17 Mayıs 2012 Perşembe

Qars müqaviləsi


Serj Afanasiyan
Tərcümə: Güntay Gəncalp

Qars müqaviləsi
          Türkiyənin Qafqaz cümhuriyyətlərini Rusiyadan ayırıb onlarla birə-bir müqavilə imzalama girişimi məğlubiyyətlə nəticələnir. Rusiya tərəfindən ümumi konferansa nümayəndə kimi göndəriləln Leqran Türkiyə tərəfindən qəbul edilmir. Nəhayət Rusiyanın Latviyadakı rəsmi nümayəndəsi olan Yakov Qanetski Rusiyanı təmsilən Qarsda keçirilən konferansa qatılır. Ancaq Qars konferansından öncə də bu dəfə ruslar manevralara keçirlər. Avqust ayında yunan saldırıları başlamış və az qala qələbə qazanmaq üzrədirlər. Anadolunun içlərinə qədər yunan ordusu irəliləmişdi. Türklərin yunan saldırısı qarşısında məğlubiyyəti durumunda Türkiyənin bolşevikləşdirilməsi üçün Rusiyanın əlinə fürsət keçməzdimi? Bolşeviklər 1919-cu ildə Türkiyəni bolşevikləşdirmək istəmiş, ancaq başarısız olmuşdular.
          Bu arada Türkiyəyə girişi Mustafa Kamal tərəfindən yasaqlanan Osmanlının əski müdafiə naziri Ənvər paşa 1918-ci ildən etibarən Moskva ilə sıx əlaqə saxlamaqda idi. Ənvər paşa birdən Batumidə ortaya çıxır. O, rusların yardımı ilə ətrafındakı partizanlarla Türkiyəyə girib Mustafa Kamalı devirərək iqtidarı ələ keçirmək istəyirdi.
          Iyun ayının 29-da Fransanın ali komiserliyi İstanbulda Türkiyənin xarici işlər nazirliyinə bildirir ki, çox sayıda rus birlikləri Ermənistanda və gürcüstanda mərkəzləşməyə başlamışdır. Bu, Rusiyanın müqavilə öncəsi Türkiyəyə təzyiq göstərməsi anlamındadır: “Bolşeviklər elə durumdadırlar ki, Mustafa Kamal qarşısına iki alternativ sunmuşlar: Mustafa Kamal ya bolşeviklərlə birləşməlidir, ya da iki cəbhədə savaşmalıdır.”184 Avqust ayının 4-də Yusif Kamal Çiçerinə bir təşəkkür məktubu göndərir və Rusiyanın göndərdiyi altun və silahdan dolayı məmnun olduqlarını bildirir. Ayrıca, Türkiyədən qaçmış və indi isə fatehlər kimi (Ənvər paşaya işarədir) geri dönmək istəyən bəzi paşaları Rusiyanın himayə etməsindən dolayı üzgün olduqlarını da bildirir. Rusiya və Yunanistan arasında ticarət anlaşması şayiəsinə də işarə edərək bunların Türkiyə qamuoyunu olumsuz etkilədiyini yazır.185 Əslində rusların Anadolunu təhdid etməsi müttəfiqləri də əndişələndirməyə başlamışdı. Sentyabrın 7-də Lord Curzon  sovetlərə bir ultimatom göndərərək Türkiyə-Yunanistan arasındakı savaşda Rusiyanın tərəfsiz qalmasını istəyir. İngiltərə xarici işlər naziri Lord Curzon in bu açıqlamaları səbəbi ilə rusların Yunanistana yardımı durduruldu. Türkiyə bunun hesabına Yunanistanı yendi. Yunanistanın məğlubiyyətindən sonra Rusiyanın Türkiyəyə qarşı qullanacağı yunan kartı ortadan qalxır. Artıq rusların manevra etmə imkanları ortadan qaldırılmışdı. Oktyabrın 10-da Çiçerin Əli Fuada cavab olaraq yazır ki, Türkiyə Böyük Millət məclisinin dışında olan və görüşləri Türkiyənin rəsmi partiyaları ilə uyğun olmayan partiyalara yardım etməmişik. Bizim Qafqazda birliklərimizi Türkiyə sınırına doğru daşımağımızla bağlı yayılan şayiələr əsassızdır. Yunanlarla biz, yalnızca iki ölkənin diplomatik ilişkilərini ehtiva edən mövzularda müzakirələr aparmışıq. Yunan tərəfi bu müzakirədə Rusiyada bulunan yunanların geri verilməsini istəmiş. Qarşılıqlı olaraq Çiçerin soruşur: “Son vaxtlar Türkiyənin Fransa ilə imzaladığı müqavilə nəyə əsaslanır? Fransanın sovet düşməni olduğu bəllidir. Bu üzdən də bizim bu müqaviləyə şübhə ilə yanaşmağa haqqımız var.”186 Fransa-Türkiyə müqaviləsi 1921-ci il oktyabrın 20-də imzalandı. Rusiyanın iddiasına əsasən Beryan planına görə bu müqavilənin gizlin bir maddəsi də olmuşdur. Bu maddəyə görə Türkiyə Qafqazı işğal etməli imiş. Mustafa Kamalın Sakarya zəfəri (1921-ci il 23 avqust və 13 sentayabr arası) Türkiyənin mövqeyini həm içdə, həm də xaricdə möhkəmləndirdi. Rusların Qafqaz qonusunda Mustafa Kamala qarşı yunan kartını qullanma planları suya düşdü. Yunanistanın yenilgəsindən sonra müttəfiqlər də Türkiyəyə qarşı tutumlarını dəyişdirdilər. Müttəfiqlər Mustafa Kamalı bütün Anadolunun sahibi kimi tanımaq zorunda qaldılar. Bu fürsətləri əldə edən kəmalistlər dolu əllə və Anadluda sağladıqları iç güvənliklə sentyabrın 26-da keçiriləcək olan Qars konferansına hazırlaşırlar.
* * *

          Qars konferansında Türkiyə heyyətinin başçısı Kazım Qarabəkir, Sovet Heyyətinin başqanı isə, Yakov Qanetskidir. Qanetski heyyətinin tərkibində üç Qafqaz cümhuriyyətlərinin nümayəndləri də var. Ermənistandan Əsknaz Mraviyan və Makintsiyan, Azərbaycandan Behbud Şahtaxtınski, Gürcüstandan Aleksandr Svanidze və Şalva Eliava iştirak edirlər. Toplantı Qanteski və Mraviyanın bəyanları ilə başlayır. Mraviyan gürcüləri və azəriləri təmsilən danışır. Qanetski erməni-türk düşmənliyi əhval-ruhiyyəsini ortadan qaldırmağa çalışaraq deyir: “Burada böyük bir hadisə sona çatır. İki böyük millət, yəni türklər və ermənilər sözdə deyil, əməldə bütün dünyaya göstərirlər ki, onların arasındakı düşmənlik sona çatmışdır. Bu iki millət arxalarında bıçaq gizlədərək bir-birinə yaxınlaşmır. Tam tərsinə dostluq duyğuları ilə bir-birlərinin əlini sıxmaqdadırlar.” Mraviyan əlini qaldırıb deyir: “Biz burada qalib və məğlublar olaraq bulunmamaqdayıq. Biz Türkiyə heyyətinin yanındayıq. Türkiyə öz varlığını qorumaq üçün savaşmaqdadır. Türkiyənin bu savaşda zəfər qazanması dolayısıyla çox sevinirik. Qafqaz xalqı bu konferansın türk milləti ilə barış və hüzur içində yaşamağa arac olacağına əmindir. Sovet cümhuriyyətləri arasında çözüldüyü kimi, bütün ixtilaflı məsələlərin burda çözüləcəyinə inanırıq.”187 Kazım Qarabəkir bu nitqlərə cavab olaraq birbaşa Türkiyəyə zorla qəbul etdirilmək istənən Sevr müqaviləsini tənqidə başlayır: “Bu müqavilə türk millətinin Qərb təcavüzünə qarşı mücadiləsinə səbəb oldu. Bu savaşda biz sovetlərə dostluq əlimizi uzatdıq. Bu şəkildə Şərqin azdlıq və xoşbəxtliyinin təməli atılmaqla yanaşı sovet və Türkiyə arasında da dostluq bərqərar oldu. Rusiya və Türkiyə arasında ortaq dəyərlər olan Qafqazın nəcib millətləri də böyük sovetlər birliyinə qatıldıqdan sonra daha da etibar qazanmışlar.”188 Türklər Moskva müqaviləsinin yenidən gözdən keçirilməsini və Batuminin azad liman olmasını istəyirlər. Ayrıca, bolca petrolun yanı sıra savaş zamanı əsir olaraq Rusiyada bulunan əsirlərə təzminat ödənməsini istəyirlər. Türklər hələ də Qafqaz cümhuriyyətlərinin nümayəndələri ilə ayrıca müzakirə aparıb və müqavilə imzalamaqdan yanadırlar. Qanetski bu təklifi rədd edir. O, üç Qafqaz cümhuriyyətinin adına və onların bulunduğu ortamda müzakirənin getməsindən yanadır. Bir yerdə bir anlaşamaya varlısın istəməkdədir. Bir neçə oturum sadəcə sırf bu mövzu üzərində davam edir və sonunda türk tərəfi Qanetskinin dediklərinə razı olur. Üç nümayəndə heyyəti Ermənistan qonusunda Qarabəkirə bu təklifləri təqdim edirlər:
-         Erməni mədəniyyətinin tarixi şəhəri olan Ani´nin sovet Ermənistanına verilməsi. Ayrıca, Qulp duz mə´dəninə Gürcüstan və Ermənistan iqtisadiyyatının çox ehtiyacı olduğundan bu mə´dəndən türkiyənin vaz keçməsi.
-         Naxcıvanın şimalında olan Şərur sınırının Ermənistanın yararına olaraq yenidən gözdən keçirilməsi.
-         Savaş zamanı qaçmaq zorunda qalan Türkiyə erməni qaçqınlarının yurdlarına dönmələri. Gələcəkdə bunlar yenə də Türkiyəyə aid olacaqlar.
          Qarabəkir Ankara ilə məşvərət etdikdən sonra bu təklifləri rədd edir. Sonunda dostluq anlaşması imzalanır. Moskva müqaviləsində keçən “qardaşlıq” sözü müqavilədə yer almır. Zaqafqaziya cümhuriyyətləri, Türkiyə dövləti və Sovet Rusiya Federativ Cümhuriyyətinin qatılımı ilə 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi imzalanır. Qars müqaviləsində təyid edilən bəlgələr 1922-ci il sentyabrın 22-də İrəvanda mübadilə olunur.
          Qars müqaviləsi imzalanmadan bir gün öncə Azərbaycanın Ankaradakı səfiri İbrahim Əbilov, Yusif Kamal və Mustafa Kamal tərəfindən səmimiyyətlə qarşılanır. Azərbaycanın və Türkiyənin Qars müqaviləsi məsələsində qarşılıqlı əməkdaşlıqları bu isti qarşılanmaya səbəb ola bilərdi. Çiçerindən, Orconikidzedən və Nərimanovdan Ankaraya təbrik məktubları göndərilir. Gürcülər və ermənilər səssiz qalacaq dərəcədə abır və həyalıdırlar. Bu müqaviləyə görə Ermənistan, yalnızca Qars vilayətini və Ərdhanı itirmir. 1877-ci ildə ruslara buraxılan sürməli nahiyəsini də itirir. Ermənilərin əfsanəvi dağı olan Ararat bu şəkildə türklərə buraxılır. Türklərin etirazlarına rəğmən Ararat dağının rəsimi sovet Ermənistanının gerbi üzərində qalır. Türklərin Ermənistan dövlət rəmzinin üzərində Ararat rəsminin olmasına etiraz etmələrinə Karaxan cavab verir. Türk bayrağının üzərindəki hilala işarə edərək deyir: “Ay sizindirmi ki, onu bayrağınıza yerləşdirmişsiniz?”
          Qars müqaviləsinin imzalanmasından sonra da türklər və ruslar bir-birinə güvənmirlər. Hər iki tərəf sınırda bəlli ölçüdə birliklərini bulundururlar. Əslində rusların yardımı olmasaydı, Mustafa Kamalın yunanların qarşısında dirənməsi mümkün olmaya bilərdi. Burada Boryanın Qars müqaviləsi haqqında dediyi bir sözü xatırlamaqda yarar var: “Erməni və sovet mənafeyi arasında ikisindən birini seçmək gərəkirdi. Sovet diplomasisi Türkiyənin gerçək gücünə əhəmiyyət vermirdi, Şərqdə başlatdığı antiimperialist mücadiləsinə önəm verirdi. Yoxsa Türkiyənin gücü sovet Rusiyası ilə müqayisə ediləcək düzeydə deyildi.”189 Bu şəkildə erməni bolşeviklərin “şərəfli barış” üçün sovet Rusiyasına bağladığı ümidləri, daşnakların müttəfiqlərə bağladıqları ümid kimi boşa çıxdı.
          1923-cü il iyul ayının 24-də Lozan müqaviləsi imzalandı. Lozanda da türklər müttəfiqlərdən çox imtiyazlar qazanmağı başardılar. Ermənilərin son ümidi Türkiyədə yaşayan ermənilər üçün “Milli mərkəz” qurmaq idi. Bu plan da müstəqil Kürdistan planı kimi Türkiyə tərəfindən basdırıldı. Müttəfiqlər boğazlara hakim olmaq üçün bolca qanlar tökmüş, öz əsgərlərini ölümə göndərmişdillər. Müttəfiqlərin bütün israrlarına rəğmən Türkiyə boğazlara özünün hakim olmasını da bu müzakirədə yasallaşdırdı. 1922-ci il sentyabrın 24-də “New York Times” qəzeti müttəfiqlərin müdaxiləsindən sonra Türkiyədə ortaya çıxan durumu bu şəkildə özətləyir: “Anadolunun böyük bölümünü işğal edən yunanlar idi. İtaliyanın yunanlar kimi Anadolu ilə irqi və tarixi bağlantısı olmasa da, 1917-ci ildə Kiçik Asiyanın böyük bir bölümü ilə İzmirin İtaliyaya veriləcəyi qərarlaşdırılmışdı. Şübhəsiz ki, bu zəngin əraziləri itirdiklərindən dolayı çox üzgün olmuşlar. İtaliyalılar qorxdular ki, İngiltərənin yardımı ilə Yunanistan bu bölgələri ələ keçirərsə, iqtisadi üstünlükləri də sağlamış olacaqdır. Fransa da öz növbəsində Rusiyanın iç sorunlarını izləmək, onunla uğraşmaq zorunda qalmışdı. Türkiyədə iqtisadi maraqlarını təqib edən Fransa böyük ekonomik maraqlarına qarşılıq olaraq türklərə silah və savaş ürünləri verdi... Rusiya da güclü müttəfiqlərin yerinə zəif Türkiyənin boğazlara hakim olmasını tərcih etdi. Bir sözlə hər kəs öz mənafeyi dışında bir şey izləmirdi. Xristian ermənilər bu şəkildə öz başlarına buraxıldılar.”
          Qafqazda sovet rejiminin qurulması və daha sonra sovetlərə qatılması siyasi, iqtisadi, ərazi sorunları çözə bilmədi. 1921-ci ilin mart ayında Rusiya Kommunist Partiyasının 10-cu konqrəsində milliyyətlər barəsində bir bəyaniyyə verildi. Bəyaniyədə savaşlar nəticəsində viran edilmiş olan müstəqil cümhuriyyətlərin onarılması onların könüllü olaraq Rusiya ilə bütünləşməsi ilə mümkün olacaqdır deyə vurğulanırdı. Bu növ hərbi və iqtisadi bütünləşmə daha öncə 1919-ci ilin iyun ayında Rusiya-Ukrayna-Bilarus arasında mövcud idi. Bu yönətim şəklini Qafqaza da tətbiq etmək istədilər. İqtisadi bütünləşmə haqqında qətnamə Kirov və Orconikide tərəfindən Bakı sovetlərinin konferansında ortaya qoyuldu. Ancaq Ölkələrinin siyası, iqtisadi yönətimini əllərində bulundurmaq istəyən Nərimanov, Hüsyenov və Qarayev kimi azəri rəhbərlər buna qarşı çıxdılar. Azərilərin şübhəsini Həmid Sultanov bu şəkildə dilə gətirir: “Bu bütünləşmənin nəticəsi nə olacaq? Bir cümhuriyyətin zərərinə və digərinin yararına olmayacaqmı?” Orconikidze cavab verir: “Məsələ belə eqoistcə ortaya qoyulsa, Azərbaycan digər ölkələrdən daha çox zərər görəcək. Gürcüstan daha az və Ermənistan heç zərərə uğramayacaq.”190 ziddiyyətli dartışmalara rəğmən, Kirov və Orconikidzenin tətbiq etməklə görəvli olduqları Moskvanın nəzərindəki plan qəbul edildi” Qafqaz cümhuriyyətlərinin üç il milliyətçi partiyaların yönətimində yaşaması iqtisadiyyatı məhv etmiş. Sovet hakimiyyəti Qafqaz cümhuriyyətlərində milli, dil və kültür bağımsızlığına sayqı göstərməklə yanaşı iqtisadi bütünləşməni təmin edəcəkdir.”191 Orconikidze daha öncə Ermənistan və Gürcüstanın inqilabi komitələrinin razılığını əldə etmişdi. Aprel ayının 14-də Leninə və Stalinə teleqram göndərir: “Zaqafqaziyada iqtisadi bütünləşməni sağlamaq üçün ilk olaraq dəmir yollarının və xarici ticarətin bütünləşməsi qərarlaşdırıldı.” Bu, əslində Qafqaz federasiyasının qurulması üçün atılan ilk addım idi. İki gün sonra Stalin ona cavab verdi: “Biz bu əməllərə salam göndəririk. Bəlkə iqtisadi mərkəz təşkilatı bu cümhuriyyətlərə lazım oldu. Yoldaşların bu yöndəki nəzərlərini mənə göndərin. Bakıda milliyətçiliyin yayıldığını deyirlər. Diqqətli olun!”192 Üç cümhuriyyətin razılığı ilə nəzərdə tutulan iqtisadi bütünlük mərhələləri bu şəkildə həyata keçdi: Aprelin 20-də dəmir yolları birləşməsi, iyunun 2-də xarici ticarət, gömrük və pul birliyi. İnqilabi komitə tərəfindən hazırlanan və tələmtələsik tətbiq edilən bu plan xalq tərəfindən yaxşı qarşılanmadı. Bəzi sağçı bolşeviklər də bu plana qarşı idilər. Beləcə medivani qrupu təkid etdi ki: Milli istiqlal xalq kütləsini cəlb etmək üçün zəruridir... kimsə bizi xalq kütləsinə yaxınlaşdığımız üçün milliyyətçiliklə suçlaya bilməz.193
          Politbiro tərəfindən ixtilafları ortadan qaldırmaq üçün göndərilən Stalin Aprelin əvvəllərində Tiflisə getdi. Dəmir yolu işçilərinin toplantısında iqtisadi bütünləşmə haqqında danışdığında onu huya basıb məsxərə etdilər. Stalin məcbur oldu tribunu tərk edib yerini menşevik Ramişviliyə buraxsın. Ramişvilini gürcü işçilər əlçalmalar və həyəcanlı şüarlarla qarşıladılar. Bu durum Stalini çox narahat etmişdi. O, aprel ayının 6-da Gürcüstan Kommunist Partiyasının konferansında uzun bir qonuşma ilə Qafqazdakı milliyyətçiliyi və şovinizmi məhkum etdi. Əcəba, üç il bağımsız olan Qafqaz ölkələrində milli düşüncə və duyğuların xalqların arasında özünə yer etdiyini Stalin bilmirdimi? Bu üzdən də Qafqaz ölkələrində milli düşüncədən yana olan görəvliləri vəzifələrindən uzaqlaşdırma qərarı alındı. Stalinin basqısı ilə sağçılığa təmayül göstərən bolşeviklər vəzifələrindən uzaqlaşdırıldı.



184 Fransa xarici işlər nazirliyinin arxiv sənədləri, Türkiyə-Rusiya, 633, s. 44.
185 Dockumentt vnechnei politiki S. S. S. R. (Documents de la politique etrangere de İ`U. R. S. S.), Vol. I a VI, Moscou. 1957-1962, 4-cü cild, sənəd 255, s. 406.
186 E. Q, s. 400-404.
187 Dockumentt vnechnei politiki S. S. S. R. (Documents de la politique etrangere de İ`U. R. S. S.), Vol. I a VI, Moscou. 1957-1962, 4-cü cild, sənəd 239, s. 371-373.
188 E. Q, s. 373-374.
189 BORİAN B: Armenia, mejdunarodnaya diplomatia i S. S. S. R. (L´Armenie, la diplomatie internationale et la R. S. S. R.), 2 vol, Moscou, 1957, 2-ci cild, s. 263-285.
190 Marks-Lenin müəssisəsinin arxiv sənədləri dosya 64, 27147, s. 12-13.
191 Za obrazovannie Sovetskogo Soyuza (Pour la formation de l´union Sovietique), documents, Tbilissi, 1972, s. 270.
192 Mərkəzi Arxiv sənədləri, dosya 64, 2/147, s. 4. 
193 E. Q, dosya 58, s. 12.

Hiç yorum yok:

Yorum Gönder