1 Haziran 2010 Salı

Sulduz Qövmü


Rəşidəddin Fəzlullah Həmədani
Sulduz Qövmü*
Sulduz qövmdən bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çəngiz Xanın xidmətində olanlar haqqındaki hikayələri və bilgiləri verməklə yetinəcəyik. Çəngiz Xan gənc olduğu zaman Tayçıot qövmü onunla muxalifət edirdi. Bir gün Çəngiz Xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı.Çəngiz Xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi barədə tərəddüd etdi. Sonunda yoluna davametmə qərarı aldı. Çəngiz Xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıot qövmünün padşahı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri derhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu qövmündən olduğu üçün ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin adı bəlli deyil.
O qoca qarı daima Çəngiz Xanın saçlarını darayır və ona xidmət edirdi. İki ağac şaxəsi arasında qalıb yaralanan Çəngiz Xanın boynunun yarasına məlhəm qoyur və ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çəngiz xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda böyük bir navur (göl) var idi. Çəngiz Xan özünü bu navura atıb elə gizləndi ki, onun bədənindən sadəcə burnu görünürdü. Tayçıot qövmü onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğu´nun atası Surğan Şirə atası Sudun Noyan´la o civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çəngiz Xanın mübarək burnuna sataşdı. Onun Çəngiz Xan olduğunu anlamışdı. Gizlicə Çəngiz Xana işarə ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çəngiz Xanı axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyim. Gecə olduğunda Çəngiz Xanı evinə aparıb və boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində gizlətdi.
Daha sonra Surğan Şirə, Çəngiz Xanı bir kor maydana mindirib, bir az ət və kaman-ox və digər savaş alətləri verərək yola saldı.
Artıq Çəngiz Xanın anası, xatunları və qövmü ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çəngiz Xanən dördüncü oğlu Tuluy Xan uşaq idi və hər an deyirmiş ki, atam bir maydanın üstündə gələcəkdir. Tuluy Xanın anası da oğlunu danlayır və bəzən də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çəngiz Xanın öz yurduna qovuşması yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: “Atam quyruğu düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!” Anası da əsəbləşərək uşağının üstünə bağırırmış. Bir neçə saatdan sonra Çəngiz Xan, Tuluy Xanın vəsf etdiyi şəkildə gəlir. Çəngiz Xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər düzənləndi. Ancaq hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi ki, onun Çəngiz Xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə Tayçıot qövmünün içindən çıxıb getməli idi. Bütün ailəsini yığıb Çəngiz Xanın diyarına köçüb və onun xidmətində oldu. Çəngiz Xan da onun ailəsini öz güvəncəsi altına aldı.Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa qalxıb və özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən rəqibini yaralamış və qovmuşdur. Çəngiz Xan onun bu şücaətinə heyran qalmış, onu alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz Xan bir neçə dəfə Tayçıotla savaşdı. Ən son savaşda Çilavğun Bahadur, Tayçıotun padşahı Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun Bahadur, Tarqutayı öldürdü. Çilavğun Bahadurun oğlu da Sodun Noyan idi. Sodun Noyan Çəngiz Xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay Qaan zamanında da yaşayırdı və Tuluy Xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay Qaan zamanında Sodun Noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında biri də Toğrul adında bir əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə Qaan adında böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku Xanla Azərbaycana gələn Sodun Noyanın oğullarından biri də Suncaq Noyan idi.O, Hülaku Xanın dövlətində yarqıçlıq (qazilik) vəzifəsində idi. Kehti Noyan, Aratemur İdaçi, Tudan və Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay Qaanın xidmətində olan Sodunun digər bir oğlu da Sartaq idi. Kubilay Qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku Xanın ölümündən sonra geri dönmüşdür.

Tərcümə edən: Güntay Gəncalp—Chicago-2006 Temmuz


* Rəşidəddin Fəzlullah Həmədani “Came-üt Təvarix” I. Kitab s. 173-178, Əlborz nəşri, birinci basqı Tehran-1373.

Hiç yorum yok:

Yorum Gönder