30 Mayıs 2012 Çarşamba

Ermənistan-Türkiyə savaşı



Serj Afanasiyan
Tərcümə: Güntay Gəncalp

Ermənistan-Türkiyə savaşı

Polşadakı məğlubiyyətlər qızıl ordunu çox zəiflətmişdi. Qızıl ordunun bu zəifliyi Mustafa Kamalın tutumunu dəyişdirməsinə səbəb oldu. 1920-ci ilin avqust ayında Mustafa Kamal Ermənistan qonusunda bəzi imtiyazlar istəmişdi. Artıq dünya şərtlərini yaxşı bilən Mustafa Kamal Ermənistana saldırmağa hazır idi. Uyğun fürsəti yaxalamışdı. Mustafa Kamal bilirdi ki, Polşada başı savaşa qarışan Rusiya Ermənistanı savuna biləcək durumda deyil. Ayrıca Sevr müqaviləsindən sonra müttəfiqlər arasında da nifaq yaranmışdı və ermənilərə dəstək verə biləcək durumda deyildilər. Mustafa Kamal saldırı üçün hazırlıq əmri verdi. Sentyabrın 8-də Mustafa Kamal başçılığında savaş şurası toplanmışdı. Şərq ordusunun komutanı Ermənistana saldırmağı təklif etdi. İsmət paşa isə, türk ordusunun yunanlara saldırmasından yana idi. Kazım Qarabəkirin təklifi qəbul edildi. Ermənistan üzərinə asan bir qələbənin böyük məziyyətləri ola bilərdi: Mustafa Kamalın etibarını Anadoluda artıracaqdı. Yunanların saldırısı sırasında türk ordusunun geri çəkilməsi Mustafa Kamalın etibarını zədələmişdi. Bu qələbə Anadoluda xalqın muralını artıracaq və Mustafa Kamala rəğbət qazandıracaqdı. Bu qələbə ilə Mustafa Kamal müttəfiqlərə bir dərs verəcəkdi. Belə ki, Sevr anlaşmasına və müttəfiqlərin dəstəyinə rəğmən erəminlər bu məğlubiyyətdən sonra dövlət qurma imkanlarını itirəcəkdilər. Mustafa Kamal bu qələbəsi ilə sovetləri çıxmaz duruma soxacaqdı. Daha sonra görəcəyimiz kimi bu qələbə sovetlərlə müzakirədə çox dəyərli bir vəsiqə kimi qullanılacaqdı. Ancaq Mustafa Kamal Ermənistana saldırmadan öncə Gürcüstanın tərəfsiz qalacağından əmin olmaq istəmişdi. Jurdaniya və gürcü xarici işlər naziri Gegeçkori ilə danışıqlar getdi. Müzakirəni Türkiyə tərəfindən Yusif Kamal rəisliyində bir heyyət yürütməkdə idi. Müzakirələrdə gürcülərin tərəfsiz qalacağı sağlandı. Savaş başlamadan öncə Mustafa Kamal və daşnak höküməti arasında yazışmalar oldu. İyul ayının 7-də müsəəlmanların güvənliyini sağlamaq amacı ilə erməni ordusunun sınırlardan çəkilməsi istəndi. Brest-Litovsk anlaşmasının bəlli etdiyi sınırlardan və batumidən erməni ordularının dərhal çəkilməsi uyarısında bulundular. Daşnak höküməti bu uyarıya cavab olaraq yazdı ki, sınırlar məsələsini müttəfiqlər bəlli etməlidir. Müttəfiqlərin sınırları bəlli etmədiyi müddətcə erməni ordusunun 1914-ci il sınırlarından geri çəkilməyəcəyi Ankaraya duyuruldu. Daşnak höküməti bu cavabı ilə də erməni dövləti qoruyucusunun müttəfiqlər olduğunu bildirmiş oldu. Daşnaklar bu fikirlərinə yapışıb qopmurdular.  Sentyabrın 23-də Mustafa Kamalın orduları savaş elan etmədən saldırıya keçdi. Bardızdəki savaşdan sonra türk ordusu sentyabrın 29-da Sarıqamışı işğal edir. Bu saldırı başlamadan öncə Kazım Qarabəkir demişdi ki: “Bizim hədəfimiz biçarə xristianları və həm də müsəəlmanları daşnak yağmacılarının əlindən azad etməkdir. Onlar müttəfiqlərin yardımı ilə iş başında qalacaqlarını sanırlar.”63 Bu şəkildə türklər öz təcavüzlərini antiimperialist bayraq yüksəldərək gizlətməyə çalışırlar. Savaş səhnəsində mövcud olan güclər bərabər deyillər. Erməni ordusu təqribən 40 min nəfərdi. Bir çoxu yeni orduya alınmış, lazımı eyitimdən keçməmiş və dağınıqdırlar. 17-20 min arasında olan eyitimli və təcrübəli türk ordusu qarşısında dirənə bilmirlər. Əski Çar ordusunda xidmət etmiş və Deylman savaşının qəhrəmanı olan erməni ordusunun baş komutanı artıq qocalmışdı. Partizanların başçısı Deru çox enerjili və qorxmazdır. Ancaq böyük bir savaşı sürdürə biləcək təcrübəyə sahib deyil. Erməni əsgərlərinin moralı çox yüksəkdir, ancaq yetərincə ərzaq və paltarları yoxdur. Gündə yalnızca 200 qram çörək alırlar. Aylıqlarını zamanında ala bilməyən zabitlərin görünüşü əsgərlərə yaxşı təsir bağışlamır.64
Türkiyənin hərbi müdaxiləsi Moskvanı əndişələndirir. Bakı konqrəsində də Mustafa Kamal hərəkətini dəstəkləmə qərarı alınmışdı. Müttəfiqlərin qarşısında Türkiyəni dəstəkləyən Moskva Mustafa Kamalın belə sürətlə davranacağını sanmamışdı. Moskva çox əndişələnmişdi. Rusiya hesab edirdi ki, müttəfiqlərin fikri dəyişə bilər və Mustafa Kamalı Rusiyaya saldırmağa təşviq edə bilərlər. Digər tərəfdən Ermənistan “imperialistlərin mənafeyinə” xidmət etmirdimi? Bolşeviklərin bədbinliklərini Lenin dilə gətirir. Lenin Rusiyaya qarşı yeni bir cəbhənin açılımasından qorxmaqdadır. Bu üzdən də oktyabr ayının 9-da Moskvada kommunist partiyasının konferansında deyir: “Türklər Ermənistana saldırmışlar. Onlar Batumini və hətta daha sonra Bakını da işğal etmək niyyətində ola bilərlər. Biz bu hadisə qarşısında çox ehtiyatlı olmalıyıq.”65 Parisdə Qafqazın durumu haqda fərqli düşünürdülər.  20 sentyabrda Fransa xarici işlər naziri Qafqazdakı yeni komiserinə yazır:
Qafqazın yeni dövlətləri bolşeviklərin və türk millətçilirinin təhlükəsi altındadır. Bunların ikisi də təhlükəlidir. Müttəfiqlərin dostu olan Ermənistan bolşeviklərin təhdidi altındadır. Sizin görəviniz hər iki təhdidə qarşı Qafqaz dövlətlərinin dirənişini sağlamaqdır. Ermənsitan indiki durumda bir tərəfdən Bakı bolşeviklərinin, digər tərəfdən də Mustafa Kamal tərəfdarlarının məngənəsi arasındadır.  Müttəfiqlər Ermənistana silah göndərməyə başlamışlar. Bu iş davam edəcəkdir. İngiltərənin göndərdiyi yük iyulun 26-da çatmışdı. Ancaq gürcüstan bu göndərilən yardımın böyük qismini gürcü torpağından keçdiyi üçün özünə götürmüş. Bu yardımların ardı gələcəkdir.”66
Müttəfiqlərin laqeydliyini və bolşeviklərin Türkiyə ilə işbirliyini məhkum etmək üçün Tiflis erməniləri neçə min nəfərlik nümayiş tərtib edirlər. Öncə müttəfiqlərin qərargahlarının önünə yürüyürlər. Türk təcavüzü qarşısında müttəfiqlərin Ermənistana yardım etmələrini istəyirlər. Daha sonra Gürcüstan məclisinin önündə toplaşırlar. Məclisin önündə məclis sədri Lumtadzenin bəyanlarını dinləyirlər ki, ermənilərlə dərddaşlıq etməkdədir: “Ənvər və Mustafa Kamal kimi vəhşi paşaların Lenin və Trotski ilə birləşmələrinin əsas amacı öncə Ermənistanı, daha sonra Gürcüstanı yox etməkdir. Bu iki ölkə kəndilərini savuna bilmələri üçün birləşməlidirlər.” Sovet səfirliyi qarşısında nümayişçilərin etiraz səsləri Tiflisi bürüyür. Sovet səfirliyinin məsləhətgüzarı Stark nümayişçilərə xitabən nitq söyləyir və sovetlərlə birləşmək yerinə müttəfiqlərdən imdad uman daşnak hökümətini tənqid atəşinə tutur. Onun nitqi neçə kərə nümayişçilərin “Siz Mustafa Kamal və Ənvərin müttəfiqlərisiniz. Yalan danışırsınız, ayıb olsun sizə” etirazları ilə kəsilir.67
Polkovnik Stoks noyabrın 3-dən etibarən Britaniya tərəfindən erməni cəbhələrini denətləməklə görəvlənmişdi. Pontusda İngiltərə savaş gəmisi Mustafa Kamal ordularının denətimi altındadır. Ermənistan Stoksdan bu gəminin türklərə qarşı saldırması üçün Londana teleqram göndərməsini istəyir. Stoks cavab olaraq deyir ki, bunun Ermənistana heç bir yararı olmayacaq. Aharoniyan noyabrın 9-da Fransanın ali savaş şurasından buna bənzər istəkdə bulunur. O, durumu çox gərgin olaraq tanımlayır və təklif edir: “Türklərin və bolşeviklərin Ermənistanı işğal etməsinin önünü kəsmək üçün müttəfiqlər Trabzonu işğal etməlidir. Bu iş Mustafa Kamal güclərinin parçalanmasına səbəb olar. Türklərin fəaliyyətlərini azaldar. Trabzonun Mustafa Kamal ordularına locostik və hərbi dəstək olma imkanı əldən çıxar. Bu şəkildə Türkiyə və bolşeviklər arasında hər türlü işbirliyi ortadan qaldırılmış olar.” Fransa yetkililəri Marşal Fuşla məşvərət etdiklərində o, oktyabrın 12-də öz qərargahının rəisi olan general Voqan aracılığı ilə bildirir: “Türklərə qarşı ən az dörd batalyon gərəkməkdədir. Zaman və məkan şərtlərini göz önünə alarsaq, bu, mümkün deyildir.”68 Fuş Ermənistana savaş texnikası göndərilərək yardım göstərilməsini təklif edir.
Xatisyan xaricdən dönərkən İrəvana getmək yerinə oktyabrın 19-da Tiflisə gedir. Tiflisdə Fransanın hərbi heyyətinə bildirir ki, “Ermənistanın qurtuluşu müttəfiqlərin yardımından asılıdır. Bu üzdən də yunan ordusu Trabzonu işğal etməli və İngiltərə Moskvaya təzyiq göstərməlidir.”69
Ermənistan kommunist partiyasına görə artıq bütün bu faciələrin gerçək sorumlularının ifşa edilmə zamanı gəlmişdir. Əsas sorumlu daşnaklardı. Oktyabr ayının 8-də partiya bir bəyaniyə yayaraq bütün işçilərdən və kəndlilərdən onların bayrağı altında birləşməyi istəyir. Rusiya proletariyasının yardımı ilə imperialistlərin maşası olan daşnak hökümətindən qurtulmaq mümkündür. Birləşib kommunizm bayrağını Ermənistanda dalğalandıralım.70
Bu zaman Moskva oktyabr ayının 8-də Orconikidzenin göndərdiyi məlumatı almış və daşnak hökümətinin düşəcəyinə inanmışdı. Oktyabrın 14-də politbiro Çiçerinin təklifi və “Ermənistan Kommunist Partiyasının razılığı ilə” bu qərarları önə sürür: A) Sovet rejiminin Ermənistanda qurulması üçün təcili işlər görülməlidir. B) Türklərin irəliləməsini durdurmaq üçün Ermənistana siyasi yardım edilməlidir. C) Ermənistanda qurulacaq olan yeni kommunist rejiminə hər tərəfli dəstək vermək gərəkir. Eyni gün Çiçerin İrəvan görüşlərini sürdürməkdə olan Leqrana bu əmrləri göndərir: “Türklər və ermənilərlə ilişkilərinizdə çox ehtiyatlı olun. Aktiv əməliyyatlara qatılmayın. Ciddi böhranı önləmək üçün,ancaq barışcıl siyasət təqib edin. Ermənilərə deyin ki, biz türk-erməni savaşında arabulucu olmaq istərik.”71 Leqran heyyəti oktyabrın 12-də İrəvana daxil olmuşdu. Bu heyyətin 30 üzvü var, içində erməni bolşeviklər də bulunmaqdadır. Eyni gün ermənilərlə müzakirəyə başladı. Leqran savaşın durdurulması üçün ermənilərə bu təklifləri edir:
-         Sevr müqaviləsinin ləğvi.
-         Müttəfiq dövlətlərlə siyasi münasibətlərin kəsilməsi və müttəfiqlərlə mübarizə aparmaq üçün Ermənistan dəmir yollarının Rusiya, Azərbaycan və Türkiyənin istifadəsinə verilməsi.
-         Ermənistan və Türkiyə arasındakı sınır sorununun çözülməsi üçün sovet Rusiyasını arabulucu kimi qəbul etmək.72
Əcəba, bu təkliflər sovet rejiminin Ermənistanda yerləşdiriləməsi üçün olmamışmı? Bəllidir ki, sovetlərin Türkiyə-Ermənistan arasında arabuluculuğu sovetlərin Türkiyəyə imtiyaz tanıması ilə mümkün olacaqdı. Sevrin ləğvi Türkiyə üçün inanıılmaz imtiyazdır. Əslində sovet Rusiyası Ermənistana qarşı açıq savaşdan çəkilsə də, erməni politikasını türklərin saldırısı üzərindən yapmaqda idi. Ermənilərə görə Sevr anlaşmasından vaz keçmək Ermənistanın bağımsızlığından vaz keçmək anlamındadır. Bu da ermənilərin əski xəyallarının tarixə gömülməsi deməkdir. Digər tərəfdən İrəvan höküməti hələ də prezident Vilsonun bəlli edəcəyi sınırları müttəfiqlərin və Türkiyənin rəsmən tanıyacaqlarına ümid etməkdədir. O zaman bu sınırların prezident tərəfindən bəlli ediləcəyi zamana qədər ölkənin istiqlalını nəyin bahasına olursa olsun, qorumaq lazımdır. Ermənistan höküməti Sevr anlaşmasının ləğvi təklifini rədd edir və sonunda bu əsasda bir müvafiqətə varılır:
-         Ermənistan istiqlalının və hökümətinin ruslar tərəfindən tanınması.
-         Türkiyə və digər ölkələrlə Ermənistanın sınır ixtilafını çözməsi üçün rusların arabuluculuğu qəbul edilir.
-         Türk ordusunun geri çəkilməsindən sonra rus ordusunun Ermənistan ərazisini qullanması.
-         Rusların 2.5 milyon rubl məbləğində Ermənistan hökümətinə yardımda bulunması.
       Anlaşma oktyabrın 28-də imzalanır. Heyyətin əsas iştirakçısının ermənilərdən oluşması yaxında Ermənistanda bolşevik hökümətinin qurulacağına işarə idi. Özəlliklə heyyətin içində bulunan Ter-Qabriliyan avqust ayının 13-də Ermənistan kommunist partiyasının mərkəzi komitəsinin rəisliyinə təyin edilmişdi. Leqran Stalinlə məşvərət üçün Bakıya dönür. O, noyabr ayında, yəni artıq ermənilərin məğlubiyyəti tam olaraq yaxınlaşdığında İrəvana müraciət edir. Çiçerin də savaşın buraxılması üçün öz arabuluculuğunu təklif etmişdi. Bu xüsusda Fransa heyyətinin açıqlamasını da anlatmaq pis olmaz: “Erməni əsgərlər qış savaşına hazır durumda deyil. Türklərin saldırısı qarşısnında dirənə bilmələri mümkün olmaz. Bu durumdan yararlanaraq Moskva İrəvana ən təhlükəli təkliflərini sunmağa hazırlaşmış. Rusiya Ermənistanla müzakirə üçün Mustafa Kamal ordularının daha da geniş saldırılarını gözləməkdədirlər.”73 
       Oktyabrın 31-də Qars Mustafa Kamal orduları tərəfindən işğal edilir. Ümidsizliyə uğramış olan Ermənistan müttəfiqlərdən yardım istəyir. Bir çox sənədlər müttəfiqlərin Mustafa Kamalla birləşib Qafqazda antibolşevik cəbhə oluşdurmaq istədiklərini göstərməkdədir. Oktyabr ayının ortalarında Stoks Lor Kerzenə məxfi bir teleqram göndərir. Bolşeviklər və türklər arasında mövcud olan ixtilafı anladır: “Bizim türklərlə dostluğumuz Türkiyədəki yunanları buraxmağımıza səbəb olmuşdur. Ancaq bunun qarşılığında İslam Dünyasının müsaid nəzərini qazanmışıq. Mən bunları cənabınıza bildirərək soruşaram ki, Tiflisdən Mustafa Kamalla təmmassa keçməyimiz yaxşı olmazmı?”74
       Ramişvili noyabrın 4-də Gürcüstan məclisində uzun bir nitq söyləyir və Qarsın işğalından sonra ortaya çıxmış durumu bu şəkildə izah edir: “Bizə gələn məlumata görə kəmalistləri İtaliya birbaşa və İngiltərə, hətta Fransa dolayısıyla dəstəkləməkdədirlər. Özəlliklə Yunanistanın daha çox güclənməsindən qorxan İtaliya kəmalistlərə silah göndərməkdədir.”75 Noyabrın 9-da Tiflisdə nəşr olunan “Slov” (söz) qəzeti yazır: “Söyləntilərə görə Mustafa Kamalın Ermənistana saldırısını müttəfiqlər, özəlliklə İngiltərə təşviq etmişdir. Amacları isə, Mustafa Kamalı Rusiyaya qarşı savaşdırmaq olmuşdur.”
       Çətin durumda qalan İrəvan höküməti bu ölkələrin gerçək niyyətlərindən xəbərsiz idi. Nə edəcəyini, hansı qibləyə üz tutacağını bilmir. Hətta Varşovaya üz tutdu. Polşadan istədi ki, “Polşa və Rusiya arasında bağlanmaqda olan barış müqaviləsində bir maddə yerləşdirilsin ki, Rusiya Ermənistanın istiqlalını tanımış olsun.”76 Noyabrın 3-də Ermənistan höküməti məğlub olduğunun bilincinə vardı və Ankaraya savaşı buraxma təklifində bulundu. Aleksandropolun işğalından bir gün sonra noyabrın 8-də Kazım Qarabəkir barış şərtlərini elan etdi: Bu şəhərin 15 km kənarına geri çəkilmək. Bir gün sonra türklər istəklərini daha da artırdılar. Ankaradan yeni məlumatlar aldıqlarını bəhanə edərək daha gerilərə çəkilmək və 1200 nəfərin dışında bütün erməni ordusunun silahsızlanması gərəkdiyini duyurdular. Ayrıca, Gürcüstana qədər Ermənistan dəmir yollarının türklər tərəfindən kontrol edilməsi gərəkdiyini söylədilər. Bu şərtləri qəbul etməkdə zorlanan İrəvan müttəfiqlərlə təmassa keçir və Moskvanın arabuluculuğunu istəyir. Ermənistanın Tiflisdəki nümayəndəsi noyabrın 4-də Kurbelə müraciət edərək  deyir ki, hərbi bir faciənin qarşısının alınması üçün müttəfiqlərin təcili yardımı lazımdır. Kurbel deyir ki, bu doğrultuda müttəfiqlərdən istənən yardımlar cavabsız qalmış və artırır: “Ermənistan rəhbərlərinin çarəsi qalmamışdır. Onlar artıq bir yol axtarmalıdırlar ki, dövlətlərini və millətlərini yox olmaq təhlükəsindən qurtarsınlar”77 Noyabrın 11-də Çiçerin Türkiyəyə və Ermənistana teleqram göndərərək öz nümayəndəsi Medivanini hərbi əməliyyat bölgəsinə göndərəcəyini bildirir. Savaşın bu zaman bitməsini ümid etdiyini yazır. Mustafa Kamalın İngiltərənin yardım və yataqlığı ilə saldırıya keçdiyi şayiəsi İrəvanda dildən dilə dolaşır. Belə bir durumda özlərini itirmiş olan erməni yetkililər bilmirlər Mustafa Kamalla müzakirəyə başlasınlar, yoxsa müttəfiqlərin cavabını bəkləsinlər.78 Müttəfiqlərin ortada görünmədiyi bir ortamda ruslar fürsətdən yararlanaraq arabuluculuq təklifində bulunurlar.
       Noyabrın 15-də Vrangelin məğlubiyyəti dolayısıyla sovetlərin Tiflis səfirliyində bir ziyafət verilir. Bu ziyafətdə Azərbaycan, Gürcüstan nümayəndələri və Ankaranı təmsilən Kazım Qarabəkir iştirak etməkdədirlər. Qarabəkirdən Mustafa Kamalın niyyəti nədir sorulduğunda o, deyir ki, biz Brest-Litovsk müqaviləsinin həyata keçməsini istəyirik.79 Sovet səfiri xatırladır ki, daha sonrakı müqavilələr Brest-Litovsk müqaviləsini yumşaltmışdı və davam edir: “Mustafa Kamal müttəfiqlərin təlqini ilə Rusiyanın arabulucuğunu rədd edərsə, Türkiyə və Rusiya arasında savaş olacaq.”80 Bu qarşılıqlı dialoqdan sonra Türkiyə heyyəti istisna olmaqla bütün qatılımcılar şam yeməyinə qatılırlar. Bir gün sonra Medivani Bakıya gələrək Leqranla birlikdə Ermənistana gedir. Xatisyan “Müttəfiqlərin nümayəndəsi ilə müzakirədən sonra Mustafa Kamalla müttəfiqlər arasında gizlin işbirliyinin olduğuna inanmış və noyabrın 21-də İrəvana geri dönür.”81 Bu qarışıq durumda vəziyyəti kontrol edə bilməyən Ohancaniyan höküməti noyabrın 23-də istefa edir. Vratsiyan rəisliyində daşnaklardan və inqilabçı sosialistlərdən oluşan kualision hökümət qurulur. Yeni hökümət Leqranın etimadını qazana bilmir. O, noyabrın 20-də Çiçerinə və Orconikidzeyə yazır: “İrəvanda menşeviklərin və inqilabçı sosialistlərin qatılımı ilə yeni hökümətin qurulması yolunda müzakirələr gedir. Bu yeni hökümnət daşnakları qorumaq üçün bir pərdədir. Daşnakların da etibarı xalq və ordu arasında çökmüşdür. Yeni hökümətin türklərlə müzakirə ilə bağlı bir planı yoxdur. Bəzi nazirlər türklərə ərazi imtiyazlarının verilməsindən yanadır. Bir qismi də sovet Rusiyasının yardımı ilə 1914-cü il sınırlarının qorunacağını ümid edirlər.”82 Əslində belə nəzərə gəlir ki, Vratsiyana görə Ermənistanın istiqlalının qorunmasında rusların düşməni olan türklərin daha çox təsiri vardır. Çünkü ruslar Ermənistanı bolşevikləşdirmək istərkən gələcəkdə türklərdən erməni bağımsızlığının sağlanması üçün bəzi imtiyazların alınması mümkündür. Ancaq bolşevik ruslar bu imtiyazı əsla verməzlər. Bəlkə də bu planın gerçəkləşməsi gərəyi daşnakların orqanı olan “Heraç” (İrəli) qəzeti ictimai rəyi rusların əleyhinə dəyişdirmək üçün noyabrın 20-də yazır: “Bizim ölkəmizin varlığı müttəfiqlər üçün önəmli deyilmiş. Onlar, yalnızca Türkiyəni Rusiyadan ayıran bölgə olaraq Ermənistana önəm vermişlər. Ermənistan bu dəyərini itirib və Rusiyanın oyuncağı olduqdan sonra müttəfiqlər üçün heç bir önəmi qalmayacaq. Bu üzdən də Ermənistan bağımsızlığını qorumaq istəyirsə, Şimal qonşusunun əlaltısı olmaqdan qurtulmalıdır. Digər tərəfdən əski düşməniz olan Türkiyə Moskva yönümlü siyasət izləmədiyimiz təqdirdə bizim istiqlalımızı tanıya bilər. Mustafa Kamal Türkiyəsi bizimlə savaşda olsa da, ancaq Türkiyə-Rusiya qarşılıqlı dostluqlarının sürməyəcəyini görmək üçün çox da böyük zəka lazımd deyildir... Ermənistanın öz qurtuluşu üçün yalnız bir yolu var: Türklərlə barış içində yaşamaq, Ermənistan milləti öz varlığını və dövlətini qorumaq istəyirsə, Türkiyəni incik salmayacaq politika izlənməlidir.”83 Daşnakların mövqeyini əks etdirən bu məqalə yeni hökümətin təşkili və türklərlə müzakirənin başlanmasına işarət idi. Müzakirə üç gün sonra Aleksandropolda başladı.

* * *
         
          Lenin 1920-ci il noyabrın 20-də Moskva kommunist partiyasının məhəlli konferansındə nitq söyləyir. Qafqazdakı olaylara nitqində çox yer verir. Ruslar tərəfindən həyati önəmi olan məntəqələrə türklərin girəcəyi təqdirdə savaş başlayacağını deyir: “Qafqazda çox mürəkkəb olaylar baş verməkdədir. Hər gün bizə qarşı bir savaşın təhmil edilmə ehtimalı artmaqdadır. Ancaq Polşa ilə barış müqaviləsi bağlanmaq üzrədir və Vrangel yenilmişdir. Qafqazda oluşacaq bir savaş bizi qorxutmamalıdır. Belə bir savaş olursa, bizim imkanlarımızı Qafqazda daha da artıracaqdır... Qəzetlər Ermənistanda və Türkiyədə gəlişən olaylardan bizə məlumat verməkdədir. Anlaşılan durum çox ciddidir. Ancaq mən əminəm ki, biz barışı qoruyaraq bu durumdan çıxacağıq. Barışın qorunması üçün əlimizdən gələnləri edəcəyik. Ya da ölkəmizin uzaq sınırlarında bir savaş başlayacaq. Əmin ola bilərsiniz ki, bu savaş Polşa savaşından daha çox şeylər bizə qazandıracaq. Çünkü güc dəngəsi bizim yararımızadır.”84 Ancaq sovetlər birbaşa Türkiyə ilə savaşamağa məcbur olmur. Müzakirə yolunu seçir. Yalnız Bakının Türkiyə tərəfindən təhdidi Rusiyanı savaşa zorlaya bilər. Lenin Bakının savunmasının güclənməsinə əmr verir.
          Noyabrın 23-də, yəni Ermənistanda yeni hökümət qurulduğu gün erməni bir heyyət Türkiyə ilə müzakirə üçün Aleksandropola gedir. Heyyətin rəisi Aleksandr Xatisyan və heyyət üzvləri içində Abraham Gülxəndaniyan və Vahan Minaxuriyan da vardır. Türk nümayəndəliyini Kazım Qarabəkir və Həmid bəy təmsil edirlər. Eyni gün Vratsiyan Tiflisdən gələn Leqran və Medivanı ilə görüşür. Vratsiyan heç bir mülahizə gözətmədən Leqrandan soruşur: “Rusiya bizə yardım edə bilərmi? Cavab olumlu isə, nə ilə və necə?” Leqran cavab verir: “Xatisyan heyyətini geri çağırın və Türkiyənin istəklərini rədd edin. Buraxın qızıl ordu Ermənistana girsin. Bu durumda Türkiyə Rusiya ilə qarşı-qarşıya olacaqdır.” Leqranın cavabı Vratsiyana ağıllıca görünmür. Deyir ki, “Qızıl ordu çox uzaqdadır. Buraya gələnə qədər türklərin irəliləməsini kim durduracaq?”85  Leqran deyir: “Siz hər zaman ağıllı təklifləri rədd edirsiniz. Ancaq daha sonra sizə daha az yararı olan təklifləri qəbul edirsiniz.”86
          Noyabrın 25-də türklər Sevr müqaviləsinin ləğvini istəyirlər və Ermənistanın yazılı olaraq bunu etməsi gərəkməkdədir. Ermənilər buna qarşılıq olaraq dənizə açılan torpaq və bir də Van və Bayəzid vilayətlərinin bir qisminin Şərqi Ermənistana bağlanmasını istəyirlər. Bərabər imkana sahib olamayan tərəflər arasındakı bu şəkildə diplomatik müzakirədə zəif tərəfin məğlub olacağı bəllidir. Ermənistanın zəif durumunu bilən türklər öz istəklərində israr edirlər. Sovetin təmsilçisi olan Medivani Leqransız Aleksandropola gəlir. Türklər onu müzakirədən uzaq tutmağı başarırlar. Ermənilər də buna qarşı çıxa bilmirlər. Türklər açıqca rusların müdaxiləsindən qorxurlar. Bu durumda Medivani də müzakirəyə qatıla bilmədiyi üçün daşnaklara qarşı təbliğata başlayır.
          Sevr anlaşmasını çeynəyərək Ermənistana saldıran Türkiyənin təcavüzünü durdurmaq üçün noyabr ayının sonlarında “Millətlər Cməmiyyəti”nə müraciət edilir. Cəmiyyətdə Türkiyəyə qarşı atəşin nitqlər söylənsə də, heç bir addım atılmır. Rumuniya nümayəndəsi Ermənistanda barışın sağlanması üçün 40 minlik bir ordunun göndərilməsini təklif edir, ancaq bunu ciddiyə alan olmur.87 Noyabrın 19-da Xatistan Stoksdan İngiltərənin nümayəndəsi kimi müzakirəyə qatılmasını istəyir. İngiltərə xarixi işlər nazirliyinin bu istəyə cavabı noyabrın 29-da gəlir: “Kəmalistlərlə varılan anlaşmaya biz qatıla bilmərik. Ancaq Ermənistanın heç bir çarəsinin olmadığını anlayırıq. Rusiya ilə anlaşmaq şübhəsiz ki, ən kötü variantdır.”88 İrəvan höküməti hər tür xarici yardımdan məhrum buraxılmış, ancaq bolşeviklərin Ermənistana girməsini də istəməməkdədir. Təslim olmaq zorundadır. 1920-ci il dekabrın 2-də Ermənistan heyyəti fəlakətli Aleksandropol müqaviləsini imzalayır. Bu müqaviləyə görə Ermənistan öz ərazisinin tam yarısından vaz keçərək, Sevr müqaviləsinin ləğvi üçün də imza atır. Bu, qısa ömürlü Ermənistan cümhuriyyətinin ən uğursuz və utancverici tarixidir.89
           



63 VRATSİAN S: Haiastani Hanrapettouttioun (La Republique d´Armenie, 2 edition, Beyrouth, 1958, s. 442.
64 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-Qafqaz bölümü, 631, 235.
65 Lenin “Bütün əsərləri, 41-ci cild, s. 339-340.
66 Fransa xarici işlər nazirliyi arxivi Qafqaz cümhuriyyətləri (1919-1920), s. 96-97.
67 E. Q, Rusiya-savaş, 653, s. 68-69.
68 E. Q, dosya nömrəsi 1, s. 11-12.
69 E. Q, s. 156.
70 Velikaya Oktiabr´skaya sotsia listitcbeskaya Revolutsia i pobeda sovetskoi vlasti v Armenii (la grande Revolution Socialiste d´Octobre et la victoire du pouvoir sovietique en Armenie), Recueil de documents,  Erevan, 1957.
Cet ouvrage comprend de tres nombreux documents permettant de suivre chronologiquement les principaux evenements au Caucase de 1917—1921, sənəd-282, s. 418.
71 Hai jogbovourdi patmoutioun (Histore du peiple armenien), vol. VII, Erevan, 1967, s. 104.
72 E. Q, s. 105.
73 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-Qafqaz bölümü, 653, s. 241.
74 Kapur Harish: The Soviet Russia and Asia (1917-1927), New York, 1967, s. 67.
75 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-savaş, 653, dosya 1, s. 173.
76 E. Q, s. 212.
77 E. Q, Rusiya-Qafqaz, 653, s. 81.
78 E. Q.
79 E. Q, s. 235.
80 E. Q, s. 237.
81 E.q, s. 256.
82 Ermənistan Sovet Cümhuriyyətinin arşiv sənədləri, s. 62-64.
83 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-Qafqaz bölümü, 653, dosya 1, s. 113.
84 Lenin “Bütün əsərləri”, 31-ci cild, s. 31. 
85 VRATSİAN S: Haiastane bolchevikian mourdji yev trkakan Sali midjev (L´Armenie entre le matteau bolchevik et l´enclume torque), Beyrouth, 1953, s. 123.
86 Ermənistan sovet cümhuriyyətinin arxiv sənədləri, sənəd 48, s. 82.
87 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-Qafqaz, 653, dosya 1, s. 87.
88 KOUZNETSOVA S. I: Krakh imperialistitcheskikh zamyslov i voznohnovlenie interventsii v Zakavkaz´e (Eches des menees imperial istes et renouvellemment de I´intervention en Transcaucasie), Bakou, 1954, s. 146.
89 Vratsiyan “Ermənistanin müstəqilliyi” adlı kitabında Stoks-Xatisyan arasında keçən müzakirələrin cüziyatına işarə etməmişdir. Sadəcə Stoksun cavabını yazmışdır: “Ermənilərin ən az zərəri qəbul etməkdən başqa çarələri yoxdur. O da Rusiya ilə anlaşmalarıdır.” (S. 436) Ancaq Xatisyan “Ermənistanın doğuşu və inkişafı” adlı kitabında Stoksun cavabını bu şəkildə yazır: “Ən az zərər görməniz üçün kəmalistlərlə anlaşmanız gərəkir.” (S.254).

27 Mayıs 2012 Pazar

Bakı savaşı və Türk Ordusunun Bakıya girişi


Serj Afanasiyan
Tərcümə: Güntay Gəncalp

Bakı savaşı və Türk Ordusunun Bakıya girişi

Bakı kommunası

Menşeviklər Şaomiyanı həbs etmişdilər. O, fevralın 20-də Tiflisdən qaçaraq Bakıya gəldi. O, mərkəzi sovetlərin yardımı ilə qızıl ordu təşkil etməyə ümid bağlamışdı. Bu yolla Tiflisi işğal edib Seymi ortadan qaldırmaq istəmişdi. Çünkü Seymin ortadan qaldırılışı ilə işçilərin və kəndçilərin bolşeviklərin yanında olacağını düşünürdü. Ancaq bu yolla Almaniya və Türkiyənin bölgədəki istəklərinə qarşı çıxa biləcəklərini ön görürüdü. Bir sözlə Qafqazı sovet Rusiyası üçün hazırlayırdı. Tiflisdən Bakıya gəldikdən sonra inqilabi bir komitə təşkil etdi. Bu komitənin rəhbərliyini Kurqanov və Mikoyana buraxır. Bunların 23 yaşları var. İlk dəfə idi Bakıda siyasət səhnəsinə çıxmaqda idilər. Bir qızıl quvardiya, işçilərdən və müxtəlif millətlərin əsgərlərindən oluşan uluslar arası bir alay təşkil etdi. Mart ayında bolşeviklərin altı min əsgərdən oluşan ordusu var idi.
          Seym ilə əlaqələrin kəsilməsi və Qafqazın türklər tərəfindən işğal edilmə təhlükəsi Bakıdakı partiyaların düşüncəsini təsirləndirirdi. Daşnaklar türklərin qorxusundan bolşeviklərə yaxınlaşırlar. İnqilabçı sosialistlər və menşeviklər bolşeviklərə güvənməsələr də, Bakının Rusiyanın kontrolunda qalmasını istəyirlər. Müsavatçılar Qafqaz müsəlmanlarının əksəriyyətinin himayəsini qazansalar da, Bakıda məhəlli sovetdə çox az nümayəndələri var.  Məhəlli sovet rusların və ermənilərin kontrolundadır. Türklərin Qafqazda irəliləmələri müsavatçıların Rusiyadan ayrılma istəklərini gücləndirirdi. Bundan sonra müsavatçılar açıqca Türkiyə yanlısı siyasət izləməkdədirlər. Və səbirsizliklə türk ordusunun Bakıya girməsini bəkləyirlər. Ancaq türk ordusunun gəlməsi ilə müsavatçılar rəqib partiyaların şərindən qurtula biləcəklərini düşünürdülər.
          Bakı soveti icraiyə komitəsi bu ziddiyətlərdən ustalıqla durumu kontrol etmək üçün istifadə edir. Lenin Bakının durumu ilə bağlı Şaomiyandan məlumat istəyirdi. Şaomiyandan gələn məlumata cavab olaraq Lenin onun siyasətini bu şəkildə təqdir edir: “Sizin səmimi və qətiətli siyasətiniz bizi məmnun edir. Siyasətinizi yumşaq diploması ilə Qafqazın mürəkkəb durumuna uyğunlaşdırmağa çalışın! Bu durumda bizim qələbəmiz kəsinləşəcəkdir.”30
Martın 12-də türklər Ərzurumu ələ keçirirlər. Bu xəbər müsavatçıları ruhlandırır. Müsavatçılar məhəlli sovetə qarşı fəaliyyətə başlayırlar. Müsavatçılar daha öncə milli komitə tərəfindən bir ordu düzənləmişdilər.  Bu ordu “Vəhşi ordu” adlanırdı və Qərb cəbhələrindən geri dönmüşdülər. Müsavatçılar bu ordunu gücləndirdilər.31 müsavatçılar türklərin yardımı ilə martın 25-də Petrovsk limanını (indiki Maxaçqala) işğal etdilər. Dağıstanda imam Qotsinski bolşevik düşməni idi və müsavatçılarla əməkdaşlıq edirdi. Müsavatçılar beləliklə Bakının şimalla olan irtibatını kəsdilər və buğdanın gəlməsini durdurdular. Müsavatçılar iğtişaş yaradır və Xəzərin güney limanlarını, o cümlədən Lənkəranı ələ keçirdilər. Müsavatçılar Bakıdakı qərargahlarından yardım tələb edirlər. Əsədullayev Bakı milyonerlərindən birinin oğludur. Martın 29-da hərbi bir vahid Əsədullayev başçılığında Lənkərana yollanır. Bu ordunun Lənkərana yola düşməsindən bolşeviklərin xəbəri olmur. “Ulina” adlı gəmi ilə Əsədullayev Lənkərana gedir. Bolşeviklər xəbərdar olduqdan sonra Bakı soveti gəmini ələ keçirmək üçün hərəkətə keçir. Əsədullayev gəmiyə yaxınlaşmaq istəyənlərə qarşı atəş əmri verir. Bu hadisə durumu daha da gərginləşdirir. Martın 30-da M. Ə.Rəsulzadə rəhbərliyində müsavatçı bir heyyət Bakı soveti icraiyə komitəsinə müraciət edərək onlardan silahlarını buraxmalarını tələb edir.
          İnqilabçı hərbi komitə etnik savaşın baş qaldıracağından qorxur. Bolşeviklər də etnik savaşı istəməməkdədirlər. Bu üzdən Bakı soveti silahlarını “Hümmət” partiyasına təslimetmə qərarına gəlir. Müsavatçılar bu təklifi qəbul etmirlər. Bunun üzərinə qanlı savaş başlayır. Bu savaşda 20 mindən artıq adam iştirak edir. Martın 30-dan aprelin birinə qədər üç gün ərzində üç mindən artıq adam ölüb yaralanır. Ermənilər şurasının bolşeviklər qədər əsgərləri var idi. Şura bu savaşda öncə tərəfsiz qalmaq istədi. Ancaq öz soydaşlarının canlarını təhlükədə görür. Şura erməni əsgərləri öz məhəllələrində hazır duruma gətirir və müsəlmanlara qarşı savaşa qatılır. Əsas qərargahları içərişəhərdə olan müsavatçılar dənizdən top atışlarının atəşi altındadırlar. Müsavatçılar təslim olurlar. Əlimərdan Topçubaşov rəhbərliyində bir heyyət sovet tərəfindən təsis edilən Bakını qoruma komitəsinə müraciət edir. Heyyət təslim şərtlərini bu şəkildə qəbul etmək zorunda qalır: 1-Müsavatçılar bolşevik icraiyə komitəsini Bakının alternativsiz güvənlik gücü kimi tanımalıdırlar. 2- Müsavatçı əsgərlər ya sovetin əmrlərinə tabe olmalıdır, ya da Bakını tərk etməlidirlər. 3- Tiflis və Petrovsk arasındakı əlaqələri müsavatçılar təhlükə altına almamalıdırlar.
          Bolşeviklər bu qələbələrindən sonra öz yerlərini Qafqazda və özəlliklə Bakıda möhkəmləndirmək istəyirlər. Müxalif qəzetlərin yayımını durdururlar. Sənayeçiləri və Bakı burjuaziyasını bolşeviklərə 50 milyon rubl məbləğində para ödəməyə zorlayırlar. Şaomiyan aprelin 13-də Moskvaya göndərdiyi raportunda savaş haqqında yazırdı: “Bir tərəfdə sovet qızıl quvardiyası, bolşeviklərin uluslar arası alayı və qızıl donanma, digər tərəfdə isə, müsəlmanların vəhşi ordusu durmuş savaşırdılar. Vəhşi müsəlman ordusunun içində bir çox rus zabiti də var. Müsəlman qruplar müsavatçıların rəhbərliyi altındadırlar. Savaş bizim xeyirimizə nəticələndi. Savaşı başladan Müsavatçılar idi. Müsavatçılar savaşı qazansaydılar, bütün Qafqaza hakim olacaqdılar. Bu da Qafqazı itirmək anlamına gələrdi. Bizim 6000 savaşçımız və 3-4 min arasında daşnaklara tabe olan əsgərimiz var. Daşnakların iştirakı savaşı etnik zəminə sürüklədi. Ancaq bu, qaçınılmaz idi. Başqa yol yox idi.32
Bolşeviklərin Bakıdakı qələbəsi Qafqaz hökümətini narahat edir. Özəlliklə Gəncəni öz qərargahı olaraq təyin edən müsavatçılar bu işdən çox narahat olurlar. Aprel ayında keçirilən ikinci toplantıda gürcü inqilabçı sosialistlərin nümayəndəsi Ramişvili bəyan edir ki, “Bu məğlubiyətdən sonra bolşeviklərin Tiflisə saldırıb bütün Qafqazı ələ keçirmələrinin yolu açılmışdır.”33 Müsavatçıların tələbi üzərinə Seym, polkovnik Nikita Maqalov başçılığında 6000 nəfərlik ordunu Gəncəyə göndərmə qərarı alır. Ordu müsavatçılarla Gəncədə birləşərək Bakıya doğru hərəkət edir. Dağıstandan imam Qotsinski də 1500 savaşçı müsavatçılara yardım etmək üçün göndərir. Birləşik güclər Bakının 17 km yaxınlığında olan Xırdalana qədər irəliləyir. Xırdalanda ortaq erməni-bolşevik ordusu ilə qarşılaşır və geri çəkilirlər. Bakının mühasirəsi beləcə mümkün olmur. Ayrel ayının sonlarında qızıl güclər Petrovsk və Dərbəndi işğal edirlər. Şimalla irtibat yollarını qurudan və dənizdən açıq tuturlar.
Bolşeviklər Seymin Zaqafqaziyanı müstəqil dövlət olaraq elan etməsini sovet Rusiyasına xəyanət kimi görürlər. Aprelin 25-də bolşeviklər öz hökümətlərini təsisetmə qərarına gəlirlər. Xalq Komiserləri Şurası (SOVNARKOM), ancaq bolşeviklərdən və inqilabçı sol sosialistlərdən ibarət idi. Bu, Bakı kommunası hökümətinin başlanğıcı idi. Şuranın tərkibi bu şəkildə idi: Şaomiyan- şuranın rəisi, Çaparidze-daxili işlər naziri, Kurqanov- müdafiə naziri, Nərimanov-ədliyə naziri, Kariniyan-təhsil naziri, sol sosialist olan Soxartsov- post və teleqraf naziri. Şaomiyan müsəlmanların könlünü ələ almaq üçün Əzizbəyovu Bakı şəhəri komiserliyinə təyin edir. Daha sonra da onu Bakı əkinçilər nümayəndələri sovetinin icraiyə komitəsinin rəisi təyin edir.
1918-ci il mayın 1-də Bakı soveti bir bəyaniyə yayır. Bəyaniyədə deylir ki, Bakı soveti mərkəzi iqtidarla çox sıx əlaqədədir. Sovetin bütün əmrləri Bakı sovetinin konntrolunda olan ərazilərdə qanun xarakteri daşıyır və davam edir: “Bakı soveti bütün Qafqazda və Dağıstanda sovet iqtidarını qorumaq üçün son nəfəsinə qədər savaşacaqdır.”34 Ancaq türklərin saldırısının qarşısını hansı güc ala biləcəkdi? Zəif gürcü-erməni birlikləri türklərə qarşı qoyacaq durumda deyildilər. Müsəlmanlar da türklərə qarşı savaşmaq fikrində deyildilər.


Batumi konferansı

Trabzonda durdurulan müzakirə 1918-ci il mayın 11-də Batumidə yenidən başladı. Türkiyə nümayəndə heyyətini ədliyyə naziri Xəlil bəy və onun yardımçısı Vahab paşa təmsil edirdi. Qafqaz nümayəndə heyyətində Çxen Keli rəisliyində Xaçaznuni və Rəsulzadə bulunmaqda idi. Alman dövləti də Brest-Litovsk müqaviləsini imzalayan tərəf kimi bu müzakirəyə nümayəndə göndərmişdi. Qafqaz nümayəndə heyyəti müzakirənin Brest-Litovsk müqaviləsi əsasında davam etməsini istəyirdi. Xəlil bəy cavab verdi ki, o müqavilə Qafqaz höküməti tərəfindən rədd edilmiş, Qafqaz nümayəndə heyyətinin trabzonu tərk edişindən sonra hərbi əməliyyatlar durdurulmamış, nəticə etibarı ilə yeni durum ortaya çıxmışdır. “Türk ordusu ilə Qafqaz gücləri arasında savaş başlamışdır. Daha sonrakı vəziyyət haqqında hər kəsin bilgisi vardır. Nə yazıq ki, çox qan tökülmüşdür. Ayrıca, münasibətlərimizin mahiyyəti dəyişmişdir.”35 Mayın 14-də türklər daha artıq tələblərlə çıxış etdilər: Brestdə onlara verilən ərazilərdən başqa Axalkalaki və Axaltsix nahiyələrini də istəyirdilər. Bu ərazilərin Türkiyəyə qatılmasının yanı sıra Aleksandropol-Culfa arasında 25 km uzunluğunda sərbəst bölgə tələb edirdilər.  Bu sərbəst bölgədən İranda ingilislərlə savaşmaq üçün keçid yol kimi istifadə edəcəklərini söyləyirdilər.36 Türkiyə bu müzakirədəki tələblərinə çatmaq üçün müzakirə gedərkən hərbi əməliyyata başlayır. Mayın 15-də Aleksandropol (indiki Leninakan) dəmiryolunu işğal edir. Bu işğalla da Tiflis və İrəvan təhlükə altına girmiş olur. Şərqi Ermənistanın tamamının işğal edilmə təhlükəsi ermənilərin milli duyğularını təhrik edir. Erməni ordusunun başkomutanı general Nəzərbəgiyan son saatda qəmli bir məsaj göndərir. Mayın 26-da general Danielbek Piromiyan və general Silikiyan komutanlığındakı erməni orduları türk ordusuyla savaşırlar. Savaş İrəvanın yaxınlığında olan Sərdarabadda başlayır. Türk ordusunu geri püskürtməyi başarırlar. Qeyri-hərbi müdafiənin başçısı Aram manukiyandır. O, bu savaşda böyük qəhrəmanlıq göstərir və öz qəhrəmanlığı ilə ermənistanı və onun istiqlalını qorumuş olur. Başabaran və Qarakilsədə də türklərin saldırısı durdurulur. Bu da türklərin Bakıya girişlərini ertələyir. Ancaq böyük savaş təcrübəsi olan türk ordusu qarşısında ermənilər bundan artıq dirənə biləcək gücdə deyildilər. Erməni nümayəndələri Batumi konferansında savaş meydanı ilə əlaqə saxlaya bilmədikləri üçün müzakirə masasında zəfər kartlarından istifadə etməyi başarmadılar. Bu üzdən də ağır barış şərtlərinə imza atmaq zorunda qalırlar. Andranik bu müqaviləni təhqir sayır və öz tərəfdarları ilə Dəlicana çəkilir. Ordan da Naxcıvana gedir. Andranik bu hərəkətləri ilə İranda ingilis güclərinə qatılıb onlardan yardım alacağını xəyal etmişdi.


Qafqaz cümhuriyətlərinin müstəqilliyi
(1918 may)

Türk ordularının irəliləyişi və qələbələri Xəlil bəyin güclü mövqedən çıxış etməsinə səbəb olmuşdu. Qafqaz və Türküstanla bağlı planları olan Osmanlı müdafiə naziri Ənvər paşanın israrı üzərinə Xəlil bəy mayın 26-da Çxen Keliyə bir ultimatum təqdim etdi. Xəlil bəy 72 saat ərzində daha öncə adıçəkilən ərazilərlə bir yerdə Aleksandropol və İrəvanın bəlli nahiyələrinin Türkiyəyə verilməsini Çxen Kelidən istədi. Xəlil bəyin istədiyi ərazilər Brest-Litovsk müqaviləsində Türkiyəyə buraxılan ərazilərin iki qatı idi. Ayrıca, türklər Bakıya uzanan yolun da türk ordusunun güvəncəsi altında olmasını istəyirdilər. Bu da Qafqazı Rusiyadan ayırıb öz kontrolunda saxlaya bilməsi üçün Türkiyəyə imkanlar sağlayırdı. Qafqazın təbii qaynaqlarına, özəlliklə Bakının petroluna çox dəyər verən Almaniya türk ordusunu bu bölgədən uzaqlaşdırmaq istəyirdi. Almaniya türk ordusunun Mesopotamiyada ingilislərlə savaşmasından yanaydı. Bu üzdən Brest-Litovskdə üzərində durulan sınırların qorunmasından yanaydı. Ancaq Almaniyanın müdaxiləsi türklərin iradəsinə heç bir təsir göstərmədi. Onlar konferansı tərk edib və Berlinə dönmək yerinə gizlicə Potiyə getdilər. Bu zaman ilk alman dəniz donanması Potiyə çatmışdı. Almanlar ayrıcalıqlı şəkildə gürcülərlə müamiləyə başlamışdılar.
Konferans başladıqdan sonra pərdə arxasında da gizlin danışıqlar gedirdi. Rəfibəyov və Sultanov Türkiyənin yardımı ilə Azərbaycanın müstəqilliyini elan etmək istəyirdilər. Türkiyə və Almaniya arasındakı ziddiyyətdən gürcülər ustalıqla istifadə edib Gürcüstanın bağımsızlığını Almaniyanın yardımı ilə elan etdilər. Yalnız ermənilər ortada qalmışdı. Çünkü ermənilərin xarici ölkələrin diqqətini çəkəcək nə təbii qaynaqları var idi, nə də arxalarında güclü bir dövlət dayanmaqda idi. Mayın 26-da Türkiyənin ultimatum sunduğu zaman Akaki Sereteli Seymin son toplantısında bəyan edir ki, əslində qafqazlılar arasında heç bir birlik söz qonusu deyildir. Artıq Qafqaz birliyindən danışmağın bir anlamı yoxdur. Bu durumda gürcülər üçün öz müstəqilliklərini elan etməkdən başqa bir yol qalmamışdır. Ermənilərin etirazlarına baxmayaraq menşevik-müsavat birliyi ilə Qafqaz hökümətinin ləğvi bəyan edilir: “Qafqaz qövmləri arasında savaş və barışla bağlı olan olan müxtəlif nəzərlər mərkəzi bir iqtidarın oluşmasını əngəlləmişdir. Bütün qövmlər tərəfindən qəbul ediləcək mərkəzi iqtidar qurula bilməmişdir. Bu durumda Qafqaz höküməti öz varlığını ləğv edir.”1 Bu bəyaniyədən bir neçə saat sonra Gürcüstan milli şurasının rəisi Jurdaniya alman imperatorunun nümayəndəsinin hüzuru ilə Gürcüstanın müstəqilliyini elan edir. Onun başçılığında qurulan yeni və bağımsız Gürcüstan dövlətində Çxen Keli xarici işlər naziri və Ramişvili daxili işlər naziri təyin edilir. Çxedze milli məclisin sədri olur. Mayın 28-də Potidə Çxen Keli Almaniya ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayır. Bu müqavilə əslində gürcüstanı Almaniyanın himayəsi altına almaqdadır. Mayın 27-də müsəlman fraksion Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlir. Bir gün sonra Tiflisin “Uryan” hotelində toplaşan müsəlmanların milli şurasının icraiyə komitəsi Azərbaycanın istiqlalını elan edir. “Azərbaycanın ərazi sahəsi daha sonra Qafqazın cənub və şərqini ehtiva edəcəkdi.” Ermənilər çarəsiz qalmışlar və tələskən bir bəyaniyə ilə onlar da mayın 28-də öz bağımsızlıqlarını elan edirlər: “Qafqazın siyasi birliyinin pozulması və Gürcüstanla Azərbaycanın öz müstəqilliklərini elan etmələri səbəbi ilə erməni milli şurası da özünü erməni bölgəsinin dövləti olaraq elan edir.” Hər halda neçə əsrdən sonra müstəqil bir erməni dövləti qurulur. Türkiyə iyunun 4-də yeni Qafqaz dövlətləri ilə barış müqaviləsi imzalayır. İrəvan və Sivan gölü* ətrafında yerləşən erməni dövləti sadəcə 9000 kvadrat kilometri təşkil edirdi. Ermənistan və Türkiyə arasında imzalanan dostluq müqaviləsinin 4-cü maddəsinə görə Ermənistanın istəyi üzərinə Türkiyə Ermənistana hərbi yardım etməyi öz üzərinə götürür. Ermənistan dövləti də öz üzərinə öhdəlik götürür. Müqavilənin 5-ci maddəsinə görə Ermənistan dövləti bütün silahlı dəstələri silahsızlandırmalıdır. 6-cı maddəyə görə Ermənistan ərazisində yaşayan müsəlmanlara dini azadlıq haqqı tanınmalıdır. Bu müqaviləyə görə Ermənistan ölkədə düzən sağlayacaq hərbi birimlərin dışında bütün ordusunu ləğv etməlidir. Müqavilənin 1-ci maddəsinə görə Ermənistanda düzən sağlayacaq olan hərbi gücün miqdarını da Türkiyə dövləti təyin edəcəkdi. 3-cü maddəyə görə Ermənistan bütün yollarını türk ordusunun sərbəst hərəkəti üçün açıq tutmalıdır. Bu müqaviləni ermənilər tərəfindən Ruben Xaçaznuni, Aleksandr Xatisyan və Mikayıl papacanov, Türkiyə tərəfindən isə, Xəlil bəy və Vahab paşa imzalayırlar.2
Eyni tarixdə Gürcüstanla bağlanan müqavilə daha yumşaqdır. Gürcüstan torpağının altıda biri qoparılıb Türkiyəyə verilsə də, buna qarşılı 10 min nəfərlik alman ordusu Gürcüstanda barınmaqdadır və bu da Türkiyənin Gürcüstana saldırısını önləməkdədir. Ayrıca, bu durum menşeviklərin bolşevikləri qətl edib yox etmələrinə imkan yaradır. Bu tarixdən öncə fevral ayında bolşevik qəzetlər qapadılmışdı.
İlk dəfə olaraq özlərini “azəri” adlandıran müsələmanlar daha çox imtiyaz qazanırlar. Bakı bolşeviklərin əlində olsa da, Türkiyə oranı azad etməyi öz üzərinə götürür. Fətəlixan Xoyski* başçılığında qurulan azərilərin höküməti bu zaman Gəncədə yerləşməkdədir.
Batumidə imzalanan müqavilə türkləri məmnun etsə də, almanlar bu müqavilədən heç də məmnun deyillər. Almaniya bu müqaviləni Qafqaziyadakı mənafeyinə qarşı görməkdədir. Onlar bu müqaviləni yumşaltmaq üçün planlar hazırlayırdılar.
* * *

Istiqlalın elanından sonra Ermənistan hökümətinin təşkili Tiflis Ermənilər Şurasına həvalə edildi. Bu zaman Tiflisdə durum çox ağırdı. Xalq aclıq səviyəsindədir. Şura kualisiya höküməti qurmaqda zorluqlarla qarşılaşır. Popolistlər daşnakları suçlayırlar və durumun bu qədər kötüləşməsinə onların səbəbkar olduqlarını deyirlər. Bu üzdən daşnaklarla hesablaşmaq istəyirlər. Inqilabçı sosialistlər və sosial demokratlar popolistlərin adlarını da eşitmək istəmirlər. Çünkü onları burjua olaraq tanımlayırlar. İrəvanda diktator iqtidarın başında duran Aram və Tiflisdə erməni şurasının rəisi olan Xaçaznuni bu durumdan o qədər incimişdilər ki, istefa etmək fikrinə düşmüşdülər. Sonunda daşnaklardan oluşan hökümət təsis edildi. Xatisyan xarici işlər naziri, Karçikiyan iqtisadiyat naziri və Aram daxili işlər naziri oldular. Heç bir partiya üzvü olmayan Allahverdiyan müdafiə naziri təyin edildi. Tiflisdə quruluan erməni höküməti iyulun 20-ə qədər İrəvana daxil ola bilmir. Şura üzvlərindən oluşan erməni məclisi çox çətin durumla qarşı-qarşıya idi. 9000 kvadratkilometr sahədə 750 000 erməni yaşamaqdadır. Zəngin Arart ovası türklərin işğalında qalmışdı. Bu cəmiyyətin 300 000 nəfəri türklərin saldırısından qərar edən qaçqınlardı. Qıtlıq və xəstəlik erməni toplumunu ayaqdan salmaqdadır. Ayrıca, sayıları bölgədə çox yüksək olan müsəlmanlara qarşı da məclisin savunma planı olmalıdır.

* * *

Bolşeviklər bir mayda söz verdikləri islahatı sürətlə həyata keçirməyə çalışırlar. Düşünürlər ki, Onların bu islahatı zəhmətkeş xalq arasında tərəfdar toplamalarına səbəb olacaq. Balıqçılığı və ticari gəmiləri milliləşdirirlər. Pambıq inhisarını öz əllərinə keçirib Moskvaya göndərirlər. Neft sənayesinin böyük qismi yabancı sərmayədarlara aiddir. Bolşeviklər iyunun 2-də neft sənayesini milliləşdirdiklərini duyururlar. Moskva Bolşeviklərin nefti milliləşdirmələrini dəstəkləmir. Çünkü Moskva xarici ölkələrlə münasibətdə Bakı neftindən yararlanaraq dəngə politikası qurmaq fikrindədir. Ərazilərin kəndlilərin arasında paylaşımı iyun ayının 18-də bir fərmanla duyurulur. Ancaq bütün bu islahat müsəlman işçi və kəndlilərə təsir göstərmir. Azərbaycan içşi və kəndliləri daha çox müsavatçılara və türklərə meyllidirlər. Çünkü onlar müsəlman bir dövlətin quruluşu yolunda çalışırlar. Onların təbliğ etdikləri milli və dini duyğular bolşeviklərin təbliğ etdikləri sinfi duyğuları üstələməkdədir. Bolşeviklərin Bakıya girişi ilə bu şəhəri tərk edən Mikoyan olayları bu şəkildə açıqlayır: “ Burjuaların və feodalların Bakı işçiləri və kəndliləri arasında oluşdurduqları əngəli ərazi inqilabının dalğaları devirə bilmədi.”3
Tələsik tətbiq edilən islahat burjuaziyanın və müxalif partiyaların etirazı ilə qarşılaşır. Xam mal qıtlığı üzündən duraxsayan istehsal tamamən durmuşdur. 1917-ci ildə petrol sənayesində çalışan işçilərin sayı 47000 nəfər idi. İndi isə, 38000 nəfərə enmişdi. Neft istehsalı 12 milyon tondan 7 milyon tona enmişdi. Dağıstanda ortaya çıxan problemlər üzündən ciddi ərzaq qıtlığı meydana gəlmişdi. Mayın 15-də əski bolşevik Stepaninin başçılığında ərzaq kommisionu təşkil edilir. Komision bir bəyaniyə yayaraq xalqı sovet düşmənlərindən saqındırır. Bəyaniyədə deyilir ki, düşmənlər qıtlıqdan yararlanaraq inqilaba zərər vermək istəyirlər.4 İnqilabçı sosialist partiyalar, menşeviklər və daşnaklar Bakını əllərində bulundurmaqdadırlar. Bolşeviklərin əlində olan Həştərxandan ərzaq və silah ala bilmək üçün bir-birləri ilə əməkdaşlıq etmək zorunda qalmışlar.
İyun ayının 1-də əkinçilər nümayəndələrinin sovetində Şaomiyan önəmli bir nitq söyləyir. Ona görə o günə qədər çox gərgin olan Qafqazın durumu artıq faciəvi vəziyətə çatmışdı. O, Qafqazın müstəqil dövlətlərini məhkum edərək deyir: “Biz erməni burjuaziyasından və müsəlman xanlardan və feodallardan qorxmayan uluslar arası şura iqtidarı təsis edə bilərik. Qafqazda təsis ediləcək olan bu demokrat qurum heç çəkinib qorxmadan Batumidə Türkiyə və Almaniya təhdidinə qarşı çıxa bilər. Ancaq biz belə bir iş görmürük. Gürcüstanın müstəqilliyinin elan edilməsi menşeviklərin növbəti xəyanətidir. Menşeviklərin bu xəyanəti vəziyyəti daha da gərginləşdirmiş. “Müsavat” Qafqazda ən zəif partiya idi. Gürcüstan olayları və milliyətçilərin müsavata dəstək vermələri onu ən güclü partiyaya dönüşdürmüşdür. İnqilabın gerçəkləşməsində bu partiyanın heç bir rolu olmamışdır. Son günlərdə Almaniya və Türkiyənin bizə saldıracaqları xəbərləri ortalıqda dolaşmaqdadır. Biz ya onları məğlub edib öz iqtidarımızı qorumalıyıq, ya da gücümüz onların gücünə bərabər olmasa, şərəfli bir savaşa girib savaşaraq şəhid olmalıyıq. Durum bu şəkildədir və biz savaşa hazır olmalıyıq.”5 
Menşevilər Brest-Litovsk müqaviləsinin imzalanmasında bolşevikləri suçlayırdılar. Şaomiyan onlara cavab olaraq dedi ki, Lenin savaşı durdurmağı işçilərin və əkinçilərin yararına görmüşdü. Şaomiyan daşnakları erməni burjuaziyası ilə işbirliyi etməklə suçlayırdı.6 Eyni gün Bakı “Sovnarkom”u Qafqaz işçilərinə və kəndlilərinə bir məsaj göndərib onları Türkiyəyə və əks-inqilabçılara qarşı savaşa çağırdı: “Rusiyadan uzaqlaşdırıldıqdan sonra Qafqazda yerləşən Sereteli, Ramişvili, Çxidze kimi gürcü aristokratları, xanlar və erməni millətçiləri və daşnaklarla birləşərək bölgəmizin zəhmətkeşlərinə qarşı cinayətkaranə siyasət təqib etməkdədirlər. Onların bu xəyanətləri üzündən türklər Qafqaza girdilər. Menşeviklər və müsavatçılar bizi inandırmağa çalışırlar ki, türk ordusu müsəlmanların güvənliyini sağlamaq üçün gəlmişdir. Bunların hamısı yalan sözlərdir. Türklər xanları və feodalları yenə də sizlərə hakim edəcək, torpaqlarınıza sahib çıxacaqlar.”7
İyun ayının 1-4 arasında qəbul edilən qətnamədə inqilab qarşıtları ilə savaş zərurəti vurğulanırdı. “İnqilabçı böyük Rusiyanın yardımı ilə Qafqazda sovet rejimi qurulacaqdır”8 Şaomiyan Leninin də diqqətini Türkiyə təhdidinə yönəltmişdi. Mayın 23-də Leninə bu məzmunda bir teleqram göndərdi: “Olaylar çox sürətlə gəlişməkdədir. Türklərin əsas hədəfi Bakını işğal etməkdir.”9 Başkəndləri öz əllərində olmayan müsavatçılar 1918-ci il iyunun 14-də Gəncədə yerləşdirlər. Türklər də Bakıya böyük saldırı düzənləmək üçün ordularını Gəncədə bir araya gətirmişdilər. Mayın 27-də Nuru paşa 7000 əsgəri ilə Gəncədə yerləşmişdi. Iyunun 19-da Mürsəl paşa komutanlığındakı Çanaqqala ordusu da nuru paşaya qatılmaq üçün Gəncəyə gəldi. İyunun 19-da türklər və azərilər işğal etdikləri ərazilərdə fövqəladə vəziyyət elan edirlər. Fətəlixan Xoyski iqtidarı, Azərbaycanda səfərbərlik elan edir. Azəriləri “vəhşi ordu” ilə bir yerdə türk ordusu komutanlarının əmrinə tabe olurlar. Bu savaşa dini don geyindirmək üçün Bakıya saldıracaq olan ordunun adını “İslam ordusu” qoyurlar. İslam ordusunun 20 min savaşçısı və bir topçu dəstəsi var idi. Alman topçuları da İslam ordusunu savunmaqda idi. Bakıya saldırmaq üçün bütün hazırlıqlar tamamlanmışdı. Türkiyə üçün petrol şəhri olan Bakı çox önəmli idi. Bakını ələ keçirməklə Türkiyə öz əski xəyallarını gerçəkləşdirə biləcəkdi. Türkiyənin amacı bütün Qafqaz müsəlmanlarını öz rəhbərliyi altında birləşdirmək idi. Ruslar da Qafqazı kontrol etmək Bakını kilid bölgə sayılırdılar. Ayrıca, Sovet Rusiyası bakının petroluna möhtac idi. 1918-ci ilin ilk dörd ayında ruslar Baködan 1/3 milyon ton petrol əldə etmişdilər. Müttəfiq güclər Rusiyanın hər yerində inqilaba qarşı olanlara yardım edirdilər. Lenin onlarla savaşmaqla məşğul idi və Bakı sovetinə yardım edə biləcək gücdə deyildi. Türklərin və almanların Qafqazda irəliləmələrinin qarşısı alına bilməyəcəkdi. Ayrıca, Lenin Rusiyaya qarşı Qafqazda yeni bir savaş cəbhəsinin ortaya çıxmasından əndişələnirdi. Lenin bu əndişələrini mayın 21-də “İzvestiya” qəzetində dərc olan məqaləsində bu sözlərlə dilə getirirdi: “Qafqazı kim ələ keçirsə, böyük zənginliyə qovuşacaq və Hind-Bəsrə körfəzi arasındakı irtibat yollarını öz kontrolunda saxlayacaqdır. İki imperialist qruplar, yəni Almaniya və Türkiyə bizim düşmənimizdir. Almanların və türklərin Qafqazda irəliləmələri Rusiyada sovet rejiminin çöküşünə səbəb ola bilər.”10
Batumi müqaviləsini rəsmiyətə tanımayan bolşeviklər, Brest-Litovsk müqaviləsinə istinadən türklərin irəliləmələrini durdurmaq üçün diplomatik manevralara əl atırlar. Çünkü bu müqavilədə Bakının işğalı ilə bağlı bir bənd yox idi. Bakı haqqında özünəməxsus görüşləri olan Almaniya Qafqazda yetərincə hərbi gücə sahib deyildi. Balkanlardan yardımçı alan təqviyə gücünün gəlməsini bəkləyirdi. Bulqaristanda durum dəyişdikdən sonra bu təqviyə güc Qafqaza gedə bilmədi. Moskvadan ümidləri kəsilən Bakı soveti türklərin və azərilərin saldırıları qarşısında bütün imkanlarını səfərbər etməyə başlayır. İyun ayının 6-da müdafiə komiserliyi “Qafqaz qızıl ordu əsgərləri”nə xitab edərək bir bəyaniyə yayır. Bəyaniyədə deyilir: “Əsgər yoldaşlar, işçilərin və əkinçilərin inqilablarının aqibəti sizlərin əlindədir. Hər kəs gözünü Bakı proletariyatına və onun qızıl ordusuna dikmişdir. Bu ordu qurtuluşu sağlayacaqdır. Ermənistan və Gürcüstan dağlarında xanlara qarşı savaşan qəhrəman savaşçılar var. Onlar menşeviklərin və daşnakların xəyanəti nəticəsində zəif duruma düşmüşlər. Müsəlman, erməni və gürcü əkinçilərin yardımı ilə əkin yerlərini xanlardan geri ala bilsəniz, sizin qarşınızda heç bir güc müqavimət göstərə bilməz. Qanlı, ancaq ədalətli və müqəddəs savaş üçün irəli!”11 
Bolşeviklər 14000 könüllü toplamışdılar. Bunların çoxunun hərbi eyitimi yox idi. Bakı soveti neçə min rus əsgər və dənizçisinə, bir də qızıl orduya qatılmış ermənilərə güvənirdi. “İslam ordusu”na qarşı bolşeviklərin saldırısı iyun ayının əvvəllərində üç istiqamətdən başladı. Şimaldan Dağıstana tərəf, Cənubdan Xəzər boyunca, özəlliklə türk ordusunun ümdə birikim yerləri olan Bakı-Tiflis dəmir yolu istiqamətində saldırılar davam edirdi. Başlanğıcda bolşeviklərin saldırısı uğurla irəliləyirdi. İyun ayının 12-də Kürdəmir qərargahını bolşeviklər ələ keçirdi. İyunun sonlarında Gəncənin 150 km yaxınlığına çatdılar. Lenin bu savaşın almanları təhrik edəcəyindən qorxurdu. Şaomiyan düşünürdü ki, savaşda üstünlük qazansalar, daha çox könüllü tərəfdar toplayacaqlar. Ancaq Lenin Almaniyanın müdaxiləsindən qorxuduğundan bolşeviklərin Qafqazdakı saldırılarının yavaşıtılması üçün Volqa cəbhəsinin hərbi komiseri olan Stalinə əmr verdi. İyun ayının 8-də Stalin Şaomiyana belə bir teleqram göndərir: “Sizin uğurlarınız bizi sevindirir. Ancaq Almaniya ilə qarşı-qarşıya gəlməmək üçün Gəncədən ötəyə keçməmənizi istəyirik.”12 Bu məntəqə Gürcüstanın sınırındadır. Gürcüstanın da müstəqilliyi Almaniya tərəfindən tanınmışdı. Gürcüstana qarşı hər hansı bir saldırı Almaniyanı savaşa soxa bilərdi.
Türklər belə dirənişlə rastlanacaqlarını bilmirdilər. Azərbaycanın xarici işlər naziri Hacinski Azərbaycan nümayəndə heyyətinin rəisi olan və və bu sıralarda İstanbulda bulunaraq rəsmi görüşlər keçirən M.Ə. Rəsulzadəyə yazır: “Cəbhədə durumumuz yaxşı deyil. Biz irəliləyə bilmirik. Türkiyə dərhal bizə yardımçı təqviyə güc göndərməlidir. Yoxsa biz Bakını itirə bilərik.”13 Nuru Paşa yardımçı güc tələbi ilə savaş naziri Ənvər paşaya müraciət edir. Yardımçı güc qısa zamanda Qafqaza gəlir. İyun ayının sonlarında “İslam ordusu” qarşı hücuma keçir. Qızıl gücləri Bakının 100 km yaxınlığında yerləşən Qaraməryəmə qədər püskürdürlər. Bu irəliləmələr nəticəsində inqilabçı sosialistlər və daşnaklar İranın şimalında olan ingilislərdən yardım istəməyi təklif edirlər. Ayın 16-da bu mövzunu müzakirə etmək üçün Bakı soveti fövqəladə toplantı keçirir. Bolşeviklər bu təklifə qarşı çıxırlar. Ancaq durum çox gərgin olduğundan general Biçraxovun 1200 qazağını cəbhəyə göndərmə qərarı alınır. Bu general vaxtı ilə rusların İrana göndərdiyi ordunun komutanı idi. Rusiyada inqilab olduqdan sonra ingilislərlə əməkdaşlıq etmiş və general Danstervillə işbirliyinə getmişdi. Danstervil bolşevikləri uzaqlaşdırmaq istəyən inqilabçı sosialistlərlə əlaqə saxlayırdı.14  İyun ayının 7-də Bakının 60 km uzaqlığında olan Elyatı´da 1200 qazaq gəmidən enir. Bakı soveti bunu qəbul etməsə də, görməzlikdən gəlir. Ancaq Bakı soveti müxaliflərinin hiylələri ilə iqtidardan uzaqlaşdırılmaqdan qorxur. Bu üzdən də Ukraina cəbhəsindən intiqal edən polkovnik Petrovun əmrində olan 780 nəfərlik alayın  Həştərxandan Bakıya gələməsini istəyirlər. Bu alay ayın 20-ə qədər Bakıya çata bilmir. İyunun 25-də keçirilən Bakı sovetinin ikinci fövqəladə toplantısında inqilabçı sosialistlər, daşnaklar və menşeviklər ingilislərdən təcili yardım tələbində bulunma təklifini yenidən irəli sürürlər. Şaomiyan yenə də bu təklifə qarşı çıxır və Bakı sovetinin 5-ci konqrəsinin qətnaməsini oxuyur. Bu qətnamə yabancı ölkələrin Bakıya müdaxiləsini rədd edir. Uzun müzakirədən sonra məsələni səsə qoyurlar. İngilislərdən yardım istəmə məsələsində 259 müvafiq və 236 müxalif  səs verir. Bolşeviklər azlıqda qalırlar. Bu vəziyyət sovetin dağılmasına səbəb olur və “Sovnarkom” istefaya gedir.
Müxaliflərin birləşməsi ilə yalnızlaşan şaomiyan iyul ayının 27-də Leninə bir teleqram göndərir. İki gün sonra inqilabın rəhbəri Şaomiyanın teleqramını yüksək səslə bütün Rusiyanın sovetləri qarşısında oxuyur: “Bakının sağçı partiyaları ingilisləri dəvət etmək istəyirlər. Hərbi komutanlıqda onları dəstəkləyən var. Onların əsgərlər arasında tərəfdarları çoxdur. Bu da bizim əsgərlərdə ruh düşgünlüyü yaradır. Durum get-gedə çətinləşir. Bizim güclər geri çəkilmək üzrədir. Sovetlərin 5-ci konqrəsinin qərarına və yoldaş Stalinin teleqramına görə ingilislərdən yardım istəmək rədd edilmişdir.15 Müxaliflərimizin ingilislərdən yardım tələblərini rədd etdim. Bakını qorumaq Rusiya üçün həyati önəm daşıyır. Hərbi yardımların göndərilməsi zəruridir.”16 Ancaq şaomiyanın bu məsajı boşuna idi. Iyulun 29-da Lenin Şaomiyana qısaca cavab göndərir: “Hərbi yardım göndərməyə çalışacağıq. Ancaq buna kəsin olaraq söz verə bilmərik.”17 Bütün Rusiyada bolşeviklərin durumu get-gedə pisləşməkdə idi. Bakının durumundan xəbərsiz olan qızıl ordu komutanı Bakıdakı bolşevik güclərini cəbhənin başqa bölgələrinə daşımaq istəyirdi.
İyulun 30-da türk ordusunun baş komutanı Şəfqət paşa Bakının təslim edilməsini bolşeviklərdən istəyir və bəyan edir: “Türklər vəhşi deyillər. Türklər müsəlman xalqı zalimlərin zülmündən azad etmək üçün gəlmişlər.”18
Xalq Komiserləri Şurasının (SOVNARKOM) iyul ayının 31-də istefa etməsi səbəbi ilə Stalin Şaomiyanı bu sözlərlə tənqid edir: “Siz bu işinizlə bizim müxaliflərimizə yardım etdiniz.”19 Məlum deyil ki, Stalin bu sözləri söylərkən Bakının durumu ilə bağlı bilgisi var imiş, yoxsa Leninin yanında çox etibarı olan Şaomiyanı gözdən salmaqmı istəmişdi?20

* * *
1918-ci il avqust ayının əvvəlində Sadovski başqanlığında inqilabçı ssosialistlərdən, menşeviklərdən və daşnaklardan oluşan yeni orqanizm təşkil edilir. Bu orqan “Mərkəzi Xəzər Heyyəti Müdirliyi” adı ilə SOVNARKOMun yerinə keçib iqtidarı ələ alır. İyulun 25-də Çiçerin Berlinə etiraz məsajı göndərir və eyni məsajı avqustun 2-də təkrar Almanıyanın Moskvadakı səfirliyinə göndərir. Məsajda türklərin Qafqazdakı irəliləmələrinə işarə edir. Hər iki məsaja anlaşılmaz cavablar gəlir. Sovetlərin iqtidarı Bakıda devrildikdən sonra inqilabçı sosialistlər və daşnaklarla irtibatı olan İngiltərənin əlinə fürsət düşür. Bundan sonra Bakı uğrunda Türkiyə və İngiltərənin arasında savaş gedəcəkdi. General Danstervil bir alay oluşdurub povkolnik Stuks başçılığında Bakıya göndərir. İngilis gücləri İranın Ənzəli limanından gəmi ilə yola düşür. Bu arada qızıl güclərin məğlubiyəti ilə erməni əsgərlər cəbhədə yalnız qalmışlar və türklərin qarşısında yenilərək geri çəkilmək zorundadırlar. İngilis briqadası, sadəcə 1800 əsgərdən ibarətdir. Bu üzdən də bu savaşda önəmli tərəf sayılmamaqdadır. Bu haqda Krasnovodskdən Fransa konsulluğunun avqustun 12-də Bakının gərgin durumu ilə bağlı göndərdiyi reportajı gətiririk: “Avqustun 2-də türklər şəhərin Qərb çevrəsinə çatdılar. Bolşevik rəhbərlər Bakını tərk etməyə hazırlaşırlar. Ancaq Xəzər dənizi donanmasının əsgərləri xalqın yardımı ilə bolşevik hökümətinin üzvlərini yaxaladılar. Düzənləri dağılmış olan rus və erməni əsgərlərinin artıq önəmi qalmamışdır. İngilis əsgərlərinin də sayı yetərincə deyil. Ancaq müsəlmanların düzənsiz güclərinin sayı çoxdur. Bakı mühasirə altında olan bir şəhəri xatırladır.”21
Xəzər dəniz donanmasının bolşeviklərə qarşı çıxmasından lenin xəbərsizdir. Dəniz donanmasının bolşeviklərə qarşı çıxması Bakının Rusiya ilə irtibatını tamam kəsmişdi. Bakı xəbərləri Moskvaya çatmırdı. Stalin bu zaman Volqa cəbhəsindədir. Lenin Stalindən soruşur: “Şaomiyan hardadır? Bakı hökümətinin başında indi kim vardı? Mənim Şaomiyana tam olaraq güvəndiyimi bilirsinizmi?”22
Moskvadan yardım gəlməyəcəyini görən bolşeviklər avqustun 12-də Bakının əldən çıxacağını açıqca hiss edirlər. Şəhəri boşaltmaq qərarına gəlirlər.  Onlara hələ də bağlı qalan əsgərlərin yardımı ilə 17 gəmiyə, o cümlədən “İvan Kulsnikov” savaş gəmisinə minirlər. Bu gəmi daha öncə komiserləri və onların ailələrini daşıyırdı. Dənizdə sərt tufan olduğundan gəmilər çox uzaqlaşa bilmirlər. Cilovlu adasına yaxın bir yerdə Mərkəzi Xəzərə aid olan bir neçə kiçik savaş gəmisi onları mühasirə edib Bakıya dönməyə məcbur edirlər. Bolşevik əsgərlər gəmilərdən enər-enməz silahsızlandırılırlar. Bakı sovetinin 35 üzvü, o cümlədən Şaomiyan və Caparidze yaxalanıb həbs edilirlər. Onlar vətənə xəyanətlə ittiham edilirlər. Məhkəmədə sorqulanmalıdırlar.
Bakının qurtuluşu üçün Moskva son bir təşəbbüsdə bulunur. Avqust ayının 19-da Çiçerin Berlinə üçüncü məsajını göndərir: “Almaniya dövləti Bakının işğal edilməyəcəyi ilə bağlı güvəncələr vermişdi. Ancaq bunlara rəğmən türklər Bakıya doğru irəliləməkdədirlər.”23 Moskva Berlindən yardım ummanın anlamsız olduğunu görüb hiyləyə əl atır. Avqustun 28-də Almaniya təklif edir ki, əgər Almaniya Türkiyənin Bakını işğal hərəkətini durdursa, Bakı petrolunun dörddə birini Almaniyaya verməyə hazırdır. Ancaq Almaniya Bakıya müdaxilə üçün gərkən imkanlara sahib deyildi. Ayrıca, Almaniya Bakının İngiltərənin əlinə keçməsini də istəmirdi.
Bolşeviklərin yenilgəsindən sonra menşeviklər yeni sovet seçmək istəyirlər. Əski yandaşlarını cəlb edərək yeni və geniş birlik oluşdura biləcəklərini sanırlar. Ancaq avqustun 28-də keçirilən seçkidə, yalnız 20 faiz seçici iştirak edir. Bolşeviklər 27 kürsü qazanır və SOVNARKOMun əski üzvlərinin sərbəst buraxılmalarını istəyirlər.
Bu zaman türklərin Bakını mühasirə dairəsi getdikcə daralmaqdadır. İngiltərə Bakının türklər tərəfindən işğal ediləcəyini görüb məntəqəni tərk edir. Avqustun 15-də gəmilərlə Ənzəliyə dönürlər. Bir daha Almaniya və Türkiyənin İkinci Dünya Savaşəndakı yenilməsindən sonra Noyabr ayında geri dönürlər. Bu üzdən Lenin sovetlərin 6-cı konqrəsində deyir: “İndi Türkiyədən sonra İngiltərə Bakını bizim əlimizdən almışdır. Onların amacı bizi Bakı neftindən məhrum edərək məğlub etməkdir.”24 Bakını ən son savunanlar olaraq erməni birimlərinin komutanı general Baqratuni gəmiyə minib şəhəri tərk edir. 1918-ci il sentyabrın 16-da türklər Bakıya girirlər. Bakıda erməniləri qətl etməyə başlayırlar. Türklərin Bakıya girişindən sonra Azərbaycan dövlətinin mərkəzi Gəncədən Bakıya daşınır.
Ancaq Bakının düşməsindən öncə bolşeviklərin başına nələr gəldi? Bolşeviklərin bir qismi yaxalanmış komiserlərini azad etməyə çalışdılar.  Bolşevik partizanların rəhbəri Əmirov, Mikoyanı qaçırır. Mikoyan “türkmən” gəmisinə minib Krasnovodskə qaçmaq istəyir. Krasnovodsk inqilabçı sosialistlərin əlindədir. Bolşeviklər gəmini Həştərxana aparmaq istəyirlər. Ancaq müvəffəq ola bilmirlər.25 Gəmi sentyabrın 17-də Krasnovodskə çatır. Şaomiyanın və Çaparidzenin də içlərində bulunduğu 26 komiser Hindistana sürgün ediləcəklərini sanırlar. Ancaq onlar Eşqabada göndərilirlər. Eşqabadın 500 km şərqində Qaraqum çölündə inqilabçı sosialistlər ingilis zabit Tig-Conzun yardımı ilə 26 komiseri edam edirlər. Sovetlər bu faciəni Paris kommunasına bənzədir. Hər il 26 komiseri anma günü düzənləyirlər.
1917-ci ilin martından başlayaraq Bakıda baş verən olayları Petroqrad olayları ilə qiyaslamaq mümkündür. Lenin bolşevikləri Petroqradda hakim qıldı, ancaq Şaomiyan Qafqazdakı millətlərin milli duyğuları qarşısında yenildi. Ingilislərdən yardım istəmək doğrumu idi? Bu yardım istəməkdən amac, sadəcə Bakını savunmaqdanmı ibarət idi? Inqilabçı sosialistlər və daşnaklar ingilislər vasitəsi ilə rəqibləri olan bolşeviklərin kökünü qazmamı istəyirdilər? İngiltərə isə, çox ehtiyatlı davranır və Rusiya torpaqlarında başını dərdə soxmaq istəmirdi. Qazana bilməyəcəyi savaşdan çəkinməyə çalışırdı. Bu, sovet tarixçilərinin savunduqları iddiadır.



30 LENİN V. I: Bütün əsərləri Moskva, 1958-1965, 1-ci cild, s. 104-108.
31 “Müsəlman ordu” savaş zamanı ruslar tərəfindən təsis edilmişdi.
32 Bol´cheviki v borbe´za pobedu sotsialistitcheskoi revolutsii v Azerbaidjane )Les bolcheviks dans la lutte pour  la viktoire de la revolution socialiste en Azerbaidjan, documents, Bakou, 1957, s. 347-350.
33 İstoria Azerbaidjana (Histoire de´ Azerbaidjan, 3 vol, Bakou, 1963, birinci cild, s. 109.
34 Bakinski Rabotchii 1 mai 1918.
35 Fransa xarici işlər nazirliyi arxivi Rusiya-Türkiyə, 626, s. 651-53.
36 1916-17-ci illərdə türk-rus savaşı İran torpaqlarına da çəkildi. Brest-Litovsk anlaşmasına görə Türkiyə və Rusiya İran torpaqlarını tərk etməli idilər.
1 “Gürcüstan və Zaqafqaziya xarici siyasəti” Tiflis, 1919, s. 330.
* Azərbaycanda bu gölə Göyçə gölü deyilməkdədir. Qacar qaynaqlarında isə, kiçik göl anlamında olaraq Gölçə yazılmışdır.
2 İz istorii innostranoi interventsiy v Armenii (L´ histoire de I´intervention errangere en Armenie), documents, Erevan, 1979, s. 154-161.
* Fətəli Xan Xoyski 1875 -ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Güney Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806 -cı illər Rus- İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir. O, 22 dekabr 1806-cı il tarixdə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 3 sentyabr  1814-cü il tarixdə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901 -ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumivə Kataisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Trakiya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı - müvəkkil vəzifəsini icra etmişdir. Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqqoryan tərəfindən qətlə yetirilib. (Tərcüməçi).
3 TORKARJEWSKY E. A: İZ istorii innostranoi i grajdanskoi voiny v Azerbaidjane ( Sur I´histoire de la guerre etrangere et civile in Azerbaidjan), Bakou, 1957, s, 36.
4 İstoria Azerbaidjana (Histoire de´ Azerbaidjan, 3 vol, Bakou, 1963, birinci cild, s, 135.
5 Velikaya Oktiabr´skaya sotsialistitcheskaya Revolutsia pobeda sovetskoi vlasti v Armenii (La Grande Revolution socialiste d´Octobre et la victoire du pouvoir sovietique en Armenie), Recueil de documents, Erevan, 1957.
Cetouvrage comprend de tres nombreux documents permettant de suivre chronologiquement les principaux evenements au Caucase de 1917-1921.
154-cü sənəd, s. 209-220.
6 Eyni qaynaq, s. 218.
7 Dokumenti i materialy po vnechnei politiki Zakavkaz´a i Gruzii (La politique etrangere de la Transcaucsei et de la Georgie). Document, Tiflis, 1919. “Azərbaycanda zəfər üçün savaş” 469-cu sənəd, s. 450-452.
8 İBRAHİMOV Z.I: Bor´ba trudiastchikhsya Azerbaidjana za pobedu sotsialistcheskoi revolutsii (La lutte des travailleurs d´Azerbaidjan pour la victoire de la revolution socialiste), Baku, 1957, s 387.
9 TORKARJEWSKY E. A: İZ istorii innostranoi i grajdanskoi voiny v Azerbaidjane ( Sur I´histoire de la guerre etrangere et civile in Azerbaidjan), Bakou, 1957, s, 82.
10 LALEBEKİAN B. KH: Lenin i ustanovlenie sovetskoi vlasti v Zakavkaz´e, Erevan, 1961, s. 15.
11 Velikaya Oktiabr´skaya sotsia listitcbeskaya Revolutsia i pobeda sovetskoi vlasti v Armenii (la grande Revolution Socialiste d´Octobre et la victoire du pouvoir sovietique en Armenie), Recueil de documents,  Erevan, 1957.
Cet ouvrage comprend de tres nombreux documents permettant de suivre chronologiquement les principaux evenements au Caucase de 1917—1921.
“Böyük oktabr sosialist inqilabı və sovetlərin Ermənistandakı qələbəsi” 81-ci sənəd, s, 177.
12 KHACHAPOURİDZE G.V: Bor´ba gruzinskogo naroda zaustanovlenie sovetskoi vlasti v Gruzii, documents 181, Thibilisi, 1971, s. 176.
13 İstoria Azerbaidjana (Histoire de´ Azerbaidjan, 3 vol, Bakou, 1963, 2-ci cild, s. 145.
14 SUNY Ronald G: The Baku Commune, Princeton, N. J. 1972. page, 288.
Şaomiyan İngiltərənin Bakıdakı konsolu ilə görüşdüyündə ondan soruşdu: General Danstervil bizi uzaqlaşdırmaq üçün Bakıya gələcəkmi?
15 İyul ayının 21-də Stalin Leninə göndərdiyi teleqramda ingilislərin Bakıdan geri çəkildiklərini bildirir. Bunun arxasınca 22 iyulda konqrənin 5-ci qətnaməsi yayılır. Qətnamə Bakıya yabancı güclərin müdaxiləsini rədd edir.
16 Dokuments de la politique etrangere de I´U. R. S. S.), vol. I a VI, Moscou, 1057-1962, s. 411.  
17 Pobeda sovetskoi vlatsi v Zakavkaz´e (La victoire du pouvoir sovietique en Transcaucasie), Tblissi, 1971.
18 Dokuments de la politique etrangere de I´U. R. S. S.), vol. I a VI, Moscou, 1057-1962, s. 235.   
19 STALİNE I. V: Ceuvres, 13 vol, Moscou, 1961.
20 Partiyanın aydınlarına qarşı Stalinin bədgümanlığı çox məşhurdur. Stalin və Şaomiyan arasındakı rəqabət 1905-ci ildə başlamışdı. Söyləntilərə görə 1908-ci ildə Şaomiyanın yaxalanmasında Stalinin rolu olubmuş.
21 Fransa xarici işlər nazirliyi arxivi Avropa-Rusiya, 1918, 626, s. 147.
22 MNEYAN G,M: Stepan Chahoumiani partiakan yev petakan gortz neoutioune (L´ activite au partti et au gouvetnement de Stepan Chahoumian), Erevan, 1963, s. 212.
23 Dokuments de la politique etrangere de I´U. R. S. S.), vol. I a VI, Moscou, 1057-1962, s.430.
24 LENİNE V.I: Euvers completes, 55 vol Moscou, 1958-1965, s. 163-164. 
25 Mikoyan “Mübarizə yolunda”, birinci cild, s. 220-225.