17 Mayıs 2012 Perşembe

Sovetlər qurulurkən Qarabağ problemi



Serj Afanasiyan
Çevirən: Güntay Gəncalp
Sovetlər qurulurkən Qarabağ problemi

          Qafqaz və Türkiyə sınırları Moskva müqaviləsində hazırlanıb Qars müqaviləsində qət´iləşsə də, ancaq sovetləşmiş olan Qafqaz cümhuriyyətlərinin öz aralarında da sınır sorunu var idi. Sınır sorunlarını çözmək üçün bir komision oluşduruldu. Komisionun rəhbəri Kirov idi. Svanidze və Tuderya Gürcüstandan, Hüseynov, Hacinski və Məhəmməd Əmin Rəsulzadə Azərbaycandan, Bəkzadiyan Ermənistandan bu komisionun üzvləri idi. 1921-ci il mayın 2-də komision sınır sorununu çözməklə görəvləndirildi. Mayın 25-27-si arasında Tiflisdə toplandılar. İlk oturumda Bəkzadiyan Ermənistanın düşdüyü çətin durumu komision üzvlərinin nəzərə almalarını istədi, Axalkalaki (72 faiz) və Yuxarı Qarabağ (94 faiz) kimi əhalisinin əksəriyyəti erməni olan ərazilərin Ermənistana buraxılması ilə sorunun çözümünü önərdi. O, həm də dedi ki, Moskvada Stalinlə yürüdülən müzakirədə bu qonu ələ alınmış və o da bununla razı olduğunu bildirmişdir. Kirov bu zaman Azərbaycan Kommunist Partiyasının baş katibidir. Azəri heyyəti dəstəkləməkdədir. Azəri heyyət buna etiraz edərək deyir ki, belə olarsa, yenidən milliyyətçi həyəcanlar Qafqazda coşmağa başlar. Gürcüstan və Azərbaycan arasında Qarayaza sahiblənmə ilə ağlı müzakirə çox sərt keçir.  Gərginlik o qədər artır ki, toplantı və müzakirə durdurulur. Bir gün sonra Orconikidze tərəfləri sakitləşdirməyə çalışır və sınırların müəyyən edilməsini Qafqaz təhkim ofisinə buraxılmasını təklif edir. Bu arada Qarabağın Ermənistana buraxılması ilə bağlı Orconikidze və Nərimanovun daha öncəki açıqlamalarına dayanan Mraviyan kontrolu ələ almaq üçün Yuxarı Qarabağa gedir. Onun bu davranışından heyrətlənən Nərimanov Mraviyanı Bakıya çağırır. Bakıda ona bu işdən vaz keçməsini söyləyir. Mraviyan qəbul etmir və bu məzmunda Orconikidzeyə məktub yazır: “Qarabağ probleminin sürətlə, aydın və açıqca həll edilməsi çox önəmlidir... Bu doğrultuda hər növ gecikmə düşmənlərimizin yararına olacaqdır.”194 Mraviyanın burada düşmən olaraq nəzərdə tutduğu heç şübhəsiz ki, hələ də Zəngəzurdə varlıqlarını sürdürən daşnaklardır. Qarabağın Azərbaycana verilməsi onların dirənişlərini gücləndirə bilərdi. Mraviyanın bu yoldakı əzmkarlığı nəticəsiz qalır. Qafqaz ofisi iyul ayının 4-də 8 üzvü ilə bir yerdə Stalinin başçılığında toplantı keçirir və Yuxarı Qarabağın Ermənistana buraxılması təklif edilərək səsə qoyulur. Beş nəfər müvafiq rəy verdi (Orconikidze, Miyasnikian, Qafqaz ofisinin katibi Fiqatner, Kirov, Nazartiyan). Bu təklifə üç nəfər müxalif səs verdi (Nərimanov, Oraxlaşvili, Maxaradze). Azərilərin və gürcülərin belə bəkləntisi yox idi. Nərimanov təklif edir ki, bu haqda burda qərar verilməsin. Son qərarı Sovet İttifaqı Kommunist Partiyasının verməsini təklif edir. Bir gün sonra Orconikidze və Nazartiyan fikirlərini dəyişdirirlər. Deyirlər ki, “Müsəlmanlar və ermənilər arasında barışı qorumaq üçün, özəlliklə Yuxarı Qarabağla Aşağı Qarabağın arasında mövcud olan iqtisadi bağlar dolayısıyla Yuxarı Qarabağın Azərbaycanda qalması məsləhətdir. Azərbaycanın tərkibində Yuxarı Qarabağa muxtariyyət veriləcəkdir.”195 Bu qərarın hazırlanmasında Stalinin gizlin rolu olmuşdur. Bu çözüm yolunun örnəyi daha öncə Abxaziyada görülmüşdü. Mayın 2-də Abxaziya müstəqil cümhuriyyət olaraq duyuruldu. Üç ay sonra Axalkalakini də içinə alaraq Gürcüstanla birləşdirildi və yalnızca bitərəf bölgə olan Lorinin bir qismi Ermənistana qaldı.
          Başqa bir problem də silahlı savaşlar nəticəsində yurdlarını tərk etmək zorunda qalan qaçqınlar məsələsi idi. Bu məsələ də sınırlar problemi kimi ədalətli şəkildə çözülmür. Martın 30-da Ermənistan Kommunist Partiyasının baş katibi Aşot Havansiyan Zaqafqaziya ofisindən Azərbaycana sığınan erməni qaçqınların Ermənistana geri gəlmələri üçün yardımçı olmasını istəyir. Müsəlmanların da Azərbaycanda məskunlaşmalarını təklif edir. Mayın 24-də Naxcıvan Xalq Komiserləri Şurasının rəisi Qədimov Sovet İttifaqına196 xəbər göndərir ki, Akuli və Culfaya sığınan erməni qaçqınlar öz yurdularına dönmək üçün ərizə vermişlər. Ancaq onların dönəcəkləri yer Zəngəzur azəriləri tərəfindən işğal edilmiş.* Bu üzdən də onların geri dönmələri mümkün deyil. İyun ayının 12-də qaçqınlar işi ilə məşğul olan komision qərara gəlir ki, qaçqınlar geri dönmədən bulunduqları yerlərdə məskunlaşsınlar. Ermənistanı tərk edib Azərbaycana və Naxcıvana yerləşən qaçqınlar orda qalıb ermənilərin tərk etdikləri kəndlərə və ermənilər də Ermənistanda müsəlmanların tərk etdikləri kəndlərə yerləşsinlər. Bu qərar uzun zaman bu yurdlarda kökləri olan 28000 ermənini öz kökündən qoparıb ayıraraq evsiz-eşiksiz duruma gətirir. Gürcüstanın qaçqın problemi olmadığı üçün, sınırlarını qaçqınlar axınına qapatmaq üçün qərar çıxarır. Gürcüstan, savaş zamanı Şimalı Qafqaza sığınmış erməni qaçqınlarının geri dönməsini istəmirdi. Bu, məşur məşur “kəmər”dir  ki, daha sonra bu haqda danışacağıq.
          Qaçqınları öz yurdlarına göndərmək yerinə (ki insani olan da bu idi) onları öz xalqlarından ayrı saldılar. Zaman keçdikcə bu qərarlar yumşalsa da, onun acıları o nəsl üçün unudulmaz olaraq qaldı.
          Bu arada bolşeviklər milli azlıqların dil və kültürlərinin inkişafına yardımçı oldular. Ermənistanda kürd azınlığı var idi. 1921-ci ilin oktyabr ayında kürdlərə erməni əlifbası ilə kitablar və dərsliklər hazırlandı. 1929-cu ildə kürdlər üçün erməni əlifbasında deyil, latın əlifbasında dərsliklər hazırlandı. 1944-cü ildə kril əlifbasına dönüşdürüldü. Məhəlli ləhcələrdə qəzet çıxması bütün muxtar vilayətlərdə təşviq edildi. Ancaq hər dəfə sınır və qaçqınlar sorunu dartışıldığında milliyyətçilik duyğuları gözə çarpırdı. Bütün bu sorunları kökündən çözmək üçün Moskvanın təyin etdiyi plan tətbiq olmalı idi: Zaqafqaziya Sovet Sosialist Cümhuriyyətlərinin Federal Birliyi. 
17.05.2012



194 Marks-Lenin mərkəzi müəssisəsi arxiv sənədləri, dosya 141/85, s. 4.
195 E. Q, s. 117-118.
196 Zaqafqaziya promlemləri ilə məşğul olması üçün 1922-ci ilin mart ayında dövlət tərəfindən təsis edilmiş təşkilat idi.
* Zəngəzurda qurulan daşnak höküməti və daşnakların son olaraq Zəngəzurda dirənmələri üzündən Zəngəzurun türk əhalisi bölgəni tərk etmiş olmalıdırlar. (G. G.)

Hiç yorum yok:

Yorum Gönder