10 Mayıs 2013 Cuma

Qara bayraqlılar



Əməvilərin devrilişi
Abbasilərin iqtidara gəlişi

                 Böyləcə Əməvilərdəki iqtidar iradəsi gün keçdikçə azalmaqda idi. iqtidar savaşları imperatorluğun Xorasan kimi ucqar bucaqlarında böyük üsyan üçün yeni imkanlar hazırlamaqda idi. Mərkəzdə Yəmanilərlə Muzrilər arasındakı iqtidar savaşı yeni mərhələlərinə girmiş və artıq aralarında barış və birlik sağlanması mümkünsüz olmuşdu. Altı ay xəlifə olduqdan sonra Yəzid ibni Vəlid öldü. Muzrilər yenə də Yəmaniləri aşağılayaraq xilafətə öz adamları sayılan Mərvan ibni Məhəmmədi gətirdilər. Bu hərcümərc dövləti zəiflətməkdə idi. Özəlliklə Xorasanda Əməvilərə qarşı fəaliyət göstərən Abbasilər üçün yeni imkanlar ortaya çıxırdı. Əməvi imperatorluğu mərkəzdəki iqtidar savaşı üzündən müxalif səsləri susduracaq gücünü itirmişdi. İmperatorluğunun müxtəlif yerlərində üsyanlar baş qaldırmışdı. Susdurula bilməyən üsyanlar başqa üsyançıları da həvəsləndirirdi. Əməvilərin devrilişi və tarixdən silinməsi gün keçdikçə yaxınlaşmaqda idi.
                 Əməvi dövləti bir çox qövmü içinə alan böyük imperatorluq idi. Ancaq dövlət qan bağı ilə bir-birinə bağlı sosial bir sinfin (ərəblərin) meydana gətirdiyi hakimiyət əsasında idi. Məvali, dövlət işlərinə nüfuz edə bilmədiyi kimi, iqtisadi baxımdan da vergilərin ağırlığı səbəbi ilə kötü durumda idilər və əməvilərə qarşı kin bəsləyirdilər. Əməvilərə qarşı fəaliyət məvali kütləsinin daha çox olduğu Xorasanda gücləndi. Bu durumdan istifadə edən Abbasi ailəsi, fəaliyətlərini Xorasanda artırdı. Gizlincə təşkilat qurub üsyan hazırlığına başladılar. Üsyanın fikri hazırlıqlarını Abbasilər və təşkilatçılıq fəaliyətini də məvalilər sürdürməkdə idilər. Üsyanın öndəri olan Əbumüslim Xorasani özü də bir məvali idi.[1]
İmperatorluğun ən ucqar bölgəsi olan Xorasan böyük üsyan üçün hər baxımdan hazır durumda idi. Əməvilər zəiflədikcə Abbasilərin Xorasandakı təbliğatı daha da güclənirdi. Digər tərəfdən Sasani qalıqları da Xorasanda bütünləşmişdilər. Əbumüslim Xorasani təbliğatına başladığı zaman çoxlu tərəfdar buldu. Əməvilərin zəifləməsi Ərəblərə qarşı üsyan duyqusunu gücləndirmişdi. Əməvilər tərəfindən aşağılanan Sasani qalıqları ilə yeni dövlət qurma xəyalında olan Abbasilər birləşmişdilər. Əməvilərin Xorasan valisi yazdığı bir məktubla Xorasandakı təhlükə ilə bağlı mərkəzi uyarsa da, mərkəz özünü toparlaya bilmədi və böyük üsyan Əbumüslim Xorasaninin başçılığı və Abbasilərin planlamaları ilə ortaya çıxdı.[2]

Qara bayraqlılar

         Əbumüslim Xorasaninin bayrağı qara rəngdə idi. Əməvilərin irqçiliyi məvalilərin səbrini daşırmışdı. Əməvi mərkəzindəki iqtidar savaşları da qiyama həvəslənənlərin sayını artırmışdı. Bu durumu görən Abbas oğulları Xorasanda Əməvilərə qarşı birikən nifrət duyqusundan yararlanaraq üsyançıları Əməviləri devirməyə təhrik etdilər.[3] Deyirlər Abbas oğullarından İbrahim, Əbumüslimi Xorasana təbliğat üçün göndərdiyində ona dedi ki, ərəbcə danışan kimi görsəniz öldürün və Muzri ərəblərdən kimsə diri qalmasın.[4] Əbumüslimin məzhəbi kimliyi tam olaraq bəlli olmasa da, o dönəmi incələyən bir çox araşdırmaçılar onun Əli soyuna meylli olduğunu yazmaqdadırlar. Ancaq onun bəzi tətbiqatı bu görüşü rədd etməkdədir. Çünkü şiə olduğu söylənən Əbusəlmənin öldürülməsinə razılıq vermişdi. Bu da onun şiə təmayüllü olduğu təsəvvürü zəiflətməkdədir. Əcəba, Əbumüslim Sasani inanclımı idi? Bu haqda düşünməyə dəyər. Onun soyu haqqında fərqli görüşlər var. Onu Kürd, Ərəb və Pers olaraq bilənlər də var. Əbümüslimin adını Behzad və atasının adını Vəndidad Hörmüz olaraq yazmışlar. O zaman Xorasanda İslamlaşma sürəci tam olaraq bitmədiyindən və müsəlman olmayan topluluqlar da bulunduğundan onun müsəlman olmadığı da təsəvvürllər arasındadır. Əbumüslim öldürüldükdən sonra onun intiqamını almaq üçün savaşa davam edən İshaq Türkün Türk olması səbəbi ilə onu Türk bilənlər də var. Çünkü Davamçısı Türk olmuşdur. Səfəvillər zamanında Əməvilərə qarşı savaşan tarixi şəxsiyətlər daha da abartıldı. Bu üzdən Əbumüslümnamələr adında dastanlar yazıldı. Səfəvi zamanında yazıılan Əbumüslimnamələrdə onun soyunu Əbutaliboğlu Əli ilə bağlamışlar. Ancaq Əbumüslimin gerçək soy kimliyi haqqında ortaq bir fikir mövcud deyildir.
Onun Kufədə qüllati-şiə (aşırı şiə) inanışı ilə tanış olduğunu bildirirlər. Səfəvilər zamanında yazılan Əbumüslimnamələrdə onun haqqında çox əfsanələr uyudurmuşlar. 124-cü ildə (h. q) (742-ci il) İbrahim Abbasi ilə tanış olur. Bu zaman İbrahimin başında xəlifə olma xəyalları var idi. İbrahim onunla sıx əlaqə saxladı və Abbasiləri təbliğ etmək üçün onu Xorasana göndərdi. Bu zaman onun 19 yaşının olduğu söylənməkdədir. [5] Xorasanda daha öncədən də İbrahim Abbasinin tərəfdarları əhalini Əməvilərə qarşı hazır duruma gətirmişdilər. Mərvanilərin təqib və işkəncələri də bu təbliğatın qarşısını ala bilmirdi. Qısa sürədə bütün Xorasanda Abbas oğullarının tərəfdarı artmışdı. Böylə bir durumda Əbumüslim kimi cəsur biri Xorasanda birikmiş olan əməvi qarşıtı güclərə rəhbərlik etməyə başladı.[6] Əbumüslim heç bir imamın və Abbas oğullarının adını çəkmədən hər kəsi Haşim oğullarının ətrafında birləşməyə dəvət etdi.[7] Əbumüslim özü haqqında saxta bir soyağacı düzəldərək kökünü Abbasillərə bağlamışdı. Daha sonra Mənsur tərəfindən öldürülməsinin də səbəbi bu idi. Böyük olasılıqla o, bu yolla özü xəlifə olmaq xəyalında imiş.
Xorasanda çox dərin kök salmış olan Əməvi düşmənliyi hər tür qiyama uyqun idi. Əbumüslim kimi cəsur biri bu dağınıq Əməvi qarşıtlığını öz rəhbərliyi altında bütünləşdirə bildi. Bu qiyama daha çox məvalilər qatıldı. “Əbumüslim tərəfdarlarından qara geynmələrini istədi. Xorasan şəhərlərinə məktub göndərərk Əməvilərin yaşıl rənginə qarşı qara geyinmələrini istədi. Mədaini yazır ki, Zeydin və onun oğlu Yəhyanın yası üçün Əbumüslim qara geyinməyi istəmişdi. Qara geyinib və qara bayraq qaldırılmasına əmr verdi,”[8] Qara geyimli və qara bayraqlılar Əbumüslimin rəhbərliyi ilə ərəbləri yenərək Mərvi ələ keçirdilər. Qara geyimlilərin bir qismi ata, bir qismi də eşşəyə minmişdilər. Eşşəklərinin üzərində oturmuş və eşşəklərə “Mərvan” deyə bağırırdılar.[9]  Dəmişqdə Xəlifə olan Mərvan ibni Məhəmmədin ləqəbi “himar” (eşşək) idi. Daha sonra qara geyimlilər İraqa yola düşdülər və Mərvanilər dirənsələr də, yenildilər və Kufə Əbumüslimin kontroluna keçdi. İlk Abbasi xəlifəsi Əbulabbas ibni Səffah bu şəkildə iqtidara gəldi. Mərvan ordusunu toparlayıb Mosul yaxınlığında Zab adlı bir yerdə qarageyimlilərlə qarşılaşdı. Ordusu yox edildi, özü də fərar etdi. Bu savaşda Mərvanın 100 min əsgərinin iştirak etdiyini yazırlar. Ancaq onlarda da Əməvi xəlifəsinə güvən qalmadığından mütəşəkkil olaraq savaşa bilmirdilər. “Mərvan fərar edərkən Mosullular onun önünü kəsdilər ki, qaça bilməsin.”[10] Mərvan Dəmişqə qaçmağı başardı. Oradan da Misirə qaçdı və orada öldü. Bununla da Əməvilərin Şərqdəki iqtidarına son verildi. 132-ci ildə (750) Əməvilərin siyasi həyatına son verildi. Əməvi xanidanını tarixdən sildilər, ölülərinin bilə məzarlarını eşələyib yox etdilər. Əməviləri dəstəkləyən kimi gördülərsə, öldürdülər. Əməvi soyundan bir tək Abdulrəhman adında kişi canını qurtara bildi. Dəniz yolu ilə Batıya doğru qaçdı və İspaniyada Əməvi dövlətini qurdu. “Səffah Əməvilərdən kim vardısa saraya dəvət etdi. Onlara öyüd verərək barış təklif edəcəyini duyurdu. Əməvilərdən sadə insanlar da buna inanaraq yeni xəlifənin yanına getdilər. Onlar yerlərində oturduqdan sonra hədiyələri paylama sırası gəlmişdi. Daha öncədən hazırlanan plan üzərinə silahlı əsgərlər içəri girdilər. 75 kişini bir yerdə qətl etdilər. Daha sonra bir qismi ölmüş və bir qismi yaralı olaraq sızlayan cəsədlərin üzərində süfrə açıb yemək yedilər. Sonunda da cəsədi və yaralıları bir xəndəyə ataraq sahibsiz köpəklərə yem etdilər.”[11] Kufədə Abbasi xilafəti qurulurkən Əbumüslim Xorasanda idi.
        Xorasanda Behafərid adında bir qiyamçı ortaya çıxmışdı. Onun da başqa iddiaları var idi. İslamla məcusiliyi bir-birinə qarışıdırb yeni inanc yaratmışdı. Əbumüslimi də qəbul etmirdi. Əbumüslim onun yaxalanması üçün bir ordu göndərdi. Behafəridi Badğis dağlarında yaxalayıb Əbumüslimin yanına gətirdilər. Əbumüslim onu və bütün soyunu qətl etdi.[12] “Miləl və nəhl”in yazarları behafəridiyəni dörd məcusi firqlərindən biri olaraq saymaqdadırlar. Dörd məcusi firqələri bunlardır: Zirvaniyə, məsxiyə, xürrəmdiniyə, behafəridiyə. Bu yazarların fikrinə görə, behafəridiyə məcusi sayılsa da, onlardan cəziyə* alınmırmış.[13] Çünkü onların dini İslamdan sonra ortaya çıxan bidət idi.
Əməvi xilafətinin devrilişi və Abbasi xilafətinin qurulmasından sonra ilk Abbasi xəlifəsi olan Səffah idi. Bu arada Hz. Əli soyundan olan və bu soyun tərəfdarları da xilafət iddiasında idilər. “Səffah, xilafətin kəndi haqları olduğunu iddia edərək Əli oğulları və tərəfdarlarının iqtidar tələblərini rədd etmişti.”[14] Səffahın fikirlərini daha sonra ikinci Abbasi xəlifəsi olan Əbucəfər Mənsur da dilə gətirmişdi: “Hz. Fatimənin soyundan olanların miras haqqına sahib olamayacaqlarını iddia etmişti.”[15] Abbasilər ərəb törəsində yayqın olan soyun qız tərəfindən yürüməyəcəyini önə çıxarmışdılar. Onlar Hz. Fatimənin çocuqları, biz isə, Hz. Peyqəmbərin əmisinin oğullarıyıq. Ayrıca, Abbasilər iddia edirdilər ki, Əbutalib müsəlman olmadan kafir olaraq ölmüş və kafirdən soy sürməz. Peyqəmbərin əmisi Abbas isə, İslamı qəbul etdikdən sonra ölmüşdü.
İslam imperatorluğunda əməvilərin yerinə Abbasilərin keçməsi, yalnız bəsit bir hökümət və xanidan dəyişməsi olmayıb İslam tarixində bir dönüm nöqtəsidir... Əməvi xəlifələrinə ismləri ilə xitab edilir və yanlarına varılırkən, xəlifənin özü ilə görüşmək mümkün olurdu. Abbasilər bir saray hiyerarşisinin təşrifatı və dəbdəbəsiylə ortaya çıxdılar. Onlara ancaq mabeynlər (ortada duran birisi ilə) aracılığı ilə yaxınlaşılırdı... Ərəb və məvali arasındakı fərq ortadan qalxdı. Hətta məvali, ərəblərə qarşı üstünlük də qazandı. Doğu əyalətlərinin xalqı, özəlliklə xorasanlılar Abbasilərin zəfər qazanmasında böyük rol oynamaqla dövlətin idari məqamlarını paylaşdılar. Dövlətin idari və əsgəri kadrlarının böyük bir qismi ərəb olmayan ünsürün əlinə keçdi. Xəlifələrin meydana gətirdikləri və mərkəzə yerləşdirdikləri ücrətli mühafiz birlikləri daha çox ərəb olmayanlardan meydana gəlirdi.[16] “Abbasilərin iş başına gəlməsi ilə sasani sayağı dövlət quruldu. Öylə ki, Abbasilərə Xorasan əcəmlərinin dövləti deyirdilər. Dövlətin dini məcusi olmasa da, əslində bir tür Sasaniliyin yenidən dirilişi idi. Abbasilər əcəm imperatorluğu idi.”[17]  
Səffahın qardaşı Əbucəfər Mənsur Əbumüslimin şöhrətinin və iqtidarının artmasından çox əndişələnirdi. Bu üzdən də onu diqqətindən yayındırmırdı. Qardaşı Səffahı Əbumüslimi öldürməyə təhrik edirdi. Səffah Mənsuru Xorasana göndərdi ki, ələvilərlə işbirliyi etməklə suçlanan Əbusəlmə Xilalı öldürmək üçün Əbumüslimi razı etsin. “Bu zaman Xorasanın ünlü adamlarından biri olan Süleyman ibni Kəsir idi.”[18] Onun haqqında Əbumüslimə pis sözlər söyləmişdilər. Əbumüslim əmr verdi ki, onu Mənsurun bulunduğu məclisdə öldürdülər və Mənsur onun bu güstaxlığından çox rahatsız oldu. “Səffahın yanına geri döndü. Əbumüslimə qarşı olan kinini unutmadı. Əbumüslim bizim də sonumuzu gətirə bilər deyə düşündü. Səffaha fikirlərini açıqladı və dedi ki, Əbumüslimi çağırıb burada öldürməzsən daha sonra gec ola bilər. Ancaq Səffah onu dinləmədi.”[19] Səffahın ölümü ilə Mənsur daha da qorxmağa başladı. Səffah öldükdən sonra əmisi Abdulla ibni Əli xilafət iddiasında bulundu. Bir qism əhali də onu dəstəklədi. Əbumüslim Mənsuru dəstəkləyərək Abdulla ilə savaşdı. Ancaq Abdulla yenilib fərar etdikdən sonra Əbumüslim onu təqib etmədi. Mənsur bu savaşda Abdulladan alınıb Əbumüslimin yanında saxlanan qənimətlərin miqdarını bilmək üçün mühasiblər göndərdi. Əbumüslim sinirlənərək məmurların üstünə bağırdı ki, “Mən müsəlmanların qanını qurumaqda güvənilirəm də, onların malını qorumaqda güvənilir deyiləmmi?” Daha sonra Mənsura sərt söyüşlər söylədi. Mənsur bu xəbəri duyduğunda ona qarşı daha da kin bəslədi. O, Əbumüslimdən qorxurdu. Onun iqtidarının Xorasanda artmasını yeni Abbasi xilafəti üçün təhdid olaraq görürdü. Ərəblər də Əbumüslimdən xoşlanmırdılar. Onlar da Mənsura Əbumüslimi ortadan qaldırmağı təklif edirdilər. Yazırlar ki, “Bir gün Mənsur Müslim ibni Qüteybəyə dedi: Əbumüslim haqqında nə düşünürsən? O da cavab olaraq Ənbiya surəsinin 21-ci ayətini oxuyaraq dedi: “Allah iki olsaydı, hər ikisi də fəsada uğrardı” Mənsur ona dedi ki, bu sözü qulağımın sırığası edəcəyəm.”[20] Mənsur Əbumüslimi ortadan qaldırmaq üçün bir tuzaq qurdu. Böyük vədlərlə onu yanına dəvət etdi. “Əbumüslim Mənsurun yanına getdikdən sonra ona təzim etdi. Mənsur ona çox hörmətlə davrandı. Ona dedi ki, bu gün get istirahət et, yarın görüşüb danışarıq. Bir sonrakı gün Mənsur bir neçə silahlını öz sarayında gizlin saxladı. Onlara dedi ki, mən əllərimi bir-birinə çaldığımda siz gəlib Əbumüslimi öldürəcəksiniz. Əbumüslim gəldiyində Mənsur yenə də onu gülər üzlə qarşıladı. Ona dedi ki, Abdullanın ordusundan aldığın qılıc hardadır? Əbumüslim üzərindəki qılıcı qınından çıxararaq xəlifə mənsura göstərib “budur” dedi. Xəlifə qılıcı alıb namaz qılınan yerə qoydu. Daha sonra Əbumüslimin günahlarını bir-bir üzünə saymağa başladı. Xəlifənin söylədikləri qarşısında Əbumüslim üzr istəyir və etdiyi işlərin səbəblərini deyirdi. Sonunda Əbumüslim ona dedi ki, ya əmirəlmöminin mənim kimi birisi ilə böylə danışa bilməzsiniz, çünkü sizin dövlətinizi quran mənim bu əllərim olmuşdur. Mənsur sinirlənib onu söyməyə başladı. Əbumüslimə dedi ki, sənin etdiklərini qara bir kəniz də edə bilərdi. Əbumüslim ona dedi: bu sözləri burax ki, mən Tanrıdan başqa kimsədən qorxmaram. Mənsur əllərini bir-birinə çaldı. Sarayda gizlənmiş olan silahlı əsgərlər gəlib Əbumüslimi öldürdüllər.”[21] Əməvilərin həyatına son verib Abbasiləri quran Əbumüslimin sonu böylə oldu. Onun haqqında çox sözlər yazmışlar. “Düşmənlə savaşında çox amansız idi. Özünün söylədiyinə görə, yüz min nəfərdən artıq adam öldürmüşdü.”[22] Abbasi dövləti isə, Sasani yönümlü dövlət olaraq quruldu. “Abbasilər ərəb qanı daşıyan Sasanilər idi.”[23] Abbasi dövlətinin qurulması ilə Sasani qalıqlarının önü açılacaqdı.
Əbumüslimin ölümündən sonra onun tərəfdarları intiqam almaq üçün üsyan etdilər. Bunlardan ən önəmlisi İshaq Türk olmuşdur. İshaqın adının sonundakı “Türk” sözündən də bəlli olduğu kimi böyük olasılıqla onun Türk olması gərəkir. Ancaq Əbumüslimin onu görəvləndirib türküstana, türklərin arasına göndərdiyi üçün ona İshaq Türk deyildiyi də söylənməkdədir. Əbumüslimin ölümündən sonra Xorasan mərkəzli bir çox qiyamlar oldu. Çoxunun da amacı Əbumüslimin intiqamını almaq üçün idi. Ravəndilər, Sünbad kimi qiyamçılar eyni zamanda əski Sasani-Məcusi inancının dirilişi yolunda ayaqlanmışdılar. Bunlardan ən önəmlisi İshaq Türk qiyamı olmuşdur. İshaq Türkün özünü Əbumüslim Xorasaninin varisi sayması və onun intiqamını almaq üçün qiyam etməsi Əbumüslim Xorasıninin Türk olma ehtimalını da ortaya qoymaqdadır. Fars tarixçilər İshaq Türkün türk olmadığını iddia edirlər. “İshaq Türkün kim olduğu bəlli deyildir. Bəzi söyləntilərə görə, Zeyd ibni Əlinin soyundan olmuş. Bir başqa söyləntiyə görə, Mavəraunnəhrin sadə bir insanı imiş. Onun kimliyinin anlaşılmaz qalmasının səbəbi o olmuşdur ki, hər firqə ilə onların dilində danışırmış. Hər halda İshaq Türk Əbumüslimin tərəfdarlarından olmuşdur.”[24] Şüubiyənin güvənilməz olan Əlfihristi isə İshaq Türk haqqında fərqli məlumat verməkdədir: “Əbumüslim onu Türküstan işləri ilə görəvləndirdiyindən ona İshaq Türk deyilirdi.”[25] Əbumüslim öldükdən sonra tərəfdarları müxtəlif yerlərə səpələndilər. İshaq Türk də Türküstana gedib orada dəvətdə bulunaraq tərəfdar topladı.[26] İshaq Türk soy olaraq türk olmasaydı, Türküstanda Türkçədən başqa dil bilməyən əhali arasında necə tərəfdar toplaya bilərdi?
Əbumüslim daha sonrakı fars şüubi hərəkətinin ilham qaynağı olmuşdur.[27]Əbumüslim Xorasaninin Türküstanla sıx əlaqəsi olmuşdur. “Əməvilərin qanlı bir devrilişlə siyasi həyatlarının son bulması iqtidar boşluğu yaratdı. Bölgə türk bəylərinin bir-birinə qarşı savaşmaları nəticəsində türklərin Çinə qarşı dirənməsində axsaqlıq ortaya çıxdı. Çin iç Asiyaya doğru irəliləmək istədi. Bu da Talas savaşının doğmasına səbəb olmuşdur. Fərqanə Türk bəyi ilə müsəlman ərəblərin Şaş dedikləri Daşkənd türk bəyi və bir Göytürk aristokratı olan Baqratur Tudun´un münasibətləri yaxşı idi. Bundan qorxan Fərqanə bəyi Çinin Tanq xanidanından yardım istəmişdi. Türk bəylikləri üzərində iqtidar qurmaq və ərəb təhdidini ortadan qaldırmaq istəyən Çin bu fürsəti qaçırmaq istəmədi. Göytürklərin bir davamı kimi görünən Daşkənd bəyliyini də Çin bu yolla ortadan qaldırmaq istədi. Çin böyük bir qüvvətlə Baqatur Tudunun üzərinə yürüdü. Daşkənd bəyliyinə ağır zərbə vurdur və Baqatur Tudunun başını kəsib Çinə göndərdi. Baqatur Tudunun oğlu atasının intiqamını almaq istədi. Onlar bir tərəfdən Qarluqları yardıma çağırırkən, digər tərəfdən də Əməviləri devirib Abbasiləri iqtidara gətirən Əbumüslim Xorasaniyə uğrayıb ondan Çinin önünü kəsməsini istədilər. Əbumüslim 20 min əsgər Çin basqınına qarşı göndərdi. Əbumüslimin göndərdiyi ordu ilə Türklər bir yerdə Çinə qarşı Talas adlı bir yerdə savaşa başlayırılar.”[28] Bu savaş Türk tarixinin bir dönüm nöqtəsini təşkil etdi. Talas savaşındakı çinlilərin yenilgəsindən sonra türklərin toplu şəkildə İslamiyətə keçişi sağlanmışdır. “Talas savaşının İslam dünyası üçün mədəni gətirisi də olmuşdur. Savaşda 10 min Çin əsgəri əsir alındı. Bu əsirlərin içində uyqur türkləri də var idi. Əsirlər Səmərqəndə daşınırlar. Əsirlərin arasında “kağız” və “qılıc” ustaları uyqurlar da var idi. Müsəlman ərəblər uyqur və çinli əsirlərdən kağızın necə düzəldildiyini öyrəndilər.”[29] Çinlilər kağızı ipəkdən, uyqurlar isə, pambıqdan və kətandan düzəldirdilər.[30] Bəzi araşdırmaçılara görə, “kağız” sözü çincədən deyil, uyqurcadan farsca və ərəbcəyə keçmişdir. Sözün kökü uyqur türkçəsində “ağac qabığı” anlamına gələn “kağaş” sözündən gəlməkdədir. Səmərqənddə istehsal edilən bu kağızlar İslam dünyasında çox məşhur olmuşdur.[31] Talas savaşında bir Çin rahib də əsirlər arasında olmuşdur. Ta Huan məcburi olaraq 12 il Türküstanda yaşadıqdan sonra öz ölkəsinə geri dönmüşdü. Geri döndükdən sonra “Çing Hısinq Çi” adında bir səyahətnamə yazmışdı. Bu səyahətnamədə o dönəm və İslam haqqında bilgi verilmişdir.[32]
Kufə Abbasilərin mərkəzi olaraq seçildikdən sonra Dəmişq öz önəmi itirməyə başlamışdı. Ancaq Kufə əskidən bəri Əli tərəfdarlarının əksəriyətdə olduğu şəhər idi. Başlanqıcda onların dəstəyini qazanan Abbasilər, iqtidarı ələ keçirdiklərindən sonra tutumlarını dəyişdiklərindən Kufə əmin bir yer olmaqdan çıxdı. Bu səbəbdən də Mənsur xilafət mərkəzini daha əmin bir yerə keçirmək üçün hərəkətə keçdi. Nəticədə bu günkü Bağdad meydana çıxdı.[33] Abbasi xilafəti əsasən farsların iradəsi ilə qurulmuşdu. İraq əski Sasani ərazisi olduğundan Abbasilər üçün daha əlverişli idi. Çünkü Abbasilər Farsların daha çox olduğu yerdə öz güvənliklərini bərqərar edə bilərdilər. Dəmişqin ərəbləri hələ də Abbasiləri qəbul edə bilmirdilər. Abbasilər özləri üçün yeni bir başkənd təsis etmək istədilər. Əski Sasani kəndi olan Bağdadda böyük bəsatlarını qurmağa başladılar. Əbucəfər Mənsur 766-cı ildə Bağdadın başkənd olma təməlini atdı. Harun-ul Rəşid zamanında Bağdad daha da böyüyüb möhtəşəm şəhərə dönüşdü.  Bağdad şəhərinin memarlığını Sasani-fars mühəndisləri öz üzərlərinə götürmüşdü. Bağdad tam olaraq Sasani şəhər memarisi əsasında təsis edildi. Çünkü ərəblərin şəhər həyatı təcrübələri yox idi və şəhər təsis edəcək memarlıq şüurundən məhrum idilər. Abbasi dövlətini təsis edən farslar İslam bayrağı altında əski kimliklərini fərqli şəkildə icad etməkdə idilər.



[1] Hakkı Dursun Yıldız, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, 4. baskı, İstanbul-2011, s. 88.
[2] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 89- 90.
[3] Uyun-ul əxbar (عیون  الاخبار), 1-ci cild, s. 204.
[4] İbni Əbilhədid, (بن ابی الحدید)1-ci cild, s. 309.
[5] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 112.
[6] Qulamhüseyn Zərrinkub “Do qərn sokut” (İki əsr sükut), s. 113.
[7] İbni-Xəlkan (ابن خلکان), 1-ci cild, s. 104.
[8] Tarixi-bələmi (تاریخ بلعمی), əlyazısı.
[9] Əxbar-ul təval (اخیار الطوال), s. 307.
[10] Təcarüb-ul sələf (تجارب السلف), s. 91.
[11] Əxbar-ul dovəl, Bulaq nəşri, s. 1290, اخبار الدول، چاپ بولاق، ص 1290.
[12] Əbureyhan Biruni, Asar-ul baqiyyə (آثار الباقیه), s. 211.
* Cəziyə- müsəlman olmayanların ödədiklləri cəza idi.
[13] Əlfərq beyn-ül ferəq (الفرق بین الفرق), s. 215 (Firqələr arası fərq).
[14] Taberî, Tarîh, c. VII, s. 425-428.  
[15] Taberî, Tarîh, VII, 568  
[16] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul-2011, 4-cü baskı, s. 89.
[17] Mim Tahir, Əxlaq və ədyani-tövhidi, Arəş nəşriyatı, 1388 (h.ş) -Almaniya, s. 242.
[18] Məcməl-ül təvarix (  مجمل التواریخ), s. 323.
[19] Məcməl-ül təvarix (مجمل التواریخ), s. 323.
[20] İbni-Xəlkan (بن خلکان) 2-ci cild, s. 329, Misir çapı.
[21] Təcarüb-ül sələf (تجارب السلف), s. 114.
[22] Brown, ”Tarixe ədəbiye İran” (İran ədəbi tarixi), Farscaya çevirən Əlipaşa Saleh, s. 358.
[23] Darmesteter, coup D´oeil. P. 34.
[24] Zərrinkub, İki əsr sükut (Do qərn sokut), s. 147.
[25] Əlfihrist, s. 483.
[26] Zərrinkub, İki əsr sükut, s. 147.
[27] Zərrinkub, İki əsr sükut, s. 124.
[28] Zekeriya Kitapçı, Doğu Türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 36,37,38.
[29] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 39.
[30] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 39.
[31] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 40.
[32] Zekeriya Kitapçı, Doğu türkistan ve Uygur Türkleri arasında İslamiyet, Yedikubbe yayınlar, 2005, s. 40.
[33] Hakkı Dursun Yılmaz, İslamiyet ve Türkler, İlgi Kültür Sanat yayınları, İstanbul-2011, 4-cü baskı, s. 95.

Hiç yorum yok:

Yorum Gönder