Güntay Gəncalp
Xarəzmşahlar
Dövləti
Xarəzmşahlar
doqquz şahla 138 il il səltənət etmişlər. Xarəzmşahların qurucusu Ənuştəkin Gürcü olmuşdur.[1] Ənuştəkin
bir kölə olaraq Gürcüstandan alındığı üçün ona “Gürcü Ənuştəkin” deyirdilər.[2]
Ənuştəkin Balqatəkinin və Balqatəkin də Məlikşahın köləsi idi. Balqatəkindən
sonra Məlikşah Ənuştəkini onun yerinə yüksəldərək Xarəzmə əmir olaraq göndərdi.
Ənuştəkin ömrünün sonuna qədər Səlcuqlunun Xarəzmdəki əmiri oldu. Ölümündən
sonra oğlu Qütbəddin Məhəmməd, Sultan Bərkyaraq zamanında Xarəzmin varlisi
oldu. Onu Xarəzmşah adlandırdılar. 1098-də vali oldu və 1127-ci ildə öldü. Onun
oğlu Adsız, Sultan Səncərə qarşı çıxaraq bağımsızlığını duyurdu. Adsızın
ölümündən sonra evladı Arslan taxta çıxdı. Xorasanın bir çox ölkələrini dövlətinə
tabe etdi. Səlcuqluların çöküşə doğru sürüklənmələri üzündən o, tam olaraq
bağımsız dövlət oldu. Yeddi il səltənət edərək 1163-cü ildə öldü. Ölmədən öncə
oğlu Sultanşahı varis təyin etmişdi. Ancaq başqa oğlu Sultan Təkiş qardaşına
qarşı çıxdı və on il aralarında savaş davam etdi.[3]
Təkiş yenilib
Qaraxətaili kraliçəsinə sığındı. Kraliçə ərini böyük bir ordu ilə Sultanşahın
üzərinə göndərdi. Sultanşahı məğlub edib yerinə Təkişi oturtdular. 1172-ci ildə
Təkiş taxta çıxdı. Təkiş səltənətə vardıqdan sonra Qaraxətailərə qarşı çıxaraq
onlara vergi verməkdən imtina etdi. Bu dəfə Qaraxətailər onun qardaşı
Sultanşahı himayə etməyə başladılar. Sultanşah da öldüyü ana qədər Xorasanda
şahlıq etdi. 1193-cü ildə öldükdən sonra bütün Xorasan Təkişə qaldı. Təkiş
Xorasanı bütünüylə öz yönətiminə qatdıqdan sonra İraqi-Əcəmə saldırdı.
İraqi-Əcəmdə son Səlcuqlu sultanı Toğrul səltənət etməkdə idi. 1194-cü ilin
mart ayında başlayan savaşda Təkiş, Toğrulu öldürərək Səlcuqlunun həyatına son
verdi. İraqi-Əcəm, Həmədan və Rey də Xarəzmşahların ərazisinə qatıldı. Əlaəddin
Məhəmməd atası Təkişin ölümündən sonra taxtda oturdu (1200-1220). Onun
səltənəti zamanında Xarəzmşahlar daha da genişlədilər. Bu zaman Qurilər
Əfqanistanda güclü iqtidar sahibi idilər. Qəznəliləri yenərək bütün Əfqanistanı
ələ keçirmişdilər. Məhəmməd Xarəzmşah, Məhəmməd Quriyə saldırdı. İki Məhəmmədin
ilk savaşı Ceyhun kənarında gerçəkləşdi və Xarəzmşah bu savaşda yenildi.
Qurilər 1204-cü ildə Xarəzmə girib yağmalamağa başladılar. Məhəmməd Xarəzmşah
Qaraxətailərdən yardım tələbində bulundu. Gürxan Qaraxətai, Tainqut Taraz
komutanlığında böyük bir ordunu Xarəzmşahın yardımına göndərdi. Ayrıca,
Qaraxətailərə tabe olan Qaraxanlı Osman Qaraxanı da Xarəzmşahın yardımına
göndərdi. Məhəmməd Xarəzmşah bu yardımçı orduların hesabına Quriləri 1204-cü
ildə “Minat-hezar əsb” bölgəsindəki savaşda məğlub etdi. Qaraxətai ordusu
Quriləri təqib edərək onları tam olaraq yox etdilər. Qurilər sorunu ortadan
qaldırıldıqdan sonra Xarəzmşahların Xorasanda rəqibi qalmadı. 1206-cı ildə
Məhəmməd Qurinin ölümündən sonra Məhəmməd Xarəzmşah Heratı və Qurun özünü də
işğal etdi. 1215-ci ildə əfqanistanın işğalı tamamlandı və Qəznə də
Xarəzmşahların yönətiminə keçdi. Məhəmməd Xarəzmşah bu zəfəri Qaraxətailər hesabına
qazansa da, daha sonra onlara vergi verməkdən imtina etdi. 1210-cu ildə
Qaraxətailərlə Xarəzmşahlar arasında savaş oldu. Əndicanın yaxınlığında
yerləşən “Ilamış”dakı savaşda Qaraxətailərin ordusu Talas qumsallığında
yenildi. Bu savaşda Qaraxanlı Osman da Xarəzmşaha yardım etmişdi. Xarəzmşaha
tabeliyini bildirən Qaraxanlı daha sonra müstəqil olmaq istərkən Məhəmməd
Xarəzmşah saldırıya keçərək Osman Qaraxanlını öldürdü. İki əsrdən artıq
türküstanda iqtidarda olan Qaraxanlıların siyasi həyatı böyləcə 1212-ci ildə
son buldu.[4]
Sultan Məhəmmədin zamanında Çingiz Xan orduları saldırmağa başlamışdı. Sultan
Məhəmmədin yerinə oğlu Sultan Cəlaləddin keçdi. Cəlaləddin moğollara qarşı
yeddi savaşa qatıldı. Altısında qalib gəldi. Yeddinci savaşda Çingiz Xan özü böyük
orduları ilə ilqar* etdi. Yeddinci savaşda
yenilib Hindistana qaçdı. Çingiz Xanın oğlu Oqtayın anı saldırısı sırasında
Cəlaləddinin orduları yenilmiş və özündən də xəbər çıxmamışdır. Bəzilərinə görə
ordusuz qalaraq qaçan Cəlaləddin bir kürdlə qarşılaşmış. Kürd onun üzərində
olan qiymətli əşyalara görə, Cəlaləddini öldürmüşdür.[5]
Onun ölümüylə də Xarəzmşahlar tarixdən silindilər. Cəlaləddin Xarəzmşahın
moğollara qarşı qəhrəmanca savaşı “Tarixi-Cahangüşayi-Cuveyni”nin ikinci
cildində ayrıntıları ilə anladılmışdır.
[1] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188.
[2] Şücaəddin Şəfa, Min
dörd yüz il sonra, II cild, Fərzad yayınları, s. 663.
[3] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 188, 189.
[4] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 282, 283, 284.
* İlqar-moğolca ordunun anidən saldırmasıdır.
[5] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363 (h.ş), s. 193.
Hiç yorum yok:
Yorum Gönder