20 Mart 2013 Çarşamba

Şüubiyə və Novruz bayramı




Şüubiyyə və Novruz bayramı

Şüubiyyə novruz və bu kimi günlər üzərinə də ideolojik və duyqusal olaraq yatırım yatırmışdır. Bəzi parçaları “əski qaynaq”lardan tərcümə edərək novruz günü və törəni ilə ilgili mətnləşdirmişlər. Əslində isə, bu qaynaqların hamısı saxta və xəyalın ürünüdür. Sasanilərdə “Xuydudos” və “müqəddəs evlilik” adında guya bir törən varmış. Bu evlilik Sasanilər dönəmində dini rüknlərdən (ilkələrdən) biri sayılırmış. Bu evliliyi qutsamaq üçün ilkini Əhuraməzdanın və Zərdüştün yapdığını uydurmuşlar.[1] Şiə-şüubiyyənin altıncı imamı sayılan Cəfər Sadiqə dayanaraq bu rəvayətləri şiənin “mötəbər” hədis kitabı sayılan “Kafi”yə yerləşdirmişlər. Fars tarixi ilə bağlı olaraq Müəlla ibni Xonəysin rəvayətlərinin hamısı saxtadır, qaynaqsızdır, ancaq şiə-şüubiə əhli buna inanar... “Rəvayətlərdə Salmanın əcəmliyi üzərinə çox durulmuşdur. Guya Novruzun önəmini, mənəvi dərinliyini və sirlərini imamlara anladan Salman Farsi olmuşdur. İmamlar Novruz bayramında Sasani şahları kimi səhabiləri ilə görüşür və onların hədiyələrini qəbul edirdilər. Ancaq imamların ərəb olan səhabiləri bunun nə olduğunu anlaya bilmirdilər.” Novruz əski fars kimliyinin bir parçası olmuş. Sasanilər dönəmində sinfi və rəiyətpərvər özəlliyə sahib imiş. Ərəblərin Sasaniləri devirməsi ilə öncə Öməri-Əməvi panərəbizm tərəfindən məhkum edildi. Öylə ki, müsəlman olan və olmayan farslar Novruz törənini keçirmələri üçün cəziyə və cəza ödəməli olurdular.[2] Hüccac ibni Yusif müsəlman farslardan Novruz günündə bac alır və adını da Novruz hədiyəsi qoyurdu.Bu durum Ömər ibni Abduləziz zamanına qədər davam etdi.[3]
Şüubiyyənin qələbəsindən və ərəb xilafətinə nüfuzundan sonra Novruz bayramı Sasani dönəmində olduğu kimi davam etdi. Fars aristokratları Yahya ibni Xalid Bərməkidən Novruzu Sasani təqvimi ilə uyqunlaşdırmasını istədilər. Xalid Bərməki bunu qəbul etdi, ancaq siyasi ərəb rəqibləri onu məcusi olmaqla müttəhim etdilər. O da qorxaraq bu işdən vaz keçdi.[4] Novruz ərəb təqvimi ilə qutlanırdı. Xəlifə Mütəvəkkil Abbasi Novruzun fars təqvimi ilə keçirilməsini istədi. Guya xəlifənin böylə qərar verməsi şüubiyyənin xilafətdəki etkisi sonucu olmuşdur. Çünkü Bəlazəri bu olaya öz gözləri ilə tanıq olmuşdur. Bəlazəri deyir ki, Mütəvəkkil, İbrahim ibni Abbasa əmr etdi ki, bütün ölkələrə məktub yazsın və Novruz bayramının bundan sonra bir ay geri çəkiləcəyini duyursun ki, Ərdəşir Babəkanın Novruz törənləri ilə uyumlu olsun.Abbasi xəlifələri, özəlliklə Məmun Novruz bayramında fars aristokratlarından hədiyələr alırdı. Böyləcə fars aristokratlar şahlıq novruzunu xilafət sarayında qutlar oldular.[5] Bundan sonra Novruz ərəb xilafətində yayılmağa başlasa da, bəzən panərəbistlərin, bəzən də şəriət fəqihlərinin sərt qəzəbinə səbəb olurdu. Anlaşılan, ikinci qəməri əsrdən başlayaraq dördüncü əsrə qədər farslar açıqca Novruz bayramı törəni keçirirmiş, təbriklərini yazılı olaraq bir-birlərinin qapı-divarlarına asırmışlar.[6]
Şiə-şüubiyyənin rəvayət etdiyi iddialara baxmayaraq, imamlar farsları Novruz bayramı dolayısıyla qəbul edəcək durumda olmamışlar. Ancaq şüubiyyənin rəvayət etdiyi iddialara görə, imamlar Novruz bayramını tövhidin süzgəcindən keçirərək qutsayıb mənəviyatla doldurmuşlar.[7] Abbasi ərəb panərəbizmi şayiə yayaraq ələvilərin Novruzu sevmədiklərini yaydı. Bir ərəb rəvayətində yazılır: Mənsur Abbasi iqtidarda etkili olan farsları məmnun etmək üçün novruz törəni keçirərək imam Musa Kazımı da dəvət etdi. O həzrət söylədi: “Nəbəvi rəvayətləri axtardım, ancaq Novruzla ilgili peyqəmbərin söyləmlərinə rast gəlmədim. Bu, İslamın ortadan qaldırdığı məcusi bir gələnəkdir.”[8]
Səfəvi dövləti bir kökdənçi şüubi dövlət idi. Səfəvilər dönəmində əski şüubi qaynaqlar yeniləndi və yeniləri də əkləndi. Məclisinin “Bəhar-ul ənvar” adlı xurafatla dolu və fars milliyətçiliyini qutsayan əsərinin bir bölümü də “Novruz hədisləri” adlanır. Onun nəql etdiyi bu saxta şüubi hədislərindən bir neçəsinə baxalım: “Bu rəvayət Müəlla ibni Xonəysin “Müvəssəq kitab”ında nəql edilmişdir. Müəlla təsadüfən Novruz günündə imam Cəfər Sadiqin hüzuruna varır. İmam ondan bu gün haqda bilgisinin olub olmadığını sorur. Müəlla bu haqda bilgili olarsa, sevinəcəyini deyir. İmam Cəfər Sadiq deyir ki, Novruz Tanrının insanla əzəli əhdi-peyman bağladığı gündür. Novruz günəşin ilk doğduğu gündür. Bu gündə peyqəmbərin həyatında çox olaylar olmuş. Bu gündə Mehdi dəccala qalib gələcək. Bu gün imamlara xas olan bir gündür ki, farslar onu qorumuşlar. Ancaq siz ərəblər bu günün önəmini yox etməyə çalışmışsınız.[9] Şiə-şüubiyyənin bir başqa fiqhi qaynağı Şeyx Abbas Quminin “Məfatih-ul cinan” əsəridir. O, yazır: “Cəfər Sadiq, Müəlla ibni Xonəysə dedi ki, Novruz gəldiyində qusl et və təzə paltar geyin. O gün oruc tut. Ayrıca, dörd rükət novruz namazı qıl.”[10] Müəlla ibni Xonəys kimdir, Cəfər Sadiq bunları haradan bilirmiş? Cəfər Sadiqin bu xurafat nəyinə lazımdır? İslamın missionu budurmu? Səfəvi dönəmində yazılan “din”i kitablar bu kimi xurafatla dolub daşmaqdadır. Bunların hamısını burada vermənin bir anlamı yoxdur. Bu verilərdən böylə bir nəticə çıxır ki, sanki imamların dünyaya gəliş səbəbləri Sasani gələnəyini yenidən diriltmək olmuşdur.
Novruzla ilgili şiə-şüubiyyə rəvayətlərinin ötəsində Nusəyriyyə firqəsində də Novruzun imamlar tərəfindən qutsanması ilə ilgili bilgi mövcuddur.[11] Ayrıca, imamiyə şiəsinin bir çox fiqh qaynaqlarında da imamların Novruzu rəsmən qutsadıqları haqda məlumat vardır. Bu rəvayətlərə dayanaraq şiə fəqihləri Novruzu İslam bayramları cərgəsində yerləşdirmişlər. Bu üzdən də sünnilər imamiyəni Novruza verdiyi aşırı önəmdən dolayı qınamışlar. Sünnilərə görə, Novruz məcusi bir bayramdır.[12]
Sasani dövlətinin düşüşündən öncə bir çox dini və kültürəl özəlliklər kimi Novruz ərəb müstəmləkə ölkələrində bilinməkdə idi. Sasani dövlətinin düşüşündən sonra da Novruzla ilgili gələnəklər unudulmadı. İslamdan sonra Novruzla bağlı ilk xəbər İkinci Xəlifə Ömər dönəminə aiddir. Xuzistanın valisi Hörmüzqan İslamı qəbul etmişdi. Dadlı yeyəcəkdən və digər hədiyələrdən oluşan bir novruzluq xonça bağlayaraq Əbutaliboğlu Əliyə göndərdi. Əli bunun nə münasibətlə olduğunu sorduğunda ona dedilər ki, bu, Novruz hədiyəsidir. Əli onlara “külli yovmin Niruzana”, yəni “hər gününüz Novruz olsun”- dedi.[13] Şiə-şüubi qaynaqlarında Novruzun qutsanması ilə ilgili gələnəklərin biri də Əlinin bu gündə peyqəmbərə “varis!” olaraq təyin edilməsidir. Şiə və şüubiyyənin önəmsədiyi Qədiri-Xum 10-cu hicrət ili mart ayının 20-nə təsadüf edir. Ayrıca, rəvayət edilir ki, 659-cu ildə Osmandan sonra Əlinin xilafətə gəlməsi də 20 marta təsadüf edir. Bunlar da Novruz gününə eşit rəvayətlərdir.[14] Bu rəvayətlərin qaynağı, əsasən Səfəvi dönəminə, Məclisinin əsərlərinə dayanmaqdadır. Səfəvi dönəminə aid şüubi qaynaqlar, sanki Allahın özü kimi yaradılış haqqında bilgi vermişlər. Məclisinin yazdığına görə, “Adəm də Novruz günündə yaradılmışdır.”[15] Ancaq bu haqda din kitablarının heç birində bilgi yoxdur. “Dünya Novruz günündə yaradılmış, Hz. İbrahim bu gündə bütləri qırmış, Musa bu gündə İsrail oğullarını əsarətdən qurtarmış, Hz. Məhəmməd Novruz günündə peyqəmbərliyə yüksəlmiş.”[16] Mehdinin də Novruz günündə zühur edəcəyi şiə-şüubi qaynaqlarında yazılmışdır. “Cəfər Sadiq söyləmişdir ki, Novruz, Mehdinin zühur edəcəyi gündür. Əhli-beyt və Tanrı Mehdinin dəccal üzərinə zəfərini sağlayacaq. Bu gündə Mehdi dəccalı Kufədə bağlayıb döyəcək. Heç bir gün bizim duamız olmadan Novruz ola bilməz. Çünkü Novruz farsların qoruduğu əhli-beyt günüdür.”[17] Bu rəvayətlər Novruzu, yalnızca farsların gözündə önəmli etmədi. Həm də Novruzun dini özəllik qazanmasına səbəb oldu ki, şiə-şüubiyyənin də amacı bu idi.
Diqqət etmək gərəkir ki, nə peyqəmbərin bisəti, nə vəfatı, nə Əlinin xəlifə oluşu, nə də Qədiri-Xum məsələsinin heç biri Novruza təsadüf etməmişdir. Farslar bütün bunları hiylə ilə təşkil etmişlər. Sasani gələnəklərinə İslami rəng qazandırmağa çalışmışlar. Bu yolla da Abbasi xilafəti dönəmində Novruz farsların ən önəmli bayramlarına dönüşdü. Məcusilərə aid olan gələnəklərin yox edilməyə məhkum olduğu bir dönəmdə farslar saxta hədislər uyduraraq əski Sasani gələnəklərini canlandırmağa çalışdılar. Səfəvilər zamanında bu saxta hədislər üzərinə daha da geniş ideoloji və təbliğat yatırımı yatırıldı. Bu gün də davam etməkdədir.[18] Bütün bu əfsanələr şüubiyyənin digər əsəri olan “Şahnamə”də də açıqlanmışdır. İlk şah olan Kiyumərs Novruzda başına tac qoymuşdur və digər bu kimi tarixi dayanağı olmayan dastanlar.
İslamdan sonra qurulan fars dövlətlərində Novruz bayramına çox önəm verilmişdir. Şüubiyyə fars dövlətçiliyinin gələnəyini sürdürən Səfəvilər və Qacarlarda da bu şüubi gələnək davam etdirilmişdir. Şüubi dövlətləri olan Səfəvi və Qacar dönəmlərində fars-Sasani nostalgiyasına dayanaraq keçirilən novruzlar heç bir türk dövlətində daha öncə mövcud olmamışdır. “Novruz bayramı Səfəvilər dönəmində İsfahanda dövlət qatılımı ilə keçirilirdi. Birinci Şah Abbasın əyləncələrindən biri də Novruz günlərində yumurta toqquşdurması oynamaq idi. Novruz günlərində Səfəvi şahlarının əmrləri üzərinə İsfahan çilçıraq olaraq bəzənirdi. Şah öz çevrəsi və qadınları ilə gecə gəzintisinə çıxırdı.”[19] Qacarlar dönəmində də şüubi yöntəm hər sahədə, o cümlədən Novruz qonusunda da uyqulanırdı. “Bayram törənləri Qacar sarayında qutlanırdı. Ölkənin əyanları bu gün sarayda hazır bulunurdu. Tehranın da imam cüməsi digər mollalarla bir yerdə şahın kənarında öz yerlərini alırdılar.”[20]
Novruz bir çox xalqlarda, o cümlədən türklərdə, kürdlərdə və digər xalqlarda da olmuşdur. Doğanın dəyişimi və torpağın canlanması ilə istər-istəməz insanlarda mutluluq duyqusu oluşmuşdur. Ancaq şiə-şüubiyyə qaynaqlarında Novruz fars milliyətçiliyi ideologiyasının bir parçası olmuşdur. Şüubiyyə örgütlənmiş ideoloji otoritə olaraq hər sahəyə əl atmışdır.
21.03. 2013


[1] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[2] Məfzəl ibni Ömər Cə´fi, Əl-həft uş şərif, hazırlayan Mustafa Qalib, Beyrut 1964, s. 26, 27, 84, 85, 86, 87, 89, 90, 127, 140; Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[3] Əbuhilal əl- Əskər, Kitab-ul əvail, II cild, Dəmeşq-1975, s. 101; Abdullah Mehdixətib, Əməvilərin Xorasan höküməti, tərcümə: Məhmudrza Eftexarzadə, Maarifi-İslami, Tehran-1375 (h.ş); Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[4] Kitab-ul əvail, I cild, s. 391-395; Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[5] Kitab-ul əvail, II cild, s. 101-102; Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 423.
[6] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 423.
[7] Eyni qaynaq, s. 424.
[8] Eyni qaynaq.
[9] Məclisi, Bəhar-ul ənvar, 59-cu cild Tehran yayını, s. 91-92, 65-ci cild, Beyrut yayını, s. 143.
[10] Abbas Qumi, Məfatih-ul cinan, V yayın, s. 412.
[11] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 424.
[12] Eyni qaynaq.
[13] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 425.
[14] Məclisi, Bəhar-ul ənvar, 59-cu cild, Bab “Yovm-ul niruz”, s. 109-120.
[15] Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 426.
[16] Məclisi, Bəhar-ul ənvar, Əmin-ul zərb yayını, XIV kitab, s. 206-209.
[17] İrşad-ul əvam, daş basımı, 1271-Təbriz, III cild, s. 118; Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 428.
[18] Eyni qaynaq, s. 436-437.
[19] Seyid Əli Mirniya, Xalq kültürü (Fərhəngi-mərdum) İran folkloru, Parsa nəşriyatı, 1369-Tehran, s. 23.
[20] Eyni qaynaq, s. 36-37.

Hiç yorum yok:

Yorum Gönder