21 Mart 2013 Perşembe

Pəhləvilər dönəmində şüubiyə




Güntay Gəncalp

Pəhləvilər dönəmində şüubiyyə


Farslar ərəblərin təhqirləri altında əzilirdi. Bunun sonucu olaraq ərəblərə qarşı fikri və mənəvi savaşa başladılar. Digər qövmlər kimi ərəblər farsları məvali adlandırırdı. Onları hökümət işlərində çalışmağa layiq bilmirdilər. Ərəb irqçiliyinə qarşı çıxanlar Quran ayətlərinə dayanaraq məntiq arayırdılar. Quranda Hücərat surəsinin 13-cü ayətində qövmlərin eşit olduqları söylənməkdədir. Ancaq bu da bir sonuca varmadığında ərəblərə qarşı yeni bilgilər və yeni fars dünyagörüşü oluşdurmağa başladılar. Əski fars tarixini canlandıraraq farslarda iftixar duyqusu oluşdurmağa çalışdılar. Bu çalışmaların ən bariz örnəyi “Şahnamə” əsəridir. Xurəymi, Nəsəvi və Təxaristani kimi şüubi şairlər ortaya çıxdı. “Əxbar-ul fərs” (Fars xəbərləri) kimi kitablar şüubiyyənin əsərləridir. Farsların hərbi və savaşsal olaraq örgütlənmələri də şüubi düşüncənin ətrafında gerçəkləşdi. Bu düşüncə farsların duyqularında etiraz toxumları əkərək onları üsyana hazırladı. Hərbi və siyasi üsyanların bəzən dini tərəfi də olurdu. Çünkü dinin hər tür siyasi, sosial və hökümət işlərini etkilədiyi bir toplumda dindən yararlanmaq da kəndiliyindən məşru olaraq bilinər. Böylə bir toplumda dindən siyasi və sosial hədəflər üçün yararlanmaqdan daha faydalı bir şey ola bilməz. Bu üzdən də şüubi görüşə dayanaraq ilk böyük üsyan Əbumüslim Xorasani tərəfindən ortaya çıxdı. Əbumüslim Xorasani din adı ilə ortaya çıxsa da, İslam Dünyasında siyasi sosial etkilər doğurdu.[1] Əbumüslim Xorasaninin arxasınca şüubi mehvərli Tahiriyan dövləti quruldu.[2]
Ərəblərin öz irqlərini qutsayıb digər qövmləri aşağılamaları, farsları çox rahatsız etmişdi. Buna təpki olaraq İslam peyqəmbəri və digər İslam böyükləri adından hədislər uydurmağa başladılar. Həm panərəbizm, həm də panfarsizm eyni ideoloji silahı qullanmağa başladılar. Şüubiyyə basqı altında olduğundan bu basqını azaltmaq üçün daha çox hədis uydururdu. Zərdüşt, zərdüştilik, əski padşahlar, epik ədəbiyat haqqında bir çox saxta qaynaqlar oluşdurdular. Ərəblər də bu yöndə saxta hədislər uydurdular.[3] Şüubiyyə Sasanilərin ərəblər tərəfindən yenildiyini heç vaxt qəbul etmədi. Şüubiyyənin nasionalist cinahı Sasanilərin məğlubiyətini Əhuraməzdanın qəzəbi olaraq yorumladı. İslam təqdim olunur və Sasani şahı onu qəbul etmir. Bunun üzərinə Əhuraməzda sinirlənir.[4]
Əməvilərə qarşı ortaya çıxan şüubiyyə hərəkəti çox geniş qapsamlı və təsirli bir ideoloji hərəkət idi. Panərəbizm qarşısında panfarsizmi bayraq etmişdi. Birinci Pəhləvi zamanındakı panfarsizm və aşırı milliyətçilik istər-istəməz şüubiyyəni xatırladırdı. Pəhləvilər dönəmindəki ədəbi, kültürəl, tarixi milliyətçilik şüubiyyənin daha modern şəkildə uyqulanan planları idi.[5] Şüubiyyənin önəmli işlərindən biri də tərcümə idi. İslam öncəsi fars kültüründə və Sasanilərdə mövcud siyasi, elmi, tarixi, gülməcə (lətifə) kimi nə vardısa ərəb dilinə tərcümə etdilər.Tərcümə hərəkətinin başında duran İbni-Müqəffə olmuşdur. İbni-Müqəffə bilirdi ki, bir millətin tarixdən silinməsi onun iqtisadi-siyasi qurumlarının çöküşü ilə mümkün olmaz. Bir millətin yox oluşu əski dəyərlərinin, əxlaq anlayışının, özəlliklə dilinin təxrib edilməsi ilə həyata keçər. İbni-Müqəffənin bu tərcümələrdən amacı həm fars olmayan başqa müsəlmanları əski fars tarixi ilə tanış etmək, həm də farsların tarixi bilincini güncəlləmək idi. Şüubiyyə hərəkəti tarixi və kültürəl sahələrdən İslama saldırmağa başladı. Bu geniş hərəkətin bir bölümü tərcümə işi ilə məşğul oldu, digər bölüm isə İslam elmlərini öyrənməklə uğraşdı. Ədəbi fəaliyətlərinin tərsinə olaraq elmi və kültürəl fəaliyətləri çox mürəkkəb, zərif və məxfi idi. Bir ərəb yazarı şüubiyyənin gizli elmi fəaliyətini İslam öncəsi fars kültürünü İslam şəklində yenidən canlandırmaq olaraq yorumlamışdır.[6] İbni-Müqəffənin tərcümələri, “Tarixi-Təbəri”, “Tarixi-Məsudi”, “Uyun-ul əxbar” kimi kitablar şüubiyyənin əsərləri olmuşdur.[7] 
Şüubiyyənin siyasi fəaliyətləri Sasaniləri qutsamaq, onları hər açıdan yüksəltmək olmuşdur. Sasani şahları qəhrəmanlar və adil olaraq sunulmuşdur. Şüubiyyənin siyasi-ideoloji fəaliyəti Ənuşirəvan dönəmindən başlar. Bu tarixi dönəmi seçmələrinin səbəbi məlumdur: Çünkü İslam tarixi tam olaraq Ənuşirəvanın zamanından başlar. İslam peyqəmbərinin doğumu da tam bu dönəm tarixə aiddir.[8] Şüubiyyə öz görüşlərini ədəbi, siyasi və elmi-kültürəl olaraq üç cəbhədə sürdürmüşdür. Birinci Pəhləvi dönəmində şüubiyyənin bu planları on bir sahədə öz fəaliyət etkisini davam etdirmişdi. Bunlar aşağıdakılardan ibarətdir: 1- Farsın ərəbdən və türkdən üstün olmasını önə çıxarmaq. 2- Ərəbi aşağılamaq. 3- Əcəm (fars) böyükləri ilə fəxr etmək. 4- Əski tarixlə qürur duymaq. 5- Gerçək fars kimliyinə dönüş şüarlarını toplumun içində yaymaq. 6- Ərəbə və ərəbiliyə, türkə və türklüyə qarşı nifrət duyqusu oluşdurmaq. 7- İslam ərəbi ilə açıq və gizli savaş. 8- Ərəbçiliyə, türklüyə qarşı və ərəb-türk öldürməyə uyqun zəmin oluşdurmaq. 9- Ərəbsiz İslam anlayışını doğurmaq. 10- Fars dilini, kültürünü, musiqi və gələnəyini canlandırmaq. 11- Ərəb xilafətini farsizə etmək.
Şüubiyyə fəaliyətləri bu sahələrdə yayqın olmuşdur:
1-                  Tarix. Tarixi öz milli-siyasi amacları yolunda saxtalaşdıraraq bəzi görüşləri üçün tarixi qaynaq oluşdurmuşlar. Tarixdə olmayanı varmış kimi göstərmişlər. Özəlliklə Sasanilər dönəmini yüksəldərək tarix bilinci oluşdurmağa çalışmışlar.
2-                  Təfsir. Quran ayətlərini şüubiyyənin görüşlərinə və milli-siyasi hədəflərinə görə, açıqlayaraq, təfsirləri fars tarixindəki mitolojilərə uyqunlaşdırmağa çalışmışlar. Quranda keçən Zülqərneynin Koruş (Kir) olduğunu yaymışlar və Hücərat (49) surəsinin 13-cü ayətini irqi baxımdan təfsir etmişlər.
3-                  Ədəbiyat. İslam təsəvvüfündə fars dəyərlərini yerləşdirmişlər. Semit cisminə ari irqinin ruhunu təzriq etməyə çalışmışlar. Sasani dönəmində yayqın olan dualizmi təsəvvüf kültürünə soxmuşlar.
4-                  Fiqh. Özəlliklə yarqı düzənində İslam hüquq anlayışını qaldıraraq əski fars-Sasani hüquq düzənini canlandırmağa özənmişlər. Ərəb dilini etibarsızlaşdırmağa çalışmışlar. Fars feodal aristokrasisini canlandırmışlar.
“Müsəlmanın yəhudi və xristian qadınlarla evlənməsi caiz, ancaq məcusi ilə evlənməsi caiz deyildi. Bir şüubi “Məcusi qadınla evlənmənin gözəl tərəfləri” adlı bir kitab yazaraq müsəlmanın məcusi ilə evlənməsini caiz bildi.”[9] Şüubiyyə Zərdüşt haqqında bəzi hədislər uydurdu. Hz. Peyqəmbər və Əbutaliboğlu Əli dilindən Zərdüşt haqqında xoş sözlər uyduruldu. Bu da Zərdüştü sayqın biri olaraq farslara İslam şəklində tanıtdırmaq idi. Bunlar fars şiə-şüubi tərəfindən uydurularaq imamiyə şiəsinin etiqadına yerləşdirildi. Bu saxta rəvayətləri uydurmanın amacı əski fars inancı ilə peyqəmbər soyu arasında bağlantı qurmaq idi. Bu çalışmaların ürünü olaraq Üçüncü Yəzdgərdin Şəhrbanu adında bir qızının olduğunu da uydurdular. Bu saxta rəvayətə görə, Şəhrbanu Əlioğlu Hüseynlə evlənməli idi.[10]
Şüubiyyə öz saxtakarlıqlarını Ənuşirəvan dönəminə dayandırmışdı. Peyqəmbərin böylə ədalətli Sasani şahı zamanında doğulduğunu bir fərqlilik olaraq göstərdi. Ənuşirəvanla bağlı böylə bir yalan da uyduruldu: Bir gün Ənuşirəvan dönəmində önəmli bir hadisə oluşdu. Ənuşirəvan minarəyə çıxaraq “əssəlat-un camiə”, yəni ey əhali, namaza gəlin” dedi. Əlinin farslarla ilgili ceyran dərisinin üzərinə yazdığı bir məktubun da olduğunu iddia etdilər. Guya Əli ceyran dərisinə yazmış ki, farsların inancına toxunmayın, onlarla xoşgörü ilə davranın.Əlinin bu məktubu XIX əsrdə ortaya çıxdı.[11] Bu məktub Pəhləvilər dönəmində təbliğ edildi, çünkü Pəhləvilər Əlinin bu saxta məktubuna dayanaraq Sasani kimliyini canlandırmaq və İranda yaşayan azınlıq zərdüştiləri geniş imkanlara qovuşdurmaq istəyirdilər.


[1] Zəbihullah Səfa, İran ədəbiyat tarixi, I cild, Qoqnus yayınları, 13-cü yayın, 1374 (h. ş), s. 20-21.
[2] Eyni qaynaq, s. 23.
[3] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 419-420.
[4] Məhmudrza Eftexarzadə, Şüubiyyə, nasionalizme İrani, s. 229.
[5] Gözəl sənətlər dərgisi, göstərili və musiqi sənətləri (Nəşriyəye honərhaye ziba, honərhaye nemayeşi və musiqi) 1389 (h.ş), Mohsen Zəmani və Fərhad Nazerzadə Kermani, Birinci Pəhləvi zamanında teatr əsərlərində milliyətçiliyin inikası, (Enekase melli gərai dər ədəbiyate nemayeşiye ruzeqare Pəhləviye əvvəl), s. 28.
[6] Eyni qaynaq, s. 29.
[7] Məlik-üş Şüəra Bahar, Səbk şenasi, I cild, s. 187.
[8] Məhmudrza Eftexarzadə, Şüubiyyə, nasionalizme İrani, s. 227.
[9] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 420.
[10] Eyni qaynaq, s. 420-421.
[11] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 421.

Hiç yorum yok:

Yorum Gönder