Babək
Xürrəmdin kimdir?
Tarixi verilər göstərir ki, VIII-IX
əsrdən etibarən Azərbaycanda türk izləri ortaya çıxmışdır. Unutmamaq gərəkir
ki, yanlış bilgi hər zaman sıxıntı yaradar və doğru bilgi inkişafın önündəki
tıxanıqları ortadan qaldırar. Sanki Altaylı olmaqda əksiklik və Orta Doğulu
olmaqda üstünlük varmış kimi türklərin göbəyinin əzəldən Orta Doğuda
kəsildiyini savunmanın heç bir anlamı yoxdur. Altay kökənlilik türk tarix
birliyini gerçəklər üzərində təşkil etsə də, bunun tərsi, türk tarix birliyini
ortadan qaldırmaqdadır. Yer kürəsi bir bütündür. Onun harasında yaşamanın bir
üstünlüyü ola bilməz. Allah insanı və ulusları yaratmış və onlara Yer kürəsində
yaşam olanaqları sağlamışdır. Anlaşılan biz də türk ulusu olaraq Babək
Xürrəmdinin məğlubiyyətindən sonra Orta Doğuda və Azərbaycanda yerləşməyə
başlamışıq. Daha sonrakı axınlarla bu yerləşim sürəci genişləmişdir. Sasani
şahlarının Xəzər xaqanlarının qızları ilə evlənmələri[1]
nəticəsində sadəcə saray çevrəsində türk izlərinə azınlıq türkə
rastlanılmışdır. Kütlə olaraq bölgədə türk xalqı öz gələnəyi ilə mövcud
olmamışdır. Örnəyin Xəzər xaqanı qızını Sasani şahı Ənuşirəvana ərə verdiyində
cehizin yanında qulluqçu türk xidmətçilər də göndərmişdi. Bunlar azlıqda olan kiçik
bir dəstə olduqlarından və xəlqi-gələnək çevrələri olmadıqlarından yox olub
getmişlər.
Sasani
dövlətinin Hz. Ömər tərəfindən devrilməsi ilə farslar bir gündə, bir ildə, on
və ya yüz ildə müsəlman olmadılar. O zaman texnologiya da çox geridə idi. İslam
nədir sualına cavab vermək üçün həm dil, həm də teknik sorun var idi. Bu üzdən
də farslar müsəlman olmadılar, indi də müsəlman deyillər, Sasani
şiəsindədirlər. Sasani dövləti devrildikdən sonra on minlərcə Sasani din adamı
Hindistanın Qocerat bölgəsinə qaçaraq orada Sasani xatirələrini kitablaşdırmağa
başladılar. Zərdüşt haqqında bilgi də İslamdan öncə mövcud olmamışdır. Sasani
devrilişindən sonra İslama qarşı ideoloji savaş açan Sasani farsları Avesta
adlı kitabı var etməyə çalışdılar. İslamdan öncə Zərdüşt haqqında bir tək qaynağa
da rast gəlinməməkdədir. “Nibergin
zərdüştlüklə bağlı dəyərləndirməsi inamsızcadır. Ancaq Zərdüştə inananlar da
onun kimliyi haqda heç bir elmi bilgi ortaya qoymamışlar. Zərdüşt adlı zəkalı
insanla ilgili heç bir əski milli sənəd mövcud deyildir.”[2]
“Nə Yunanlılar, nə Süryanilər, nə də Erməni yazarlar Zərdüştün “Avesta”sı və
Avestada keçən gahları haqda bilgi verməmişlər.”[3]
“Makidoniyalı İskəndər tərəfindən yandırılan əsl “Avesta” 1200 inək dərisinə
yazılmışdı... Kimsə Həxamənşilərin (Əhəmənilərin) dönəmində Avesta yazılarından
böyük kitabxanalar düzəldəcək qədər tərəqqi səviyəsinin var olduğunu gerçəkçi
və inandırıcı təsəvvür edə bilməz. Ədəbi inkişaf o dönəmdə bu səviyədə imişsə,
dini ənənələrin cövhəri əsas nümunələrin yandırılması ilə dağılmaz, məhv
olmazdı. Həxamənşilərin sonuna yaxın bir dönəmdə tamamlanan ilk yəhudi Tövratı
miladdan 70 il sonra Urşəlimdə daha çətin bir bəlaya məruz qaldı. Xatırlatmaq
gərəkir ki, İskəndərin qələbəsindən sonra Həxamənşi ölkəsində dini böhran
ortaya çıxmadı. Dini durum əskidən olduğu kimi davam etdi və əski tanrıları
dəyişdirəcək yeni bir din ortaya çıxmadı. Tarixini dəqiq bildiyimiz Yunan
ədəbiyatında “Avestan”ın yunancaya tərcüməsi ilə bağlı heç bir kiçik əsərə də
rastlanılmamışdır. İskəndərdən öncə mövcud olan “Avesta” sadəcə xəyalın
yaratdığı bir şeydir. Bu haqda mövcud olan rəvayətlər əfsanədən ötəyə
keçməməkdədir.”[4] “Zərdüştlə
ilgili bir çox mübahisələr mövcuddur. Bir qisim onun milladdan 6000 il əvvəl
yaşadığını söyləyir.”[5]
Görüldüyü kimi zərdüşt və ona bağlı uydurma inanışlar İslamdan öncə olmamışdır.
Sasanilərin Ömər tərəfindən devrilişindən sonra İslama qarşı ideoloji savaşın
ürünü və 19-cu əsrdən başlayaraq böyük Batı dövlətlərinin quruntusu olaraq zərdüştilik
ortaya çıxarılmışdır. Bu ideoloji çalışmaların bir parçası da xürrəmilik adı
ilə meydana gəlmişdir. Ayrıca, Zərdüştlüyün türk
gələnəyi ilə heç bir əlaqəsi olamamışdır. Məğlub farslar İslama qarşı psixoloji
savaş sürəcində Zərdüştlüyü ortaya çıxarmışlar. Bu da çox uzun zaman sürəci içində
olmuşdur. Belə ki, Zərdüşt kimliyini oluşdurma çalışmalarında 19-cu əsrdə daha
aktiv olmuşlar. Bunların başında M. F. Axundov gəlməkdədir. 20-ci əsrin
əvvəllərində Təbriz mərkəzli məşrutə hərəkətinin inancını modern Sasani-Səfəvi kimliyi
təşkil etməkdə idi. Sonuc olaraq Pəhləvi dövləti quruldu. Zərdüşt kimliyi haqqında ayrıca danışacağımız üçün bu
qonunu burada durdururq. Xürrəmiliyin tarixi təməl qaynaqları açısından Zərdüşt
qonusuna işarə etmənin də yararlı olacağını düşündük.
Sasani dövlətinin devrilişindən
başlayaraq Səfəvi dövlətinin quruluşuna qədər indiki İran coğrafiyasında Sasaniliyin
yenidən təsisi yolunda həm fikri çalışmalar edilmiş, həm də çoxlu üsyanlar,
qiyamlar olmuşdur. Səfəvi dövlətinin quruluşu istisna olmaqla bu qiyamların heç
birində türklər iştirak etməmişdir. Çünki Sasani, türk dövləti deyildi və türklərin
də bu torpaqlarda oturum xatirələri və Sasani nostalgiyaları mövcud olmamışdı. 427
il Orta Doğunu idarə edən Sasani-fars kimliyi asanca tarixdən silinə bilməzdi.
Bu üzdən də Sasani xatirələri Əbumüslim Xorasani, İsmailiyə, Xürrəmi, Maziyar
və s. üsyanlarında yeni şəkli ilə ortaya çıxırdı. İslamiyət adı altında Sasaniliyi
geri qaytarmaq istəyən farslar Əməvi dövlətini devirərək Abbasi dövlətini
qurdular. Abbasi dövləti Sasaniliyin İslami modelinə doğru irəliləyən bir sistem
idi və başbaxanları farslardan ibarət idi. Ancaq Mərkəzi Asiyadan Bağdada
gətirilən türklər və digər tərəfdən Abbasilərdə yenidən ərəb milliyətçiliyinin
Əməvi zamanında olduğu kimi baş qaldırması sarayda üç millət arasında rəqabət oluşdurmuşdu.
Abbasi xilafətində türk, fars və ərəb gücləri qarşı-qarşıya gəlmişdi. IX əsrdə
Xorasanda ilk Sasani-İslam yönümlü fars dövləti olan Tahiriyan dövləti
qurulduqdan sonra farslar toparlanmağa başladılar. Sasanilərin devrilişi və
Tahiriyan dövlətinin quruluşu arasındakı 200 illik zaman dilimini fars
tarixiçiliyi “İki yüz il sükut” adlandırmışdır. Çünki Nişabur mərkəzli Tahiriyan
dövlətinin quruluşu ilə fars dili və kimliyi yenidən dövlət düzeyində ortaya
çıxmışdı. Tahiriyan dövlətinin quruluşundan etibarən Sasani varisləri xilafətlə
anlaşma yolu ilə yavaş-yavaş irəliləməyə başlamışdılar. Ancaq bir də inqilabçı
ruhu ilə xilafətə qarşı savaşan və xilafətin məşruiyətini qəbul etməyən
hərəkətlər mövcud idi. Sasani qalığı olan bu hərəkətlərin ən güclüsü Babək
Xürrəmdin hərəkəti idi. Hər şeydən öncə Babək Xürrəmdinin etnik kimlyindən və
inancından asılı olmayaraq, onun böyük bir lider və komutan olduğunu qəbul
etmək gərəkir. Ancaq bu ağıllı və görkəmli liderin türklüklə heç bir soy və
kültür bağlantısı olmamışdır. Bu yöndə heç bir bilgi və bəlgə mövcud deyil. 23
illik Babək dönəmindən qalan bilgi və bəlgələr onun hissən və ruhən bir Sasani
uzantısı olduğunu isbatlamaqdadır. Xürrəmilik və şirvinlik kimi inanc və yaşam
biçimləri də Sasani kültürünə məxsus olaylar olmuşdur. Babəkin türklüklə bağlı
olduğunu göstərən bir tək qaynaq da mövcud deyildir. Tarixi verilərə görə
Babəkin ordusunda və Azərbaycanda o zaman türk olmamışdır. Babək türklərdən
oluşan xilafət orduları tərəfindən yenildikdən sonra türklər Azərbaycanda
yerləşməyə başlamışlar. Yenə də tarix verilərinə görə Babək türklərdən ibarət
olan ordu tərəfindən yenilməsə idi, Azərbaycanda türk nüfusu olmayacaq və hər
ehtimala görə Babəkin zəfəri ilə Sasanilik tam anlamı ilə yenidən canlanacaqdı.
Bu yöndə araşdırmalarımıza davam edirik...
Babək
Xürrəmdinlə ilgili mövcud bilgi və bəlgələri fars araşdırmaçı Səid Nəfisi bir
kitabda toplayıb tərcümə edərək “Azərbaycan qəhrəmanı Babək” adı ilə
yayımlamışdır. Demək olar ki, tarixçilərin Babək haqqında bütün məlumatı bu
kitabda mövcuddur. Mənim amacım bu kitabı dilimizə tərcümə etmək deyil.
Olayların arasındakı bağlantıları bəlli ölçüdə araşdırmaq söz qonusudur. Babək
məsələsinə baxışda həm İranda, həm sovetlərdə bəlli yanaşmalar mövcud olmuş və
Azərbaycan Cümhuriyətinin qurucuları da bu yöndə fikir bildirmişlər. Sovetlər
Babəkin qırmızı bayrağının heyranı idi. Karl Marks məzdəkçiliyi Sasani
kommunizmi adlandırmışdı. Babəkçilik də məzdəkizmin uzantısı idi. Bu səbəbdən
də babəkçilik sovetlər üçün ideoloji fürsət olaraq ortaya çıxmışdı. Sovetzədə və
İslam düşməni stalinistlər bu üzdən Babək məsələsini gündəmdə tuturdular. Sovet
Azərbaycanında “Babək” adlı filmin çəkilişi də sırf bu üzdən idi. Bu filmlə
Azərbaycana köklü bir kimlik təşkil etmək söz qonusu olmamışdı. Stalinist-ateist
görüş üçün tarixi qaynaqlar aranmışdı. “Babək” filmində göstərildiyi kimi
Azərbaycanın indiki domenant etnik kimliyi Babək Xürrəmdin gələnəyindən
qaynaqlanmır, Əfşinin qələbəsindən qaynaqlanır. Bu günkü Azərbaycan milli
kimliyinin demək olar ki, qurucularından biri Babək deyil də Əfşin olmuşdur.
Sovetizmin Babəki qullanmasına ilk təpki müsavatçı öndər Rəsulzadədən
gəlmişdir:
“Rusiyada rus vətənsevərliyinin Aleksandr
Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi
rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə
qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz
mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid
müdafiəçisi Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin
dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb
ideallaşdırılır. Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki
şəraitdə “kommunizm”ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba
qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə
qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun,
Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə
əks-inqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: “Hər hansı bir
istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması—i n q i l a b , hər
hansı bir məmləkətin Sovetlər Birliyindən çıxması isə əks-inqilabdır.”[6]
Rəsulzadə davam edir: “Müsəlman
Şərqində bir çox şeylər dəyişmişdir. İslamiyyətdən əvvəlki dövrlərə aid olub
dinə bağlılıq baxımından küfr rəmzi kimi rədd edilən milli oyanış dövründə
özlərinə qarşı başqa münasibətdə olmağı istədilər. Babək Azərbaycanda belə
adlardan biridir. “Babəki” sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi
işlədilirdi. Dini ehkamlara əhəmiyyət verməyən azad düşüncəlilərə “babəki”
deyirdilər. İndi isə Babək vətənpərvərliyin bir ifadəsi kimi işlədilir.
Qırmızılar islamiyyət əleyhdarları olan bu simanı idealizə etməklə
Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru çevirmək istədilər.
Lakin haqqında danışdığımız “Azərbaycan” qəzetinin müəllifləri rus
imperializminə qarşı mübarizə üçün etdikləri müraciətlərdə dəfələrlə misal
olaraq, Babəki fədakarlığın bir örnəyi kimi təqdim edirlər. Bolşeviklər, yuxarıda
dediyimiz kimi, Qafqaz istiqlal qəhrəmanı böyük Şamilin xatirəsini çox da yad
etməzlər; Azərbaycanlı Cavad xanın şəxsiyyətini də tərifləmək istəmirlər.”[7]
Bu, Babək Xürrəmdini bəhanə edərək Azərbaycanı fikrən, tarixi mənsubiyət
duyqusu və ekonomik olaraq sömürən sovetlərə qarşı Azərbaycan Cühmhuriyətinin
qurucusu Rəsulzadənin təpkisi olmuşdur.
Babəkin tarixi kimliyinin
araşdırılmasına keçəlim. Kəleybərdəki Bəz qalası Babəkin türk olmadığının açıq göstərgəsidir.
Türklərdə o dönəmlərdə qalalı savunma sistemi olmamışdır. Həm də heç kəsin və heç
gücün ulaşa bilməyəcəyi belə qala düzəni türklərdə olmamışdır. Bu kimi dağa
sığınma, Sasani sonrası fars savaş sistemi olmuşdur. İsmaililər də Həsən Səbbah
timsalında buna bənzər qalaya sığınmışdılar. Türklər hər zaman yayılımcı və
saldırqan ordulara sahib olmuşlar. Babək qalasının strateji qonumu, qala
yapımının incələnməsi babəkilərin türk olmadığını göstərməkdədir. Babək qalası
imperatorluq duyquları ilə yaşayan türklərin savunma düzənəyinə (mexanizminə) tərs
kimi görünməkdədir. Xürrəmilərdən qalan sözlər, kültür və inanc şifrələri incələndiyində
onların türk gələnək və görənəkləri ilə heç bir ilgilərinin olmadığı ortaya
çıxır. Xürrəm və xürrəmdin sözlərinin də Sasani törələrindən gəldiyi üzərinə
araşdırmaçılar fikir birliyi içindədirlər.
Ancaq Babəkin soysal kimliyindən
asılı olmayaraq onun başlatdığı hərəkət Abbasi imperatorluğunu çökərtmək üzrə
idi. “Babəkilər hərəkəti
Abbasilərin iqtisadi gücünü məhv etdi. Ötə yandan xilafətin hakimiyət gücünün
əsas ünsürü olan ordusu dağıldı və bunun sonucunda da Abbasilər üçün sonradan
güçlü bir təhlükə türklərdən oluşan ordu quruldu. Xilafətin tabeiliyində
olmayan xalqların Abbasilərlə savaş təhlükəsini ortadan qaldırdı. Abbasilər
xilafətinin parçalanması ilə ilişkin olaraq yarıbağımsız və bağımsız ölkələrde
feodal ilişkilər hızla gəlişdi. Abbasilər hegemonyasından qurtulan feodallar
ölkədən topladıqları xəracı artıq xilafət xəzinəsinə göndermir, kəndi
torpaqlarında sərf edirdi ki, bu da feodal ürətim üsulunu hakim gücə
dönüşdürmüşdü.”[8] Bunun yanısıra babəkilər hərəkətinin
etkisi altında təriqətlərin ideolojik Mücadiləsi daha da şiddətlənirdi. İslam
qurallarına qarşı mücadilə başladan bəzi yeni qruplar, təriqətlər də qurulurdu.
Bəzi tarixçilər tərəfindən İsmaili sayılan Qərmətilər bilə dini ayinlərin
icrasına önəm vermir, Quranda yazılanlara etiqad göstermirdilər. Məkkəyə
ziyarətə gedənləri ya geri göndərir, ya da mallarını soyub talıyır və işkəncə
edirdilər. Çox ilgincdir ki, qərmətiləlr 929-cu ildə Məkkəyə hücum edib şəhri
dağıtdıqdan və hacı adaylarını soyduqdan sonra Kəbədəki qara daşı da
başkəndlləri əl-Həsa şəhrinə aparmışdılar.[9]
“Nəfisi
Məcməl-ul təvarix vəl-qisəs (Bütün tarixlər və nağılları) kitabından rəvayət
edərək yazır: “Məzdək Ənuşirəvan Sasani tərəfindən öldürüldükdən sonra onun
qadını Xürrəmə Reyə qaçdı. Orada əhalini Məzdəkin inancına dəvət etməyə başladı
və yeni hərəkətin adı “xürrəmə” adlandı. Harun- ul Rəşid zamanında xürrəmilik
daha da gücləndi. Babək bu zaman bir mehtər olaraq xürrəmilərə qatılmışdı.”[10]
O zaman məzdəkçilik nə olmuş?
Məzdəkçilik azadlıqsevər və iştirakçı
hərəkət idi. “Təbəri tarixi”ni təlif edən Bələ´mi deyir: “Məzdək qadınlar
üzərinə haqqın olmasını ortadan qaldıraraq dedi: “Böyük Tanrı bu dünyanı açıqca
dürüst yaratdı. Birini üstün, digərini aşağı yaratmadı. Böylə də olmalıdır və
qadınlara da dürüst davranılmalıdır. Qadının haqqı az, kişinin haqqı artıq
olmamalıdır... dərviş və zəngin mal paylaşımında bərabər olmalıdır.”[11]
Görüldüyü kimi, xürrəmilik bir inanc düzəni olaraq, kökən etibarı ilə Sasaniliyə
dayanmaqdadır. Babəkin zamanında Azərbaycanda Sasani izləri hələ silinməmişdi.
Babəkdən daha öncə də üçüncü xəlifə Osmanın zamanında “Azərbaycanda xilafətə
qarşı Mehrdad rəhbərliyində üsyan baş qaldırmışdı. Üsyanın mərkəzi Urmu idi. Bu
qiyam basdırldı.”[12]
Abbasqulu
Bakıxanov kimi bəzi araşdırmaçılar “Azərbaycan” sözünün etimologiyası üzərində
durduqlarında onu Babəklə bağlantılı olaraq açıqlamışlar. “Ehtimala görə, Azərbaycan
sözü “Azər-Babəkan” sözünün ərəbcələşdirilmiş şəklidir.”[13]
Əbuhənifə Dinəvəri “Əxbar-ul
təval” (xəbərlər boyunca) kitabında yazır: Babək, Əbumüslim Xorasaninin qızı
Fatimənin nəvəsidir.[14]
Xürrəmilər batinilərə mənsub olmuş və bir çox məhrəmatı ortadan qaldırmışdılar.
Qubad Sasani zamanında ortaya çıxan məzdəkilər kimi qadınları da ortaqlaşa
paylaşdılar. Qubadın oğlu Ənuşirəvan Məzdəki öldürsə də, xürrəmilər Məzdəkin
yolunda olmuşlar.[15]
Anlaşılan xürrəmiliyin ən önəmli öndəri və savaşçısı Babək olmuşdur. Çünki o,
bütün xürrəmiləri öz liderliyi altında birləşdirib bütünləşdirə bilən savaş
stratejisi uzmanı olmuşdur. Ufi “Cəvame-ul hekayat” kitabında yazır: “Babək bir
milyon müsəlman öldürdü.”[16]
İbni-Xəldun yazır: “20 il sürəsincə Babək 155 min müsəlman öldürdü.”[17]
Bütün bu verilər Babəkin necə böyük bir komutan olduğunu göstərməkdədir. Bu
başarılı komutanla ərəb və hətta fars orduları da baş edə bilməmişdilər. Çünki
farsların Tahiriyan dövlətini quran öncüləri Babəkin böylə köklü inqilabını
qəbul etmirdilər. Tahiriyan daha ılımlı olaraq, Abbasilərin içinə girib və
oradan Sasaniliyə doğru uzanmaq istəmişdi. Bu üzdən də Tahiriyan və Babək
arasında anlaşılmazlıq var idi. “Xürrəmilik zahirən məzdəkiliyin İslam sonrası
davamı idi. İslamı qullanaraq Sasani dövlətini diriltmək istəyən farsların
hədəflərinə xürrəmilik uyqun olmadığı üçün onlar da ərəblərlə bir yerdə xürrəmi
hərəkətinə qarşı çıxır və Babəkə qarşı xilafətin yanında yer alırdılar.”[18]
Digər tərəfdən Abbasilər farsların xilafəti tam olaraq ələ keçirmələrindən
qorxurdular. Sırf bu amacla başqa seçənək düşünmüşdülər. Türküstandan savaşçı türkləri
paralı əsgər olaraq orduya almağa başladılar. Abbasi xəlifələri bu yolla həm
Tahir oğullarının önünü kəsmək istəmiş, həm də Babəkə qarşı türk savaşçıları
səfərbər etmişdi. Türklər daha sonra güclənib xəlifələri dəyişə biləcək, hətta
xəlifələri öldürüb yerinə başqa xəlifə gətirə biləcək imkanlara sahib oldular.
“Babəkilər hərəkətinin etkisi sonucunda mərkəzi hakimiyəti ələ keçirən türklər
xilafətin parçalanmasını hızlandırıb xilafətin və xəlifələrin qədərini bəlli
etməyə başladılar.”[19]
Böyləcə xilafət həm Tahiriyan, həm də Babəki zərərsizləşdirmək üçün türk
amilini devrəyə soxmuşdu. Bu türk komtanlardan ən önəmlilərindən biri Əfşin
idi. “Əfşin, İslamdan öncə Orta Asiyada Uşrusənə, bölgəsinin yerli prenslərinə
verilən bir ünvandır.”[20]
“Əfşin xilafət üçün də təhdid olaraq görünürdü. Bunu hiss edən xəlifə 841-ci
ildə onu öldürtdü.”[21]
Babəkilər hərəkəti Abbasilər
xilafətinə həm iqtisadi, həm də siyasi yöndən öylə ağır zərbə vurdu ki, xilafət
bir daha istiqrarı sağlayamayıb, dağılma sürəcini yaşamağa başladı. Abbasi
xilafəti Babəklə savaşda yarım milyon əsgərini itirmişdi. Bu, əski dünya və
orta çağ tarixində görülən nadir hadisədir. Babəklə savaşda xilafətin
iqtisadiyatı tamamən çökdü. Xilafətin Orta Asiya və Uzaq Doğu ilə olan ticari
əlaqələri kəsilmişdi.[22]
Məmun dönəmində xürrəmi hərəkətı yeni
öndəri olan Babəklə daha da canlandı. Babək xürrəmi yandaşları ilə 23 il Abbasi xilafətinə
qarşı savaşdı. Xəlifənin varlığını tam olaraq tarixdən silmək üzrə idi.
Azərbaycanın Qaradağ bölgəsində iştiraka dayanan bir cümhuriyət təsis etmişdi.
Bu hərəkət o dönəmdəki iqtisadi, siyasi və dini dəyişim və dönüşümlərin
nəticəsi idi. Babəkin hərəkətı böyüyərək sürətlə yayılmağa başladı. Fars, erməni,
kürd, rum və hətta ərəb kimi qövmlər bu hərəkətə qatıldılar. Bağdadinin
söylədiyinə görə “Sadə xalq kütləsi dəstə-dəstə Babəkə qatılaraq onun inancını
qəbul edirdi. Azərbaycanda onun savaşçılarının sayı 300 min nəfərə çatmışdı.”
Təbəri yazır: “Həmədan dağlarından, İsfahandan və Mehrcandan kütlələr Babək hərəkətına
qatılmışdı.”[23] Buradakı
bilgilərin şüubilər tərəfindən oluşdurulduğunu düşünmək gərəkir. Çünkü
“cümhuriyət” sözü son 250 ilin siyasi anlayışı olmuşdur.
Babək məcusi və iranlı idi
(Buradakı iranlı türk olmayan bir etnosa işarədir - G. G). Ancaq onun
müxaliflərinin iddia etdikləri kimi, Babək İslamı ortadan qaldırmaq istəmirdi. Çünki
tarixi bilgilərə görə bir çox müsəlman ərəb də xürrəmi hərəkətə qatılmışdı.
Babəkin insanların inancı ilə işi yox idi. Babəkiliyin ən aşırı düşmənləri
yazırlar ki, “Babək Azərbaycanda olan müsəlmanların ibadət məsələlərinə
qarışmırdı. Babəkilər, hətta onlara məscid tikimlərində yardımçı olurdular.”[24]
Babək qiyamının iki əsası var idi:
·
Torpağı
sahibindən alıb onun üzərində çalışanlarla paylaşaraq feodalizmi ortadan qaldırmaq.
·
Qadınları
köləlikdən azad edərək onları kişilərlə bərabər hüquq səviyəsinə gətirmək.[25]
Buradakı bilgilərdə abartılmış
olaraq görünməkdədir. Xürrəmiliyin qadınlarla bağlı İslamdan fərqli yanaşmada
bulunması qadın haqları kimi yorumlanmışdır. Qadın haqları da yeni bir olaydır
və o çağda böylə bir haq fəlsəfəsi olmamışdır. Müqayisə ediləcək olursa,
İslamdakı qadın haqları heç bir dində olmamışdır. Xürrəmilərdə qadın haqlarının
nə olduğu bəlli deyil. Qadın haqları deyyildiyində onlara hansı haqlar
tanınmışdır? İslamda isə qadın haqları zaman axışı içində genişləyən haq
anlayışdır.
“Babəkilər qadınları cəmiyətin bərabər
hüquqlu üzvləri kimi sayırdılar. Qadınlar kişilərlə bir yeyir, birlikdə
çalışır, birlikdə savaşırdı. Onlardan bir çoxu hərbi toplantılara da qatılırdı.
Babəkilik İslama, Xristianlığa, Buddizmə qarşı olmuşdur.”[26]
Xürrəmi hərəkəti Əbumüslim
Xorasaninin ölümündən sonra 754-cü ildə ortaya çıxdı. Bəziləri Əbumüslimin
ölümünə inanmadılar və onun geri dönəcəyinə inandılar. Onun geri dönüb və
Əməviləri devirdiyi kimi, bu dəfə də dünyanı ədalətlə dolduracağına
inanırdılar. Bəziləri də onun ölümünə inanır və qızı Fatiməni imam olaraq qəbul
edirdilər. Onun qızını imam olaraq qəbul edənlərə “müslimiyyə” və ya
“fatimiyyə” deyirdilər. Xorasanda Sünbad Əbumüslimin intiqamını almaq üçün
qiyam etdi. Ancaq onun qiyamı 70 gündən sonra söndürüldü. Xürrəmiliklə
Əbumüslim arasında bağ quranlar da var. Xürrəmi hərəkət sosial təmayül
baxımından məzdəkilərə, siyasi və dini baxımından şiəyə yaxın idi. Xürrəmilər
müxtəlif firqələrə bölünmüşdülər. Ancaq bütün firqələr tənasüxə (Transmogrification-ruhun bədəndən bədənə keçməsinə) inanırdı.
Xürrəmilər deyirdilər ki, rəsulların (kitabı olan peyqəmbər) və nəbilərin
(kitab olmayan peyqəmbərlər) təlimləri fərqli olsa da, hamısının qaynağı
birdir. Xürrəmilərin özlərinə xas imamları var idi. İxtilaf zamanı onlara
müraciət edirdilər. Xürrəmi inancının əsasında işıq və qaranlıq durmaqdadır.
İstəxri deyir: Xürrəmi kəndlərdə namaz qılmaq və Quran oxumaq üçün məscidlər də
var. Ancaq batində heç bir dinə inanmazlar.[27]
Babəkçiliklə məzdəkçilik arasında
sosial hüquq baxımından çox yaxın ilişkilər olmuşdur. Bu üzdən də Bağdadi
deyir: “Xürrəmilər Məzdək məzhəbindən idilər.”[28]
Babəki bu yolda başarılı edən zənginlərin yoxsullara etdikləri zülm idi. Zülm
altında inləyənlər Babəkə sığınırdılar. Yəqubi yazır ki “Babək hərəkəti ortaya
çıxalı yoxsulların zalimlərə qarşı üsyan etməsi hər gün bir az daha artmağa
başladı. Öz feodallarına qarşı çıxaraq onları yağmalayıb Babəkə sığınırdılar.”[29]
Babək haqqında müxtəlif sözlər söyləndiyindən xürrəmiliyin gerçək kimliyi bilinməz
qalmışdır. Gerçək olan budur ki, babəkilər ruhlarının maddi çirkaba bulaşmaması
üçün çalışırdılar. Xürrəmi zahidlərin haram saydığı ət kimi ürünləri
yemirdilər.[30]
Şəhristani yazır: “Xürrəmilər deyirdilər ki, dinlər və şəriətlər arasında fərq
olsa da, hamısının qaynağı birdir. Vəhy heç bir zaman kəsilməz. Kimsə bir dinə
inanır və inancına görə savab və cəza bəkləyirsə, xürrəmilərə görə o, dürüst
adam sayılırdı. Bu üzdən də xürrəmilərə qarşı hansısa bir din savaş açmasa idi,
xürrəmilər ona qarşı çıxmırdılar. Babəkçilər onlarla savaşılmadığı sürəcə qan
tökməkdən də xoşlanmırlar.”[31]
Xəlifə Məmun,
821-ci ildə Babəkə qarşı qüvvətlər göndərdisə də, artıq gec qalmışdı. Çünkü
Babək, üzərinə göndərilən qüvvətləri ərazinin kəndisinə bəxş etdiyi imkanları
qullanmaq surətiyllə məğlub etməkdə çətinlik çəkməmişdi. Məmunun son illərində,
Bizansla uğraşması səbəbi ilə bu tərəfə gərəkkən önəmi verməməsi, Babəkə daha
rahat hərəkət etmə imkanı vermişdi. Necə ki, Mötəsəm xəlifə olduğu zaman
əl-Cibal, Həmədan və İsfahan bölgələrindəki xalqın böyük bir qismini
Xürrəmiliyi mənimsəyərək Babək üsyanına qatılmışdı. Mötəsəmin bunlarin üzərinə
Haşim ibni Baticur adındakı bir türk komutanı böyük bir ordu ilə göndərdi.
Ancaq Babək bu ordunu məğlub etdi və xilafət üzərindəki xürrəmi təhlükəsi daha
da böyüdü.[32]
835-ci ilin
qışını Bərzənddə keçirən Əfşin, yazda Babəkə qarşı hərəkətə keçib, Boğa
idarəsindəki birlikləri Həştadsər üzərinə göndərirkən, kəndisi də Bəzzə doğru
irəliləyərək buranın 6 mil yaxınında bulunan Dərvazda qərargah qurdu. Ancaq bu
sırada Əfşinin xəbəri olmadan Boğa, Bəzzə doğru yürüyərək şəhərə olduqca yaxınlaşmışdı.
Boğanın irəlilədiyini öyrənən Babək saldırıda bulunaraq onun birliklərinə ağır
zərər verdi. Canını zorluqla qurtara biləln Boğa, Əfşindən yardım istədi. Əfşin
də qardaşı Fəzl kumandasında təqviyə qüvvətləri göndərdi.[33]
Boğanın məğlubiyətindən sonra Babəkə qarşı 836-cı ilin yazında ümumi bir
hücumun edildiyi görülməkdədir. Əfşin qüvvətlərini iki qismə ayırıb bir qismi
Boğanın idarəsində, digər qisminin də başında kəndisi olduğu halda iki qoldan
Bəzzə doğru hərəkətə keçdi. Şiddətli bir fırtınanın başlaması üzərinə Boğa,
Əfşindən xəbərsiz öz qərargahına döndü. Ertəsi gün Əfşin, Babəkin qərargahına
hücum edərək bol miqdarda əsir və qəniymət ələ keçirdi. Əsirlər arasında
babəkin qadını da var idi. Əfşin bu uğurundan sonra dərvazdakı qərargahına
döndü. Əfşinin döndüyündən xəbəri olmayan Boğa, havanın düzəlməsi üzərinə
təkrar Bəzz istiqamətində hücuma keçdi. Əfşinin geri döndüyü xəbərini alınca
hücumdan vaz keçərək qərargahına geri çəkildi. Babəkin qüvvətləri Boğanı yalnız
yaxalayınca onu təqib etdilər. Ərazinin uyqun olmaması səbəbi illə Boğa
gündüzləri yürüşünə davam edir, gecələri güvənli bir yerdə qalırdı. Yenə böylə
qaldığı bir sırada hücuma uğrayan Boğa ağır itkilər verərək Həştadsərə çəkildi.
Bir müddət orada qaldıqdan sonra Əfşinin əmri üzərinə qışı keçirmək üçün
Marağaya döndü. Əfşin də qış fəslinin gəəlməsi səbəbi ilə birliklərini
qərargahlara dağıtdı.[34]
Qışı Bərzənddə keçirən Əfşinə, yazda Mötəsəm tərəfindən İnaq və Cəfər ibni
Dinar nəzarətində göndərilən təqviyə qüvvətlləri taxıl və para gəldi.[35]
Bunu xəbər alan və durumunun getdikcə kötüləşdiyini hiss edən Babək, Bizans
imperatoru Theophilos´a məktub yazaraq, ondan Abbasi xilafətinə saldırmasını
istədi.[36]
Xəlifədən aldığı qüvvətlərlə ordusunu təqviyə edən Əfşin, Bərzənddən ayrılaraq
Bəzz yaxınlarında bulunan Kəlanruzda qərargah qurdu. Babək də qarşı hərəkətə
keçərək Azin adlı kumandanını Əfşinə qarşı göndərdisə də, Əfşin bir gecə
basqınında Azinin qüvvətlərini darmadağın etdi.[37]
İki ildən
bəri Babəklə savaşan Əfşin tətbiqatının son nöqtəsinə gəlmişdi. Bölgənin uyqun
olmaması, qısa zamanda qəti nəticə almağı gecikdirməkdə idi. Bu üzdən hədəfə
doğru qisa məsafələrlə irəliləyən Əfşin 837-ci ilin əvvəllərində qış olmasına
baxmayaraq Bəzz önündə qərargahını quraraq şəhəri mühasirə etdi. Ordusunu
müxtəlim bölümlərə ayıraraq hər bölümün başına güvəndiyi kumandanları təyin
etdi.[38]
Bəzz mühasirə edilməsinə rəğmən, Əfşin, əmniyət mülahizəsi ilə bir türlü ümumi
hücuma keçməyə cəsarət edə bilmirdi. İki ordu arasında bir vadinin bulunması,
ətrafın sıx ormanlarla bürünmüş olması Bəbəkə çox yaxşı savunma imkanı veridi.
Bu durumda hücum edən tərəf üçün böyük təhlükə mövcud idi. Vadidə ormanlar
içində pusuda bəkləyən Babəkin qüvvətlləri Əfşin üçün təhlükə qaynağı idi.
Fəqəqt mühasirənin uzaması Əfşinin səbrini daşırdığı kimi Babəkin savunma
tədbirlərinin ortaya çıxmasına da yardım edirdi. Əfşin, nəhayət ordusunun ümumi
arzusuna boyun əyərək toplu hücuma keçiləcəyini bildirdi.[39]
Əfşin,
kumandanlarına şəhərin ətrafında müxtəlif kəsimlər təyin edərək saldırıya
keçdi. Bəşir-əl Türki əmrindəki bir birlik də şəhərin qarşı tərəfində savunmada
bulunan Azinin üzərinə göndərildi. Bəşir, ani bir hücumla Azini məğlub edərək
Bəzzi arxadan sıxışdırmağa başladı. Artıq sonunun yaxınlaşdığını anlayan Babək,
Əfşindən aman istəyində bulundu. Əfşin tərəfindən təklifinin qəbul edilməsinə
rəğmən, o, zaman qazanmaq qayəsiylə aman fərmanının xəlifə tərəfindən imza
edilməsi şərtini irəli sürdü. Bu təklifi qəbul edən Əfşin, kumandanlarına
savaşı durdurmaları üçün əmr göndərdiyi sırada, Bəşir əl-Türki yönətimindəki
Fərqanəlilərin şəhərə girdiyini öyrəndi. Bunun üzərinə bütün ordu hücuma
keçərək Bəzzə girməyə müvəffəq oldu. Şəhər içində şiddətli çarpışmalar başladı.
Babəkin sarayı yaxıld. Bu qarşılıqlardan istifadə etməsini bilən Babək qaçmağa
müvəffəq oldu. Bəzz üç gün ərzində yağmalanıb təxrib edildi.[40]
Devrin məşhur şairləri Əfşinin bu zəfərini qutlayaraq ona mədhiyələr yazmışlar.
[41]
Babəkin yenilgəsindən sonra
bölgəyə türk axınları başlamışdır. Babək öldürüldükdən sonra xürrəmiləri tam
olaraq təmizləmək üçün xilafət türklərdən oluşan orduları Azərbaycana
göndərmişdi. Əski çağlarda özəllikllə inanc savaşlarında qorxunc soyqırımlar
gerçəkləşirdi. Məlum olur ki, Azərbaycana gələn türk savaşçılar bütün xürrəmi kişiləri
qətl edərək qadınlarını və qızlarını da özlərininki etmişlər. Hər türk
savaşçısının saysız xürrəmi qadını olmuşdur. Azərbaycanda türk nüfusu həm bu
törəmələrdən, həm də savaşçı türklərin bölgəyə axını ilə artmağa başlamışdır.
Bir sözlə, Babəkin məğlubiyəti ilə Azərbaycanda xürrəmi və Sasani qalıqları tamamı
ilə yox edilərək yerinə türk ünsürü yerləşməyə başlamışdır. Bu qonuya Ə.
Elçibəy “Tolunoğulları dövləti” kitabında bu şəkildə işarə edər:
“Babəkin məğlubiyətindən sonra da
üsyanlar davam etmişdi. Üsyanları basdırmaq üçün xəlifə yenə də türklərdən
oluşan ordunu göndərmişdi. “Boğa 200 min ordusu ilə Ərəbistandan Erməniyəyə
göndərildi... Ordu üç qola ayrıldı. Birinci bölük Samsuna, ikinci bölük Mərkəzi
Erməniyəyə və üçüncü bölük Albaniyaya...
Daha öncə də Türk Zirəkin 200 min ordusu ilə Azərbaycana göndərildiyini
söyləmişdik. Bizə görə bunlar geri dönməmişdir. Geri dönmələri ilə bağlı heç
bir qaynaq yoxdur...”[42]
Bu verilərdən yola çıxaraq Azərbaycanın türkləşmə sürəcinin Babəkin məğlubiyətindən
sonra başladığını düşünmək mümkündür. Azərbaycana və Albaniyaya axın edən
çoxsaylı türk orduları bu yerlərdə məskunlaşmağa başlayaraq, çoxqadınlı ailə
qurub yaşamalarına davam etmişlər.
Xürrəmilik Sasani nostalgiyası
kimi sonrakı dönəmlərdə də etkisini sürdürmüşdü. “Məlikşahın dövründə Həsən Səbbah, bir
çox xüsuslarda xürrəmilərin qanunlarına əsaslanaraq, mülhidlərin
çirkin məzhəbini
meydana atdı. O, ətrafına canından keçən bir çox fədai toplayıb fitnə-fəsad yolu ilə
öz əzəmət və istibdadını
artırdı.”[43] “11-ci
yüzilin sonlarında yeni bir güc ilə üsyan edən Batinilərin Orta Doğuda qorxunc
bir hərəkətə dönüşməsində də babəkliyin önəmli etkisi olmuşdur.”[44]
“Y. Belyayevə görə xürrəmilər xristianlığa İslamdan daha yaxın olmuşlar.”[45]
Elçibəy bu kitabında Səfəvilərlə xürrəmilik arasında bağların olduğunu və
Səfəvilərin xürrəmiliyi təbliğ etdiklərini də söyləməkdədir. “Babəkilik etkisi
Azərbaycanda 16-cı yüzildə də etkisini göstərmişdir. Səfəvi dövlətini quran Şah
ismayıl atası Şeyx Heydərin tərəfdarları arasında Babəkiliyi təbliğ etmişdir.”[46]
Səfəviliyin Sasani kimliyinin dirilişi
olduğu qonusunu bir çox yazılarımda yazmışam və Səfəviliyin xürrəmiliyə bu
baxımdan xoşgörü ilə baxması da anlaşılandır. Çünki Sasani dövlətinin
devrilişindən sonra ortaya çıxan Sasani kimliyi mehvərli bütün qiyamlar sanki
Səfəvi dövlətini qurmaq üçün olmuşdur. Sasani mehvərli Səfəvi dövləti Sasani
İslam anlayışını mənimsəmiş olan qızılbaş türklər, ya da inanc və ülkü olaraq
farslaşan türklər tərəfindən qurulduqdan
sonra indiki İranda bütün qiyamlara son verilmiş və birmərkəzli Sasani sayağı
dövlət qurulmuşdur.
Son olaraq böylə bir sonuca
varmaq mümkündür ki, xürrəmilik və onun lideri Babək Xürrəmdin xilafətə qarşı
möhtəşəm dirəniş göstərib savaşsa da, türklüklə ilgilərinin olmadıqları
ortadadır. Babək məğlub olmasaydı Azərbaycanda və Anadoluda türklərin
məskunlaşması da mümkün olmaya bilərdi. Xürrəmilik sovetlərdə və İranda
tərəfsiz araşdırılmamışdır. Sovetlərdə xürrəmilik türk-İslam düşmənliyinə
xidmət etdiyi kimi, Səfəvi sonrası İranda, özəlliklə 20-ci əsrdə xürrəmilik
fars-Sasani milliyətçiliyinə xidmət etmişdir.
01.12.012
[2] Nasir Purpirar “on iki əsr
sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s.
140.
[3] Nasir Purpirar “On iki əsr
sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s.
138.
[4] Nasir Purpirar “On iki əsr
sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s.
135-136, ətək yazı, Henrik Samuel Niberq “Əski İran dinləri”.
[5] Nasir Purpirar “On iki əsr
sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s.
138.
[6] Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu” Çağdaş Azərbaycan
tarixi bölümü, Gənclik Bakı 1991, s. 94.
[7] Məmməd Əmin Rəsulzadə, “Əsrimizin Səyavuşu” Çağdaş Azərbaycan
tarixi bölümü, Gənclik Bakı 1991, s. 101.
[10] Səid Nəfisi “Babək Xorrəmdin
delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s.
16.
[11] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162.
[14] Səid Nəfisi “Babək Xorrəmdin
delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s.
17.
[15] Səid Nəfisi “Babək Xorrəmdin
delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s.
17-18.
[16] Səid Nəfisi “Babək Xorrəmdin
delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s.
18.
[17] Səid Nəfisi “Babək Xorrəmdin
delavəre Azərbaycan” , Əsatir yayınıları, Tehran 1384 (h.ş), 2005- Tehran, s.
19.
[18] Qulamhüseyn Zərrinkub, “İki
əsr sükut” (Do qərn sokut), s. 188.
[21] Ebülfez Elçibey,
”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 43.
[22] Ebülfez Elçibey,
“”Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 24-25.
[23] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam
dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü
yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162-163.
[24] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[25] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[26] Ebülfez Elçibey,
“Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38-39.
[27] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 162.
[28] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[29] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[30] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163.
[31] Həna Əlfaxuri- Xəlil Əlcər,
“İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti
3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 163-164.
[32] Yaqubi, Tarix, II, 575.
[33] Təbəri, III, 1188; İbni
əl-Əsir, VI, 456; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 198-199.
[34] Təbəri, III, 1188; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 199.
[35] Təbəri, III, 1195; İbni
əl-Əsir, VI, 461; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 200.
[36] Təbəri, III, 1234; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 200.
[37] Təbəri, III, 1195; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 200.
[38] Təbəri, III, 1201; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 200.
[39] Təbəri, III, 1205; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 201.
[40] Yaqubi, II, 579; Dursun Yıldız, İslamiyet ve Türkler, s. 201.
[41] Təbəri, III, 1233; Dursun
Yıldız, İslamiyet ve Türkler, s. 202.
[42] Ebülfez Elçibey, “Tolunoğulları devleti”, Ötüken Neşriyatı-
1997, s. 32-33.
[44] Ebülfez Elçibey, “Tolunoğulları
devleti”, Ötüken Neşriyatı- 1997, s. 37.
[45] Ebülfez Elçibey,
“Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38.
[46] Ebülfez Elçibey,
“Tolunoğulları devleti”, Ötüken Neşriyatı- 1997, s. 38.
Hiç yorum yok:
Yorum Gönder