21 Ocak 2013 Pazartesi

Zərdüşt əfsanəsi




Zərdüşt əfsanəsi

Sasani yenilgəsindən sonra üzərində durulan mövzulardan biri də Zərdüşt məsələsi olmuşdur. Tarixi bəlgələrə dayanacaq olursaq, İslamdan öncə heç bir qaynaqda Zərdüşt adına rastlanmamaqdayıq. Sasani məğlubiyəti kiçik hadisə deyildi. 427 il bölgəni idarə etmiş olan farslar bu yenilgə ilə tarixi bir şoka uğradılar. Bəzi qaynaqlarda Sasani Persiya ölkəsinin 25-30 milyon arasında əhalisinin olduğu yazılmaqdadır. Bu qədər qalabalığın qısa sürədə kitabı ərəb dilində olan İslamı qəbul etmələri mümkün deyildi. Bu üzdən də İslamiyətə qarşı çeşidli təpkilər ortaya çıxdı. Məvali olaraq görünən Sasani yurddaşları sonrakı dönəmlərdə şiələşməyə başladılar. İndiki İraqda mövcud olan şiələr anlaşılan ərəbləşmiş farslardan ibarətdir. Çünkü o zamankı ərəblərin sayı çox aşağı rəqəmlə bəlli edilmişdir. Ərəblərin ən böyük şəhəri olan Mədinənin Hz. Məhəmməd zamanında 10 min nüfusa sahib olduğu bəlirtilməkdədir. Sasanilərin mərkəzi ərazisinin indiki İraq olduğunu bilirik. Başkəndləri Mədain də indiki İraqda yerləşirdi. Başkəndin və digər böyük şəhərlərin kahinləri ölkəni tərk edərək, əsasən Hindistana sığındılar.
VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Onların çoxu fars olduğu üçün onlara bu gün də farslar deyilir. Bir məlumata görə, onların sayı 100 min, başqasına görə, 150 mindir.[1] Hindistana sığınan Sasani fars kahinləri bu ölkənin Qocerat bölgəsində Sasani fars xatirələrini mətnləşdirməyə çalışmışlar. Bu mətnləşdirmə sürəcində qaynaq göstərilmədən, yalnızca İslamiyətə qarşı Sasani inanc düzənini qoruma istəyi ortaya çıxmışdır. Sasani inanclarını mətnləşdirmə yüzillər boyunca davam etmişdir. Yüzillər boyunca sürən bu çalışmalar “Zərdüşt” və “Avesta” kimliyi üzərinə mərkəzləşmişdir. XIX əsrdən etibarən başlayan modern fars milliyətçiliyi ilə Batı orientalistlərinin çalışmaları bu doğrultuda bütünləşərək İrani kimliyin inşası istiqamətində birlikdə çalışmağa başlamışdılar. Özəlliklə 1925-ci ildən sonra İranda iqtidarın bütün imkanlarını əlində bulunduran fars tarixçiliyi əski saxta mətnlərə dayanaraq modern Zərdüşt icad etməyi planlamışdır. Rusiya istilasında bulunan Azərbaycanın axsaq tarixçiliyi də fars-şüubi qaynaqlarına dayanaraq zərdüştlüyü abartmağa çalışmışdır. Baxalım görəlim ki, gerçəkdən tarixdə Zərdüşt adında bir peyqəmbər olmuşmudur? Zərdüşt kimliyi üzərinə yazılan qaynaqlara diqqət edəlim:
“Zərdüştilərin dini kitabının adı Avestadır. Avesta beş bölümdən və ya beş kitabdan oluşmaqdadır. Hər bölüm müxtəlif zamanlarda tədvin edilmişdir. Ən əski nüsxənin Zərdüştün öz zamanına aid olduğu sanılır. Bu nüsxə Zərdüşt peyqəmbərin sözlərini və təlimlərini içərməkdədir. Bu nüsxə Zərdüştün öyrənciləri tərəfindən hazırlanmışdır. Daha sonra zərdüştiliyin din bilgələri ona yeni şeylər artırmışlar. Böyləcə beş bölümlü Avesta təşkil edilərək vahid dini kitab meydana çıxmışdır.”[2] Bu verilərə görə, bəlkə də Zərdüştün kitablarından sanki sadəcə bir neçə yarpaq tapılmışdır. Bu yarpaqları birləşdirərək vahid dini mətn meydana gətirmişlər.
“Avestanın hansı tarixdə vahid kitab halına gəldiyi tarix bəlli deyildir. Ancaq miladdan öncə 6-cı yüzildə Koruş (Kir) tərəfindən təsis edilən Həxamənşilər (əhəmənilər) zamanından başlayaraq, miladdan öncə 4-cü əsrin ortalarına qədər yazılı olaraq Avesta mövcud olmuşdur. Bu zaman dilimində Avestadan iki nüsxə əldə olmuşdur. Bu nüsxədən biri indi viran olan Həxamənşilərin başkəndi İstəxrdə və digəri də Zərdüştün doğulduğu Azərbaycanın böyük Şiz atəşgahında saxlanılırmış. Rəvayətlərdən anlaşıldığına görə, o zaman Avesta min bölümdən ibarət imiş və 21 nəsəqə ayrılırmış. İskəndərin saldırısından sonra Sasanilər zamanında da Avestanın dağınıq yarpaqları bir araya gətirilirkən 348 bölümdən ibarət mətn halını bulmuşdur. Bu rəvayətə görə, Sasani Avestası əski Avestanın üçdə birindən ibarət olmuşdur. Məşhur şərqşünas Vestə görə, Sasani dönəminə aid olan Avesta 345700 sözdən ibarət imiş. Ancaq günümüzdə əlimizdə bulunan Avesta Sasani dönəmindəkinin dörddə biri qədər, yəni 83 min kəlmədən ibarətdir.”[3] Bu rəvayətlərə dayanan bilgiləri tarixi qaynaq saymaq olarmı? Həxamənşilər öz kətibələrini Babil dilində və əlifbasında yazmışlar. O zaman Avestanı Koruş zamanında hansı dildə və əlifbada yaza bilərdilər? Daryuş isə öz şəxsi sözlərini mixi fars xətti ilə yazmış, ancaq saray dili aramicə olmuşdur. O zaman Avesta hansı əlifbada və dildə yazılmışdır? Modern araşdırmaçı bu əfsanələrə inanmalıdırmı? Həm fars milliyətçiliyi mehvərli tarix anlayışı və həm də batılı şərqşünaslar bu əsassız iddialarında israr edirlər ki, İskəndər gəlməsəymiş Avesta yox olmayacaqmış! Bu əfsanələri incələyib yanlış və yalan olduqlarını ifşa etmənin zamanı gəlməmişmi? Zərdüşt və onun Avesta adlı əsərinin tarixdə olmadığını və İslamdan sonra hazırlandığını etiraf etmənin zamanı gəlməmişmi?
“Belə nəticə almaq mümkündür ki, ruhun qalarlılığı, ikinci dünya, qiyamət günü, cənnət və cəhənnəm kimi Tövratın, İncilin və Quranın metafizik görüşləri məzdailikdən etkilənmişdir. Fələstin fars ölkəsi olduğunda bu anlayışlar Tövrata keçmişdir”[4] Burada göründüyü kimi öncə mükəmməl bir Avesta təsvir edilir və sonra da onun Tövrata və digər kitablara etkisi üzərində durulur. Ancaq Tövratın bəzi bölümləri burada nəzərdə tutulan Həxamənşilər tarixindən öncə mətnləşmişdi. Bu əfsanələr irəlidə görəcəyimiz kimi Azərbaycan tarixçiliyini də öz hipnozuna salmışdır. Elçibəy də buna bənzər iddiada bulunmaqdadır: "Avesta" birinci böyük təhrifə Əhəmənilər dövründə uğradılmış, hakim sülalənin nümayəndələrinin göstərişi ilə bu kitaba əfsanəvi hökmdarlar və onların da özləri haqqında nağıllar, dastanlar salınmışdır.[5] Ancaq bu Avestanın necə və kimlər tərəfindən nə şəkildə mətnləşdirildiyi rəvayətlərdən ötəyə keçməməkdədir.
“Avestanın nəsri həmahəng deyildir. Çünkü Avestanın önəmli bir bölümü nəsr deyil, hecalı mənzumələrdir. Bunlar da çeşidli dönəmlərdə qələmə alınmış və müxtəlif devirlərdə də üzərində əl gəzdirmişlər. Yalnız Pəhləvi nəsrinin örnəyi kimi sunulduğundan biz onu əski nəsr mirası kimi tərif etmişik. Avestanın məxsusluğu sonrakı dönəmlərdə Pəhləvi nəsrində, hətta İslamdan sonrakı mərhələlərdə və Şahnamə mənzuməsində; əski çağda Brahma ədəbiyatında görülmüşdür. Onun özəti bundan ibarətdir:
1.                            Tanrıları, əşrafı aşırı vəsflərlə övərək onlara yüksək ləqəblər vermiş və pis iş görənlərə çirkin sifətlər taxmışdır.
2.                            Sözlər, ifadələr və cümlələr təkrar edilmişdir. Fars dilindəki tərcihi-bənd kimi təkrarlar vardır. (İfadələrin, cümlə və ibarələrin təkrarı ari (Hind-İran) nəsr və nəzminə məxsus deyildir. Tövrat və İncildə də bu təkrara rast gəlinməkdədir. Sanki “təkrar” əski ədəbiyatın bir özəlliyi olmuşdur. Bu özəllik 10 və 11-ci əsrin farsca nəzm və nəsrində görünməkdədir. Təbəri nəsrində, Firdovsi və Dəqiqinin Şahnamə nəzmində də gözə çarpmaqdadır.)
3.                            Bir feil bir neçə cümlədə işlənsə də, onu yenə də təkrar-təkrar qullanmışlar. Zəmir və isimləri də eyni şəkildə. İslam dönəmi nəsrdə buna rast gəlməməkdəyik.
4.                            Nəsrdə qısa cümlələr qullanılmışdır. Bunu zahirən nəzmin nəsrə təsiri kimi anlaya bilərik.
Avestada başqa özəlliklər də var. Bunu şeirin türlərinin tarixi üzərinə açıqlamalarla anlamaq mümkündür. Çünkü Avesta, əslində nəzmdir. Gözə çarpan nəsrlər də nəzmin təsiri ilə yazılmışdır.”[6] 
Bu araşdırmaçının üzərində durduğu nəsr çeşidliliyini, yalnız İslamdan sonra Pəhləvi dili və əlifbasında yazılan əsərlərdə görmək mümkündür. İslamdan öncə bu nəsr çeşidliliyi görünməməkdədir. Bu da Avestanın İslamdan sonra oluşdurulduğuna işarədir. İslam öncəsi mətnlərdə bu çeşidlilik nə əski farscada, nə də orta pəhləvi dilində görülmüşdür. Çünkü o dönəmlərdən miras qalan kətibələr mövcuddur. O kətibələrlə Avesta arasındakı mətn bənzəşiminə rast gəlmirik. Həxamənşilər, Əşkanilər (Arşaklar) və Sasanilər zamanında daş, gön, sikkə və qablar üzərinə yazılan yazılar Avestanın kültürəl dəyəri haqqında heç bir bilgi verməməkdədir. Bu durumda böylə bir nəticə çıxarmaq mümkündür: ya bu Avesta sandıqlarda gizli saxlanırmış ki, o zaman zərdüştçü kahinlərin  nəyi və hansı mətni əsas alaraq xalqa dini və´z verdikləri sual ortaya çıxır. Ya da İslamdan sonra ərəb və İslam düşmənliyi oluşdurmaq üçün təşkil edilən Avesta macərası əfsanədən başqa bir şey olmamışdır. [7]
“Xülasə, Avesta kitabı uzun zaman sinədən sinəyə qorunub saxlandı. Hər ehtimala görə, Əşkanilər dönəmi Birinci Bəlaş və ya Sasanilərin ilk çağlarında onu yayqın olan arami dili və xətti ilə yazmaq istəmişlər... Anlaşılan, o zaman mövcud olan xətlərin heç birisi bu ehtiyacı bərtərəf edə bilməmişdir. Bu üzdən də arami xəttindən iqtibas edilən pəhləvi xətti üzərinə möbidlər yeni xətt icad etmiş və Avestanı bu xətlə yazmışlar. Bu xəttin icadında çox diqqət və zaman nəzərə alınmışdır. Hər ehtimala görə, möbidlərdən və ruhanilərdən bir heyət bu xətti icad etmişlər...”[8]  “Ərdəşir Babəkan Tənsiri görəvləndirmiş ki, dağınıq Avestanı bir araya gətirsin. Ərdəşir Babəkanın oğlu Şapur da bu işə davam etmiş. Sonunda Avestanı 21 nəsəq olaraq toplamışlar.”[9] Diqqət edilərsə, bu bilgi də ehtimallar üzərində durmaqdadır. Burada xəttin icadı məsələsi doğru olsa bilə, bu işin Əşkanilərin sonlarında və Sasanilərin əvvəllərində gerçəkləşdiyini hansı tarixi qaynağa dayanaraq isbat edə bilərik? Örnəyin, bu əfsanənin IX-X əsrlərdə uydurulmadığını necə isbat etmək olar? Avestanın xətti və dilinin çox özəl olduğu, yalnız möbidlər və ruhanilərin bunu anlaya bildikləri açıqlanmağa çalışılmaqdadır. Bu nəzəriyə bu xəttin və dilin də zahirən çox güclü olduğunu savunmaqdadır. Böylə önəmli dini mətni yazmaq üçün bu dili qullanmışlarsa, o zaman nədən böylə önəmli bir dil xalqın ilətişim dili olmamış və yalnızca Avesta yazımında istifadə edilmişdir? Çünkü tarix bu dilin xalqın arasında qullanılması ilə ilgili heç bir bilgi verməməkdədir. Hətta bu dilin saraylarda da istifadə edilməsi ilə bağlı bilgi yoxdur. Ən önəmli məsələ isə budur ki, bu pəhləvi dili Əşkani sonu və Sasanilərin ilk çağının icadıdırsa, o zaman Həxamənşiləri və Koruşu (Kiri) zərdüşti olaraq görməmək gərəkir. Çünkü Koruş pəhləvi dilini bilmirdi və pəhləvi dili Koruşdan 700 il sonra icad edilmişdir. Bütün bu əfsanələri qəbul edəcək olursaq, o zaman Həxamənşilər Avestası üçün də bir xətt və dil uydurmaq zərurəti ortaya çıxacaqdır.[10]
“Zərdüşt Azərbaycanda Urmu şəhrinin yaxınlığında və ya Urmunun özündə dünyaya gəlmişdir. Şəhristaninin dediyinə görə, atası Azərbaycandan və anası Reydən olmuşdur. Ancaq zərdüştilik Azərbaycanda deyil, Bəlx tərəfində yayqınlaşmışdır. Çünkü Zərdüşt işə başlarkən Bəlxə gəlmiş və orada öyrətilərini hazırlamışdı. Bəlxdə Qoştasb şah onu xoş qarşılamış. Şahın yardımı ilə bu yeni din güclənməyə başlamışdır. Sarı dərililərin etdikləri bir saldırıda öldürüldü. Yazırlar ki, turanlı bir türk onu öldürmüşdür.”[11] Zərdüşt haqqında bu qədər tutarsız bilgilərlə onu tarixi şəxsiyət kimi qəbul etmək olarmı?
Elçibəy isə yüzillər boyunca Zərdüşt haqqında uydurulan bilgi və bəlgələrə dayanaraq onu Azərbaycan milliyətçisi kimi görüb və qürur qaynağı oluşdurmağa üstünlük vermişdir: “Yasna yetmiş iki (72) bölmədən ibarətdir, onun yalnız bir bölməsi Qatalar adlanır. Dünyada tanınmış zərdüştlükşünaslar və avestaşünaslar birgə fikrə - sonuca gələrək bildirirlər ki, yalnız bu Qatalar və bir sıra Vəndidad Zərdüştün əsəridir və "Avesta"nın ən əski bölmələridir. Biz hörmətli oxucunun buna ayrıca diqqət yetirməsini istəyirik: çünki söyləyəcəyimiz fikrin önəmli xətlərindən biri budur və çox həssas bir çıxış nöqtəsidir. Belə ki, görkəmli Azərbaycan dahisi Zərdüşt dünyada ilk təkallahlıq din sistemini yaradan bəşər dühalarından olmuşdur. Min-min yazıqlar olsun ki, fars əfsanəçi, şahçı, əfsunçu zehniyyəti təktanrılı zərdüştlük dinini elə bir hala salmışdır ki, bu din sonradan ya ikiyaradanlı, ya da çoxallahlı din kimi qəbul edilmişdir. Bu, şovinist və əfsanəçi, nağılçı fars zehniyyət və niyyətinin Azərbaycan türk xalqına vurduğu ilk ölümcül yaralardan biridir!”[12] Elçibəy məşhur avestaşünasların adını kitabında verməmişdir. Elçibəyin işarə etdiyi bu məşhur Zərdüşt və avestaşünaslar, əslində XIX əsrdən sonra ortaya çıxaraq İrani kimlik adı altında indiki İranda türk-ərəb varlığını inkar edən sözdə uzmanlar olmuşlar. Farslar üçün üstünlük düşüncəsi yaratmaq istəyən batılı araşdırmaçılar, ilk növbədə tarixdə adı və izi olmayan Zərdüşt adında birini varmış kimi göstərmişlər və sonra da bu fars kökənli Zərdüştün, hətta Quranı da etkilədiyini savunmuşlar. Bu da, əlbəttə, fars milliyətçiliyinin könlünü oxşayan duyqular olmuşdur. Elçibəy isə tarixdə olmayan daha saxta qaynaqlara dayanaraq var edilən Zərdüştün fars deyil, azərbaycanlı və ya türk olduğunu savunmaqdadır. Ancaq Zərdüşt və Avestanın sonradan mövcud edilən mətnlərində nədənsə bir tək kəlmə də olsun türkçə sözlə qarşılaşmırıq. Zərdüşt türkmüşsə, onun Avestası hansı dildə yazılıbdır?  
“Nibergin zərdüştlüklə bağlı dəyərləndirməsi inamsızcadır. Ancaq Zərdüştə inananlar da onun kimliyi haqda heç bir elmi bilgi ortaya qoymamışlar. Zərdüşt adlı zəkalı insanla ilgili heç bir əski milli sənəd mövcud deyildir.[13] Xanım Meri Boys zərdüştçülüklə bağlı üç cilddən oluşan kitab yazmışdır. “Bu kitab son zamanlar Hindistanda Qocerat dilində əyarlanmış qaynaqdan yararlanmışdır.”[14] Anlaşıldığı kimi, Zərdüşt haqqındakı bilgilər zamanımıza daha da yaxınlaşmaqdadır. Heç də əski mətnlərə dayanmamaqdadır.
“Makedoniyalı İskəndər tərəfindən yandırılan əsl “Avesta” 12000 inək dərisinə yazılmışdı... Kimsə Həxamənşilərin dönəmində Avesta yazılarından böyük kitabxanalar düzəldəcək qədər tərəqqi səviyəsinin var olduğunu gerçəkçi və inandırıcı təsəvvür edə bilməz. Ədəbi inkişaf o dönəmdə bu səviyədə imişsə, dini ənənələrin cövhəri əsas nümunələrin yandırılması ilə dağılmaz, məhv olmazdı. Həxamənşilərin sonuna yaxın bir dönəmdə tamamlanan ilk yəhudi Tövratı miladdan 70 il sonra Urşəlimdə daha çətin bir bəlaya məruz qaldı. Xatırlatmaq gərəkir ki, İskəndərin qələbəsindən sonra Həxamənşi ölkəsində dini böhran ortaya çıxmadı. Dini durum əskidən olduğu kimi davam etdi və əski tanrıları dəyişdirəcək yeni bir din ortaya çıxmadı. Tarixini dəqiq bildiyimiz Yunan ədəbiyatında “Avesta”nın yunancaya tərcüməsi ilə bağlı heç bir kiçik əsərə də rastlanılmamışdır. İskəndərdən öncə mövcud olan “Avesta” sadəcə xəyalın yaratdığı bir şeydir. Bu haqda mövcud olan rəvayətlər əfsanədən ötəyə keçməməkdədir.”[15] Beləliklə, bir qrup inanır ki, mədəniyəti ondan əsər-əlamət qalmayacaq səviyədə məhv etmək olar. Bu sadəlövhlük ciddi araşdırmadan yayınmanın ən asan yoludur. Tutalım ki, bu iddialar doğrudur və İskəndərlə ərəblər Həxamənşi və Sasani mədəniyətini öyləsinə məhv etmişlər ki, hətta o kitabların adı və mətnlərin məzmunu da insanların xatirəsindən silinmişdir. O zaman Həxamənşilərin başlanqıcından Sasanilərin çöküşünə qədər davam edən 1200 illik uzun sürə içində nədən bu qədər heykəltəraşlar, həccarlar Zərdüştün adını bir daşa, bir kətibəyə qazmamışlar? Ən çoxu da sırf məzhəbi təbliğat məqsədi ilə yazılmış olan bu qədər kətibələrdə nədən Zərdüştün adına rastlanılmır?[16] Ən önəmli sual isə budur ki, 12000 inək dərisinə yazılan Avestanı hansı kitabxanada saxlayırmışlar. Dini bir kitab hər halda bir tək nüsxədən oluşmaz. Yəni ən az başkənd və digər böyük şəhərlərdə bir neçə nüsxə 12000 inək dərisinə yazılaraq mövcud olmalı idi. Bu qədər dərini harada saxlamaq olar? Haraya yerləşdirmək olar?
“Zərdüşt bəlkə də milladdan 600 il öncə, Budda ilə eyni zamanda yaşamışdır.”[17] Göründüyü kimi, Zərdüşt kimi bir peyqəmbərin tarixi varlığı “bəlkə”lərdən ötəyə keçməməkdədir.
“Zərdüştlə ilgili bir çox mübahisələr mövcuddur. Bir qisim onun milladdan 6000 il əvvəl yaşadığını söyləyir.”[18] “Nə yunanlılar, nə süryanilər, nə də erməni yazarlar Zərdüştün “Avesta”sı və Avestada keçən gahları haqda bilgi verməmişlər.”[19]
“İslami qaynaqlarda Zərdüştçülük ilahi dinlərdən biri sayılır və zərdüştilər kitab əhli kimi qəbul edilərlər.”[20] İslamın hansı qaynağında Zərdüşt və zərdüştilik haqqında bilgi verilmişdir? Bunlar açıqlanmır. Məcusilik bəlli olduğu üzərə zərdüştilik deyil, İslam öncəsi Orta Doğuda yayqın olan bir çox inanc növlərini içinə alan qavram olmuşdur.
Bəzi rəvayətlərdə zərdüştlüyə səmavi kitab da uydurmuşlar. “Hz. Əli məcusilərin kitabının olduğunu söylər.”[21] Şeyx Tusi Zərdüştilərin səmavi kitablarının olduğunu yazar.[22] Bu bilgilər başdan sona qədər tarixi qaynağı olmayan reklamlardan ibarətdir. Səfəvilərdən sonra dirilmiş olan Sasaniliyin Hz. Əli və digərlərinin adına saxta qaynaqlar oluşdurmasından başqa bir şey deyildir. Hz. Əli haradan bilirmiş bunu? Avestanın səmavi kitab olması doğru isə, o zaman o, vəhy əsəri bir üründür. Vəhy əsəri ürünlərin dili, peyqəmbəri və ona inanan əhali haqqında tarixdə bilgi olmazmı?  
“Səndən öncə peyqəmbərlər göndərdik. Onlardan bir qismi haqqında sənə bilgi vermiş, bir qismi haqqında da bilgi verməmişik. Tanrının izni olmadan heç bir peyqəmbər özündən ayət gətirə bilməz. Tanrı əmri gəlincə də haqq uyqulanır və o zaman batili seçənlər zərərə uğrayacaqlar.”[23] “Bu ayətdən yararlanaraq Quranda adları keçməyən rəsullar və nəbilər haqqında düşünmək olar. Onların sayı Quranda keçəndən daha artıqdır.”[24] Səfəvi sonrası şiə-fars mehvərli Quran üzərinə edilən açıqlamalarda Zərdüştün varlığı ilə bağlı Quran qaynaqlı bilgi oluşdurma çabası ortaya çıxmışdır.
“Araşdırmaçılar arasında yayqın olan görüşə görə, iranlı Ariya (Ari) irqlilər Hindistandakı soydaşları kimi doğapərəst inanca sahibmişlər. “Zərdüşt” adında bir peyqəmbərin zühuru ilə tövhidə və təktanrılığa yönəlmişlər.”[25]  10-cu yüzilin coğrafiyacısı kimi tanınan Əli ibni Hüseynəli Məsudi “İran sakinləri zərdüşti olaraq bilinir və onların kitabları “Avesta”dır” demiş.[26] Zərdüşt haqqında qaynaq gəlib X əsrə çatdı. “Zərdüştün tarixdə olduğu dönəm dəqiq olaraq bəlli deyildir. Bir qisim onun miladdan 600 il öncə[27] və bir qisim isə miladdan 6000 il öncə yaşadığını vurqularlar.”[28] Zərdüştün doğum yeri Azərbaycan, Rey və Əfqanistan olaraq sanılmaqdadır. Harada bu ideoloji gərək olmuşsa, Zərdüştü oraya aid etmişlər. “Avesta adlanan kitab böyük ehtimalla İslamdan sonra şəkilləndirilmişdir.”[29] “Ən əski Avesta nüsxəsi 1325-ci ilə aiddir. Bu nüsxə Danimarkada saxlanmaqdadır.”[30] “Uzun sürə Sasanilərin yönətimində yaşayan ərəblər nədənsə Sasanilərin kitablarının olduğunu görməmişlər. Bu üzdən də Hz. Peyqəmbərə və Hz. Əliyə etiraz edirdilər ki, nədən Sasani əhalisini kitab əhli olaraq nitələməkdədirlər?”[31] Diqqət etmək gərəkir ki, “Əlkafi” Sasani-şiə mətnidir və İslamla əlaqəsi yoxdur. Çünkü Əlkafi kimi Sasani-fars-şiə nostaljisi ilə yazılan əsərlərdə hər olayda Hz. Peyqəmbərin yanına Hz. Əlini də soxmağa çalışmışlar. Əhali etiraz edirsə, peyqəmbərə etiraz etməlidir, Hz. Əliyə niyə etiraz edir, Hz. Əli peyqəmbərmi idi? Bəllidir ki, bunlar uydurulmuş saxta hədislərdir. “Avestanı zərdüştilərin qutsal kitabı qəbul etsək də, Avesta üzərinə araşdırma aparan bir çox araşdırmaçılar qatların yalnız bir bölümünün Zərdüştə aid olduğu inancındadırlar. Qalan qatlar ya Zərdüştdən öncə, ya da sonra yazılmışdır.”[32]
Neçə minillik zaman içində Zərdüştdən heç bir bəlgə ortada yox ikən, Avestanın Zərdüştə aid və zərdüştlüyün Orta Doğuda yayqın din olduğunu necə iddia etmək mümkündür? Heç bir bəlgə və heç bir mətn Zərdüşt və zərdüştçülüklə bağlı mövcud deyildir.
“Bəzi araşdırmaçılar Quranda keçən “məcusi” sözünü zərdüştlüyə bərabər bir qavram olaraq görməzlər. Məcusilik bir çox inanış və törələri içinə almışdır. Onlardan bəziləri manəviyə, məzdəkiyə, disaniyə, mərquniyə olaraq bilinməkdədir. Bunlardan biri də Zərdüşt tərəfindən təbliğ olunan zərdüştçülük olmuşdur ki, bu da zaman axışı içində bir çox dəyişimə məruz qalmışdır.”[33]
Cəfər Sadiq “Zərdüşt məcusilər arasında peyqəmbərlik iddiasında bulundu. Bir dəstə ona iman gətirdi və bir dəstə də onu rədd edib uzaqlaşdırdılar. Zərdüşt bozqırlarda qurda-quşa yem oldu” demiş.[34] Başqa bir deyişdə Cəfər Sadiq onu Camasb adlandırmış: “Məcusun bir peyqəmbəri var idi. Onu öldürüb kitabını yaxdılar. Onun kitabı  on iki min inək dərisinə yazılmışdı. Ona Camasb deyirdilər.”[35] Cəfər Sadiqin bu sözü doğru isə, “məcus” sözünün “camasb”dan törədiyi anlaşılmaqdadır. Böylə olduğunda indiki Avesta ilə də o kitabın heç bir ilişkisi olmamışdır. Əski tarix üzərinə əfsanəvari bilgilər verən Herodot da Zərdüşt haqqında heç bir bilgi verməmişdir. Həxamənşilərin heç bir kətibələrində Zərdüştün adı keçməzkən Əşkanilər (Arşaklar) dönəminə aid bəlgələrdə də Zərdüşt adına rastlanmamaqdadır. “Özlərini zərdüştlüyün qoruyucusu kimi sunan Sasanilər də Əşkanilərin zərdüşti olduğunu rədd edərlər.”[36] Bu gün zərdüştlük adı ilə bilinən ayin, yalnız Sasanilər zamanında yayqın olan dini törələrdən ibarət imiş. “Əhuraməzda” və “əhrimən” sırf Sasani dövlət inancının törətdiyi qavramlar olmuşdur. “Sasanilərdə zərdüşt ayininin nəzərdə tutduğu dörd sinfi toplumsal düzən olmuşdur: 1- Ruhanilər. 2- Ordu. 3- Tarımda çalışanlar (feodal və rəiyyətləri). 4- Əsnaf (sənətkarlar).”[37] Hər sinfin sınırları və imtiyazları var idi. Bir sinifdən başqa sinifə yüksəlmə imkanı yox idi. Zənginlik və iqtidar üst siniflərin (Saray, ordu və ruhanilər) arasında paylaşılırdı. Diqqət etsək, Səfəvilərin də toplumsal sinifləri bu bölgülərdən ibarət olmuşdur. Tam Sasanilər dönəmində olduğu kimi, Sasaniliyin dirilişi olaraq Səfəvilərdən günümüzə qədər din bəlli ruhani sinfin öhdəsinə verilmiş, şah üçün də bəlli bir soy nəzərdə tutulmuşdur. Hətta 1925-ci ildə Atatürkü təqlid edərək Rza şah özünü cümhurbaşqanı olaraq duyurmaq istərkən, şiə-Sasani-Səfəvi mollaları buna etiraz edərək “sən özünü şah olaraq elan etməlisən” dedilər. İslamda dini sinif deyə bir sinif yoxdur. Hər kəs müsəlmandır və kitabı da “Quran”dır. Səfəvilərdən sonra oluşdurulan molla sinfi, əslində Sasaniliyin İslama qarşı savaşının zəfəri kimi ortaya çıxmışdır. Sasaniliyin İslam üzərində qələbəsi və bu vəsilə ilə də İranda türk-ərəb varlığını Sasani-şiə inancı içində yox etmək hədəflənmişdir. Sasani zərdüştçü toplumunun özəlliklərindən biri ilahiyat elminin möbidlər və kahinlər sinfinin əlində bulunması idi. “Zərdüştlükdə möbidlik elminin naməhrəmə öyrədilməsi yasaqdır. Çünkü Tanrı Zərdüştə demiş ki, bu elmi öz evladlarına təlim et!”[38] Bu, əslində 12 imamlıqda mövcud olan cəfr elmi əfsanəsindən başqa bir şey deyildir. Guya 12 imam məsumdur və onlar qutsal bilgiyə sahib olmuşlar. Bu qutsal bilginin adı “cəfr” və “camiə” olmuşdur. Bu qutsal bilgiyə sadə insanların ulaşmaq haqqı da yoxdur. Bütün bunlar İslam düşmənliyindən və Sasani yandaşlığından başqa bir şey deyildir. İslam hər bir Allah yaradılışı olan insan üçün bəlli ölçü müəyyən etmiş, ona ağıl vermişdir. Bu ağılın gücünə o, öz imanını və elmini əldə edə bilər. Vəhy çatısı altında çalışmalarına davam etdikcə Allah da onun hərəkətinə bərəkət qatar. İslam budur. 12 imam qaynaqlı qutsal bilgilər deyə İslamda bir qural yoxdur. İslam çox asan və anlaşılan dindir. Səfəvilərdən sonra İslamın alqılanması yolunda qullanılan Sasani-şiə yöntəmi onu çətin və anlaşılmaz duruma gətirmişdir. Bu da başda İrandakı türklərin düşüncəsini qaranlığa gömmüşdür.
“Günümüzdə mövcud olan zərdüştlük ayini Sasanilər dönəmində təbliğ edilən zərdüştlüyün qiraətidir. Sasani zərdüştlüyü də, əslində dövlət dinindən başqa bir şey deyildi. Özünü odun qoruyucusu olaraq tanıdan Ərdəşir Babəkan şahlıq atəşkədəsini təsis etmişdi. Ərdəşir Babəkan möbidlər möbidi kimi qəbul edilmişdi. Ərdəşir Babəkanın sarayında bu üzdən də möbidlər möbidi yox idi.”[39] Bu, din və onun ehkamlarının əmrə bağlı olduğu anlamındadır. Din şahın görüşünə görə dəyişir. Dinin yaradıcısı Allah deyil, şah olaraq ortaya çıxır. Səfəvilərdən sonra da İslamın yaradıcısı Allahın vəhyi deyil, ayətullahların mənafeyi və şahlara xidmət edən yöntəmləri olmuşdur. Özləri siyasi iqtidarda bulunduqlarında isə, tam Sasani dönəmi Ərdəşir Babəkan kimi davranmışlar və şiə-Sasani tablosu ortaya çıxmışdır. “Möbidlər və şahlar bir-birinin qardaşıdır. Onlar zahidlərdən doğulmuşlar. Heç bir şəkildə-bir-birlərindən ayrılmazlar. Bu da dinin və onun ehkamlarının siyasi əmrə tabe olmasını göstərməkdədir. Din padşahın görüşündən asılı durumda idi.”[40]
“Zərdüştlük dininə aid kitablar külliyyatı-toplusu sayılan "Avesta"nın dörddə biri gəlib zamanımıza çatmışdır, onların da ən əskisi bu eranın 12-ci yüzilinə, ən yaxşısı isə 13-cü yüzilə aiddir. Belə aydın olur ki, bu kitabların ilkin bölmələri eradan qabaq min üç yüzüncü ildən yazılmağa başlamış, bu eranın - miladın 8-10-cu yüzillərinədək artırmalar, əlavələr, şərhlər və haşiyələrlə daim çoxaldılmış, çox böyük dəyişmələrə məruz qalmışdır. Aydın olur ki, "Avesta" 2300 ilə yazılmışdır. Belə bəlli olur ki, "Avesta" yüzillərlə o qədər dəyişmələrə uğradılmışdır ki, Zərdüştün əsl-gerçək "Avesta"sından olduqca az bir nəsnə qalmışdır.”[41] Bu, Zərdüşt və Avesta kimliyi üzərinə Elçibəyin izahıdır. 2300 il ərzində kitabmı yazılar? Bu qədər uzun zamanda toplumların ehtiyacı və sosial durumları dəyişməzmi? Hər dəyişimə görə dini kitaba artırmalar olursa, o zaman biz necə iddia edə bilərik ki, Avesta Zərdüştün əsəridir. Zərdüştün əsəri olması üçün Zərdüştün də 2300 il yaşaması gərəkməzmi?
"Avesta" Əhəmənilər dövründə yeni bir külliyyat halına salınır, iki nüsxəsi hazırlanır: bir nüsxəsi Parsanın mərkəzində sonralar "Təxti-Cəmşid" adlanan şəhərdə şahların kitabxanasında saxlanılırdı. Bu nüsxəni İskəndər oranı işğal edəndə yandırmış, başqa bir nüsxəni Yunanıstana aparmışdır.[42] Elçibəy də İskəndərin Avestanı yaxması kimi yalan xəbərə inanmış kimi görünür. Aristoteldən dərs almış, kitaba sayqılı davranan İskəndər Avestanı niyə yaxmalı idi? Nədən yalnız Avestanı yaxmış və Hind kitablarını və ya Tövratı yaxmamışdır?! Təəssüf ki, Elçibəy də bu saxta bilgiləri öz kitabına yansıtmışdır. O zaman Yunanistanda böyük fikri qalxınma mövcud idi. Böylə bir əsər Yunanistana aparılmışsa, nədən Yunan alimləri və aydınları buna heç yerdə işarə etməmişlər. Yunanistana aparılması haradan bəlli olur? Yunanistana aparılsa idi, Yunan aydınları bu haqda cüzi də olsa bilgi verməzdilərmi? Ya da bu kitabın içəriyi haqda bir cümlə bir yerdə yazmazdılarmı? Nədən əski Yunan qaynaqlarında Avesta ilə ilgili bir bilgi mövcud deyildir? “Əşkan Şahları dövründə Azərbaycanda və onunla qonşu əyalətlərdə dağınıq halda olan "Avesta" bölmələri toplanmış, bu kitab yenidən bərpa edilmişdir.”[43] Elçibəy bu rəvayətlərə heç bir qaynaq göstərməmişdir. Sadəcə Azərbaycanı ululaşdırmaq üçün Zərdüştü önə çıxarmaq ehtiyacı hiss etmişdir. Qullandığı qaynaqlar isə şüubiyyənin və şüubiyyə təmayüllü orientalistlərin ortaya qoyduqları bilgilərdi. Çünkü Zərdüşt və Avesta haqqında bütün bəlgələr İslamiyətdən yüzillər sonra oluşdurulmuşdur. Elçibəyin xətası da bunu görməməsindədir. Çünkü Elçibəy tarixdə azərbaycanlı bir Zərdüştün olmasını arzu etmişdir. O, türk tarixini şüubi verilərindən ayırmaq yerinə, onların qurduğu tuzağa düşmüşdür. Bu, yalnızca Elçibəyə xas bir durum deyildir. Azərbaycanda rus çatısı altında oluşdurulan tarixçilik Azərbaycanı İrani şüubiyyə tarix anlayışına tabe etməyə çalışmışdır. Azərbaycanın əsas tarix sorunu da bu sınırı bəlli etməməsində və sırf bu üzdən Səfəvilərə və Zərdüşt əfsanələrinə bərk-bərk yapışmasındadır. Azərbaycan tarixçiliyi bu qədər bəsit və anlamsız yorum üzərində durmaqdadır ki, fars şovinizmi Azərbaycanın “dahi”si olan Zərdüştü özünə çıxmaq istəyir! Tarixdə olmayan, oluşu abartıılanı mənimsəmə yolunda yarış gedir və buna tarix elmi söylənəməz.
Bu kimi tarixə yanaşanlardan biri də Zehtabi olmuşdur. Zehtabi də fars qaynaqlarına tənqidi yanaşmadan, qaynaqları sorqulamadan fars tarix teorisininin təsvir etdiyi Zərdüştü qəbul edir, ancaq onun fars deyil, türk olduğunu savunur: “Bütün tədqiqatçıların fikrincə “qat”lar Zərdüştün özü tərəfindən miladdan öncə VII əsrin sonları və VI əsrin ilk yarısında söylənmişdir.”[44] Zehtabi hər şeydən öncə açıqca yanılmaqdadır. Burada kəsin bir inancla bilgi verməkdədir. Ancaq bütün tədqiqatçılar Zehtabinin yazdığı kimi bilgi verməmişlər. Avestanın varlığına şübhə edən tədqiqatçılar da olmuşdur. “Lakin bəzi alimlər, xüsusiylə fars tarixçiləri bu sadə və aydın məsələni müəyyən siyasi hədəf, xüsusiylə də türk tarixindən uzaqlaşdırmaq hədəfi ilə, mübhəm, dumanlı və qarışıq şəklə salırlar. Biz şübhə etmirik ki, Zərdüşt ideolojisinin rüşeymləri ilk əvvəllər Mad ərazisi xalqları daxilində yaranmağa başlamış.”[45] Zehtabinin amacı tarix yazmaq olmamış, əlinə fənər- çıraq alaraq tarixin qaranlıqlarında türk axtarmaq olmuşdur. Zehtabi əfsanə şəklində yazdığı “İran Türklərinin Əski Tarixi” kitabında sadəcə bu mesajı verir ki, nədən Zərdüştə türk deyil də, fars deyirsiniz, ayıb deyilmi? Qullandığı yöntəm də tam olaraq fars tarix milliyətçilərinin yöntəmidir. Heç bir tutarlı, araşdırma və sorqulamaya dayanan qaynaq göstərməmişdir. “Müqəddəs Avesta kitabındakı hadisələrin əsas qisminin qədim Həmədan-Azərbaycan torpaqlarında baş verdiyini nəzərə alaraq deyə bilərik ki, Zərdüşt azərbaycanlı olmuşdur...”[46] Buna əlbəttə ki, tarixçilik deməzlər. Çünkü “nəzərə alaraq”la tarix yazılmaz. “Avestanın ilkin dili əski fars dili olmaması və o zamankı manna, qutti, lullubi, hurri dillərinə yaxın, o zamankı elam dilinə yaxın bir dildə olmasını bu aydın fakt göstərir ki, Sasanilər dövründən bəri, hətta bu gün belə, heç bir fars və ya avropalı dilçi və tarixçi onu oxuya bilməmiş, heç bir araşdırmaçı və mütərcim onları düzgün araşdırıb qəti və düzgün tərcümə etməmişdir.”[47] Buna tarixçimi deyilir? Bir neçə dil adı sayır burada. Bu dillərin necə olduğunu Zehtabi özü də bilmir. Sonunda bəlli olmur Avesta hansı dildə yazılmış. Heç bir araşdırmaçının düzgün oxumadığını iddia edir və özü də oxuya bilmir, sadəcə bir neçə dil sayır. O zaman bu işin sonu necə olacaq? Avestanın hansı dildə yazıldığını sonunda biz necə öyrənəcəyik? Avesta düzgün oxunmamış, özü də düzgün bir Avesta mətni ortaya qoymur, oxuya bilmir. Bu, sadəcə fars tarix yalançılığının Zehtabi tərəfindən türk dilində davam etməsindən başqa bir şey deyildir. Zehtabi Zərdüşt və Avesta haqqında yazdığı kitabının uzun bölümündə heç bir suala cavab vermir. Sonunda oxucu bilmir, bu Zərdüşt və Avesta nə zaman və hansı dildə olmuşdur?
Şüubi bir əsər olaraq yazılan Firdovsinin Şahnaməsində Zərdüşt çox öyülməkdədir. Qurtuluşun tək yolu Zərdüşt təlimlərinə uymaqdan keçər.[48] Nəzərə alsaq ki, Şahnamə fars millətinin milli Quranı sayılmaqdadır, o zaman onların Zərdüştü bu qədər önəmsəmələrinin səbəbi bəlli olar.
       Stalinist azərbaycançılıq ilə irançılığın ortaq tarixi şəxsiyətlərindən biri də Zərdüşt əfsanəsidir.
22. 01. 2013


[1] Ə. Elçibəy “Bütöv Azərbaycan yolunda”, Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi.
[2] Məhəmməd Məhəmmədi Məlairi, İran tarix və kültürü (Tarix və fərhənge İran), s. 309.
[3] Məhəmməd Məhəmmədi Məlairi, İran tarix və kültürü (Tarix və fərhənge İran), s. 310.
[4] Şücaəddin Şəfa, Yeni min ildə əski İran (İrane kohən dər hezareye no), s. 306.
[5] Ə. Elçibəy “Bütöv Azərbaycan yolunda”, s. 49, pdf.
http://elcibey.files.wordpress.com/2012/01/butov-azerbaycan-yolunda.pdf .
[6] Məhəmməd Təqi Bahar (Məlik-üş şüəra), Səbk şünaslıq, 1-ci ild, s. 142.
[7] Nasir Purpirar, Keçmişə körpü, ikinci kitab, birinci bölüm: bəlgələrin araşdırılması, Karəng nəşriyatı, ikinci nəşr  2001-Tehran, s. 142.
[8] Əhməd Təfəzzoli, İslam öncəsi İran ədəbiyat tarixi (tarixe ədəbiyate İran piş əz Eslam), s. 69.
[9] Cəlil Dustxah, Əz Qozareşe Ebrahim Purdavod, 5-ci nəşr, 1364 (h.ş), s. 1.
[10] Nasir Purpirar, Keçmişə körpü, ikinci kitab, birinci bölüm: bəlgələrin araşdırılması, Karəng nəşriyatı, ikinci nəşr  2001-Tehran, s. 143-144.
[11] Məhəmməd Məhəmmədi Məlairi, İran tarix və kültürü (Tarix və fərhənge İran), s. 308.
[12] Ə. Elçibəy “Bütöv Azərbaycan yolunda”, s. 50, pdf.
http://elcibey.files.wordpress.com/2012/01/butov-azerbaycan-yolunda.pdf .
[13] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 140.
[14] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 140.
[15] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 135-136, ətək yazı, Henrik Samuel Niberq “Əski İran dinləri”.
[16] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 136.
[17] Alfons Gabriel, İranın məzhəbi dünyası (Cəhane məzhəbiye İran), çevirən Əbulhəsən Məhəmmədi, Rəhyab nəşriyatı, 1990- Almaniya, s. 39.
[18] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 138.
[19] Nasir Purpirar “On iki əsr sükut”, çevirən Güntay Cavanşir, Azərbaycan Milli Ensiklopediyası yayınları, s. 138.
[20] Abdulla Mübəlliği “Dünyada dinlərin və məzhəblərin tarixi”, s. 365. (Abdullah Mobəlleği, “Tarixe ədyan və məzaheb dər cəhan”
[21] Abdulla Mübəlliği “Dünyada dinlərin və məzhəblərin tarixi”, s. 365. (Abdullah Mobəlleği, “Tarixe ədyan və məzaheb dər cəhan”
[22] Əlməbsut, 4-cü cild, s. 210.
[23] Quran, Mömin (40) surəsi, 78-ci ayət. 
[24] Nasir Məkarem Şirazi, Quranın məsajı” (Pəyame Qoran), 7-ci cild, s. 358.
[25] Çarlz Aleksandr Rabinson “Əski tarix” (Tarixe bastan), s. 214, tərcümə- İsmayil Dolətşahi.
[26] Əli ibni Hüseynəli Məsudi “Muruc-ul zəhəb” (مروج الذهب), 1-ci cild, s. 214.
[27] İbrahim Purdad “Avesta”, s. 28. 
[28] Hüseyn Tofiqi, Aşenai ba ədyane bozorg, s. 57.
[29] Rüstəm Şəhzadi “Zərdüşt və onun öyrətiləri” (Zərtoşt və amuzehaye u), s. 69-70.
[30] İbrahim Purdavud “Avesta”, s. 49.
[31] Məhəmməd ibni Yəqub Koleyni “Əlkafi”, 4-cü cild, s. 14.
[32] Henrik Samuel Nigberg “Əski İran dinləri”, farscaya çevirən Seyfəddin Nəcmabadi, s. 2.
[33] Abdullah Razi “İranın kamil tarixi” (Tarixe kamele İran), s. 108-112.
[34] Məclisi “Bəhar-ul ənvar”, 10-cu cild, s. 179, Beyrut nəşri.
[35] Həsən Tusi “Əltəhzib”, 6-cı cild, s. 175.
[36] Richard Nelson “İranın əski mirası” (Mirase bastaniye İran), farscaya çevirən Məsud Rəcəbniya, s. 321.
[37] Abduləzim Rezai “On min illik İran tarixi” (Tarixe dəh hezar saleye İran), 2-ci cild, s. 106.
[38] “Dəbestan-ul məzaheb”, s. 111.
[39] “Vəndidadın girişi” (Moqəddəmeye vəndidad), 1-ci cild, s. 92-93.
[40] Piquluskaya, “Partiyan və Sasaniyan dönəmində İran şəhərləri”, Farscaya çevirən İnayətullah Rza.
[41] Ə. Elçibəy “Bütöv Azərbaycan yolunda”, s. 49, pdf.
http://elcibey.files.wordpress.com/2012/01/butov-azerbaycan-yolunda.pdf
[42] Eyni qaynaq, s. 49, pdf.
[43] Eyni qaynaq, s. 50, pdf.
[44] Zehtabi, İran Türklərinin Əski Tarixi, Əxtər nəşriyatı 3-cü nəşr, Təbriz- 1381 (h.ş), s. 753.
[45] Eyni qaynaq.
[46] Zehtabi, İran Türklərinin Əski Tarixi, Əxtər nəşriyatı 3-cü nəşr, Təbriz- 1381 (h.ş), s. 761.
[47] Zehtabi, İran Türklərinin Əski Tarixi, Əxtər nəşriyatı 3-cü nəşr, Təbriz- 1381 (h.ş), s. 766.
[48] Be yəzdan ke hərgez nə binəd beheşət
    Kəsi ku nədarəd rəhe Zərdheşt ( Zərdüşt yolunda olmayanlar cənnətə gedə bilmzələr.)

2 yorum:

  1. Cox yaxshi bir arasdirmadir. Mence müellif daha cox menbelere istinad edib arasdirmalari derinlesdirse, probleme tekce farsciliq aspektinden deyil, eyni zamanda Islam, Xristianliq ve Yehudilik yönümünden de baxsa cox deyerli bir kitab halina sala bilir.

    YanıtlaSil
  2. Allah Sizi haqqa hidayət etsin.Belə ki,Sizə əxlaq nəsib etsin. Qurandan dəıil gətirirsiniz,amma Quranın dediyinə əməl etməyərək millətçilik edirsiniz...Belə ki, Quran buyrur: Təqvalı olanınız üstündür.Heç bir milləti digər millətdən üstün tutmayan bu səmavi kitabda 300-ə qədər ayə həzrət Əıini(ə)şəninə nazil olub.(Cəlaləddin Suyuti"Durrul Mənsur")İslamın mötəbər kitablarındsn olanTirmizi"Səhih"əsərində(cild13,səh.178)yazır ki,Rasululah(s) buyurur:Mən və Əıi eyni kökdənik.Siz isə soxuşdurub kimi ədəbsiz kəlmələrlə onları ayırmağa çalışın...İmam Əlinin sirli mövzulara aydınlıq gətirməsinə təəccüblənmək lazım deyil.Rasulullah buyurub:"Mən elmin şəhəri Əli sə qapısıdır.Əli məndən sonra ümmətimin ən alimidir(İbnMəğazili "Mənaqib","Təfsiri Təbəri cild 3səh.171vəs..")Qələmi əlinizə alanda niyyətinizi xalis edin və təqvalı bə ixlaslı olun...


    YanıtlaSil