Güntay Gəncalp
Səlcuqlu
dövləti
On dörd
Səlcuqlu sultanı 121 il səltənət etmişlər. Səlcuq soyu 34 quşaqla Əfrasiyaba
dayanmaqdadır. Səlcuqun Mikayıl, İsrafil, Musa və Yunis adında dörd çox zəngin
oğlu var idi. Türküstanda yağmursuzluq və qıtılıq üzündən otlaq sıxıntısı
ortaya çıxmışdı. Yeni otlaqlar bulmaq üçün 985-ci ildə Mavəraunnəhrə tərəf
qoyun və dəvə sürüləri ilə hərəkət etdilər. Bir sürə sonra Amu dərya civarından
keçərək Xorasana doğru yürümələri üçün Mahmud Qəznəlidən izn istədilər. Tus
valisi olan Ərsalan Cazib onlara izn verməyi məsləhət bilmədi, çünkü sayıları
çox idi və fitnə çıxarmalarından qorxurdu. Ancaq Sultan Mahmud izn verdi. Səlcuqlar
Xorasanda yerləşməyə başladılar. Mikayılın Toğrul və Çağrı adında iki oğlu var
idi. Bu iki qardaş Səlcuq soyunun rəhbəri oldu və dövlət bəxti onların çiyninə
qondu. Xorasan əhalisi onlara boyun əydi.[1]
“Hüdudi-aləm”
kitabının yazdığına görə Balxaş dəryaçasının quzeyində yerləşən Qırqızıstanın
“Sarısu”, “Turqay”, “Amaba” çöllərində türk boyları yaşayırdı. Onlara “oğuz”
deyirdilər. Dilçi alimlər oğuzları əskidən orta “Yenisey”in “Obi” çölündə yaşayan
türklərlə, Güney Rusiyaya köçən əski qıpçaqlarla və indiki qırqızlarla eyni türk
qrupu olaraq görməkdədirlər. Oğuzlar Çingiz Xan dönəmində türkmən olaraq
tanınmışlar. XI əsrin ikinci rübündən etibarən bir qismi Güney Rusiyaya, bir
qismi də Xorasana tərəf hərəkət edirlər. Rus historioqraflar onların Rusiyaya
ilk girişini 1054-cü il olaraq yazarlar. Obidə yaşayan oğuzların bir qismi
qıpçaqların basqısı oradan uzaqlaşıb Balkana girdilər. Ancaq burada yenildilər.
Səlcuq rəhbərliyindəki oğuzların parlaq gələcəyi oldu. Xorasanı və Kiçik
Asiyanı ələ keçirdilər. Səlcuqlu sülaləsini təsis edən qəhrəmanın adı Səlcuq
olmuşdur. Səlcuqun atasının adı “Duqaq” olmuşdur. Duqaqın ləqəbi “Teymur Yalıq”
idi. Teymur yalıq, dəmir yay deməkdir. Səlcuq, Oğuz boylarından biri olan Qınıq
boyunun öndəri idi. “Qınıqlar, Səlcuqlu xanidanını çıxarmış olan boydur.”[2]
985-ci ildən öncə o, öz qəbiləsi ilə Oğuz boyundan ayrılaraq Yuxarı Seyhunun
sağ sahilində indiki Perovsk adlanan yerdə yerləşdi. Bəzi araşdırmaçılar
Səlcuqun Mikayıl, Musa və İsrail adında oğullarının olduğunu göz önündə
bulunduraraq onun nəsturi (xristian) olduğu qənaətinə varırlar. Ancaq bu, doğru
deyildir, çünkü bu adlar İslamiyətdə də çox yayqındır. Böyük olasılıqla
Səlcuqlar Mavəraunnəhr civarına yerləşdiklərində şamançılıqdan uzaqlaşaraq
İslamı qəbul etmişlər. Bu olay o zaman olmuşdur ki, fars Samani dövləti Isıqgöl
və Kaşqarda hökm sürən Qaraxanlılarla qarşı-qarşıya idi. Samanilər Qaraxanlılar
qarşısında özlərini savunmaqla məşqul idilər. Səlcuq oğulları çıxarları icabı
öz soyları olan Qaraxanlılara qarşı Samanilərlə işbirliyi etdilər. Samanilərin
tarixdən silinməsi ilə Samani ərazisini paylaşmaq uğrunda Qəznəlilər və
Qaraxanlılar arasında savaşlar oldu. Bu qarışıqlıqdan istifadə edən Səlcuq
oğulları yavaş-yavaş irəliləməyə başladılar. Mavəraunnəhrin tam ortasında
çadırlarını qurdular. 985-ci ildə Buxaranın doğusunda görünməyə başlamışlar. Səlcuq
oğlu Ərsalanın dini adı İsrail idi. Ərsalanın ləqəbi Yəbqu idi. 1025-ci ildə
Yəbqu ləqəbi ilə bilinən Ərsalan, Qaraxanlı şahı Əli Təkinin yardımı ilə Mahmud
Qəznəliyə qarşı baş qaldırdı. Mahmud Qəznəli Yəbqunu əsir yaxalayaq Qəznəyə
apardı və qalan səlcuqluları da mğlub etməyə çalışdı, ancaq başarmad. Digər
tərəfdən Mahmud Qəznəli Əli Təkini Mavəraunnəhrin hakimi kimi tanımaq zorunda
qaldı. Əli Təkinin ölümündən sonra Səlcuq oğulları Qaraxanlılarla anlaşa
bilməyib öz çıxarları yolunda çalışmağa başladılar. Səlcuqluların padşahları
Toğrul Bəy, Davud və Yəbqu, Sultan Məsud Qəznəlidən Xorasanı tələb etdilər. Məsudun
bu tələbi rədd etməsi üzərinə Toğrul bəy, Nişaburu işğal etdi. 1040-cı il 22
mayda “Dandanaqan” adlı bir yerdə Səlcuq oğulları ilə Sultan Məsudun sərt bir
savaşı oldu. Sultan Məsud yenilərək geri çəkildi və bütün Xorasanı və
Əfqanistanı Səlcuq oğullarına buraxdı. Toğrul Bəy Nişabura girdiyində öz adına
xütbə oxutdurdu. Toğrul Bəyin qardaşı Çağrı bəy, əmisi oğlu Qutulmuş, dayısı
oğlu Inal, Toğrul Bəyin göstərişi ilə ölkələrin fəthinə başlamışdılar. Çağrı
Bəy 1043-cü ildə Xarəzmi fəth etdi. Inal, Rey şəhrini ələ keçirdi və sonra da
Toğrul özü Reyə gəldi.[3]
932-1055
illəri arasında İraqi-Əcəm və İraqi-Ərəbi Büveyhlilər yönətməkdə idilər. Büveyh
oğulları özlərini Sasani kimliyinə mənsub bilərək, ona görə bir məzhəbə
inanmaqdaydılar. Sasani nostaljisi ilə qaynayıb qarışan və İslamla
uzaqdan-yaxından əlaqəsi olmayan şiəçilik Büveyh oğullarının inancı durumunda
idi. İslam sonra siyasi tarixdə genəldə farslar şiə və türklər İslam əksənli
dövlət qurmuşlar. Bu durum Səfəvilərə qədər davam etmiş. Səfəvilərdən sonra özlərini
fars-kürd soyuna mənsub bilən Səfəvilər ölkəmizdə İslamsız dövlət təsis
etmişlər. Büveyh oğulları Bağdad xilafətini də öz kontrolları altına alaraq Hz.
Peyqəmbər zamanından yayqın olan müsəlmanların əzanlarını da sapdırmış və əzana
İslamla bağlantısı olmayan cümlələr artırmışdılar. İslam, Büveyh oğullarının
sapıq görüşləri əsasında çökmək üzrə idi. Səlcuqların gəlişi ilə İslam sapıq
Sasani basqısından azad edildi və İslam əzanına əklənən sapıq söyləntilər də
çıxarılaraq Hz. Peyqəmbərin zamanındakı duruma gətirildi. Bu baxımdan Səlcuq
oğullarının yüksəlişi hər şeydən öncə islamın Sasani-Şiə basqısından
qurtuluşuna səbəb olmuşdur. Büveyhlilik şiə-şüubi öyrətilərin dövlətləşmiş
şəkli idi. Bu düzəni Səlcuq oğulları ortadan qalırdı. Büveyhlilər Sasani
düzənini canlandırmaq üçün adlarını da Sasani padşahlarının adlarına
bənzədirdilər.
Səlcuq
oğullarının yüksəlişi zamanı Büveyhlilərin son padşahı Xosrov Firuz (1048-1055)
iqtidarda idi. Bağdad, İraqi-Ərəb, Şiraz və Fars onun mülkü sayılırdı. Kirman
da onun qardaşlarının birinin mülkü idi. [4]
Toğrul Bəy
1051-ci ildə İsfahanı fəth etdikdən sonra özünə başkənd olaraq seçdi. 1054-cü
ildə Azərbaycan hakimləri Toğrul Bəyə təslim olaraq ona tabe olacaqlarını
duyurdular. Büveyh oğullarının əsarətindən qurtulmaq istəyən xəlifə əl-Qaim
Billah Toğrul Bəyi Bağdada dəvət etdi. Toğrul Bəy bu dəvəti qəbul edərək
Bağdada gedib 1055-ci ildə Büveyhlilərin siyasi həyatına son verdi. 1058-ci
ildə Xəlifə Toğrul Bəyi “Doğu və Batının sultanı” olaraq duyurdu. Bu zaman
Toğrul Bəyin dayısı oğlu Inal “Bəsasiri” ilə birləşərək dövlətə qarşı üsyan
etdi. Inal şiəliyə qatılmışdı. Toğrul Bəy bunun ciddi təhlükə olduğunu
anlayaraq ordusyla Inalın üstünə yürüdü. Rey şəhrinin yaxınlığında onu yenərək
öldürdü. Daha sonra Bəsasiriyə qarşı yürüdü. Bəsasiri də Bağdadın
yaxınlığındakı savaşda yenib öldürdü. İslam Dünyası Toğrul Bəyi qurtarıcı öndər
kimi qutsamağa başlamışdı. Toğrul Bəyin oğlu olmadığından onun vəfatından sonra
qardaşı Çağrı Bəyin oğlu Alparslan Səlcuqlu taxtına oturdu (1063-1072).
Alparslan əmisi oğlu Qutulmuşu dövlətlə anlaşa bilmədiyi üçün öldürdü. Alparslanın ən böyük qələbəsi Ermənistanda Rum
imperatorunu yenməsi olmuşdur. 19 avqust 1071-ci ildə Malazgird savaşında Rum
imperatoru “Rumen Dyojen”i yenərək əsir yaxaladı. Malazgird zəfərindən sonra
türklərin Anadoluya girişləri sağlanmış oldu. Alparslan əsir olaraq yaxaladığı
Bizans imperatoru ilə çox sayqılı davrandı. Bəlli təzminat qarşısında
imperatoru sərbəst buraxdı. 1072-ci ildə Qaraxanlılar Türküstanda üsyan bayrağı
açdılar.[5]
Alparslan türklərin doğru İslam yolunda olduğunu, Deyləmilərin, iraqlıların İslam yolundan
sapdıqlarını ordusuna etdiyi bir nitqdə dilə gətirmişdi: “Biz türklər təmiz
müsəlman, digərləri isə bədməzhəb, bəddin və bədinanclıdırlar. Böyük Allah türkləri
ona görə qutsayıb görəvləndirmişdir ki, türklər bidət nədir bilməzlər. Ancaq
Deyləmilər (Büveyhlilər) və iraqlılar bidətçi və bədməzhəbdilər. Onlar aciz
olduqlarında itaət və köləlik edərlər. Bir azcıq gücləndiklərini hiss
etdiklərində və bizim inancımızın zəiflədiyini gördüklərində biz türkləri qətl
edər, birimizi də sağ buraxmazlar. Çünkü onlar eşşək və öküzdən də aşağıdırlar.
Onlar dost-düşmən nədir bilməzlər.”[6]
Qaraxanlı
padşah Tamqac Xanın varisi Səmərqənddə Səlcuqlu tabeçiliyindən vaz keçdi. Alparslan
onu cəzalandırmaq üçün 200 minlik ordusuyla Ceyhundan keçdi. Üsyançıların
başçısı olan Yusif Xarəzmini öz yandaşları yaxalayaraq gətirib Alparslana
təslim etdilər. Yusif Xarəzmi bağış diləmək yerinə Alparslana çirkin sözlər
söyləməyə başladı. Alparslan əmr verdi ki, onun əllərini açsınlar ki, özü oxla
vurub öldürəcək. Alparslanın atdığı ox hədəfə dəymədi. Bu fürsətdən yararlanan
Yusif Xarəzmi bədənində gizlətdiyi bıçağı çıxararaq Alparslana saldırdı. Bıçaqla
onu sərt şəkildə yaraladı. Alparslan dörd gün sonra aldığı yara üzündən öldü. Onu
Mərvdə dəfn etdilər.[7]
Alparslanın ölümünü şair Sənai bu şəkildə anlatmışdır:
“Başı Alparslanın
gördüm, varıp yüksəldi göylərdə,
Alparslan
Nizam-ul Mülkü baş vəzir olaraq təyin etmişdi. Səlcuqlar bu bölgələrə yeni
gəlmişdilər. Türk dilinin dövlət və vergiləndirmə təcrübəsi olmadığından vergi
və dəftər işləri daha öncədən təcrübəsi olan fars dilinə buraxılmışdı. Bütün bu
dönəmdə ordunun dili türkçə, verginin dili farsca və din dili ərəbcə olmuşdur.
Hər millət öz arasında öz dilini ilətişim dili olaraq qullanmışıdır. Türkllər
kimsənin dilini və kimliyini aşağılamamış, yasaqlamamışdı. Səlcuqların axını
ilə bölgəyə gələn türklər mədəni yaradıclıq və ədəbiyat yazıları uğraşmamışlar.
Bunun üçün öncə bölgəyə uyum sağlamaq gərəkirdi. Bölgəyə uyum sağlamaq 200 il
zaman almışdır. Türk dilində ədəbi yaradıclıq XIII yüzildən sonra başlamışdır. Dövlətin
yazı işlərində türkçənin qullanılmamasının da səbəbi bu olsa gərək. Çünkü
dövlətə fürsəti qaçırmadan vergi lazım idi. Bu vergi dili də Tahiriyandan bəri
fars dilində şəkillənmişdi. Yəni fars dilinin Səlcuqlar öncəsi 200 illik vergi
işlərində çalışma təcrübəsi var idi. Qaraxanlılarda fars dilinə gərək
olmayışının nədəni də bu olmuşdur. Uyqur türkçəsinin uzun dövlətçilik təcrübəsi
var idi. Ayrıca, Qaraxanlılar həm şəhər həyatına alışıq idilər, həm də
yönətimlərində fars deyə əhali yox idi. Bu üzdən də türk dili Qaraxanlı
dövlətində mədəni həyata daha erkən çağlarda girmişdi.
Alparslan
öldükdən sonra yerinə 17 yaşlı oğlu Sultan Məlikşah keçdi. Məlikşahın ilk
savaşı Qaraxanlı Şəmsi-Məliklə olmuşdur. Şəmsi-Məlik Səlcuq səltənətindəki
iqtidar dəyişikliyindən yararlanaraq Doğu Xorasanı və Bəlxi işğal etdi. Məlikşah
Səmərqəndə yaxınlaşdığında Şəmsi-Məlik aman istəyərək, Səlcuqluya boyun
əyəcəyini bildirdi. Məlikşah Bəlx hökümətini qardaşı Təkişə buraxaraq geri
döndü. Təkiş üsyan etdi. Bu dəfə də qardaşının üsyanını basdırmaq üçün Bəlxə
saldırdı. 1084-cü ildə Qardaşı Təkişi yaxalayıb gözlərini kor etdi. Kirmanın
əmiri olan Məlikşahın əmisi Qavurd da dövlətə asi oldu. Məlikşah onu da
yaxalayıb boğduraraq öldürtdü. 1081-ci ildə Məlikşahın əmisi oğlu Qutulmuşoğlu
Süleyman Kiçik Asiyaya girdi. Qutulmuşoğlu Süleyman Bizansın yönətim tərzini və
zəif tərəflərini anlamışdı. Anadoludakı kumandanları arasındakı keçimsizlikdən
başqa Bizans mərkəzindəki səltənət savaşlarından da istifadə etdi. Mərmərə
yaxınlarında İznik, Ege sahillərində İzmirə qədər əraziləri ələ keçirdi. İzniki
dövlətinin mərkəzi olaraq seçdi. Bir il sonra 1081-ci ildə Anadolu Səlcuqlusu
dövlətini təsis etdi. Anadolu Səlcuqlu dövləti 1302-ci ilə qədər davam etdi. İlk
başkəndləri 1081-ci ildən 1097-ci ilə qədər İznik və daha sonra 1097-ci ildən
1302-ci ilə qədər Anadolu Səlcuqlusunun başkəndi Konya olmuşdur. 1080-ci ildən
başlayaraq “Danişməndiyan” Kapadokiyada hökümət etməyə başladılar. Qutulmuşoğlu
Süleyman Kiçik Asiyanın böyük bir bölümünü öz yönətimi altına aldıqdan sonra 1086-ci
ildə Suriyəyə yönəldi. Suriyəni Məlikşahın qardaşı Tutuş yönətməkdə idi. Hələbin
yaxınlığında böyük bir savaş başladı. Bu savaşda Tutuş Süleymanı öldürdü. Tutuş
yeni Səlcuqlu dövləti qurmaq istərkən qardaşı Məlikşahın saldırısına uğradı. Məlikşah
sarayını Hələbə daşıdı və qardaşını da Dəmişqə yolladı. Məlikşah dönəmində oğuz
savaşçıları Fatimilərin də ərazilərinə daxil oldu. Kiçik Asiyada mərkəzə
tabelik və kontrol olmadığından bir çox bəyliklər təsis edilirdi.[9]
Məlikşah 1092ci ildə Xacə Nizam-ul Mülkü görəvindən aldı. Nizam Həsən Səbbahın
terorist fədailəri tərəfindən öldürüldü. Bir ay sonra da Məlikşah öldü. Bu
hadisəni Moizzi adında şair bir rübailə böylə anlatmışdı:
“Cənnətə
yollandı yaşlı başbaxan,
Bir ay sonra
öldü ol şahi-cavan.
Aciz qıldı
şahı Tanrı qəzəbi,
Tanrı
qarşısında acizdi sultan.”
Məlikşahın ölümündən sonra
oğlu Bərkyaraq taxta çıxdı. Qardaşlarını məğlub edib zəfər qazandı. 1096-cı
ildə Xorasan hökümətini qardaşı sultan Səncərə tapşırdı. 12 il səkkiz ay
səltənət etdikdən sonra 1105-ci ildə Burucerddə öldü.[10]
Bərkyaraqın iqtidarı qardaşları ilə savaşa adandı. Bərkyaraqın əmisi Tutuş
bütün Səlcuqlunu ələ keçirmək üçün Suriyədən Bərkyaraqa saldırdı və Rey
yaxınlığında yenilərək öldürüldü. Səlcuq bütünlüyü bu dönəmdən sonra
sağlanamadı. Səlcuqlu üç yerə parçalandı. İraqi-Əcəm (İran) Bərkyaraq və
qardaşlarına qaldı. Hələb və Şam tutuş oğullarına buraxıldı. Kiçik Asiyaya da
Süleymanoğlu Qızılarslan sahib çıxdı. Bu üç
Səlcuqlu dövləti fərqli yazqılar yaşamağa başladılar. Suriyə Səlculusu
ərəbləşdi. Ayrıca, Suriyə Səlcuqlusu bir sürə sonra türk məmluklar tərəfindən
həzm edilərək tarixdən silindi. Suriyədə türk nüfusu dağınıq olduğundan ərəb
nüfusu qarşısında boy göstərə bilmədi, yalnızca Antakiya və İskəndərinda türk
nüfusu varlığını qoruya bildi. Anadolu Səlcuqlusu öz varlığını möhkəmləndirərək
qoruya bildi. Yalnız Anadoluda türklər köçəri həyatdan yerləşik həyata keçərək
tarımla uğraşmağa başladılar. İraqi-Əcəmdəki Səlcuqlu dövləti də farslaşmağa
başladı.[11]
Məlikşahın ən
gənc oğlu Səncər idi. “Səncər” cağatay türkçəsində ovlayıcı quş deməkdir.[12]
Səncər Səlcuqluların ən son böyük padşahı idi. Bu cəsur, səxavətli və cömərd
sultan Səlcuqlu dövlətinin çökməməsi üçün çox çabaladı. Məlikşah öldüyündə
Səncər 12 yaşında idi. Atasından ona Xorasan hakimliyi miras qaldı. Qərargahı
Mərv idi. Səncər 1102-ci ildə Qaraxanlı Qədirxanın Xorasana saldırısını önlədi.
Səcər Termizin yaxınlığında Qədir Xanı yenərək öldürdü. Qədir Xanın saldırısı
qarşısında yenilərək qaçan Arslan Xanı Mavəraunnəhrin əmiri təyin etdi. 1130-cu
ildə Arslan Xanla münasibətlər gərginləşdi. Səncər Səmərqəndə gedərək onu
məqamından endirib yerinə öncə Qaraxanlı şahzadəsi Həsən Təkini, daha sonra
Rüknəddin Mahmudu gətirdi. Rüknəddin Mahmud 1132-ci ildən 1141-ci ilə qədər
Səmərqəndin əmiri oldu. Sultan Səncər Əfqanistanda Qəznəli şahzadələr
arasındakı iqtidar savaşına da müdaxilə edirdi. 1117-ci ildə Qəznəyə girərək
Arslan şahı uzaqlaşdırıb, yerinə Bəhram şahı gətirdi. Bu zaman sultan Səncər
şahlar şahı, Əfqanistanın, Mavəraunnəhrin və İraqi-Əcəmin səltənətinə sahib
idi. Sultan Səncərə tabe olan Adsız adında Xarəzm şahı var idi (1127-1156). Adısız
müstəqil dövlət qurmaq istəyirdi. Ancaq 1138-ci ildə “Minat” bölgəsindəki
savaşda Səncər Adsızı yenərək səltənətdən məhrum etdi. Daha sonra 1141-ci ildə Adsız
Səncərin yanına gələrək bağış dilədi və könlü geniş olan Səncər onu bağışladı.
Bu dönəmdən sonra Səncərin dövləti çökməyə başlamışdı. Qaraxətailər Səlcuqlu
dövlətinə saldırmağa başlamışdılar. 1141-ci ildə Səncər Səmərqəndin
yaxınlığında Buddist Qaraxətailərlə savaşa girdi və yenilərək Xorasana geri
çəkildi. Moğol Qaraxətailər bütün Mavəraunnəhri işğal etdilər. Xarəzm şahı
Adsız bu durumdan yararlanaraq Səlcuqluya qarşı baş qaldırdı. Mərv və Nişaburu
işğal etsə də Səncərin geri dönüb saldırısı qarşısında dirənə bilməyərək
bölgəni tərk etdi. Səncər iki kərə Xarəzmı quşatdı. Birinci dəfə 1144-cü və
ikinci kərə də 1147-ci ildə. İkinci kərə Adsızı təkrar Səlcuqluya tabe olmağa
zorladı. Ancaq 1153-cü ildə Bəlx civarında yaşayan oğuzlar Səncərə qarşı
ayaqlanıb, onu əsir olaraq yaxaladılar. Sonra da Mərv, Nişabur və bütün
Xorasanı yağmaladılar. Sultan Səncər 1156-cı ildə əsarətdən qurtulsa da bir il
sonra 73 yaşında vəfat etdi.[13]
Sultan
Səncərin dövlətini yıpradan olaylardan biri də terorist ismaililər hərəkəti
idi. İsmaili fədailər Səlcuqlu dövlətinə qarşı teror əməliyatı əsdirirdilər. Bu
teroristlər, hətta saraya da nüfuz edə bilmişdilər. “Sultan
Səncər güclü iqtidar imkanlarına rəğmən ismaililərlə savaşmaqdan imtina etdi. Çünkü
bir gün öz sarayında yuxudan oyandığında yerə sancılmış bir bıçaq gördü.
Bıçağın dəstəsinə yazılmışdı ki, bu bıçağı yerə sancan ismaili onu sultanın
yumşaq sinəsinə də sanca bilərdi. O gündən sonra ismaililərdən qorxaraq Həsən
Səbbahçılarlarla barışcıl davranmağa başladı. Bu üzdən də onun zamanında
Səbahçılar təqibə məruz qalmadılar.”[14]
Anadoluda Səlcuqlu həyatı
davam edərkən İraqi-Əcəmdə və Xorasanda Səlcuqlunun yerinə Xarəzmşahlar və
Qaraxətailər keçdilər.
[1] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.172-173.
[2] Faruk Sümer, Çepniler,
Türk Dünyası Araştırmaları Vakfı yayınları, İstanbul-1992.
[3] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 255, 256, 157, 258, 259.
[4] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 259.
[5] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 260, 261.
[6] Xacə Nizam-ul Mülk,
Siyasətnamə, hazırlayan: Abbas İqbal, s. 301.
[7] Şücaəddin Şəfa, Min dörd yüz
il sonra, II cild, Fərzad yayınları, s. 656.
[8] Zəbihullah Səfa, İranda
ədəbiyat tarixi, II cild, s. 173.
Səre Alpərsalan didi, ze rəf´ət rəfte bər
gərdun,
Be Mərv a ta ke xak əndər səre Alpərsalan
bini.
[9] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 262, 263, 264, 265, 266.
[10] Yəhya ibni Abdullətif,
Lobb-ul təvarix, Müqəddəm nəşriyatı, Məşhəd-1363, s.177.
Şeir:
Rəft dər yek məh be ferdovse bərin dəsture pîr,
Şâhe borna dər pəse u rəft dər mâhe degər.
Kərd nagəh qəhre yəzdan
ecze soltan aşekâr,
Qəhre yəzdan ra bebin o
ezce soltâni negər.
[11] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 266.
[12] Dehxuda, Sözlük.
[13] Rene Grousset, Bozqır
İmperatorluğu, farscaya çevirən: Abdulhüseyn Meykədə, Fərhəng və İrşadi-İslami
nazirliyi yayınları, 5-ci yayın, 1387 (h.ş), s. 270, 271, 272.
[14] Əxbar əd-Dövlət-ül
Səlcuqiyə, hazırlayan İqbal lahuri, Lahur yayını, s. 181 və Şücaəddin Şəfa, Min
dörd yüz il sonra, II cild, Fərzad yayınları, s.653.
Hiç yorum yok:
Yorum Gönder