10 Ağustos 2013 Cumartesi

Eldəgizlər dövləti



Güntay Gəncalp

Eldəgizlər dövləti

XII əsrdə elani-istiqlal edən Şəmsəddin Eldəgiz, Eldəgizlər sülaləsini qurmuş və 80 il davam etdi.[1] Səlcuqlu Bərkyaraqın ölümündən sonra yerinə qardaşı Sultan Məhəmməd (1105-1118) keçdi. Bu dönəm İsfahan Səlcuqlusu ilə Bağdad xilafətinin münasibətləri yaxşı deyildi. Xilafət özünü Səlcuqluların siyasi basqısından azad etmək istəyirdi. XII yüzilin ikinci yarısında bunu başardılar. Böylə ki, çox geniş ərazi olmasa da, İraqi-Ərəbi öz kontrolları altına ala bildilər. Səlcuqlular zəifləməyə başlamışdı. Azərbaycan, Mosul, Fars əyalətləri də türk Atabəylər tərəfindən yönətilməyə başlamışdı. Azərbaycan Atabəyləri o qədər gücləndilər ki, Səlcuqlu dövlətinin son sultanlarının dönəmində Səlcuqluların vəkili durumuna yüksəldilər. Burada özət olaraq Azərbaycan Atabəyləri üzərinə bilgi vermək gərəkəcək.
Azərbaycan Atabəylərinin başçısı Eldəgiz 1175-ci ildə vəfat etdi. Sultan Arslan Səlcuqlunun yanında onun çox böyük etibarı var idi. Eldəgizin oğlu Cahan Pəhlivan da Üçüncü Toğrul Səlcuqlunun yanında etibarlı idi. Üçüncü Toğrul, Atabəy Qızılarslanın boyunduruğundan qurtulmaq istədi. Qardaşı Cahan Pəhlivanın varisi olan Atabəy Qızılarslan 1190-cı ildə onu yaxalayıb zindana atdı. 1191-ci ildə Qızılarslan öldükdən sonra Üçüncü Toğrul öz istiqlalını əldə edərək İraqi-Əcəmdə səltənət taxtına oturdu. Ancaq artıq Səlcuqluların sonu yaxınlaşmaqda idi. 1194-cü ildən sonra Üçüncü Toğrul, Xarəzm türklərinin saldırıları ilə qarşılaşdı. Xarəzmşahlar sonunda Səlcuqluların Orta Doğudakı varisləri kimi tarix səhnəsinə girməyə başlayacaqdılar.[2] Eldəgizlər və ya Azərbaycan Atabəyləri zamanında türk dili və ədəbiyatı çox gəlişmiş, türk dilində önəmli əsərlər yazılmışdır. Bu əsərlərdən biri də “Mərzbannamə” olmuşdur. Mərzbannamə türk dilində yazılsa da, onun türkçə orijinalı ərəb dilinə tərcümə edildikdən sonra yox olmuşdur. Mərzbannamə üzərinə araşdırma aparan bir çox tədqiqatçı, əsərin türk dilində yazıldığı fikrinə dəqiq olaraq varmışlar. Mərzbannamə üzərinə araşdırmaçı olan Əllamə Qəzvini yazır: ”Mərzbannamə türk dilində yazılmış və 834-cü (1431) ildə vəfat edən Şəhabəddin Ərəbşah tərəfindən ərəb dilinə tərcümə edilmişdir. Bu tərcümədən bir nüsxə 1277-ci (1860) ildə Qahirədə nəşr edilmişdir. Mərzbannaməni Sə´dəddin Vəraini XII əsrdə Azərbaycan Atabəylərinin padşahı Eldəgiz zamanında türkcə yazmışdır.”[3] Böyük olasılıqla Mərzbannamənin türkçə variantı Quranın türkçə tərcüməsi, Kitabi-Dədə Qorqudun bəzi nüsxələri və digər türkçə kitablarla bir yerdə Şah İsmayılın Təbrizdə sünni kitabları yandırdığı zaman yox edilmişdir.
Azərbaycan Atabəyləri haqqında bir az daha ayrıntılı bilgini “Lobb-ul təvarix”dən olduğu kimi nəql edəlim: Atatbəylərin birinci sultanı Atabəy Eldəgizdir. O, Sultan Məsud Səlcuqinin köləsi olmuşdur. Qabiliyəti üzündən əmirlik səviyəsinə yüksəlmişdir. Məsud ölmüş qardaşının xanımını Eldəgizlə evləndirdi.[4] “Möminə Xatun Azərbaycan Atabəyllər sülaləsinin rəisi Eldəgizin qarısı və Cahan Pəhlivanın anasıdır.”[5] Bu qadın Sultan Arslanın anası idi. Sultan Arslanın anası Eldəgiz üçün iki oğlan doğurdu. Bunlardan biri Cahan Pəhlivan, digəri də Qızıl Arslandır. Eldəgizin iqtidarı gün keçdikcə artırdı. Eldəgiz 13 il əmir oldu. 1172-ci ildə qadını, bir sonra da Eldəgiz özü vəfat etdi. Eldəgizin ölümündən sonra oğlu Cahan Pəhlivan taxtda oturdu. Cahan Pəhlivan Bağdad xəlifəsinin adını xütbələrdən sildi. Xəlifə bolca hədiyələr göndərərək bir il sonra adını xütbələrə yerləşdirə bildi. Cahan Pəhlivan tam on il səltənətdən sonra 1186-ci ildə vəfat etdi. Cahan Pəhlivanın Atabəy Əbubəkir, Qutluq İnanc, Miran Pəhlivan və Özbəy Əbubəkir adlı dörd oğlu var idi. Eldəgiz oğlu Qızılarslan qardaşının ölümündən sonra Təbrizdən İraqa gələrək Cahan Pəhlivanın xanımı ilə, yəni dörd oğul anası ilə evlənərək səltənətin varisi oldu. Qızılarslan səltənətini duyurduğu gecə əlli bıçaq zərbəsi ilə öldürüldü. İsmaili fədailərin onu öldürdüyünü duyurdular. Onun qətlindən sonra Cahan Pəhlivanın oğlu Atabəy Əbubəkir taxta çıxdı. Qutluq İnanc, qardaşı Atabəy Əbubəkirlə Azərbaycan qonusunda savaşa girdi. Bir ayın içində dörd kərə savaşdılar. Hər kərəsində də Atabəy Əbubəkir qazandı. Böyləcə Əbubəkir Azərbaycanda 20 il şahlıq etdi. Onun yerinə Qutluq İnanc keçdi. Üçüncü Toğrul Səlcuq onun anası Qətibə xatunla evlənmək istədi. Oğul və ana Üçüncü Toğrulu zəhərləyib öldürmək istədilər. Bundan xəbər tutan Toğrul öncə Qətibə xatunun yemək yeməsini istədi. Xatun yeməyi yecək dərhal öldü. Bunun üzərinə Toğrul Qutluq İnancı tutuqladıb zindana atdırdı. Toğrulun ölümündən sonra Qutluq İnanc zindandan buraxıldı. 1198-ci ildə Xarəzmşahın Rey valisi Miyacıq tərəfindən öldürüldü. Başını kəsib Xarəzm şah Təkişə göndərdilər. Cahan Pəhlivanın oğlu Özbəy qardaşının yerinə keçdi. On beş il Azərbaycanda şahlıq etdi. Xarəzmşahlar onu məğlub edərək Azərbaycanı işğal etdilər və bununla da 1225-ci ildə Eldəgizlər dövlətinin həyatına son verildi.[6] 1146-cı ildə istiqlalını elan edən Atabəy sülaləsi bir qıpçaq sülaləsi idi. 81 illik Atabəylər iqtidarında bir çox türk boyları Azərbaycanda iskanlaşmışdır. XIII əsrin əvvəllərində Eldəgizlər sülaləsini dəyişdirən Xarəzmşahlar da Azərbaycan ilə Qafqaziyədə yeni türk qövmlləri yerləşdirmişlər.[7]



[1] M. Ə. Rəsulzadə, Azərbaycan Cümhuriyəti.
[2] Rene Grousset, Bozqır İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 270.
[3] “Mərzbannamə” hazırlayan Dr. Xətib Rəhbər, Mərvi nəşri, ikinci nəşr-1366 (h.ş), Səfiəlişah yayınları, s. ص ی
Mərzbanname, be kuşeşe Dr. Xətib Rəhbər, çapxaneye mərvi, çape dovvom 1366, enteşarate Səfi Əlişah ص ی
[4] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 202.
[5] M. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araşdırmaları Vakfı yayınları, 1991.
[6] Yəhya ibni Abdullətif, Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 202, 203, 204, 205.
[7] M. Ə, Rəsulzadə, Kafkaz Türkleri, T. D. A. V yayınları.

Hiç yorum yok:

Yorum Gönder