İçindəkilər
1-
Ön söz
2-
Nadir Şah
3-
Qacarlar
Ön söz
“İslam nədir?” sorusuna özət
olaraq cavab verəcək olursaq “İslam ədalət deməkdir” söyləyə bilərik. Bunun
üçün də İslam tarixi ilə İslamın özünü qarışdırmamaq gərəkir. Tarixdə siyasi
İslam adına edilən cinayətləri Hz. Peyqəmbərin öyrətilərinin hesabına
yazmamamaq lazımdır. Bəzi kəsimlər “Namaz dinin dirəyidir” söylər. Ancaq dinin
dirəyi namaz deyil, ədalətdir. Namaz dinin dirəyi deyil, gərəyidir, ədalət isə
dinin dirəyidir. “Allah ədalətli olmağa əmr edər.”[1]
Bəşər tarixi ədalət uğrundakı savaşlardan və zülmə, istibdada qarşı dirənişdən
ibarətdir. İslamiyət isə, ona inananları ədalətə dəvət edər. Ədalətin təməlində
özgürlük durmaqdadır. Özgür olmayan, təqlidə qapılan və Allah deyil,
molla-feodal və ya molla-kapitalizm sinifinə tapınan insan ədalətli ola bilməz.
Ədalətli olmaq ağlın işləvsəlliyini sağlamaqdır. Varlıq kitabını oxumaqdır.
Oxumaqdır və oxumaqdır ki, Quran da “oxu!” ilə başlamışdır. O zaman nədən
oxumağa İslam tarixində bu qədər yasaqlar gətirilmişdir? Nədən gerçəkdən, nədən?
Nədən sürəkli oxuyanların dərisini soymuş, qafasını qoparmışlar? Tarixdə bəlli
bir inanc və düşüncə yolunda öldürülənlərin hamısı oxuyan insanlar olmamışmı?
İlk hökmü “oxu” olan İslamın tarixindəki bu dəhşətlərin səbəbi nədir?
İslamiyətdə iki kitabın
oxunmasına əmər edilmişdir. “O kitab”[2]
və “bu kitab”[3] “O kitab” varlıq
kitabıdır, kainatdır. Allahın uzayda matematik dili yazdığı varlıqdır. “Doğa
matematik oranla hörülmüşdür.”[4]
“Bu kitab” isə əlimizdə bulunan vəhy qaynaqlı mətndir. Bunların hər ikisini
oxuya bilmək üçün azadlıq və sərbəst düşüncə vaz keçilməz şərtdir. Bu qədər
geniç bilgini, sonsuz məlumatı içində barındıran vəhy kitabını hansısa şeyx,
örgüt, dövlət və ya sözdə dini qurum öz inhisarında bulundura bilməz. Bulundurduğunda
bu uzun tarixdə olduğu kimi İslamın təməl qaynağı bir yana buraxılıb
ayrıntılarla uğraşılaraq boşuna qanlar axıdılar. Bu duruma etiraz etmənin əsasını
rasional şübhə təşkil edər. Dekartın deyimi ilə şüurlu şübhədən yoğrulan iman:
“Şübhə etmək bir çeşid düşünmədir, düşünmənin bir durumudur. Bu durumun bütün
düşünmə üçün keçərliliyi vardır. Çünkü düşünürkən mən düşünmənin varlığını açıq
olaraq yaşayıb bilməkdəyəm.”[5]
Bu üzdən də İslam dini bizi onun ana qaynağını oxumağa çağırmışdır. Mollanın,
şeyxin hökmlərinin dışında varlıq kitabı ilə vəhy qaynaqlı kitabı oxumaq ilk
görəvdir. Molla-feodal, şeyx-kapitalizm din anlayışına qarşı ilk silahımız
ussal (əqli) şübhədir ki, bu da Səfəvi-şüubiyyə təqlid yalanını ifşa edər. Böylə
olmadığında və din adına istibdad öz qaranlıq görüşlərini egemen qıldığında
İslamın “La”* və “kəlla”** hökmü ortaya çıxar. “La” ilə başlar
İslamiyət və inkar edər edər hər tür bütpərəstliyi. Bütpərəstlik olub bitmiş
bir olay deyildir. Hər zaman özünü büt yerinə qoyaraq dini kəndi çıxarları
yolunda təfsir edən kəsim olmuşdur və günümüzdə də vardır. “La” hər zaman
Tanrılara etirazdır. Sərmayə və zülm tanrılarına. Molla-feodal, şeyx-kapitalizm
tanrılarına qarşı etirazdır. İbadət molla sinifinin çıxarlarına təslim olaraq
bir yaşantıya dönüşmüşsə, o zaman “la” və “kəlla” söyləmək gərəkir, çünkü bu,
İslamın çağrışdırdığı ədalət deyildir. İbadət tövhid mehvərli iş və dəyər ürətməkdir,
ədalət yolunda zehni, elmi, fəlsəfi və dini çalışmalarda bulunaraq insanlara,
topluma yararlı olma, yararlı olma olanaqlarını genişlətməkdir.
Sosial hərəkətlilik xalq və
iqtidar arasındakı ilişkilərdən yoğrulan bir olaydır. Sosial hərəkətlilik nə
zaman ortaya çıxar? Örgütlənmiş bir qrup toplumda bəzi ünsürləri dəyişdirmək
istədiyində sosial hərəkət ortaya çıxar. Sosial hərəkətlər amacı bəlli olan
kollektiv reaksiondur. Bu üzdən sosial hərəkətlilik istər zəfərlə istərsə də
yenilgə ilə sonuclansın, toplumda bəzi dəyərləri dəyişdirməyə nail olar və öz dəyərlərini
tarixə sunar. Tarix də zatən bundan ibarətdir. Öz dəyərlərini mütləq doğruluq
olaraq görən despot yönətimlər, əslində bir şəkildə tarixə “dur!” demək istəməkdədirlər.
Çünkü tarix ürətilən dəyərlərin kəndi hərəkətliliyini yaratması anlamındadır.
Despotizmin hakim olduğu,
demokrasinin və insan haqlarının boğulduğu sözdə İslam ölkələrində din dövlətin
mənafeyini qoruyan bir ideologiya halına gətirilmişdir. Ancaq din ideologiya
deyil. Çünkü din vəhyin, ideologiyalar nisbi olan bəşəri ağlın ürünürüdür.
İdeologiyalar bəlli qrupun, təşkilatın, dövlətin mənafeyinə xidmət edər, din
bütün bəşərin mənəvi və əxlaqi qurtuluşunu amaclar. Din, torpaqdan başlayıb
Allaha uzanan insanın macəralı bireysəl yolçuluğudur, ideologiyaların
ontologiyası, metafizikası olmadığından sırf bir eyləm və fəaliyət planı, bir
proqram kimi ortaya çıxar. Bu durumda din ideologiyalaşdırlıdığında kəndisi bir
zülm və istibdad aracına dönüşər. Bunun örnəklərini tarixdə çox görümüş,
günümüzdə də laik olmayan ölkələrdə örnəklərinə bolca rastlanmaqdayıq. İştə,
din bir milli və dövlət ideologiyasına dönüşdürüldüyündə istər-istəməz sosial hərəkət
yaratmaq istəyən öndərlər, qruplar və təşkilatlar da dindən yararlanmaq zorunda
qalırlar. Yəni hər kəs və ya hər qrup və təşkilat sosial sorunun çözümü üçün
ağlını qullanmayaraq dini veriləri güncəl sorunlara görə təfsir etməyə çalışır.
İstibdadın da qaynağı budur. Böyləcə Allahın insana verdiyi ilk nemət, yəni
ağıl qullanılmaz olaraq qalır. Kimsə və heç bir qurum və quruluş “din üzərinə ən
doğru təfsir mənimkidir və buna uymaq zorundasan” söyləyə bilməz. Söylədiyində
din dinliyindən çıxaraq ilahı zəka bir ovuç molla-feodal, şeyx-kapitalizm
sinifinin inhisarına keçər ki, bu zaman Quranın “la” və “kəlla” hökmləri ortaya
çıxar. Yəni din adına özünü Allah yerinə qoyanlara qarşı “yox” demək. Bu
durumda bir Bab meydana çıxıb və sizin İslam anlayışınız və peyqəmbər meyarınız
batildir, mənsux edilmişdir söylər. İslam bireysəl özgürlüyü rəsmiyətə tanıyan
yaşam biçimidir. Onu heç bir molla və ya qrup öz bəsit ağlının inhisarında tuta
bilməz. Ancaq tutulmuşdur. Nə yazıq ki, insanlara mərhəmət olaraq göndəırilən
İslamiyət dəyişik dönəmlərdə siyasi-iqtisadi amacların xidmətinə sunulmuşdur.
Böylə olduğunda onu bu əsarətdən qurtama ehtiyacı da ortaya çıxar. Bu üzdən
rejimlər, dini siyasiləşdirdiklərində müxalifət də məcburən və çarəsiz olaraq
öz siyasi, iqtisadi, əxlaqi və sosial amaclarını siyasi dinə antitez olaraq
örgütləmiş olur. Bu kitabda araşdırdığımız babilik bu tür sosial hərəkətlərdən
bir örnəkdir.
Düşüncə ürətə bilməyən
toplumların hərəkəti inqilab deyil, qiyamdır. İranda Xomeyni rəhbərliyində
ortaya çıxan hərəkət inqilab deyil, qiyam idi. Çünkü İran şiə qiyamının heç bir
bilgisi, teorisi, heç bir kitabı mövcud deyildi. Bütün söylənənlər əskidən
mövcud idi. Təqlidə qapanmış düşünməyən toplumun bir şeyxin fətvasına görə davranması
inqilab sayıla bilməz. Ayrıca, “İslam inqilabı” ifadəsi deyə bir anlayış qəbul
edilə bilməz. Çünkü bu inqilabı ilk olaraq Hz. Peyqəmbər gerçəkləşdirərək
tarixin yönünü dəyişdi və bir inqilab iki kərə təkrar olmaz, olamaz. Bu
inqilabın bir tək rəhbəri Hz. Məhəmməd və kitabı isə Quran olmuşdur. Hz. Peyqəmbərin
qlobal inqilabı Xomeyni qiyamı kimi teroru məqbul saymadı, insanları toplu şəkildə
qətl etmədi. Hz. Peyqəmbər tərəfindən tarixə keçən hərəkət bir inanc, düşüncə və
dürüstlük inqilabı idi. Böyük Fransa inqilabının fikri təməllərini Volter,
Rosso kimi düşünürlər hazırladı. Ancaq Xomeyni şiə qiyamının bir tək evrənsəl şəxsiyəti
olmamışdır. Rusiya sosialist inqilabının da iqtisadi və sosial söyləmləri
mövcud idi, bu doğrultuda teoriləri var idi.Lakin İran şiə qiyamının bir tek
teorik söyləmi içərən kitabı olmamışdır. Düşünənlər, düşüncə ürətənlər molla-feodal
sinifi tərəfindən öldürüldüyündən heç bir inqilab olmamışdır.
Fəlsəfəsi olmayan siyasət
iqtidar boşluğu anlamındadır. Bu boşluğu molla-feodal, şeyx-kapitalizm mənafeyinə
xidmət edən dinə, xürafata, mollaya, seyidə dayanaraq doldurmaq dini istibdad təşkil
etmək anlamındadır. Siyasi fəlsəfəsi olmayan rejimlər molla-feodal,
şeyx-kapitalizm sinifinə dayanaraq xalqın cəhaləti ilə xalqı boğmaq istər, ya
da yabancı və güclü ölkələrin köləsi olaraq xalqı onların mənafeyi yolunda
zorla susudurmağa çalışarlar. İslam doğusunda siyasi fəlsəf olmamış,
doğmamışdır. Siyasi fəlsəfə inancın deyil, ağlın kəşfidir. Bu üzdən də
demokrasi, qadın, çocuq, yaşlı, çevrə və insan haqları kimi anlayışlarlar hələ
də İslam Dünyasındakı ölkələr tanış olmuş deyillər. Çünkü düşüncə kəndi içindən
ürətilməzsə, başqa yerdən gətirilməklə aydınlanma olmaz, olamaz.
XIX əsrdə babilik toplumun
dərinliklərinə qədər nüfuz edən bir cərəyan olmuşdur. Dini kəsimin yanı sıra
qadınlar da bu hərətə geniş ölçüdə qatıılaraq kişimərkəzli tarix anlayışına və
molla-feodal sinifinə qarşı fikri və örgütlü silahlı savaşa qatılmışlar. XIX əsrdə
ilk feminist və qadına dəyər verən devrimci hərəkət babilik içində şəkillənmişdir.
Bir çox tabuları bu qadınlar öz ölümləri bahasına qırdılar. Qadının təhsil
alması, fiqh elmində söz sahibi olması, siyasi-sosial həyata qatılması kimi haqları
ilk olaraq babi qadınlar hayqırdılar. Bu gəlişmələr isə zehnlərin qorxunc təqlid
qaranlığına gömüldüyü bir dönəmdə ortaya çıxmışdı. Maddi-mənəvi olaraq ürətim
zehniyətindən bomboş olan bir çağda böylə inqilabi bir hərəkət ortaya çıxdı.
Onlar molla-feodal sinifi tərəfindən fahişə adlandılar. Onlar yeni düşüncələrindən
dolayı ailələri tərəfindən atıldılar, fahişə adlandılar, inancları və ülküləri
yolunda öldürüldülər, ancaq azadlıq istəklərindən, qadın-kişi bərabərliyi
düşüncələrindən vaz keçmədilər.
Bu macəranı tarixi bəlgələrlə
incələyəlim. Lakin durumu yaxşı anlaya bilməmiz üçün olayın oluşduğu dönəmin az
öncənsini irdələməməmiz gərəkəcək. Nadir şah nələr etmək istəyirdi və nədən
onun reformları sürdürülmədi? Nadir sonrasında nələr oldu ki, Qacar dönəmində
babilik hərəkəti ortaya çıxdı? Bu dönəm tariximiz qapalı olaraq qalmışdır.
Araşdırılmasına imkan olmamışdır. Qacar dönəmində qətl edilən babilər inqilabçı
görüş və tutum sərgilədiklərindən Pəhləvilər dönəmində də xor görülmüş,
xomeynizm dönəmində isə, babiliyə qarşı hər türlü propaqanda aparılmışdır,
aparılmaqdadır. O zaman bu soruya cavab vermək gərəkir ki, nədir babilik, hansı
qoşullar ortamında necə və nədən ortaya çıxdı? Düşünürəm ki, bu kitabı başdan
sona qədər oxuduqdan sonra oxucular bu suala cavab bulacaqlar.
Nadir Şah
1722-ci ildə əfqanlar Səfəvilərin
başkəndi İsfahanı mühasirə etdilər. Sultan Hüseyn Səfəvini taxtdan endirib
yerinə öz rəislərini keçirib onun başına tac qoydular. Tam bu sırada Nadir
meydana çıxdı. Sultan Hüseynin oğlu Təhmasibi şah elan edərək onun xidmətində
bulundu. Nadir, Təhmasibi ölkənin şahı olaraq duyurduqdan sonra Təhmasib də onu
Səfəvi ordularının baş komutanı təyin etdi. Onu şərəfləndirmək üçün də adını Təhmasibqulu
Xan qoydu. 1730-cu ildə Nadir saldırıya keçərək əfqanları məğlub edib qovaladı.
Savaşdan geri dönən Nadir, Şah Təhmasibin məst və əyyaşlıqla məşğul olduğunu
gördü. Ölkəsi işğal altında ikən böylə sərxoş olan şahı öz başının üstündə görmək
istəmədiyini söyləyərək onu şahlıqdan endirib Məşhədə sürgün etdi və onun dörd
aylıq oğlu Abbası şah olaraq duyurdu. Ölkənin bütün denətimini öz əlinə aldı.
İqtidarı tam olaraq əlinə aldıqdan sonra ölkənin bütünlüyünü sağlamağa çalışdı.[6]
Bu Üçüncü Şah Abbas üç yaşına qədər şah oldu. 1736-cı ilin qışında Nadir
Muğanda bir qurultay keçirərək başına tac qoydu.*
“Əfşar tayfalarını şah Abbas Xorasanda yerləşdirmişdi.”[7]
Nadir bu tayfanı öz gələcək amacları üçün çevrəsində örgütləndirdi.
Nadir, şah olduqdan sonra
Səfəvi mirası ilə savaşmağa başladı. Səfəvi dövləti qurulduqdan sonra İslamın
böyüklərinə və Hz. Peyqəmbərin xanımı Hz. Ayişəyə lənət göndərmək ibadət şəklinə
dönüşmüşdü. Nadir bu sorunu çözmək üçün İslam aləminin alimlərini dəvət etdi.
Onlara elmi müzakirə aparıb sorunun nə olduğunu açığa çıxarmaq üçün fürsət
tanıdı. Şiə-sünni alimləri arasında uzun elmi mübahisədən sonra şiənin haqsız
olduğu qənaətinə varıldı və Nadir şah bütün ölkədə bir genəlgə yayımlayaraq
bundan sonra Əbubəkirə, Ömərə, Osmana, Hz. Ayişəyə lənət göndərməyi
yasaqladığını bildirdi. Bunu yapanların cəzasının ölüm olacağını duyurdu. Genəlgənin
mətni bu şəkildə olmuşdur:
Fərmani-Şahi
Öncə
Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi.
Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini
ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Əshabi kirami söyməyi,
şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu.
Münafıqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki,
kafirlər, rahat və qorxusuz yaşayır, müsəlmanlar isə, bir-birlərini yeyir.
Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün, Muğan
meydanındakı toplantıda, böyük-kiçik həpiniz, məni şah yapmaq istədiyiniz zaman
bu istəyinizi qəbul edərsəm, siz də, Şah İsmayıl zamanından bəri, ölkəmizdə
yerləşmiş olan pozuq inançlardan və boş sözlərdən vaz keçəcəyinizi
bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz
olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də
söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də
sevəcəyinizi söyləmişdiniz. Iştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş
alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum.
Həpsi dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündən bəri, səhabe-i
raşidin olan dörd xəlifənin hər biri, dini-mübinin yayılması üçün canlarını və
mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından
ayrıldılar. Hər sözə, iftiraya qatlandılar. Bundan dolayı, Rəsulullah əfəndimizin
xüsusi söhbətləri ilə şərəfləndilər. Böyləcə (mühacirlərdən və ənsarlardan, irəli
olanlar) məalindəki ayəti-kərimə ilə mədh və sənaya qovuşdular. Yaxşıların əfəndisi
vəfat etdikdən sonra ümmətin işlərini görən, Əshabi-kiramın böyüklərinin
sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkr Sıddıq
oldu. Bundan sonra xəlifənin təyini və Əshabi-kiramın qəbul etməsi ilə Ömər
Faruq oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman ibni-Əffan
oldu. Daha sonra Allahın aslanı, arayanların aranılanı, şaşılacaq şeylərin xəzinəsi
Əli ibni Əbutalib xəlifə oldu. Bu dört xəlifədən hər biri kəndi xilafətləri
zamanında bir-biriləri ilə uyqun, hər türlü ayrılıq ləkəsindən təmiz idi.
Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və
müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsləmanlar iman və
etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin
oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət
inanılacaq şeylərdə və Rəsulullahı və onun Əshabını sevməkdə və həpsini xalis
olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın
ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər
səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan
Əshabı-kiramı söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam
sarayının dörd təməl dirəyi olan dört xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz.
Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı göylər kimi yüksək,
qaraların və dənizlərin xaqanı, hərəmeyni-şərifeynin xidmətçisi, yer üzünün
ikinci Zülqərneyni, böyük İslam padşahı, qardaşımız, Rum məmləkətlərinin
sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olaraq bitirəlim. Bu
yazdıqlarımız Allah təalanın yardımı ilə çabuq meydana çıxsın! Şimdi bu xeyirli
işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə
yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki,
bütün bu iftiralar, bidətlər və ayrılıqlar, Şah İsmayılın çıxardığı fitnələrdən
doğmuşdur. Yoxsa ondan öncəki zamanların hiç birində və İslamın başlanqıcında
bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Allah təalanın
yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış
bulunuruq. İslamiyyətin başlanğıcından ta Şah İsmayılın çıxmasına qədər bütün
müsəlmanlar, xüləfayi-raşidini haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı
olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib
əfəndilər və böyük vaizlər minbərlərdə və dərslərdə bu xəlifələrin
yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Mübarək ismlərini
söylərkən və yazarlarkən ehtiramla yad edilərdilər. Dərin alim və üstünlərin
özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu Frmani şahimizi bütün
ölkə şəhərlərinə yaysınlar. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamaq,
qarşı gəlmək, Allah təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır.
Böylə bilələr.[8]
Nadir
şahın bu reformu İslam aləmində tam anlamı ilə bir aydınlanma və devrim nitəliyində
idi. Çünkü Səfəvi dövlətinin quruluşundan sonra fars-şüubiyənin din anlayışı
nifrət və kini din adına toplumun bilincaltına doldurulmuşdu. Nadirin dini
reformu ölkədə yeni bir dönəm başlatmışdı. Tarixin istiqaməti Səfəvilərdən
sonra ilk dəfə olaraq dəyişərək doğru istiqamətə yönəlmişdi. Nadirin həyatı
uzun sürəcək və ya onun islahatını, ardından gələnlər davam etdirsə idilər, çox
şeylər indikindən fərqli olaraq gəlişəcəkdi. Nadir Şah İslamiyəti feodal-molla
sinifinin əlıindən və inhisarından çıxararaq öz əsil qaynaqlarına
dayandırmışdı. Bu yolda etiraz edən bir çox mollanı da öldürmüşdü. Lakin “Bir
plan üzərinə Nadiri yatdığı çadırda öldürdülər.”[9]
Nadirin
ölümü ilə tarix Səfəvilərin bəlli etdiyi yolla davam etdi. Tarix araba yoluna
deyil, daha çox qatar yoluna bənzəməkdədir. Çünkü araba yolunda arabanın yönünü
sürücü dəyişdirə bilər, lakin qatar sürücüsü qatarın hərəkət istiqamətini dəyişdirə
bilməz. Qatarın yolu mərkəzdən yönləndirilir. Şah İsmayıl və şüubiyənin yola
saldığı qatar Nadir dönəminə qədər davam etdi. Nadir bu qatarın istiqamətini dəyişdirdi.
Lakin onun arxasınca gələn Qacarlar yenə də mərkəzdən qatarın yolunu Səfəvi
istiqamətinə sövq etdilər. Nadirin əməyinə və reformuna sahib çıxan
olmadığından yenidən molla-feodal kəsim bu dəfə Qacar şahlarının yardımı ilə
iqtidarı paylaşdılar. Sanki İslam molla-feodal sinifini zənginləşdirmək üçün
Tanrı qatından göndərilmişcəsinə yenidən Səfəvi mirasına geri dönüldü.
Qacarlar
Nadir
şah öldürüldükdən sonra qurduğu imperatorluq parçalandı. Qafqazda və Azərbaycanda
xanlıqlar meydana gəldi. Qafqaz xanlıqları o vaxtdan etibarən Səfəvi tarixi
mühitindən ayrıldıqları üçün milli dil və milli kimlik inkişaf etməyə başladı.
Qarabağ xanlığında ortaya çıxan Vaqif, Vidadi, natəvan kimi milli dildə yazan
şairlər daha öncəki Səfəvi mühitində heç olmamışdır. Qafqazın Səfəvi mühitindən
qopuşu milli dilin inkişafına təkan verdi. Özəlliklə daha mütərəqqi mədəniyətə
sahib olan Rusiya ilə Qafqaz xanlıqlarının ilişki qurması milli dil və kimlik
önündə yeni bir üfq açdı. Nadir şahın ölümündən sonra Qafqaz xanlığı heç vaxt
Qacar dövlətinə tabe olmadı. Qacar- Səfəvi mühitindən canlarını qurtarmaq üçün
bu xanlıqlar Rusiya ilə işbirliyini seçdilər. Qacarın iddiası da Gülüstan və
Türkmənçay müqavilələri ilə sona ərdirildi. Bu müqavilələrlə Qafqazın inkişafı
qarşısındakı Səfəviyət əngəli ortadan qaldırıldı. Abasqulu Bakıxanov kimi önəmli
aydınlar “Gülüstani-irəm” kimi kitabında “Gülüstan” və “Türkmənçay” andlaşmalarını
Səfəvi tarixi mühitindən qurtulmaq üçün bir şans olaraq hesab etmişlər. “A.
Bakıxanov XIX
əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və qüdrətli bir ölkə
olduğunu dərindən başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir
hadisə olaraq qiymətləndirmişdir.”[10]
Qacar
dövləti qurulduqdan sonra isə, Nadirin ölkəsində fərqli ortam ortaya çıxmış və
yenidən Səfəvi mirasına geri dönülərək molla-feodal sinifi iqtidarı əlində
bulundurmuşdur. Səfəvi ideoloqlardan biri olan Məclisiyə görə iki tür vilayət var: 1- Fəqihlərə xas
olan şəri´ vilayət, 2- Şaha xas olan ürfi vilayət. Şəriət iqtidarı ürfi iqtidardan üstün olduğu
üçün pərdə arxasında gerçək iqtidar molla-feodal sinifinə aid olurdu. Qacar
dövlətinin quruluşundan həmən sonra molla-feodal sinifi iqtidarı sarayla
paylaşdı və Nadirin reformlarını tam olaraq yox etdilər. Yenə də Səfəvi dönəmində
olduğu kimi İslam Qacar dönəmində də Əbubəkirə, Ömərə, Ayişəyə lənət göndərməklə
özətləndi. Bu da əski şüubiyə planı idi.
Ağa Məhəmməd Xan 1795-ci
ildə Tehranı başkənd olaraq seçdikdən sonra Qacar dövləti qurulmuş oldu. Ağa Məhəmməd
Xan türk varlığına dayanaraq dövləti qurmuşdu. Bir məktubunda o, böylə yazır:
“Ölkədəki türk-moğol birləşib birlikdə olmalıdırlar ki, farsların iqtidara
dırmanışılarını önləyə bilsinlər.”[11]
“Bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağa Məhəmməd Xan ölkə yönətimində
və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi.
“Qaca yasası”na görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan
olmalı idi.”[12] Qurucu Qacar bu fikirdə
olsa da, o, bəlkə bilincində olmadan özünü şüubi ideologiyasının əsgəri kimi
aparırdı. Nadirin varisliyini deyyil, şüubiy-Səfəviyə varisi olmağa özəndi. Bu
mənsubiyət dolasıyla dövlətin farslaşması qaçınılmaz idi. Çünkü şüubiyə örgütlənmiş
ideoloji otoritə idi. Qacar şah Ərdəbildə Şah İsmayılın qılıcını belinə
bağlayaraq Tehrana gedərkən artıq dövlətin farslara təslim olacağı qaçınılmaz
idi, çünkü Şah İsmayıl və Səfəviyət fars irqçiliyinin və şüubiyənin ürünü
olmuşmudur. Öylə də oldu. Ən qısa zamanda şüubi molla-feodal birlikləri tam Səfəvi
örnəyində olduğu kimi dövləti ələ keçirdilər. Qacar dövlətinin quruluşu Böyük
Fransa İnqilabının gerçəkləşdiyi dönəmlə eyni zamana təsadüf etməkdədir.
Avropada irəliyə doğru aydınlanma inqilabı gerçəkləşərkən, Qacarlar geriyə dönür,
Səfəviyəti yenidən dirildirdilər.
Ağa Məhəmməd Xanın Şuşada
öldürülüşündən sonra qardaşı oğlu Fətəli (1797-1834) şah oldu. Fətəlinin
şahlığı Napoleonun Avropada ünlü savaşları ilə eş zamanlı olmuşdur. Fətəli
şahın 37 illik şahlıq zamanında Səfəvilik yenidən Qacar dövlətində
qurumsallaşmışdır. Fətəli şah dönəmindən başlayaraq şahları mollalar yönləndirmişdi.
Rusiya qarşısında yenilən Qacar dövlətinin sultanı mollalardan yardım istəmək
zorunda qalmışdı. “Fətəli şah 1826-cı il iyun ayının 26-da Tehrandan Sultaniyəyə
getdi. Cəfər Əsətərabadi, Məhəmməd Tağı Bərəqani kimi bir qrup molla da
Sultaniyəyə gəldi. Bu arada Çar Nikolay da Rusiyada yenicə taxta çıxmışdı. Onun
səfiri də Fətəliyə səfirlik bəlgəsini sunmaq üçün Sultaniyəyə gəldi. Mollalar Fətəlinin
savaşdan vaz keçməsindən qorxurdular. Bu sırada baş mollalar molla Əhməd Nəraqi
və molla Abdulvahab Qəzvini kəfən geyinərək şahın hüzuruna gəlib Rusiya ilə
savaşa və cihada hazır olduqlarını bildirdilər. Baş mollalar cihad fətvası
verdilər. Bəzi mollalar isə cihada qarşı idilər. Bir başqa fətva da verildi ki,
Rusiya ilə savaş fətvasına qarşı çıxan, imam Mehdi qarşıtıdır. Bu da digər
mollaları susdurdu, çünkü Mehdiyə qarşı çıxmanın cəzası ölümdür. Bu fətvanı verən
Seyid Məhəmməd Müctəhid Sultaniyədə böyük törənlə qarşılandı. Əhali onun ətəyindən
öpürdü. Ətəyini öpməyə imkan olmayanlar onun eşşəyinin ayaqlarının izini
öpürdü.”[13] “Fətəli şah bu xəbəri
duyduqdan sonra ağlamağa başladı və Seyid Məhəmməd Müctəhiddən rica etdi ki, o
fətva kağızını möhürləyib birini mənə ver ki, öldüyümdə yanımda aparım və o
dünyada hesab günündə göstərim”[14]
Avropada aydınlanma devrimləri olurkən Qacar şahının necə cahil gözlər önünə sərilir.
Kəfən geyinən heç bir molla da savaşa qatılmadı. Bu fətvalardan şübhələnən
Rusiya ordusu Təbrizi də işğal edərək Tehranın dibində oturaq saldı. İngiltərə
Rusiyanın Hindistana yaxınlaşmasından qorxmasaydı Trükmənçayla bir yerdə Təbriz,
Qəzvin, Urmu da Rusiyanın tərkibinə keçəcəkdi. Rusiyanın istədiyi savaş təzminatını
İngiltərə ödədi ki, Rusiyanı öz müstəmləkəsi olan Hindistandan uzaqlaşdırsın.
Fətəli şahın zamnaında ilk
dəfə olaraq Səfəvilərdən sonra yenidən təqlid məsələsi ortaya çıxdı. Mərcəi-təqlidlər,
yəni xalqın əxlaqı və düşüncəsi üzərində gerçək hakim olan mollar axını qərargahlarını
Nəcəfdən İsfahana daşıdılar. Ağa Məhəmməd Xan zamanında ölkədə müctəhid yox
idi. çünkü Nadir şah hamısını ya qətl etmiş, ya da ölkədən qovalamışdı.
“1835-ci ildə Fətəli şah İsfahana gedərkən 400 müctəhid onu qarşılamışdı.”[15]
İlk dəfə olaraq Şah Təhmasib Səfəvidən sonra Qacar dönəmində Fətəli şah öz
şahlığını məşrulaşdırmaq üçün imam Mehdinin naibləri olan mollalardan yetki
aldı. “Fətəli şah taxta çıxdığında Nəcəfdə bulunan mərcəi-təqlid Şeyx Cəfər Nəcəfi,
Fətəli şaha səltənət izni verdi və onu öz naibi olaraq duyurdu.”[16]
Molla Əhməd Nəraqi də dedi ki, gerçək iqtidar imam Mehdinindir. Mehdi olmadığı
sürəcə də iqtidar Mehdinin naibləri olan müctəhidlərə, fəqihlərə xasdır. Lakin
fəqihlər istərlərsə, iqtidarı padşaha əmanət edə bilərlər.Bu yolla da iqtidar Fətəli
şaha verildi və onun şahlığı dini məşruiyət qazandı.[17]
Tam bu zaman, yəni Səfəviyətin Fətəli şah tərəfindən yenidən dirilişi ilə
molla-feodal sinifi siyasətə qatıldl. Molla-feodal sinifinin ideolojik anlamda
siyasətə qatılmasını Nadir şah yasaqlasa da, Qacarlar onu geri gətirdilər.
Vilayəti-fəqihin (inidki İrandakı düzənin) də ilk quruluş şəkli Səfəvilərdən
sonra bu dönəmə təsadüf edər. “Vilayəti-fəqihin ideoloji əsası ondan ibarətdir
ki, peyqəmbərin vəfatından sonra şəriət onun xanidanı tərəfindən, yəni imamlar
tərəfindən yönləndirilməlidir. Mehdinin “böyük qeybi” ilə imamət sona ərmişdi.
Ancaq Mehdi qeybə çəkilmədən öncə “təvqi´”*
əsasında onun hədisini rəvayət edənlərə vəkalət vermişdir. Bu vəkalətə görə
“Mehdi Tanrının höccəti olduğu kimi onun naibləri Mehdinin höccəti
olacaqmışlar.” 4-10 hicri əsrləri arasında hələ siyasi nüfuzu olmayan şiə
ruhaniləri “vilayət”lə ilgili olaraq onu gerçəkləşmməmiş haq kimi görürdülər. Ancaq
Səfəvi zamanında isna-əşəri şiəsi bütün ölkədə rəsmiləşdi. Bu zaman səltənət və
ruhaniyət arasında anlaşma yarandı. Fəqihlər və mollalar Mehdinin canişinləri
kimi şəriət vilayətini əllərində bulundurdular və siyasi iqtidarı Səfəvi
şahlarına onlar halal etdilər. Səfəviliyin inanc varisi olan qacarlarda da bu şəkildə
davam etdi. Hətta məşrutə zamanı anayasaya bir maddə əklədilər. Bu maddəyə görə
Mehdinin zühuruna qədər anayasaya nəzarət edən ruhanilər olacaqdı.[18]
“Bir neçə il sonra Fətəli
şahla Şeyx Cəfər Nəcəfinin ilişkiləri kəsildi. Şah ondan incimişdi. Şeyx Cəfər
Nəcəfi Tehrana gəldiyində Şah vəzirinə dedi ki, onu görmək istəmirəm. Onu
şahlıq sarayına buraxmasınlar. Ancaq bir neçə gün sonra Şeyx Cəfər Nəcəfi şahı
görmək üçün səltənət sarayına gəldi. Onu sarayın girişində xidmətçilər
qarşıladılar. Ətəyini öpdülər. Şah vəzirinə dedi ki, gəlsə də keçib sarayın bir
yerində dinlənsin, ancaq onu görmək istəmirəm. Şeyx Cəfər Nəcəfi sarayın pillələri
ilə qalxarkən yüksək səslə “Ya Allah” deyə bağırdı. Bu bağırtını duyan şah
qapını açıb Şeyx Cəfər Nəcəfini qarşılamağa yürüdü. Onun əlindən tutaraq öz
yanına apardı. Məclis sona ərdikdən sonra vəzir şahdan soruşdur ki, padşah
şeyxlə görüşmək istəməmişdilər, necə oldu fikirlərini dəyişdirdilər? Fətəli şah
buyurdu ki, şeyx “ya Allah” söylədiyində gördüm ki, bir əjdəha ilan mənə hücuma
keçdi. İlan köksümə çökmək istəyirdi. Bu üzdən də özümdən asılı olmayaraq
yerimdən qalxıb canımı qurtarmaq üçün şeyxə tərəf yürüdüm. Tam bu sırada ilan
yoxa çıxdı.”[19] Böylə xurafatla ölkəni
yönətdilər. Nə bir sərmayə ürətimi oldu, nə də texnologiya. Molla-Qacar birliyi
kabus kimi xalqın çiyninə və şüuruna çökdü. Nadir Şahın aydınlıq əməyini
Qacar-şüubi bərbad etdi. Bu Şeyx Cəfər Nəcəfi haqqında bir başqa bilgiyə müraciət
edəlim: “Gənc bir adam Şeyx Cəfər Nəcəfinin yanına gəlib dedi ki, bir gün səhrada
gəzirdim çox bir gözəl qız gördüm. Qız dedi ki, mən cinəm və səninlə seks
yapmaq istəyirəm. O gündən bəri o qız hər gecə mənim yanıma və yatağıma gəlir.
Onunla seks yapmaqdan bezmişəm. Sən imam Mehdinin naibisənsə mənə bir çarə qıl.
Şeyx Cəfər Nəcəfi o gənc adama bir dua yazdı və o gözəl qız şəklində görünən
cin o gənc adamdan uzaqlaşdı.”[20]
Deizm
tərəfdarı olan Lord Edvard Helbert (1583-1648) din haqqında deyir: Doğru məzhəb
əqli olan məzhəbdir. Bunun da etibarı ümumidir. Bu din anlayışı üçün ortada
vasitəçi deyə kimsə yoxdur. Bu din insanın iç doğasına görədir. Bu növ din öz
doğrularını isbat etmək üçün möcüzələrə inanmaz. Yalnız bəşərin ortaq təcrübələrinə
və alqılarına güvənər.[21]
Qərbdə insanların ağlını kilsədən ayırıb ona özgürlük qazandırmaq və ortada
keşiş olmadan Tanrını öz duyquları, sezgiləri və ağlı ilə düşünmək yolunda
böyük fədakarlıqlar edilməkdə ikən Qacar ölkəsində xalqın ağlı molla sürülərinə
təslim edilirdi. Martin Luterin bir söznü xatırlayalım: “Qurtuluş kilsə kimi din qurumları tərəfindən
mümkün ola bilməz. Qurtuluş kilsənin təlqinləri ilə deyil, iman etməklə
mümkündür. Kilsənin əməlləri, özəlliklə günahlardan arındırma kimi gülünc işləri
rədd edilməlidir.”[22]
Luterin bu söyləmi müsəlman və Allah arasında vasitəçi rol oynayan şiənin
molla- feodalları üçün də keçərli deyilmi?
Səfəvilərdən başlayan sürəcdə
bu teori üzərinə durlmuşdur ki, xalq kütləsi daha çox qorxduğuna itaət edər,
boyun əyər. Xalqı idarə etmək üçün onu zülm altında tutmaq və şüurunu
kabuslarla doldurmaq lazımdır ki, qorxsun və itaət etsin. Çünkü şiə verilərinə
görə yer üzündə zülm daşdığında Mehdi zühur edəcək. O zaman daha çox zülm
ortamı oluşdurmaq lazımdır ki, Mehdi tez zühur etsin. Səfəvi-Qacar tarixinin
sosiologiyası incələndiyində bu söyləmin açıqca göz önündə olduğu görülməkdədir.
Bunu makiyavelli öz ölkəsinin qoşullarına görə bu şəkildə formolizə etmişdi:
“Xalq kütləsi sevdiklərindən daha çox qorxduqlarından itaət edər.”[23]
Bu da insandakı ərdəmin söndürülməsinə xidmət etdiyindən heç bir gəlişmə və
maddi-mənəvi ürətim olaraq ortaya heç bir şey qoymadan Səfəvi-Qacar dönəmi yerlərini
fars irqçiliyə buraxaraq qapanıb yox olmuşlar. Bunun tək nədəni ağıl deyilən
olqununun qullanmasını yasaqlamaları olmuşdur. Yenə də Makiyavellidən bir örnək
söyləyəlim: “Bir baltanın ərdəmi ağac kəsdiyində ortaya çıxar. Çünkü o, ağac kəsmək
üçün düzəldilmişdir. Ancaq baltanı yer qazımında qullanırsaq o, öz ərdəmini
itirmiş olar. Çünkü balta çox pis şəkildə yer qazma əməlini yapar. İnsanın da ərdəmli
yaşamı ağlını qullanmaqla görüntülənər. Ruhun aşağı qat üzvlərinə ağıl bir düzən
vermiş olar.[24] Yəni ağlın qullanılması gərəkən
yerdə iman veriləri qullanılamaz. Qullanılırsa, balta örnəyində olduğu kimi
iman da öz ərdəmini itirər. Ağlın üzərinə qurulmayan iman zatən mollaya, mehdiyə
inanmaqdan ötəyə keçə bilməz. Ən rasional din olan İslam bu yolla xurafatla
doldurulmuşdur. Böylə bir qaranlıq dönəmdə babilik hərəkəti bu tarixi mühitin
antitezi olaraq ortaya çıxmışdır. Camilər Bayındırlı dövləti dönəmində bilgi mərkəzi
idi. Orada elm öyrənilirdi. Səfəvilərlə sinə və zəncir vurma mərkəzinə, ağlaşma
yerinə dönüşdü. Qərbdə kilsə ilə alimlər arasında olduğu ziddiyət kimi İslam şərqindədə
ariflər məscidə getməyi yasaqlamışlar. Çünkü məsciddə Allahdan və ədalətdən
başqa hər tür xurafatdan söhbət edilmişdir. Hz. Peyqəmbər camini yoxsulların
sorunlarını çözmək üçün təşkil etmişdi. Zatən “cami” sözü də toplaşım məkanı
deməkdir. Ancaq, özəlliklə Səfəvi-Qacar dönəmində camilər xalqın əməyini sömürmək,
xalqın şüurunu qaranlığa gömmək üçün bir məkana dönüşdü. Bu üzdən də gerçək müsəlman
ariflər məscidə getməyi yasaqladılar. “Bir arif Sultaniyədə bir məscidin önündən
keçərkən məscid bəkçisinin bir köpəyi qumaşa büküb döydüyünü gördü. Köpək, bəkçinin
sopa vuruşları ilə ağrıdan inləyirdi. Arif adam, köpəyi döyən adamdan “o köpəyin
genahı nədir, onu niyə döyürsən?” deyə sorduğunda köpəyi döyən məscid bəkçisi
“köpək gəlib məscidə soxulmuş ona gör” dedi. Arif adam ona “köpəyin ağlı yoxdur
ona görə məscidə girmiş, mənim ağlım var, heç gördünüzmü bir kərə ayağımı məscidə
qoyum? Burax ağılsız köpəyi getsin” söylədi.[25]
Teokratik dövlət, yəni
Allah yer üzünün hakimidir və hakim Allahdır. Səfəvi-Qacar dönəmlərində
Allahlar mollalar və şahlar olmuşdur və buna qarşı İslam “La” ilə qarşı
çıxmışdır. Həm Səfəvi, həm Qacar dönəmində imamzadaların sayı artmış və xalqın
Quranla olan ilişkiləri kəsilərək imamzada ziyarətinə yönləndirilmişdir. İslam,
imamzadalardan ağlayıb sızlayaraq imdad bəkləmə səviyəsinə endirildi. 14 məsum
deyə İslama şirk qatıldı. “Qərbin Qacar ölkəsində təsiri 1800-cü ildən sonra
Rusiya və İngiltərənin basqısı ilə başlamışdır.”[26]
Səfəvilərdən bəri qorxunc qaranlıqla donatılmış ölkə Qərbin aydınlıq evrələri
ilə tanış olamağa başlayır. Qərbdəki dini reformlardan xəbərdar olunur. Babilik
bu bağlamda Qərbdəki dini reformlardan xəbərdar olmanın nəticəsidir. Kilsənin insan
şüurundan və vicdanından uzaqlaşdırılması gərəkdiyini söyləyən Avropa aydınları
kimi babilik də camilərdə min yalan və fırldaqla xalqın inancına hakim kəsilən
molla-feodal kəsiminə qarşı çıxmışdır. Qaranlıq zindana dönüşən bu ölkədə evrənsəlləşmə
çağrısında bulunan ilk səs babilik hərəkəti olmuşdur. Molla-feodal otoritəsinə
qarşı ilk etirazı səs idi, babilik.
Bir az daha Qacar dönəmi
sosiologiyası üzərində durmaq lazımdır. Çünkü bu dönəm tarixin sosioloji incələnməsi
yapılmazsa, ortaya çıxan olayların anlaşılması da qolay olmayacaqdır. “XIX əsrdə
Qacar ölkəsində bulunan avropalı səyyahlar üç növ sosial savaş şəklini bəlli
etmişlər: 1- Müsəlmanlar və müsəlman olmayanlar, şiələr və sünnilər arasındakı
savaş. 2- Köçərilər və kəndli tayfalar arasındakı savaşlar. 3- Dəyişik dillərdə
danışan qövmlər arasındakı savaşlar və ya etnik savaşlar. XIX əsrdə Avropada
milli savaşlar yayqın olduğundan Qacar ölkəsindəki üçüncü savaş türünə çox əhəmiyət
vermişlər. Fransanın Tehrankı səfiri İranı etnik açıdan altı qrupa bölmüşdür:
Farslar, türklər, ərəblər, kürdlər, yəhudilər və zərdüştilər. Edvard Braun isə,
İranın bütün tarixini fars-türk arasındakı savaş olaraq nitələmişdir. XX əsrin
tanınan tarixçilərindən Minorski İran tarixinin özəlliyini türklərlə farslar
arasındakı savaş məcmuəsi kimi dəyərləndirmişdir. O, böylə sonuca varır ki, bu
iki millət “yağ və su” kimi heç vaxt bir-birinə qarışmır.”[27]
Ancaq fərqli kimlikləri, özəlliklə türk kimliyini söndürən və fars amaclarının
çatısı altında yox edən şüubiyə, molla-feodal sinifi olmuşdur.
Sosioloqlar görünməyən
sosial-iqtisadi təbəqə ilə görünən siyasi-sosial sinif arasında fərq olduğunu təsbit
etmişlər. Şübhəsiz ki, bütün toplumlar bəlli ölçüdə görünən və görünməz
iqtisadi-sosial siniflərə bölünərlər. Lakin bütün toplumlar gözlə görünür və
aşkar sosial, siyasi, zehni və psixoloji siniflərə bölünməzlər. XIX əsrdə Qacar
ölkəsində toplum dörd sinifdən ibarət idi:
1-
Müluk-ut təvayif (mülklər sahibi). Bunlar mərkəzi və
lokal seçkinlərdən ibarət idi. Mərkəzi seçkinlər Qacar sülaləsindən ibarət idi:
Şahzadələr, sarayda çalışanlar, saray qulluqçuları, vəzirlər, bəylərbəyi (valilər),
ləqəbləri olan vəzifəli şəxslər. Lokal seçkinlər əyan, əşraf, xanlar və irsi
olaraq mirzə olanlar idi. Sarayla bərabər statusa sahib olan isə baş mollalar,
imam cümələr, şeyx-ul islamlar, baş molla yarqıclar idi. Lokal seçkinlər
arasında da bölgə molla və şeyxləri önəmli statusa sahib idilər. Bu mərkəzi və
məhəlli seçkinlər sonralar aristokratlar, hakim təbəqə adı ilə səciyələndi.
2-
İkinci sinif mürəffə təbəqəni təşkil edən tacirlər
kimi peşə sahibləri idi. Məscidlərin, camilərin və mədrəsələrin ehtiyaclarını
tacirlər təmin etdiklərindən bu sinifin ruhani siniflə ilişkiləri çox yaxşı
idi. Bu yaxın ilişkilər genəldə evliliklərlə daha da sıxlaşırdı. Seyidlər,
şeyxlər, ayətullahlar tacir ailələri ilə evlənməyi tərcih edirdilər.
3-
Üçüncü sinif dövlət işində çalışan, işçilər, əmələlər
idi.
4-
Dördüncü sinif elat, kəndlilər və rəiyət olaraq nitələnən
xalq kütləsi idi.
XIX əsr Qacar ölkəsində
gizlin və aşkar iqtisadi-sosial sinif olsa da, lakin qrup olaraq təbəqələr
arasındakı münasibtələr ölkədə açıq, zehni və siyasi-sosial sinifin şəkillənməsini
önlədi. Ürətim üzərinə şəkillənən bir sinif ortada yox idi. Ayrıca, iqtidarın və
zənginliyin siniflər arasındakı paylaşımı arasında uçurum var idi. Bir çox fərdlər
və qruplar doğduğu gündən ölənə qədər bir sinifə mənsub olurdu. Saray nəzəriyəçiləri
hesab edirdilər ki, siniflər arasındakı bu ixtilafı Tanrı yaratmış və bütün
yetkini şaha vermişdir. Siniflər arasındakı fərqliliklər genəldə qürur
duyquları ilə özünü göstərirdi.[28]
Fətəli şahdan sonra Abbas
Mirzənin oğlu Məhəmməd (1834-1848) və onun arxasınca da Nasirəddin şah
(1848-1896) taxta çıxdı. Məhəmməd şah və Nasirəddin şah dönəmində elat yönətim
şəklindən qalan nə vardısa yox edildi. Həm fars katiblər saraya dolduruldu, həm
də bu müddət ərzində türklər də dövlət düzənində çalışa bilmələri üçün farscanı
gərəkən düzeydə öyrənib fars həyat və davranış şəklinə alışdılar. Farscanın
köklü brokrasi dili olma sürəci bu dönəmdə tamamlandı. Türk dili kəndlərə, köçəri
həyat ortamına, bir də güncəl məişət dilinə tərk edilərək mədəni ortamdan
sıxlışdırılıb uzaqlaşdırlıdı. Şüubiyənin əski planı bu kəz Qacar-molla birliyi
aracılığı ilə uyqulanmaqda idi. Sadəcə sınırlarda orduda xidmət edərək
farslaşan dövlətə şüursuzca xidmət edən və dövlətin yönətimində rolu olmayan,
yalnızca bəkçilik görəvi yapan kəsim türklərdən oluşmaqda idi. Onların da dili
türkçə idi. Bu, başqaca uzun bir mövzudur.
Bab olayları bu ortamda oluşduğu üçün Qacar
sülaləsi haqqındakı incələməni burada durdurub əsas mövzuya keçirik. Böylə bir
ortamda babilik hərəkəti doğdu. Bu mühitə və onun din anlayışına qarşı doğdu.
Bu mühitin dəyərlərinin antitezi kimi ortaya çıxdı. Qadınların köpəkdən[29]
də aşağı sayıldığı bir dönəmdə qadın haqlarından, qadın-kişi eşitliyindən
danışan bir cərəyan ortaya çıxdı. Canından keçmiş olan Tahirə Qurrətuleyn
adında böyük bir mütəfəkkir qadın “qadınlara özgürlük” deyə meydana çıxdı və bu
yolda öldürüldü. Kimdir Tahirə Qurrətuleyn? Babilik və onun doğduğu sosial ortamı
incələyərək bu suala cavab verməyə çalışacağıq.
[5] Eyni qaynaq, s. 233.
* La-yox.
[6] Padri Bazen, Nadir şahın özəl həkiminin məktubları, fransızcadan
farscaya çevirən: Əliəsğər Həriri, Şərq yayınları, Tehran-1365
(h.ş), s. 12,13,14..
* Nadir şahın başına tac qoyduğu yer kitabın yazarının dünyaya gəldiyi Muğanın Limli kəndinə yaxın bir yer
olmuşdur. Tac qoyulan yer nisbətən geniş bir düz məkandır. Nadirin əmri üzərinə əsgərlər torba ilə torpaq daşıyaraq böyük bir təpə oluşdurmuşlar. Bu təpənən üstündə Nadir başına tac qoymuşdur. İndi də bu təpənin adı “Şahtəpəsi” olaraq
qalmaqdadır. Ancaq zaman keçimi ilə və yağmurun, küləyin qarşısında təpə bir az alçalmışdır. Bu təpənin Güney tərəfində “Şahtəpəsi” adında bir kənd mövcuddur. Şahtəpəsi adlanan bu
təpənən ətrafında bu kəndlər var: Şahtəpəsi, Məscidli, Ocaq,
Qızqalası, İncilli, Binə, Onbirbəylər. Bu kəndlər Germi şəhərinə bağlıdırlar.
[7] Padri Bazen, Nadir şahın özəl həkiminin məktubları, fransızcadan
farscaya çevirən: Əliəsğər Həriri, Şərq yayınları, Tehran-1365
(h.ş), s. 11.
[9] Jan Gevr, Taclı Xacə (Xaceye
tacdar), farscaya çevurən: Zəbihullah Mənsuri, Əmir Kəbir yayınları, Tehran-
1384, s. 57.
[10] A. Bakıxanov, Gülüstani-İrəm, türkçəyə çevirən: M. Ələskərli, Minarə nəşriyatı, Bakı-2000, giriş bölüm.
[11] Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
793.
[12] Əminə Pakrəvan, Abbas
Mirzə və Azərbaycan, çevirən: Cavanşir Muğanlı, Pınar yayınları, 1388-Zəncan, s. 9.
[13] İngiltərənin Təbrizdəki konsulluğunun 1826-cı il iyulun
15-də xarici işlər nazirliyinə göndərdiyi məxfi reportaj;
Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
796.
[14] İngilis
konsulunun reportajı 1826 iyul ayının 18-də, İngiltərə Xarici İşlər
Nazirliyinin yayımlanan məxfi sənədləri, Algar
kitabı, s. 89; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
796.
[15] Qesəs-ül üləma, s. 140; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
800.
[17] Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
801.
[19] R. N. Boston, İran tarixində şiə, “Rəhavərd” fəslnaməsi,
Losancles, sayı 39; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s.
801-802.
[21] Albet Avi, Avropada fəlsəfənin seyri,
farscaya çevirən: Əliəsğər Hələbi, ikinci
yayın, Zəvvar yayınları-1368 (h.ş), s. 198.
[22] Eyni qaynaq, 182.
[23] William Thoma Jone, Siyasi düşüncələrin tanrıları, farscaya çevirən: Əli Ramin, II
cild, 4-cü yayın, 1383, s. 626.
[24] William Thoma Jone, Siyasi düşüncələrin tanrıları, farscaya çevirən: Əli Ramin, II
cild, 4-cü yayın, 1383, s. 643.
[25] İranşünaslıq (İran şenasi) dərgisi, VI il,
1373 (h.ş), Məhəmməd Cəfər Məhcub, Ubeyd
Zakani əsərlərinin araşdırılması, s. 809.
[26] Ervand Abrahamian, İki inqilab
arasında İran (İran beyne do
enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi,
Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 66.
[27] Ervand Abrahamian, İki inqilab
arasında İran (İran beyne do
enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi,
Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 35.
[28] Ervand Abrahamian, İki inqilab
arasında İran (İran beyne do
enqelab), Farscaya çevirən: Əhməd Gülməhəmmədi,
Tehran-1386, 12-ci yayın, Ney yayınları, s. 43-44.
Kimin bu dünyada olsa bir qızı,
Padşah olsa da sönmüş yıldızı.
Qadındansa itdən xoşlansın insan,
Bir köpək yaxşıdır yüz pak qadından.
Dünya çirkinlikdən təmizlənərək ,
Qadın və əjdəha məhv olsun gərək.
Hiç yorum yok:
Yorum Gönder