsə, öldürdülər. Əməvi soyundan bir tək Abdulrəhman adında kişi canını qurtara bildi. Dəniz yolu ilə Batıya doğru qaçdı və İspaniyada Əməvi dövlətini qurdu. “Səffah Əməvilərdən kim vardısa saraya dəvət etdi. Onlara öyüd verərək barış təklif edəcəyini duyurdu. Əməvilərdən sadə insanlar da buna inanaraq yeni xəlifənin yanına getdilər. Onlar yerlərində oturduqdan sonra hədiyələri paylama sırası gəlmişdi. Daha öncədən hazırlanan plan üzərinə silahlı əsgərlər içəri girdilər. 75 kişini bir yerdə qətl etdilər. Daha sonra bir qismi ölmüş və bir qismi yaralı olaraq sızlayan cəsədlərin üzərində süfrə açıb yemək yedilər. Sonunda da cəsədi və yaralıları bir xəndəyə ataraq sahibsiz köpəklərə yem etdilər.”[11] Kufədə Abbasi xilafəti qurulurkən Əbumüslim Xorasanda idi.
        Xorasanda Behafərid adında bir qiyamçı ortaya çıxmışdı. Onun da başqa iddiaları var idi. İslamla məcusiliyi bir-birinə qarışıdırb yeni inanc yaratmışdı. Əbumüslimi də qəbul etmirdi. Əbumüslim onun yaxalanması üçün bir ordu göndərdi. Behafəridi Badğis dağlarında yaxalayıb Əbumüslimin yanına gətirdilər. Əbumüslim onu və bütün soyunu qətl etdi.[12] “Miləl və nəhl”in yazarları behafəridiyəni dörd məcusi firqlərindən biri olaraq saymaqdadırlar. Dörd məcusi firqələri bunlardır: Zirvaniyə, məsxiyə, xürrəmdiniyə, behafəridiyə. Bu yazarların fikrinə görə, behafəridiyə məcusi sayılsa da, onlardan cəziyə* alınmırmış.[13] Çünkü onların dini İslamdan sonra ortaya çıxan bidət idi.
Əməvi xilafətinin devrilişi və Abbasi xilafətinin qurulmasından sonra ilk Abbasi xəlifəsi olan Səffah idi. Bu arada Hz. Əli soyundan olan və bu soyun tərəfdarları da xilafət iddiasında idilər. “Səffah, xilafətin kəndi haqları olduğunu iddia edərək Əli oğulları və tərəfdarlarının iqtidar tələblərini rədd etmişti.”[14] Səffahın fikirlərini daha sonra ikinci Abbasi xəlifəsi olan Əbucəfər Mənsur da dilə gətirmişdi: “Hz. Fatimənin soyundan olanların miras haqqına sahib olamayacaqlarını iddia etmişti.”[15] Abbasilər ərəb törəsində yayqın olan soyun qız tərəfindən yürüməyəcəyini önə çıxarmışdılar. Onlar Hz. Fatimənin çocuqları, biz isə, Hz. Peyqəmbərin əmisinin oğullarıyıq. Ayrıca, Abbasilər iddia edirdilər ki, Əbutalib müsəlman olmadan kafir olaraq ölmüş və kafirdən soy sürməz. Peyqəmbərin əmisi Abbas isə, İslamı qəbul etdikdən sonra ölmüşdü.
İslam imperatorluğunda əməvilərin yerinə Abbasilərin keçməsi, yalnız bəsit bir hökümət və xanidan dəyişməsi olmayıb İslam tarixində bir dönüm nöqtəsidir... Əməvi xəlifələrinə ismləri ilə xitab edilir və yanlarına varılırkən, xəlifənin özü ilə görüşmək mümkün olurdu. Abbasilər bir saray hiyerarşisinin təşrifatı və dəbdəbəsiylə ortaya çıxdılar. Onlara ancaq mabeynlər (ortada duran birisi ilə) aracılığı ilə yaxınlaşılırdı... Ərəb və məvali arasındakı fərq ortadan qalxdı. Hətta məvali, ərəblərə qarşı üstünlük də qazandı. Doğu əyalətlərinin xalqı, özəlliklə xorasanlılar Abbasilərin zəfər qazanmasında böyük rol oynamaqla dövlətin idari məqamlarını paylaşdılar. Dövlətin idari və əsgəri kadrlarının böyük bir qismi ərəb olmayan ünsürün əlinə keçdi. Xəlifələrin meydana gətirdikləri və mərkəzə yerləşdirdikləri ücrətli mühafiz birlikləri daha çox ərəb olmayanlardan meydana gəlirdi.[16] “Abbasilərin iş başına gəlməsi ilə sasani sayağı dövlət quruldu. Öylə ki, Abbasilərə Xorasan əcəmlərinin dövləti deyirdilər. Dövlətin dini məcusi olmasa da, əslində bir tür Sasaniliyin yenidən dirilişi idi. Abbasilər əcəm imperatorluğu idi.”[17]  
Səffahın qardaşı Əbucəfər Mənsur Əbumüslimin şöhrətinin və iqtidarının artmasından çox əndişələnirdi. Bu üzdən də onu diqqətindən yayındırmırdı. Qardaşı Səffahı Əbumüslimi öldürməyə təhrik edirdi. Səffah Mənsuru Xorasana göndərdi ki, ələvilərlə işbirliyi etməklə suçlanan Əbusəlmə Xilalı öldürmək üçün Əbumüslimi razı etsin. “Bu zaman Xorasanın ünlü adamlarından biri olan Süleyman ibni Kəsir idi.”[18] Onun haqqında Əbumüslimə pis sözlər söyləmişdilər. Əbumüslim əmr verdi ki, onu Mənsurun bulunduğu məclisdə öldürdülər və Mənsur onun bu güstaxlığından çox rahatsız oldu. “Səffahın yanına geri döndü. Əbumüslimə qarşı olan kinini unutmadı. Əbumüslim bizim də sonumuzu gətirə bilər deyə düşündü. Səffaha fikirlərini açıqladı və dedi ki, Əbumüslimi çağırıb burada öldürməzsən daha sonra gec ola bilər. Ancaq Səffah onu dinləmədi.”[19] Səffahın ölümü ilə Mənsur daha da qorxmağa başladı. Səffah öldükdən sonra əmisi Abdulla ibni Əli xilafət iddiasında bulundu. Bir qism əhali də onu dəstəklədi. Əbumüslim Mənsuru dəstəkləyərək Abdulla ilə savaşdı. Ancaq Abdulla yenilib fərar etdikdən sonra Əbumüslim onu təqib etmədi. Mənsur bu savaşda Abdulladan alınıb Əbumüslimin yanında saxlanan qənimətlərin miqdarını bilmək üçün mühasiblər göndərdi. Əbumüslim sinirlənərək məmurların üstünə bağırdı ki, “Mən müsəlmanların qanını qurumaqda güvənilirəm də, onların malını qorumaqda güvənilir deyiləmmi?” Daha sonra Mənsura sərt söyüşlər söylədi. Mənsur bu xəbəri duyduğunda ona qarşı daha da kin bəslədi. O, Əbumüslimdən qorxurdu. Onun iqtidarının Xorasanda artmasını yeni Abbasi xilafəti üçün təhdid olaraq görürdü. Ərəblər də Əbumüslimdən xoşlanmırdılar. Onlar da Mənsura Əbumüslimi ortadan qaldırmağı təklif edirdilər. Yazırlar ki, “Bir gün Mənsur Müslim ibni Qüteybəyə dedi: Əbumüslim haqqında nə düşünürsən? O da cavab olaraq Ənbiya surəsinin 21-ci ayətini oxuyaraq dedi: “Allah iki olsaydı, hər ikisi də fəsada uğrardı” Mənsur ona dedi ki, bu sözü qulağımın sırığası edəcəyəm.”[20] Mənsur Əbumüslimi ortadan qaldırmaq üçün bir tuzaq qurdu. Böyük vədlərlə onu yanına dəvət etdi. “Əbumüslim Mənsurun yanına getdikdən sonra ona təzim etdi. Mənsur ona çox hörmətlə davrandı. Ona dedi ki, bu gün get istirahət et, yarın görüşüb danışarıq. Bir sonrakı gün Mənsur bir neçə silahlını öz sarayında gizlin saxladı. Onlara dedi ki, mən əllərimi bir-birinə çaldığımda siz gəlib Əbumüslimi öldürəcəksiniz. Əbumüslim gəldiyində Mənsur yenə də onu gülər üzlə qarşıladı. Ona dedi ki, Abdullanın ordusundan aldığın qılıc hardadır? Əbumüslim üzərindəki qılıcı qınından çıxararaq xəlifə mənsura göstərib “budur” dedi. Xəlifə qılıcı alıb namaz qılınan yerə qoydu. Daha sonra Əbumüslimin günahlarını bir-bir üzünə saymağa başladı. Xəlifənin söylədikləri qarşısında Əbumüslim üzr istəyir və etdiyi işlərin səbəblərini deyirdi. Sonunda Əbumüslim ona dedi ki, ya əmirəlmöminin mənim kimi birisi ilə böylə danışa bilməzsiniz, çünkü sizin dövlətinizi quran mənim bu əllərim olmuşdur. Mənsur sinirlənib onu söyməyə başladı. Əbumüslimə dedi ki, sənin etdiklərini qara bir kəniz də edə bilərdi. Əbumüslim ona dedi: bu sözləri burax ki, mən Tanrıdan başqa kimsədən qorxmaram. Mənsur əllərini bir-birinə çaldı. Sarayda gizlənmiş olan silahlı əsgərlər gəlib Əbumüslimi öldürdüllər.”[21] Əməvilərin həyatına son verib Abbasiləri quran Əbumüslimin sonu böylə oldu. Onun haqqında çox sözlər yazmışlar. “Düşmənlə savaşında çox amansız idi. Özünün söylədiyinə görə, yüz min nəfərdən artıq adam öldürmüşdü.”[22] Abbasi dövləti isə, Sasani yönümlü dövlət olaraq quruldu. “Abbasilər ərəb qanı daşıyan Sasanilər idi.”[23] Abbasi dövlətinin qurulması ilə Sasani qalıqlarının önü açılacaqdı.
Əbumüslimin ölümündən sonra onun tərəfdarları intiqam almaq üçün üsyan etdilər. Bunlardan ən önəmlisi İshaq Türk olmuşdur. İshaqın adının sonundakı “Türk” sözündən də bəlli olduğu kimi böyük olasılıqla onun Türk olması gərəkir. Ancaq Əbumüslimin onu görəvləndirib türküstana, türklərin arasına göndərdiyi üçün ona İshaq Türk deyildiyi də söylənməkdədir. Əbumüslimin ölümündən sonra Xorasan mərkəzli bir çox qiyamlar oldu. Çoxunun da amacı Əbumüslimin intiqamını almaq üçün idi. Ravəndilər, Sünbad kimi qiyamçılar eyni zamanda əski Sasani-Məcusi inancının dirilişi yolunda ayaqlanmışdılar. Bunlardan ən önəmlisi İshaq Türk qiyamı olmuşdur. İshaq Türkün özünü Əbumüslim Xorasaninin varisi sayması və onun intiqamını almaq üçün qiyam etməsi Əbumüslim Xorasıninin Türk olma ehtimalını da ortaya qoymaqdadır. Fars tarixçilər İshaq Türkün türk olmadığını iddia edirlər. “İshaq Türkün kim olduğu bəlli deyildir. Bəzi söyləntilərə görə, Zeyd ibni Əlinin soyundan olmuş. Bir başqa söyləntiyə görə, Mavəraunnəhrin sadə bir insanı imiş. Onun kimliyinin anlaşılmaz qalmasının səbəbi o olmuşdur ki, hər firqə ilə onların dilində danışırmış. Hər halda İshaq Türk Əbumüslimin tərəfdarlarından olmuşdur.”[24] Şüubiyənin güvənilməz olan Əlfihristi isə İshaq Türk haqqında fərqli məlumat verməkdədir: “Əbumüslim onu Türküstan işləri ilə görəvləndirdiyindən ona İshaq Türk deyilirdi.”[25] Əbumüslim öldükdən sonra tərəfdarları müxtəlif yerlərə səpələndilər. İshaq Türk də Türküstana gedib orada dəvətdə bulunaraq tərəfdar topladı.[26] İshaq Türk soy olaraq türk olmasaydı, Türküstanda Türkçədən başqa dil bilməyən əhali arasında necə tərəfdar toplaya bilərdi?
Əbumüslim daha sonrakı fars şüubi hərəkətinin ilham qaynağı olmuşdur.[27]Əbumüslim Xorasaninin Türküstanla sıx əlaqəsi olmuşdur. “Əməvilərin qanlı bir devrilişlə siyasi həyatlarının son bulması iqtidar boşluğu yaratdı. Bölgə türk bəylərinin bir-birinə qarşı savaşmaları nəticəsində türklərin Çinə qarşı dirənməsində axsaqlıq ortaya çıxdı. Çin iç Asiyaya doğru irəliləmək istədi. Bu da Talas savaşının doğmasına səbəb olmuşdur. Fərqanə Türk bəyi ilə müsəlman ərəblərin Şaş dedikləri Daşkənd türk bəyi və bir Göytürk aristokratı olan Baqratur Tudun´un münasibətləri yaxşı idi. Bundan qorxan Fərqanə bəyi Çinin Tanq xanidanından yardım istəmişdi. Türk bəylikləri üzərində iqtidar qurmaq və ərəb təhdidini ortadan qaldırmaq istəyən Çin bu fürsəti qaçırmaq istəmədi. Göytürklərin bir davamı kimi görünən Daşkənd bəyliyini də Çin bu yolla ortadan qaldırmaq istədi. Çin böyük bir qüvvətlə Baqatur Tudunun üzərinə yürüdü. Daşkənd bəyliyinə ağır zərbə vurdur və Baqatur Tudunun başını kəsib Çinə göndərdi. Baqatur Tudunun oğlu atasının intiqamını almaq istədi. Onlar bir tərəfdən Qarluqları yardıma çağırırkən, digər tərəfdən də Əməviləri devirib Abbasiləri iqtidara gətirən Əbumüslim Xorasaniyə uğrayıb ondan Çinin önünü kəsməsini istədilər. Əbumüslim 20 min əsgər Çin basqınına qarşı göndərdi. Əbumüslimin göndərdiyi ordu ilə Türklər bir yerdə Çinə qarşı Talas adlı bir yerdə savaşa başlayırılar.”[28] Bu savaş Türk tarixinin bir dönüm nöqtəsini təşkil etdi. Talas savaşındakı çinlilərin yenilgəsindən sonra türklərin toplu şəkildə İslamiyətə keçişi sağlanmışdır. “Talas savaşının İslam dünyası üçün mədəni gətirisi də olmuşdur. Savaşda 10 min Çin əsgəri əsir alındı. Bu əsirlərin içində uyqur türkləri də var idi. Əsirlər Səmərqəndə daşınırlar. Əsirlərin arasında “kağız” və “qılıc” ustaları uyqurlar da var idi. Müsəlman ərəblər uyqur və çinli əsirlərdən kağızın necə düzəldildiyini öyrəndilər.”[29] Çinlilər kağızı ipəkdən, uyqurlar isə, pambıqdan və kətandan düzəldirdilər.[30] Bəzi araşdırmaçılara görə, “kağız” sözü çincədən deyil, uyqurcadan farsca və ərəbcəyə keçmişdir. Sözün kökü uyqur türkçəsində “ağac qabığı” anlamına gələn “kağaş” sözündən gəlməkdədir. Səmərqənddə istehsal edilən bu kağızlar İslam dünyasında çox məşhur olmuşdur.[31] Talas savaşında bir Çin rahib də əsirlər arasında olmuşdur. Ta Huan məcburi olaraq 12 il Türküstanda yaşadıqdan sonra öz ölkəsinə geri dönmüşdü. Geri döndükdən sonra “Çing Hısinq Çi” adında bir səyahətnamə yazmışdı. Bu səyahətnamədə o dönəm və İslam haqqında bilgi verilmişdir.[32]
Kufə Abbasilərin mərkəzi olaraq seçildikdən sonra Dəmişq öz önəmi itirməyə başlamışdı. Ancaq Kufə əskidən bəri Əli tərəfdarlarının əksəriyətdə olduğu şəhər idi. Başlanqıcda onların dəstəyini qazanan Abbasilər, iqtidarı ələ keçirdiklərindən sonra tutumlarını dəyişdiklərindən Kufə əmin bir yer olmaqdan çıxdı. Bu səbəbdən də Mənsur xilafət mərkəzini daha əmin bir yerə keçirmək üçün hərəkətə keçdi. Nəticədə bu günkü Bağdad meydana çıxdı.[33] Abbasi xilafəti əsasən farsların iradəsi ilə qurulmuşdu. İraq əski Sasani ərazisi olduğundan Abbasilər üçün daha əlverişli idi. Çünkü Abbasilər Farsların daha çox olduğu yerdə öz güvənliklərini bərqərar edə bilərdilər. Dəmişqin ərəbləri hələ də Abbasiləri qəbul edə bilmirdilər. Abbasilər özləri üçün yeni bir başkənd təsis etmək istədilər. Əski Sasani kəndi olan Bağdadda böyük bəsatlarını qurmağa başladılar. Əbucəfər Mənsur 766-cı ildə Bağdadın başkənd olma təməlini atdı. Harun-ul Rəşid zamanında Bağdad daha da böyüyüb möhtəşəm şəhərə dönüşdü.  Bağdad şəhərinin memarlığını Sasani-fars mühəndisləri öz üzərlərinə götürmüşdü. Bağdad tam olaraq Sasani şəhər memarisi əsasında təsis edildi. Çünkü ərəblərin şəhər həyatı təcrübələri yox idi və şəhər təsis edəcək memarlıq şüurundən məhrum idilər. Abbasi dövlətini təsis edən farslar İslam bayrağı altında əski kimliklərini fərqli şəkildə icad etməkdə idilər.



[1] Hakkı Dursun Yıldız, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, 4. baskı, İstanbul-2011, s. 88.
[2] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 89- 90.
[3] Uyun-ul əxbar (عیون  الاخبار), 1-ci cild, s. 204.
[4] İbni Əbilhədid, (بن ابی الحدید)1-ci cild, s. 309.
[5] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 112.
[6] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 113.
[7] İbni-Xəlkan (ابن خلکان), 1-ci cild, s. 104.
[8] Tarixi-bələmi (تاریخ بلعمی), əlyazısı.
[9] Əxbar-ul təval (اخیار الطوال), s. 307.
[10] Təcarüb-ul sələf (تجارب السلف), s. 91.
[11] Əxbar-ul dovəl, Bulaq nəşri, s. 1290, اخبار الدول، چاپ بولاق، ص 1290.
[12] Əbureyhan Biruni, Asar-ul baqiyyə (آثار الباقیه), s. 211.
* Cəziyə- müsəlman olmayanların ödədiklləri cəza idi.
[13] Əlfərq beyn-ül ferəq (الفرق بین الفرق), s. 215 (Firqələr arası fərq).
[14] Taberî, Tarîh, c. VII, s. 425-428.  
[15] Taberî, Tarîh, VII, 568  
[16] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul-2011, 4-cü baskı, s. 89.
[17] Mim Tahir, Əxlaq və ədyani-tövhidi, Arəş nəşriyatı, 1388 (h.ş) -Almaniya, s. 242.
[18] Məcməl-ül təvarix (  مجمل التواریخ), s. 323.
[19] Məcməl-ül təvarix (مجمل التواریخ), s. 323.
[20] İbni-Xəlkan (بن خلکان) 2-ci cild, s. 329, Misir çapı.
[21] Təcarüb-ül sələf (تجارب السلف), s. 114.
[22] Brown, ”Tarixe ədəbiye İran” (İran ədəbi tarixi), Farscaya çevirən Əlipaşa Saleh, s. 358.
[23] Darmesteter, coup D´oeil. P. 34.
[24] Zərrinkub, İki əsr sükut (Do qərn sokut), s. 147.
[25] Əlfihrist, s. 483.
[26] Zərrinkub, İki əsr sükut, s. 147.
[27] Zərrinkub, İki əsr sükut, s. 124.
[28] Zekeriya Kitapçı, Doğu Türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 36,37,38.
[29] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 39.
[30] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 39.
[31] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 40.
[32] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 40.
[33] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul-2011, 4-cü baskı, s. 95.

6 Mayıs 2013 Pazartesi

Əfşinin öldürülməsi



Əfşinin öldürülməsi

Xəlifə Məmunun dövlət idarəsində fars ünsürünün basqısını azaltmaq istəyirdi. Bu məqsədlə kəndisinin dayana biləcəyi bir qüvvət təşkil etmək üçün türklərdən oluşan əsgəri birliklər meydana gətirdi.[1]
Abbasi tarixində “Samirə devri” (836-892) deyə bilinən yarım əsrlik bir devrdə türklər yalnız əsgəri sahələrdə deyil, siyasi və idari sahələrdə də bu dövlətin qədərinə hakim olmuşdular. Bu səfər xəlifələr, kəndilərinin dayana biləcəkləri bir qüvvət olaraq təşkil etdikləri türk birlikləri ilə mücadiləyə girişdilər... Xəlifələr ilə türk komutanları arasındakı siyasi iqtidar mücadilələri ümumiyətlə qanlı şəkildə davam edirdi. Bir tərəfdən xəlifələr, digər tərəfdən türk komutanları həyatlarını bu qanlı savaşda itirirdi. Samirə devri boyunca davam edən bu mücadilələr sonunda xəlifələr siyasi və əsgəri qüdrətlərini, türk birlikləri də sayıca üstünlüklərini və buna bağlı olaraq qüvvət və nüfuzlarını itirmişdilər... Abbasi imperatorluğunda türk nüfuz və basqısı getdikcə ağırlığını artırırdı. Xüsusən Babək Xürrəmdin üsyanının basdırılmasında türklərin göstərdikləri başarı, onların qüvvət və qüdrətlərini daha da artırmışdı. Türklərin artan bu gücləri və nüfuzları ilə xilafət qorxmağa başlamış və bir şəkildə türklərin önünü kəsmək istəmişdi... Türklərə qarşı cəbhə açan qrup, hədəf olaraq Mötəsəmi seçdilər. Öncə türklərə bu qədər haq və yetki verən xəlifənin ortadan qaldırılması gərəkirdi. Təsbit edilən plan gərəyincə, Məmunun oğlu Abbasın tərəfdarları Əfşin, Aşnas və digər komutanların cinahına yerləşdiriləcək və Abbasın verəcəyi bir işarətlə hərəkətə keçəcəkdilər.... Amorion səfəri əsnasında Əfşinin bir qism qüvvətlə Malatiya tərəfindən Bizans ölkəsinə girişini fürsət bilən üsyanın başçısı olan Uceyf ibni Abbasə və digərləri, Abbasa səfər sırasında Mötəsəmi öldürməyi təklif etdilər. Ancaq gəncliyini savaşlarda keçirmiş olan Abbas bu təklifi kəsinliklə rədd etdi.  Amorionun fəthinin arxasınca əldə edilən qənimətlərin aslan payının türklərə verilməsi, qarşı qrupun qısqanclığını daha da qamçıladı. Bir an öncə hərəkətə keçmək üçün Abbası sıxışdırmağa başladılar. Abbas bu təklifi də, dönüşdə Toros keçidlərində daha qolay olar düşüncəsi ilə rədd etdi. Abbasın passiv tutumu üzərinə Uceyf ibni Abbasə, qənimətin dağıdılması sırasında qarışılıqlara səbəb oldu. Ancaq xəlifənin öz girişimi ilə bu plan da baş tutmadı.[2] Aşnas etirazçı qrupun başçısından şübhələnməyə başladı. Araşdırma nəticəsində onların planları aşkar oldu. Abbas daxil olmaq üzərə bütün tərtibatçılar tutuqlandılar. Abbasın etirafı üzərinə Mötəsəm onların cəzalandırılmalarını istədi. Abbas Əfşinə, Uceyf Inağa və Əhməd ibni Xəlil də Aşnasa təslim edildi. Hər üçü də qorxunc biçimdə öldürüldüllər.[3]   
Mötəsəmin xilafətinin son illərində baş verən olaylar Əfşinin bərtərəf edilməsi üçün şərait yaratdı. Uşrusana hökmdar ailəsinə mənsub olan Heydər ibni Kavus, qaynaqlarda, bu bölgənin hökmdarlarına verilən “əl-Əfşin” ünvanı ilə keçməkdədir. Ərəb olmadığı kəsin olan Əfşinin fars olduğuna dair tək və zəif dəlil ata adının Kavus olmasıdır. Ancaq onun atasının, fars hökmdar ailələrində sıx rastlanan böylə bir adı daşıması, fars kültürünün təsiri altında bulunan bir bölgədə təbii qarşılanmalıdır. Əfşin və atası müsəlman olmadan öncə məcusi idilər. Bu devirdə türklərin daxil olduqları cəmiyətin təsiri altında qalaraq türkçə adlar yerinə farsca və ərəbcə adlar qullandıqları sıx görülməkdədir. Üstəlik Əfşin, atasının farsca ad daşımasına rəğmən, kəndisi də ərəbcə Heydər adını almışdır. Böyük olasılıqla Heydər adını müsəlman olduqdan sonra almışdır.[4] Əfşinin türklüyünü təyid edən bir bəlgəyə də Yaqubidə rastlanmaqdayıq.[5] Daha öncə Tahirilərin şüubi cərəyan olduqlarını söyləmişdik.
Əfşinin durumunun sarsılmasında rol oynayanların başında Xorasan valisi Abdullah ibni Tahir gəlməkdədir. Məmunun xilafətində, atası Tahirin nüfuzundan istifadə edərək bəzi başarılarla da durumunu qüvvətləndirən Abdullah ibni Tahir, Əfşinin qazandığı başarılar və Xorasanı ələ keçirmək üçün gizlincə girişmiş olduğu fəaliyətlər səbəbi ilə ona qarşı cəbhə açmışdı. Qaynaqların bəlli etdiyinə görə, bu iki şəxsiyət arasındakı rəqabət, Əfşinin Babək üsyanını basdırmaqla məşğul bulunduğu zaman ortaya çıxmışdı: Əfşin Babəklə savaşırkən çevrə bəylərdən gələn hədiyələrlə ələ keçirdiyi qənimətləri xəlifəyə deyil, Uşrusanaya göndərirdi. Əfşinin qənimətlərini Uşrusanaya aparanlar Abdullah ibni Tahirin vilayəti olan Xorasandan keçmək zorunda idilər. Bu durumun təkrar etməsi üzərinə fürsəti qaçırmaq istəməyən Abdullah ibni Tahir, vəziyəti xəlifə Mötəsəmə bildirdi. Xəlifə, ibni tahirdən göndərilən paraların miqdarının kəndisinə bildirilməsini istədi. Böyləcə xəlifənin də dəstəyini qazanan ibni Tahir, Əfşinin adamlarından aparmaqda olduqları paraları alaraq Samirəyə göndərdi. Bu hadisə, Əfşin ilə ibni Tahirin arasında içdən içə davam etməkdə olan rəqabət və kinin ortaya çıxmasına və bu iki komutanın arasında amansız bir mücadilənin başlamasına səbəb oldu...[6]
Babək üsyanının basdırılmasından sonra imperatorluq daxilində şöhrət və etibarını qüvvətləndirən Əfşinin, bu nüfuzundan istifadə edərək o zaman Abbasi imperatorluğunun gərək mali və gərəksə siyasi qüdrət baxımından ən önəmli vilayətləri arasında yer alan Xorasanı ələ keçirmək üçün çalışdığı, bunu anlayan ibni Tahirin də qarşılıqlı hərəkətə keçərək xəlifə nəzdində Əfşinin etibarını sarsmaq və böyləcə ən böyük rəqibini bərtərəf etmək üçün kiçik fürsətlərədn bilə istifadə etdiyi bu cümlədən olaraq Maziyar ibni Karinin üsyanında Əfşinin rolu olduğuna dair xəlifəyə verdiyi məlumatın da bu ünlü komutanın düşüşündə önəmli rol oynadığı qaynaqlarda dilə gətirilmişdir.[7] İbni Tahirin fəaliyətləri yanında mərkəzdə də Əfşinin əleyhinə bəzi hadisələrin cərəyan etdiyi diqqət çəkməkdədir. Mərkəzdə Əfşin əleyhdarı qrubun başında xəlifə Mötəsəm üzərində olduqca nüfuzu olan baş yarqıc Əhməd ibni Əbu Duad bulunmaqda idi. Qaynaqların verdiyi bilgiyə görə, Əhməd ibni Əbu Duad mücadiləsi, iki kişinin şəxsi mənfət və siyasi çəkişmənin nəticəsində deyil, Məmun zamanında başlayan və Mötəsəmin xəlifə olması ilə kəndisini hiss etdirən dövlət idarəsində türk nüfuzunu qırmaq üçün ərəb partiyasının girişdiyi müqabil hərəkətdən irəli gəldiyi açıqca görülməkdədir.[8] Əfşinin süqutunu hazırlayan səbəblərin birisi də, Babək üsyanının qaldırılmasından sonra Samirəyə dönən Əfşinin Azərbaycanda vəkil olaraq buraxdığı əqrəbası Məngü-Çurun üsyan etməsi və rəqiblərinin bunu xəlifə nəzdində istismar cəhdinə girişmələridir.[9] Bütün bunlara rəğmən Əfşinin bərtərəf edilməsi ordu içindəki kumanda heyətini əldə etməklə mümkün ola bilərdi. Sanki baş komutanlıq mövqeyində bulunan Əfşinin hər hansi bir şəkildə ortadan qaldırılması ordu içində qarışıqlığa səbəb ola bilərdi. Bu baxımdan Aşnas, Boğa əl-Kəbir və İnaq kimi türk kökənli kumandanları Əfşinə qarşı gətirmək gərəkirdi. Əfşinin böyük etibarını qısqandırmaq surətiylə, onları, ibni Tahirin şikayət və iftiralarına inandırmaq olardı. Buna əmin olduqdan sonra Əfşinə qarşı hərəkətə keçildiyi anlaşılmaqdadır.  
Qaynaqlar Əfşinin tutuqlanma səbəbini bir suiqəsd təşəbbüsü olaraq göstərməkdədirlər.[10] Təbəri və ondan nəql etdikləri anlaşılan digər mənbələr bu xüsusda bu bilgini verməkdədirlər: Son zamanlarda Mötəsəmin kəndisinə qarşı tutumunun dəyişdiyini və əleyhində bəzi fitnələrin döndüyünü fərq edən Əfşin, xəlifə və ordu komutanlarının məşğul olduğu bir sırada Mosula və oradan da valisi olduğu Erməniyyəyə və Azərbaycan yoluyla xəzərlər ölkəsinə qaçmağı planladısa da, bunu kəndi güvənliyi baxımından təhlükəli bulduğu üçün tətbiq etməkdən çəkindi. Başqa bir planla xəlifə və digər dövlət ərkanına sarayında bir ziyafət verməyi və gələnləri zəhərləmək istəmişdi. Xəlifə gəlmədiyi təqdirdə komutanları zəhərləməyi düşünmüşdü. Bu plan başarı ilə tətbiq edilsə idi, kəndisini təqib edəcək qüvvət qalmadığı üçün rahatca məmləkəti Uşrusanaya qaça biləcəkdi. Ancaq bu planını da bir türlü tətbiq edə bilməmişdi. Nəhayət adamlarından birisi, Əfşindən qorxduğu üçün durumdan xəlifə Mötəsəmi xəbərdar etdi. Bunun üzərinə Əfşin xəlifə sarayına dəvət edilərək tutuqlandı.[11]
Əfşinin məhkəməsini yürüdən heyətin başında vəzir Məhəmməd ibni Abdulməlik əl-Zəyyat dururdu. Məhkəmədə ilk şahidliyi soğdlu iki kişi yaparaq, bir bütxanəni cami etdikləri üçün Əfşinin onları cəzalandırdığını söylədilər. Əfşini bütpərəst olmaqla ittiham etdilər. Əfşin onların iddialarının doğru olduğunu qəbul etdi və soğdlu məlikləri ilə yapdığı anlaşma xilafına hərəkət etdikləri üçün bu cəzanı verdiyini açıqca bəyan etdi. Bundan sonra Baş yarqıc Əl-Zəyyat, Əfşinə yanında bulunan süslü və kafirlərin dinlərindən bəhs edən kitabın nə olduğunu sordu. Əfşin bəhs edilən kitabın atalarından miras qaldığını içində fars ədəbiyatı və məcusi dininə aid bilgilər bulunduğunu, kəndisinin, yalnız ədəbi qismini oxuduğunu bildirdi və böylə bir kitabın yanında  bulunmasıyla dindən çıxmış olmayacağını dilə gətirdi.[12] Soğdlu iki kişinin şahidliyindən sonra Mubəz adında biri söz alaraq Əfşinin boğulmuş heyvan əti yediyini kəndisini də bu şəkildə təşviq etdiyini dedi. Ərəblərin arasına girib bəzi adətləri mənimsəməsinə rəğmən hələ də əski dininə sadiq qaldığını və sünnət olmadığını söylədi. Mubəzin bu iddialarına qarşılıq Əfşin məhkəmə heyətinə Mubəzin güvənilir bir adam olub olmadığını sordu. Məhkəmə heyəti “yox” cavabını verincə Əfşin “o halda güvənmədiyiniz bir adamın şahidliyini necə qəbul edərsiniz?” qarşılığını verdi. Bundan sonra Mubəzə dönərək onu ittiham edincə o da məhkəmədən qaçdı.[13] Daha sonra Mərzuban ibni Türkeş məhkəmə heyətinin hüzuruna gələrək Əfşinə “məmləkətinin xalqı sənə yazdıqları məktublarda necə xitab edilər?” deyə sordu. Əfşin “atama və dədəmə yazdıqları kimi” cavabını verdi. Bunun üzərinə ibni Türküş “qulu filan oğlu filandan ilahların ilahına şəklində yazmazlarmı?” deyə sordu. Əfşin “doğru” cavabını verincə Əl-Zəyyat müdaxilə edərək “müsəlmanlar kəndilərinə bu şəkildə bir xitabda bulunmazlar” dedi. Buna müqabil Əfşin “onlar atama, dədəmə və müsəlman olmadan öncə mənə bu şəkildə xitab edərdilər. Eyni ənənəni davam etdirdiyim təqdirdə mənə itaət etməyəcəklərindən qorxduğum üçün bu şəkildə yazmalarına etiraz etmədim” cavabını verdi.[14] Mərzuban ibni Türkeşdən sonra Maziyar ibni Karin sorquya çəkildi. Əfşinə Maziyar ilə məktublaşıb məktublaşmadığı sorulunca, Əfşin böylə bir şeyin olmadığını bəyan etdi. Eyni soru Maziyara sorulduğu zaman, Əfşinin qardaşının onun qardaşına məktub yazdığını və məktublarında “dinimizi məndən, səndən və Babəkdən başqa kimsə qurtaramaz. Babək ağılsızlığının cəzasını çəkdi. Onu qurtarmaq üçün uğraşdımsa da, başarısızlığından dolayı kötü aqibətə sürükləndi. Sən xəlifəyə qarşı üsyan edərsənsə, məndən başqa kimsə yardımına gəlməz. Xəlifənin göndərdiyi qüvvətləri qolaylıqla bərtərəf edə bilərik. Böyləliklə dinimiz qurtulmuş olur” deyə yazırdı. Bunun üzərinə Əfşin, “bu adam qardaşı ilə qardaşım arasındakı bir məktubdan bəhs edir. Bu xüsus məni ilgiləndirməz. Bu məktubu mən yazmış olsaydım, öncə onu öz tərəfimə çəkərdim” cavabını verdi. Ibni Əbu Duad Əfşinə başqa sorular sordu və Əfşin hamısını cavabladı.[15] Əfşinin uzun müddət həbsdə qaldığı anlaşılmaqdadır. “Uyun”da, onun bir ilə yaxın zindanda qaldığı yazılmaqdadır.[16] Təbərinin müddət bildirməməklə bərabər, verdiyi bilgidən bənzər nəticəni çıxarmaq mümkündür.[17] Təbəri Əfşinin məhkəməsini 840-cı ilin sonları olaraq göstərməkdədir. Nəhayət 841-ci ilin May ayında Əfşin zindanda ölmüşdür. Ölümündən sonra evi arandığında bütlər və məcusi dininə aid kitabların bulunduğu, bundan dolayı müsəlman olmadığına qərar verilərək cəsədi çarmıxa çəkilmişdi. Daha sonra yaxılaraq külləri Dicləyə atılmışdır.[18]
Əfşinin evinin aranması və bütlərin ortaya çıxmasının düzməcə olduğu açıqca bəlli olur. Əfşin sağ ikən evi aranmamış, öldükdən sonra evi aranmış! Ancaq ölümündən sonra ortaya çıxan bu bütlər, əslində onu suçlu göstərmək üçün dirilində lazım idi. Məlum olur ki, Samirədə türk əsgərlərinin etirazını və ya hər olasıılığa görə, qiyamını durdurmaq üçün evindən büt çıxma öyküsü uydurulmuşdur.
Əfşinin bu şəkildə ortadan qaldırılması ərəb-fars ünsürünün ortaq bir başarısı və təkrar iqtidarı ələ keçirmək üçün qazandıqları bir uğur olaraq görünməsinə rəğmən, ordu kumanda heyətini əllərində bulunduran türklərin xəlifəni tamamən təsirləri altına aldıqları da gözdən qaçmamalıdır. Əfşinin ölümündən sonra yenə türk kumandanlarından Aşnas onun yerinə keçmişdi.[19] Kökdən dəyişən bir şey olmamışdı. Artıq Abbasi iqtidarında siyasi nüfuz türklərin əlinə keçmişdi. Əfşinin ölümü bu mənada bir şeyi dəyişdirməmişdi.


[1] Dursun Yıılmaz, İslamiyət və türklər, s. 133.
[2] Təbəri, III, 1258, İbni əl-Əsir, 490, Dursun Yıılmaz, İslamiyət və türklər, s. 133, 134, 135.
[3]  Təbəri, III, 1264, Dursun Yıldız, İslamiyət və türkllər, s. 135.
[4] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul- 2011, 4-cü baskı, s. 139.
[5] Yaqubi, Tarix, II, 583, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 140.
[6] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 141-142.
[7] Təbəri, III, 1269, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 142.
[8] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 142.
[9] Yaqubi, Tarix, III, 583, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 143.
[10] Təbəri, III, 1305, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 143.
[11] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 143.
[12] Təbəri, III, 1309, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145.
[13] Təbəri, III, 1309, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145.
[14] Təbəri, III, 1310, Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, s. 145-146.
[15] Təbəri, III, 1311, Dursun Yıldız, İslamiyet ve Türkler, s. 146.
[16] Uyun, 406, Dursun Yıldız, İslamiyet ve Türkler, s. 147.
[17] Təbəri, III, 1314, Dursun Yıldız, İslamiyet ve Türkler, s. 147.
[18] Təbəri, III, 1318, Dursun Yıldız, İslamiyet ve Türkler, s. 147-148.
[19] Təbəri, III, 1318, Dursun Yıldız, İslamiyet ve Türkler, s. 149.

4 Nisan 2013 Perşembe

Nədən babilik Səfəvi tarixi mühitində ortaya çıxdı?





Nədən babilik Səfəvi tarixi mühitində ortaya çıxdı?

XIX yüzildə ortaya çıxan və sonra üzərlərinə soyqırım tətbiq edilərək yox edilən sosial bir hərəkət haqqında bilgilənəlim.
Səfəvilərdən sonra qaranlığa gömülən tarixi bir ortamda babilik ilk etiraz səsi olaraq meydana çıxmışdı. Yüzillər boyunca Səfəvilər tərəfindən söndürülən insan bilinci bir yol taparaq zühur etmişdi. Ancaq zehni baxımdan Osmanlı ölkəsində, yəni İraqi-Ərəbdə olqunlaşma sürəcini yaşasa da, sosial və siyasi fəaliyət açısından Səfəvi tarix mühitində fəaliyət göstərməyə yönəlmişdir. Bunun üzərində diqqətlicə düşünmək gərəkir. Nədən Osmanlı ərazisində sərbəstcə dolaşan şeyxilik, kəşfiyəlik və babilik Səfəvi tarixi mühitinə geri dönərək orada fəaliyət göstərməyi tərcih etmişdir? Osmanlının geniş ərazilərində öz fikirlərini yaya bilməzdilərmi? Qacar ölkəsində bulunmanın və orada aktiv olmanın bir önəmi var idi? Bu sual üzərinə düşünmək gərəkməzmi?
Şeyxiyyə, kəşfiyyə və babiyyə söyləmlərini Osmanlı sünni əhalisi anlayamazdı. Anlamaq istəməzdi. Anlaya bilmələri üçün tarixsəl altyapı bilgi Anadoluda mövcud deyildi. Çünkü “mehdi” məsələsi, mehdinin naiybi olmaq kimi anlayışlar İslamiyətdə olmamışdır. Müsəlman Osmanlı əhalisi bu üzdən bu söyləm ətrafında gəlişən fikirləri anlayamazdı. Şeyxiyyə, Səfəvi tarixi mühitinin içindən ortaya çıxan antitez görüş idi. Bu antitez görüş Osmanlı dünyagörüşü üçün anlaşılmaz idi. Osmanlı gerçəkləri və tarixi sosial psixologiyası ilə ilintisi və ilişkisi yox idi. Babiliyə aparan şeyxiyyənin bilgiləri şiənin içindən yoğrulmuşdu. Qacar şiə-şüubiyə ölkəsində babi hərəkəti ortaya çıxdığında Osmanlıda tənzimat və məşrutə adı altında modernləşmə sürəci başlamışdı.
Həm Səfəviyət, həm də şiəlik fars irqçiliyi ilə sıx bağlı olduğundan bu söyləmlər Osmanlıda keçərli ola bilməzdi. Əsasən İraqi-Ərəb (indiki İraq) və İraqi-Əcəmdə (İranda) bu söyləmlərin tarixi kökləri var idi. Sasani imperatorluğu yenildikdən sonra onun ərazisi əsasən ikiyə parçalandı. Birinə İraqi-Ərəb, digərinə İraqi-Əcəm söyləndi. Sasanilərin mərkəzi ərazisi isə, İraqi-Ərəb idi. Yəni indiki İraq Sasanilərin mərkəzi ərazisi idi və Sasanilərin başkəndi indiki Bağdadın yanında idi. Sasanilər yenildikdən sonra Sasani ölkəsində yaşayan və nüfusu 30 milyon olaraq söylənən əhali necə oldu, haraya getdi? Bu nüfusun çoxu doğal olaraq başkənd və civarında yaşayırdı. O zaman ərəblərin sayı çox az idi. Hz. Peyqəmbərin zamanında Məkkədə on min əhalinin olduğu bildirilməkdədir. Mədinənin də əhalisi aşağı-yuxarı bu qədər idi. İraqi-Ərəbdəki sasani əhalisi bu səbəblər üzündən ərəbləşdilər: 1- İraqi-Ərəb tam olaraq ərəblərin kontroluna keçdi. 2- Sasani farsları ticarətlərinə, güncəl yaşamlarına davam edə bilmələri üçün müsəlmanlaşıb ərəbləşməyi uyqun gördülər. 3- Misirdə qibtilər örnəyində olduğu kimi Sasanilərdə də əski Sasani kültür və farscası yeni İslami kültür basqıları qarşısında dirəniş göstərə bilmədi. İraqdakı Sasani yurddaşları ərəbləşsələr də ərəb dövlətinə və kimliyinə qarşı qiyamlarda iştirak etdilər. Muxtar Səqəfi kimi məvali üsyanı bunun bir örnəyidir. Bu üsyanların yanı sıra antiərəb düşünsəl fəaliyətlərə də başladılar ki, bunun adı tarixdə şüubiyə olaraq bilinməkdədir. 
Böyləcə Sasanilərin mərkəzi ərazisində yaşayan farslar ərəbləşsələr də, əski tarixi xatirlərini unutmadılar. Onlar İslamın sonrakı dönəmlərində şiə ideologiyasını gəlişdirdilər. İndi də İraqdakı şiələrin çoğunluqda olmalarının səbəbi budur. İraq şiələri ərəbləşmiş Sasani farslarıdır. Günümüzdə iranın İraq şiələri üzərindəki etkisinin əsas bir səbəbi də budur.
Ancaq Xorasan mərkəzli Sasani ərazisi, yəni İraqi-Əcəm ərəbləşmədi. Ərəbləşmsələr də, ərəbləşmiş farslarla Xorasan farslarının fikri irtibatları və əməkdaşlıqları davam etdi. Xorasanda ərəb dilini çox dərindən bilən fars aristokratları ərəbcənin də söz dağarcığından yararlanaraq Nişabur mərkəzli yeni farscanı oluşdurdular. Sasanilik nostalgiyası əsasında qurulan şüubiyənin fəaliyət mərkəzləri Bağdad və civarı ilə Xorasan bölgəsi olmuşdur. Şüubiyə Tahiriyan, Səffariyan, Samaniyan, İsmailiyan dövlətlərinin qurucu ideoloji amili olsa da, əski Sasani coğrafiyasını bütün olaraq qapsayacaq dövlət qura bilməmişdi. Ancaq Abbasi xilafəti qurulduqdan sonra şüubiyə otoritəsini çeşidli yöntəmlərlə sürdürən ideologiya olmuşdur. XVI yüzildə şüubiyənin tərbiyə edib tarixə soxduğu Şah İsmayıl vasitəsi ilə bu amaclarına çatdılar və özünü Sasani varisi adlandıran Şah İsmayıl Səfəviliyi Sasani-fars dəyərləri üzərində quraraq Şahnaməni* də yenidən yazdıraraq türk düşmənliyini bu əsərə daha da artırdı. Bu şəkildə Səfəvilərdən sonra İraqi-Əcəm və İraqi-Ərəb Osmanlının Bağdadı aldığı ana qədər bütünləşmiş oldu. Şah İsmayılın Azərbaycanda və İraqda törətdiyi soyqırımlar hesabına müsəlmanların çoxu qətl edildi, çoxu da qorxusundan İslamdan vaz keçib şüubiyə inancına təslim oldu. Böyləcə Səfəvi coğrafiyasında yenidən baş qaldıran sasanilik bölgə xalqları və mədəniyətləri ilə hesablaşmağa, ərəbi və türkü aşağılamağa başladı.
Səfəvi-şüubiyə dövlətinin quruluşu ilə sərt fikirsəl və inancsal qaranlıq oluşduruldu. Molla-feodal sinifi ortaya çıxaraq mehdinin naibləri adı altında siyasi iqtidarın gerçək sahibi oldu. Bu tarixi ortamdakı gəlişmələr İslam dünyansından qopuq olaraq meydana çıxırdı. Diqqət edilərsə, Səfəvilərdən sonra heç bir qiyama rast gəlinməmişdir. Çünkü səfəvilik dəyişik inancların və İslamiyətin kökünü bu coğrafiyalardan qazaraq yerinə məcusi-Sasani inancını yerləşdirdi. Bu üzdən də bu coğrafiyadakı fikir gəlişmələrini İslam dünyası ölkələri anlaya bilmirdi. Şeyxiyyənin də özünü bu tarixi mühitdə açıqlaya biləcəyini sanmasının səbəbi bu idi. Şeyxiyyə Səfəvi tarixi mühitindən yoğrulmuşdu və başqa İslam ölkəsində anlaşıla bilməzdi.
Mehdinin Xorasandan qara bayraqlı ordularının çıxacağı da şüubiyənin Xorasanı mərkəzi qərargah olaraq seçməsi və oranı qutsaması üzündən idi. Çünkü Sasanilərdən sonra ilk fars dövlətçiliyi, fars dili və mədəniyəti Xorasanda Tahir oğulları tərəfindən quruldu və yenə də Səffarilər, Samanilər tərəfindən davam etdirildi. İslamda isə Xorasan deyə bir ölkə adı keçməməkdədir. Heç bir İslam qaynağında Mehdi və onun ordularının Xorasandan zühur edəcəyi haqda bilgi yoxdur. Bütün bu əfsanələr şüubiyənin uydurmalarıdır. Xorasandan mehdinin qara bayraqlı ordularının çıxacağı əfsanəsini Osmanlı İslamı qəbul etməzdi, edə bilməzdi. Çünkü bu əfsanələr fars-şüubiyə uydurmalarından başqa bir şey deyildi. Ancaq ərəbləşən farsların Sasani və Mədain* nostalgiyası onların bilincaltından silinmədi. Mədainə bağlı, yapışıq və yaxın olan Nəcəf, Kərbəla kimi şəhərlərin farslar tərəfindən qutsanmasının da əsas səbəbi bu olmuşdur. Çünkü İslamda, yalnız Məkkə müsəlmanlar üçün önəmli şəhərdir. Hz. Peyqəmbər tərəfindən fəth edilən şəhər Məkkə idi. İslamda Nəcəf, Kərbəla qutsallağı adında bir anlayış olmamışdır, yoxdur. Bunların hamısı farsların Sasani nostalgiyasının ürünləridir.
Səfəvi dövləti qurulub və başqa inancları soyqırımla yox etdikdən sonra bu coğrafiyada azadlıq arayanların durumu qaranlıqda iynə dəliyi boyda işıq arayanlara bənzəmişdir. Çünkü bu coğrafiyalarda Səfəvilikdən sonra bütün İslami təcrübələr yox edildi. Tarixi-mənəvi dəyərlər silindi. Hər şey sıfıra çarpılaraq Sasani-fars gələnəkləri əsasında yeni dəyərlər icad edilməyə başlandı. Bu sürəc Qacarlar dönəmində də bütün hızı ilə davam etdi. Bu üzdən də şeyxiyyə, kəşfiyyə və babiyyə bu tarixi ortamın içindən yoğrulduğu üçün İslam ölkələrini qapsayacaq söyləmlər gəlişdirə bilməzdilər. Lakin onların söyləmlərində Səfəvi tarixi mühitinə antitez olaraq irəlici görüşlər mövcud idi. Səfəvilikdən sonra ortaya çıxan ilk etiraz səsi idi. Özəlliklə onların qadınlara haq tanımaları şiənin qadını satılacaq əşya kimi görən “mütə´” anlayışına qarşı idi. 
Bu bağlamda diqqəti cəlb edən bir başqa məsələ də var. Nə şeyxiyyəlikdə, nə kəşfiyyəlikdə, nə də babiyyəlikdə türk kimliyini önə çıxaracaq heç bir hadisəyə tanıq olmuruq. Bu hərəkətin içində etkili olanların tam əksəriyəti türk olsalar da, onlardan türkçə heç bir əsər miras qalmamışdır. Nədən? Səfəvililərdən sonra türklük duyqu və düşüncə olaraq bu coğrafiyalardan silindi və yalnızca içgüdüsəl yaşantı olaraq qaldı. İçgüdüsəl (instinktiv) yaşantıya məhkum edilən türklərin özünü vurma sürəci başladı. Özünü vurma sürəci soyca türk olanların öz kimliklərini tarixdən silmə eyləmləri kimi ortaya çıxdı. Fikrən özünü yox etmənin ən bariz göstərgəsi Səfəvilərdən sonra türk qalabalığının camilərdə başını yarması, sinə və zəncir vurması kimi görülmüşdür. Bu başlarını qanatmalar, türk duyqu və düşüncəsinə qarşı açıqca saldırqanlığın görüntüsü kimi alqılanmalıdır. Camilərdəki ağlaşmalar tədricən öldürülən türk kimliyinin cənazəsi üzərinə yas mərasimi kimi idrak edilməlidir. Nədir bu göz yaşları, nədir bu ağlaşma? İslamın harasında vardır bu sevimisz görünütü? Səfəviyətlə içgüdüsəl yaşama məhkum edilən türk qalabalığı bir azcıq yazıb-oxuma qabiliyətinə sahib olduqlarında ilk olaraq saldırdıqları olqu və olay türklük, türkçə və türklər olmuşdur. Çünkü səfəviyət bu qalabalığı devşirərək birər Sasani dəyərlərinin könüllü əsgərləri halına gətirmişdi. Bu üzdən də bu tarixi mühitdən türklüyə və insanlığa yararlı olacaq gəlişmələrə tanıq olmaq mümkün olmamışdır. Babilik Səfəvi inanc həbsxanasından azad olmaq üçün ilk etiraz hərəkəti idi. Lakin böyük qətllər sonucu onun kökünü kəsdilər. Heç bir bilgi birikiminə, mənəvi dəyərə sahib olmayan Səfəvi tarixi mühitindən İran Şiə Cümhuriyətinin ortaya çıxmasından doğal bir şey ola bilməzdi. Necə ki, İran Şiə Cümhuriyətinin ideoloqları haqlı olaraq özlərini Səfəvi varisləri adlandırmaqdadırlar.


* Şah İsmayılın Şahnaməni yenidən yazdırıb və oraya türk düşmənliyini ayrıntılı şəkildə yerləşdirməsi ilə bağlı “şüubiyə” adlı kitabımda bəlgəli bilgilər mövcuddur.
* Mədain- Sasanilərin başkəndi. İndiki İraqda.