19 Ağustos 2010 Perşembe

Ernest Renan və Seyyid Cəmaləddin



Tərtib edən: Güntay Gəncalp
 
Ernest Renan və Seyyid Cəmaləddin Əsədabadi (Əfqani)nin islam fəlsəfəsi üzərinə görüşləri
 
Ernest Renan Sorbon universitetində bəzi ərəb milliyətçilərinə qarşı danışmış və islam ölkələrində olan bilginin ərəblərlə bir ilişkisinin olmadığını savunmuşdur. Renana görə islam şərqindəki elmi gəlişmələr ərəb olmayan müsəlmanlara məxsusmuş. Ernest Renanın Sorbon universitetindəki bu nitqi Parisdə yaşayan ərəbləri, xüsusən ərəb milliyətçilərini çox rahatsız edər. Bu üzdən də Renanın nitqini ərəb dilinə tərcümə edərlər ki, bəlkə islam aləmində buna cavab verəcək bir alim tapılar. Renan bu nitqində iddia edirdi ki, islamda nəinki elmi, fəlsəfi dartışmalara həvəs olmamışdır, həm də harda elm və fəlsəfə olmuşsa islam onu söndürməyə çalışmışdır. Renanın bu nitqi müsəlmanlar arasında ona qarşı ciddi antipatiya doğurmuşdu. O zaman Seyyid Cəmaləddin Əsədabadi bir ilə yaxın idi ki, Parisdə yaşayırdı. Cəmaləddin Renanın bu nitqini təhlil edən bir məqalə yazıb və o zaman yayınlanan “DİBA” adında bir dərgidə yayınladı. Cəmaləddinə görə Avropalıların islamı yanlış anlamaları bu şəkildə sezgilərə səbəb olmaqda imiş.  Bu üzdən də Cəmaləddinin çox yumşaq tərzdə yazdığı dəyərləndirməni o zamankı müsəlman aydınlar qəbul etmədilər. Özəlliklə Parisdə yaşayan misirli müsəlman fanatiklər Cəmaləddinin məsələyə yanaşma metodunu tənqid atəşinə tutdular. Ancaq Cəmaləddinin dəyərləndirməsinə Renan xoşgörü ilə yanaşmışdır.  Cəmaləddinin dəyərləndirməsindən sonra Renan öz münasibətini islamla bağlı bu şəkildə formolizə etmişdir: “İslam öz həyatının ilk başlarında elmə və fəlsəfəyə qarşı deyildi, ancaq daha sonrakı mərhələlərdə islam harda elm və fəlsəfi düşüncə görmüşsə boğmuşdur, söndürmüşdür.” Bəzi araşdırmaçılar belə qənaətə gəlmişlər ki, Renan islamla bağlı fikirlərində yumşalmışdır, çünkü əgər elm və fəlsəfəyə qarşı islamın mahiyətində bir düşmənlik olsaydı, o zaman islam bu qədər insanları oxumağa təşviq etməzdi. Aşağıda Renanın nitqinin mətni və bu mətnə Cəmaləddinin münasibəti verilməkdədir.
***
Ernest Renan:
Bəzi tarixçilərin ərəb elmi, ərəb fəlsəfəsi və ərəb mədəniyəti kimi iddiaları kökündən yanlışdır. Çünkü islam dünyasındakı bu hadisələr ərəb olmayan müsəlman millətlərə məxsusdur. Mədəniyət ən çox Orta Doğunun ərəb olmayan millətlərinə və fəlsəfə də xristianlara məxsusdur. İslam Dünyasında Əl-kəndidən başqa Farabi, İbni-Sina və İbni-Rüşd kimi mütəfəkkirlərin heç birisi ərəb olmamışdır. Bu üzdən də düşüncəni və elmi ərəblərə xas olaraq görmə yanlış bir dəyərləndirmədir, diqqətsizliyin nəticəsidir.
                 İslam nəinki elmi və fəlsəfəni təşviq etməmiş, həm də qeyb aləminə inanaraq və qəzavü qədərə dayanaraq elmin və fəlsəfənin gəlişməsini əngəlləmişdir. Müsəlmanlar arasında fəlsəfə ilə məşğul olan hər kəs daima təhdid və təhlükə ilə qarşı-qarşıya olmuş, kitabları yandırılmışdır, ya da hansısa bir xəlifənin qoltuğuna sığınaraq zahirdə müsəlman görünüb və batində isə dinsiz olmuşdur. Ancaq müsəlmanlara xas olan fəlsəfi cərəyanların elə bir dərinliyi yoxdur. Çünkü bu fəlsəfə əslində Yunan fəlsəfəsinin ərəb dilinə tərcüməsindən başqa bir şey olmamışdır. Avropalıların İspaniyada müsəlmanlardan öyrəndikləri fəlsəfə əski yunan fəlsəfəsinin yanlış tərcüməsindən başqa bir şey deyildi. Bu üzdən də Avropalılar özləri əski mətnləri tərcümə etmədən, ərəb dilindəki tərcümələrdən faydalana bilmədilər.
                 İslam dinində yüksək disiplinlər mövcuddur. Hər dəfə məscidə girdiyimdə islamın cazibəsi məni cəlb etmişdir. Hətta bəzən təəssüfllənirdim ki, nədən müsəlman deyiləm. Ancaq əşya və fenomenlərin mahiyəti haqqında düşünmək üçün islam ən böyük əngəldir. Müsəlmanların ağlı az və natamdır. Müsəlmanları başqalarından fərqləndirən özəllik onların elmlə olan düşmənlikləridir. Müsəlmanlar, elmi dartışmaların insanın ağlını dayazlaşdıracağına inandıqları üçün bu əməli faydasız sayarlar.
                 Ərəb irqi təbii və fitri olaraq ən qeyri-fəlsəfi fikrə sahibdir. Çünkü ilk dörd xəlifənin dönəmi xalis ərəb iqtidarı olaraq bilinməkdədir. Bu dönəmdə isə bir tək fəlsəfi cərəyan belə, yaranmadı. Elmi və fəlsəfi mübahisələr Abbasilər zamanında başqa yerlərdən gəldi. Əməvilərin məğlub edilib və xilafət mərkəzinin Bağdada daşınmasından sonra bəzi elmi mübahisələr ortaya çıxdı. Bağdadda əski Mezopotomiya mədəniyətinin qalıqları mövcud idi.
                 Ernest Renan bu nitqini Şərq və Qərb millətlərini elm öyrənməyə dəvət etməklə bitirir. Renan deyir ki, elm toplumların ruhudur və yalnız bu yolla tərəqqi mümkün ola bilər. Yalnız elmə arxalanaraq ədaləti bərqərar etmək mümkündür və yalnız bu vəsilə ilə insan ağlı gündən-günə gəlişə bilər. Bu da yalnız və yalnız insana və onun azadlıq haqqına hörmət etməklə gerçəkləşə bilər.
 
Seyyid Cəmaləddin Əsədabadi:
Etiraf etməliyəm ki, bu konferansda əziz Ernest Renanın metodu çox insaflı olmuşdur. Renanın nitqi iki əsas konu üzərində durmuşdur: 1. İslam dini dünyada yayqınlaşdığı zaman, dönəmlərin şərtlərinə görə elmə qarşı savaş açmışdır. 2. Ərəblərin təbiəti fəlsəfi bilgilərə yatqın olmamışdır. Ancaq bu konferansdakı Renanın nitqini oxurkən istər-istəməz belə bir sual ortaya çıxır ki, islamın elmə qarşı olması onun mahiyətində mövcud olmuşdur, yoxsa bu elmə qarşı olma islamın dünyada yayılış şəklinin sonucu olmuşdur? Sualı uzatmaq da mümkündür: Əcəba, islama tapınan millətlərin doğasında elmə qarşı durmaq da olmuşmu? O millətlər ki, islamı zorla və qılınc gücünə qəbul etmiş, islamı qəbul etdikdən sonra da öz törələrindən vaz keçməmişlər. Yəqin ki, vaxtın azlığı Sayın Renana bu mövzu ilə bağlı görüşlərini açıqlamağa imkan verməmişdir.
                 Daha sonra Cəmaləddin islam tarixində baş verən hadisələrin digər dinlərdə də bənzər şəkildə oluşduğunu söyləyir: Çünkü katolik kilsəsinin öncülləri mənim bildiyim qədəriylə hələ də elmə qarşı silahlarını yerə qoymamış, elm və fəlsəfə əhlinə qarşı hələ də savaşdadırlar.
Renanın üzərinə barmaq basdığı ikinci konu üzərinə gələlim.  Hər kəs bilir ki, islamdan sonra ərəb dünyasında böyük dəyişiklik ortaya çıxdı. ərəblər mövcud ictimai, fikri statuslarını buraxıb və daha fərqli, öncəki statuslarından daha üstün duruma yüksəldilər. Yəni yalnız islamdan sonra ərəblər tərəqqi yoluna girmiş oldular. Bir əsr müddətində ərəblər Yunan və Orta Doğu mədəniyətləri ilə tanış və həmahəng oldular. Böyləcə də ərəb dünyasında elm sürətlə inkişaf edib və ərəblərin istilasında olan ölkələrə də yayıldı. İlahiyat və fəlsəfənin yayqın olduğu iki önəmli mərkəz var idi: Roma və Bizans. Bu iki şəhər eyni zamanda insani maarifin də mərkəzi idi. Ancaq elə bir dönəm gəldi ki, bu iki mərkəzin alimləri elmi mübahisələrdən geri çəkildilər. Elm üçün təsis etdikləri bütün qurumlar sökülüb dağıldı. Çox dəyərli kitablar isə unutqanlıq qaranlıqlarına gömüldü. Ancaq cəhalətdə qərq olmuş ərəblər mədəni millətlərin bütün dəyərlərini öz dillərinə yüklədilər. Unudulmuş elmləri canlandırdılar, genişlətdilər və bu bilgilərə yeni paltar geyindirdilər. Bütün bu gəlişmələr gerçəkdən də bənzərsiz idi. Bütün bunlar ərəblərin təbiətlərində elmə olan sayqının göstərgəsi deyilmi? 
                 Ərəblərin fəlsəfəni yunanlardan aldıqları doğrudur. Ancaq eyni zamanda aldıqları bu dəyərləri genişlədib yayqınlaşdıraraq yeni şəkli ilə fəth etdikləri yerlərə daşıdılar. Ərəblərin bu bilgiləri məntiqli şəkildə sinifləndirmələri onların tədqiqatçılıq zövqlərinin göstərgəsidir. Fransızlar, ingilislər və almanlar ərəblərlə müqayisədə Roma və Bizansa daha yaxın olduqları üçün bu mərkəzlərin bilgilərindən daha asan faydalana bilirdilər, ancaq faydalanmadılar. Elə bir gün gəldi ki, ərəb mədəniyətinin günəşi Bizansın göylərində parlayaraq, ışınlarını Qərbə yaymağa başladı. Əslində Yunanın Aristoteli ərəb paltarı geyindikdən sonra Qərbdə tanınmağa başladı. Yəni Aristotel yunan paltarında olduğu müddətcə Avropa onun tanımırdı. Əcəba bütün bunlar ərəblərin həm də zehni və fikri baxımdan daha irəlidə olduqlarına dəlalət etməzmi?
                 Yəqin ki, sayın Renan islam ölkələrində beş əsr boyunca, yəni 775-ci əsrdən başlayıb XIII əsrin ortalarına qədər davam edən zaman dilimində böyük alimlərin var olduğunu qəbul edər. Bu dönəm içində islam aləmi xristian dünya ilə müqayisədə daha irəlidə olmuşdur. Sayın Renan özü də qeyd edir ki, islam ölkələrindəki fikir adamlarının çoxu Hərrani olmuşlar. Sayın Renanın bilməsi gərəkir ki, Hərranilər də ərəbdir. Ərəblər İspaniyanı fəth etdikləri zaman ərəb kimliklərini itirmədilər. Hərranilər islamdan bir neçə əsr daha öncədən ərəb dilində danışırdılar. Onların əski Sabei kültürlərini qoruyub saxlamaları ərəb olmamalarına dəlalət etməz. Şam xristianlarının da əksəriyəti Qəssani ərəblər olumuşlar. İbni-Bacə, İbni-Rüşd və İbni-Tüfeyl kimi mütəfəkkirlərin ərəb yarımadasında dünyaya gəlməmələri onların Əl-kəndidən daha az ərəb olduqları anlamına gəlməz. Özəlliklə diqqət etmək gərəkir ki, bütün millətlər dilləri səbəbiylə fərqlənirlər. Ayrıca, nədən filosofları yetişdirən ictmai şəraitə deyil, onların irqinə diqqət etməliyik? Əgər bu dəyərləndirmə tərzini qəbul edərsək, o zaman Napoleonu da fransız olaraq qəbul edə bilmərik və ya dünyanın müxtəlif yerlərindən İngiltərəyə və Almaniyaya gəlib yerləşən bilim adamlarını da bu metod əsasında ingilis və alman olaraq qəbul etməməliyik.
                 İslam aləmində elm məşəlinin sönməsinin səbəblərinə də toxunmaq istəyirəm. Ağıl və zəka ümumi bir fenomen deyildir və yalnız seçkinlərə məxsus bir hadisədir. Elm bütün cazibəsi və gözəllikləri ilə bütün insanları razı etməz. Çünkü insan daima daha əlverişli kamalı axtarar, uzaq və qaranlıq dünyalarda yaşamaqdan xoşlanar. Araşdırmaçılar və filosoflar isə bu növ insanları nə dərk edər, nə də axtararlar.
 
Ernest Renan:
Seyyid Cəmaləddinə cavab vermədən öncə ona olan heyrətimi və təşşəkkürlərimi bildirmək istəyirəm. İki ay öncə Cəmaləddinlə tanış oldum. Bu tanışlıqdan çox məmnunam və doğrusunu söyləməliyəm ki, Cəmaləddin mənə çox xoş və dərin təsir buraxdı. Aramızda keçən söhbətlərdən sonra Sorbonda “Elm və islam ilişkiləri” adında bir konferans düzənləmək istədim. İllər boyu savunduğumuz bir iddia var ki, hər bir dinin dəyəri o dinə inanan insanların dəyəri ilə ölçülür. Cəmaləddin özü bu iddiaya açıq örnəkdir. Cəmaləddinlə tanış olub söhbət etdiyim zaman sanki çox əski və səmimi bir dostumla söhbət edirdim. Beş əsr boyunca insanın əsarətdən qurtuluşu üçün çalışan İbni-Sina, İbni-Rüşd və ya o mürtədlərin birisi ilə sanki qarşı-qarşıya idim. Cəmaləddinin ortaya atdığı yaxşı və faydalı dartışmada bir önəmli mövzu üzərində gerçəkdən də böyük ixtilaf və fərqli baxışa sahibik. İsrarla söyləmək istəyirəm ki, Roma və ərəb insanlıq tarixində önəmli yerə sahiblər. Ancaq bu önəmli tarixi cərəyanın dərin araşdırmaya ehtiyacı var. Demək olar ki, latın dilində yazılıb və Romanın iftixar qaynağına dönüşən bütün əsərlər sadəcə Romalılara məxsus deyildir. Eləcədə yunan dilində yazılan bütün əsərlər də yunanların deyildir. Ərəb dilində yazılan bütün əsərlərdə sadəcə ərəblər tərəfindən ortaya çıxmamışdır. Xristian yurdlarında ortaya çıxan dəyərlər də sadəcə xristian tarixinin ürünü deyildir. Bu əsasla da islam ölkələrində ortaya çıxan dəyərlər də ancaq və ancaq islamın nəticəsi deyildir. Cəmaləddin belə sanmış ki, mən insaflı yanaşmanı bir yana buraxıb və gerçəkləri söyləməmişəm. Həm də Cəmaləddin yenə də belə hesab etmiş ki, islam haqqında dediklərimi xristianlıq haqqında deməmişəm. Bu ki, xristianların arasında da nifrət və savaş müsəlmanların arasında olduğundan az olmamışdır tamamıyla doğrudur. Çünkü İbni-Rüşdün müsəlmanların əlindən çəkdiyi zülmü Qaliley də xristianların əlindən çəkmişdir...Madam ki, durum bu şəkildə olmuş, artıq sözü çox uzatmaq istəmirəm. Mənim görüşlərim bəllidir. Nə xristianlardan öz inanclarını tərk etmələrini istəyirəm, nə də müsəlmanlardan. Ancaq hər iki tərəfin aydınlarından istəyim budur ki, inancları dolayısıyla elmin gəlişməsinə əngəl olmasınlar, etiqadlarını öz içlərinə buraxaraq elmin gəlişməsinə yardımçı olsunlar. Mənim bu bəkləntim bir çox xristian ölkələrdə çözülmüşdür və din elmin inkişafına əngəl olmamaqdadır. Ancaq islam ölkələrində hələ də din elmin inkişafı qarşısında ən böyük əngəl olaraq görünür. Ümid edirəm ki, bu ölkələrdə də bu problem çözülmüş olar. Bu ümid islam ölkələrində də gerçəkləşdiyi zaman mən və Cəmaləddin çox sevinəcək və yeni duruma xoş gəldin söyləyəcəyik.
Cəmaləddin məni önəmli mətləblərlə tanış etdi. Bu mətləblər mənim nəzərlərimin əsaslarına təsir etdi. Bu önəmli mətləb də bundan ibarətdir ki, islam öz həyatının ilk başlarında islam ölkələrində elmin inkişafına əngəl olmamışdır. İslam öz həyatının ikinci mərhələsində harda elm işığı görmüşsə söndürməyə çalışmışdır. Əlbəttə bunu müsəlmanların şanssızlığı kimi qəbul etmək lazımdır.
 
qaynaq:
http://www.iptra.ir/prthnmn6u23nq.fd3.tzn2t2a.tfg2.html
   
 


Hiç yorum yok:

Yorum Gönder